19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Arif Əsədov: “Heç kim “Neftçi”də hansı problemlər olduğunu düşünmür”

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun müsahibəsi

- Milli komandamızın baş məşqçisi Robert Prosineçki son müsahibəsində “Avro-2016”nın seçmə mərhələsində Norveçlə keçiriləcək oyunda da “Neftçi”dən heç bir futbolçuya dəvət göndərməyəcəyini deyib. O qeyd edib ki, “Neftçi”də milliyə namizəd futbolçu yoxdur. Prosineçkinin fikirlərinə münasibətiniz necədir?

- Mən onun fikrinə hörmətlə yanaşıram. Milli komandaya Prosineçki başçılıq edir. Mən də çalışıram ki, hər oyunda yeni futbolçular ortaya çıxarım, gənc oyunçulara şans verim. Yəqin, zamana ehtiyac var ki, həmin futbolçular “Neftçi”də püxtələşsin. Şans verdiyim gənclər yaxın gələcəkdə milli komandamızın üzvlərinə çevriləcəklər. İndiki durumda heç nə deyə bilmərəm. Milli komandanın nəticələrinə Prosineçki cavabdehdir. Ona görə də öz oyun fəlsəfəsinə uyğun futbolçular seçir.

- Yəni Prosineçki ilə razısınız, yoxsa düşünürsünüz ki, bəzi futbolçulara şans vermək olar?

- Prosineçki ilə razılaşıram. Mən özüm də futbolçularımdan razı deyiləm. Milliyə dəvət olunası oyunçular sabit çıxış etmirlər. Mən də istərdim ki, əlimdə olan futbolçular əsas heyətdə yerini mökləndirsinlər. Ancaq gördüyünüz kimi, hər dəfə fərqli futbolçulara şans verməli oluram.

- Həmişə milli komandamıza futbolçu yetişdirən “Neftçi”də bu gün durum niyə belədir?

- Mən bunları başa düşürəm. Ancaq nəzərə alın ki, “Neftçi”yə gəldiyim hələ bir il deyil. Mən də bilirəm ki, “Neftçi”də çox çətinlik var. Bu komanda 2010/11-ci illərdəki “Neftçi”ni xatırladır. Mən həmin vaxt “Neftçi”də çalışanda komandada böyük dəyişiklik oldu. Altı il çempionluq yaşaya bilməyən “Neftçi”yə gəlmişdim. Demək olar ki, komanda bütünlüklə dəyişdirildi. Bundan sonra “Neftçi”də yeni futbolçu nəsli yetişdi və komanda hegemonluq etməyə başladı. Düşünürəm ki, 2013/14 mövsümündən bu yana eniş hiss olunur. Bəzi mövqelərdə bu gün də rəqabət yoxdur. Buna baxmayaraq, futbolçulara da təşəkkür edirəm ki, heç bir transfer etmədən yenə də kubokun finalındayıq və ilk “üçlük”də qərarlaşmışıq. Güclü “Neftçi” görmək istəyiriksə, bizə yeni nəfəs lazımdır.

- Son illər milliyə dəvət olunan “Neftçi” futbolçuları sizin dövrünüzdə yetişən oyunçulardır.

- Bəli, mən o dövrdə əvəzedici heyətdən gəlmişdim. Özümlə bərabər səkkiz futbolçu gətirmişdim. Cavid İmamverdiyev, Araz Abdullayev, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Cavid Hüseynov, Ruslan Abışov və başqalarına şans verdik. Onlar özlərini yaxşı tərəfdən göstərdi və “Neftçi”nin aparıcı futbolçularına çevrildi. Hazırda həmin futbolçulardan çoxu “Neftçi”də yoxdur. İndi isə biz Rahil Məmmədov, Samir Məsimov, Elşən Abdullayev kimi futbolçuları əsas komanda üçün hazırlayırıq. Bu futbolçular gələn mövsüm “Neftçi”nin aparıcı futbolçuları olacaqlar.

- Yeri gəlmişkən, Elşən Abdullayev “Qarabağ”la son oyunda ən yaxşılardan idi.

- Bəli, riskli olmasına baxmayaraq, heç vaxt gənclərə şans verməkdən çəkinməmişəm. Elşən Abdullayev indidən əsas heyət oyunçusuna çevrilə bilər. Nəticə verməklə bərabər yeni futbolçular qazanmağa da çalışıram. Həmişə bu yolu tutmuşam. “Xəzər Lənkəran”ın ən güclü vaxtlarında bu komandaya qarşı kubokun yarımfinal matçında risk edərək Cavid İmamverdiyev, Araz Abdullayev və Mirhüseyn Seyidov kimi gənc futbolçuları əsas heyətdə oynatdım. Rəqib 4:3 hesabı ilə qalib gəldi. Ancaq həmin oyun Azərbaycanda ən baxımlı qarşılaşmalardan biri oldu.

- “Neftçi”dəki mövcud problem 2-3 il əvvəl yeni futbolçuların yetişdirilməməsi ilə bağlı olduğunu deyə bilərik?

- Kiminsə əleyhinə danışmaq istəmirəm. Onu da nəzərə almaq lazımdır ki, qeyd etdiyiniz dövrdə fikir daha çox nəticə qazanmağa yönəlmişdi. Əcnəbilərə üstünlük verilirdi. Bunun da nəticəsində komanda avrokuboklarda nəticə qazandı. Mən isə paralel olaraq həm nəticə qazanmağa, həm də yeni futbolçular yetişdirməyə çalışaram. Hətta ikinci məsələyə daha çox önəm verirəm. Çünki bu gün “Neftçi”dən milliyə futbolçu dəvət olunmaması mənə də xoş deyil. Bunu başa düşürəm və məsuliyyəti dərk edirəm. “Neftçi” kimi klub hər iki istiqamətdə öndə olmalıdır. Çünki kluba flaqman adı verilib.

- Mövsüm başa çatır. Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?

- Konkret hansı mövqeyə futbolçu gətiriləcəyini deyə bilmərəm. Ancaq yeni nəfəs mütləq lazımdır. Bunu oyunlar da göstərir. Son oyunların heç birində rəqiblərə taktiki cəhətdən uduzmuruq. Sadəcə fərdi səhvlərdən oyunu uduzuruq. Adi səhvlərdən qollar buraxırıq. Zədəlilərin olması da işimizi çətinləşdirir. İki cəbhədə mübarizə aparan komandada ən azı 22 futbolçu olmaldır. Bəzən 5-6 futbolçumuz sıradan çıxır və biz onların yerini doldura bilimirik. Heç kim də “Neftçi”də hansı problemlər olduğunu düşünmür. Hamı nəticə gözləyir. 

- Qeyd etdiyiniz kimi, son dövlər “Neftçi”nin bir çox futbolçusu potensialından aşağı səviyyədə çıxış edir. Yəqin göndərilənlər də az olmayacaq.

- Futbolçulara demişəm ki, çempionatın son oyunları onlar üçün bir şansdır ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Hansısa futbolçuya deməmişik ki, çempionat başa çatandan sonra gedəcəksən. Çoxunun müqaviləsi başa çatır. Hər şey özlərindən asılıdır. 

Mənbə: Qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31