5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Taleh Nəsibov: “Yarımfinalda uduzandan sonra komandanın 70-80 faizi ağlayırdı”

“Dünya çempionatına milli komandamız çox yaxşı hazırlaşmışdı. Hazırlıq üçün çox vaxt ayırmışdıq. İstər Bakıda keçirilən beynəlxalq turnir, istərsə də ölkə xaricində təlim-məşq toplanışı. Federasiya rəhbərliyi mundialda uğurlu çıxış etmək üçün komandaya hər bir şəraiti yaratmışdı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov deyib.

Minifutbol millimizin Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirən federasiya rəsmisi medal qazanılmamasını fərdi səhvlərlə əlaqələndirib. Bununla belə, T.Nəsibov çıxışı uğurlu hesab edir: “Millimiz dünya çempionatına çox yüksək əhval-ruhiyyədə yollanmışdı. Qrup mərhələsini maksimum xalla başa vurduq. 1/8 final və 1/4 finalda da millimiz uğurlu çıxışla yadda qaldı. Təəssüf ki, yarımfinalda millimizim qələbə seriyasının ardını gətirə bilmədi. Düzdür, Qazaxıstan güclü rəqibdir və bu, meydanda görünürdü. Lakin onlardan zəif olduğumuzu düşünmürəm. Sadəcə müəyyən məqamlarda yorğunluq, fərdi olaraq bəzi futbolçuların xırda səhvləri nəticəyə təsir göstərdi. Çünki bu cür turnirlərdə səhvlər bağışlanılmır. Qazaxıstanla matçda rəqibin erkən qolundan sonra toparlana bilmədik. Yekunda yarımfinalda uduzduq”.

O, finala vəsiqənin ardınca bürünc medalın da əldən verilməsini psixoloji amillə əlaqələndirib: “Yarımfinaldakı məğlubiyyətdən sonra uşaqlarda ruh düşkünlüyü gördüm. Komandanı üçüncü yer uğrunda matça qədər toparlanmağa çalışdıq. Lakin bu, elə də asan deyildi. Çünki istər turniri izləyən azarkeşlər, istər mütəxəssislər, demək olar ki, hamı milli komandamızı finalda görürdü. Ona görə ki, futbolçularımızımn ustalıq səviyyəsi çox yüksək idi. Təəssüf ki, futbolda belə hallar olur. Müəyyən qırılmadan sonra toparlanmaq çətin alınır. Biz də bürünc medal uğrunda matçda bunun acısını yaşadıq. Ümumi götürdükdə, ilk dəfə qatıldığımız dünya çempionatında 32 komanda arasında dördüncü yer yaxşı nəticədir. İnanıram ki, növbəti mundialda daha yüksək nəticə əldə edəcəyik”.

Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti növbəti dünya çempionatının ölkəmizdə keçirilməsi perspektivi barədə də söz açıb: “Biz təklifimizi vermişik. Hazırda Dünya Minifutbol Federasiyasından cavab gözləyirik. Düşünürəm ki, yanvarda bu məsələyə aydınlıq gələcək, müraciətimizə cavab veriləcək”.

Taleh Nəsibov Bosniya və Herseqovinada keçiriləcək növbəti Avropa çempionatında da söz açıb: “Millimiz istənilən turnirə çempionluq üçün qatılır. Növbəti Avropa çempionatı da istisna olmayacaq. Son Avropa çempionu kimi Bosniya və Herseqovinaya titulumuzu qorumaq üçün gedəcəyik. Dünya çempionatında yarımfinalda uduzandan sonra komandanın 70-80 faizi ağlayırdı. Futbolçuların bu cür yanaşması qızıl medal qazanmaq istəyindən irəli gəlirdi. Ölkəmizdə dövlət rəhbərliyi səviyyəsində idmana böyük diqqət və qayğı var. Biz də federasiya olaraq üzərimizə düşəni etməyə çalışırıq. Milli komandamız üçün hər bir şərait yaradılır, bundan sonra da yaradılacaq. Azərbaycan Minifutbol Federasiyası olaraq komandamızın qarşısına hər hansı şərt qoymağımıza da ehtiyac yoxdur. Çünki futbolçular özləri də başa düşürlər ki, biz yalnız çempionluq barədə düşünməliyik”.

O, sonda tezliklə start götürəcək növbəti ölkə çempionatı barədə danışıb: “Artıq məlumatınız var ki, dekabrın 1-də növbəti ölkə çempionatının püşkü atılacaq. İştirakçı sayı artıq dəqiqləşmək üzrədir. Növbəti birincilikdə ya 14, ya da 16 komanda yarışacaq. Format əvvəlki kimi qalacaq. Düşünürəm ki, bu il daha maraqlı, daha gərgin çempionat olacaq. Ölkə birinciliyi bir növ qarşıdakı Avropa çempionatına hazırlıq baxışından da əhəmiyyətlidir”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31