5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Şahin Diniyev:“Millidə problem baş məşqçidə deyil dedikdə..."

“Səbail”in baş məşqçisi Şahin Diniyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Şənbə günü Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçiriləcək “Kəpəz”lə oyunun hazırlıqları necə keçir?

- "Kəpəz"lə oyuna da digər matçlara hazırlaşdığımız kimi hazırlaşırıq. Məşqlərimiz davam etdir. Bütün oyunlar bizim üçün vacibdir. Bu çempionat rəngarəngliyi, proqnozu sevməyən çempionat olduğu üçün hər matçda hər şey gözlənilir. Bir az millinin matçlarına görə ritmdən düşmüşük. Həm U-21, həm də U-19 heyətində çıxış edən futbolçularımız var idi. Artıq komanda tam heyətlə məşq edir.

- Aleksandr Ramalinqomun vəziyyəti necədir? Fransız hücumçunu “Kəpəz”lə matçda meydanda görə biləcəyik?

- Ramalinqom hələ sağalmayıb. "Kəpəz"lə oyuna böyük ehtimalla çıxmayacaq. Hazırda fərdi məşqlər edir. Düşünürəm ki, bu tur olmasa da, növbəti oyunlarda onu meydanda görmək mümkün olacaq. Lakin itkilərimiz tək Ramalinqom deyil. Süleyman Əhmədovun çiyni  çıxandan sonra hələ tam formada deyil. Qomisdə kiçik zədə var. Cabir Əmirli əməliyyat olunub. Adil Nağıyev də zədəlidir. Vüqar Həsənov əməliyyatdan sonra məşqlərə hələ qatılmayıb. Bunlar bəhanə deyil. Sadəcə real durumumuzu izah edirəm. Komanda hər oyuna necə hazırlaşırsa, bu turun matçına da eyni qaydada hazırlaşır.  

- Ağabala Ramazanovun necə, son durumuna aydınlıq gəlib? Məşqlərə nə vaxt başlayacağı bilinir?

- Ağabala Ramazanovun olmaması bizimçün böyük itkidir. Futbolçumuz artıq xəstəxanadan çıxıb. Komanda olaraq onun arxasındayıq. Ağabala hazırda sanatoriyada müalicəsini davam etdirir. Ona sakitlik lazımdır. Hazırda Bakıda olan sanatoriyalardan birində müalicə alır.

- “Kəpəz” “Səbail”lə oyuna yeni baş məşqçi ilə çıxacaq. Bu məqamı komandanızın lehinə saymaq olar?

- Əlbəttə ki, yeni məşqçi amili komandaya bir ruh yüksəkliyi gətirir. Yeni baş məşqçiyə görə futbolçular daha da yüksək əhval-ruhiyyədə meydana çıxacaq. Bu səbəbdən bizi çətin matç gözləyir.

- Azər Məmmədov “Kəpəz”ə “Səbail”dən getmişdi. Onu yenidən komandaya qaytarmağınız mümkündür?

- Düzdür, Azər Məmmədov “Səbail”dən ayrılıb “Kəpəz”ə getmişdi. Lakin onun komandaya qayıdıb-qayıtmayacağı barədə indidən nəsə deyə bilmərəm. Hələ ki, başımız komandanın oyunlarına qarışıb. Gələcəkdə bunu müəyyən edə bilərik.

- Ağabala uzun müddətə sıradan çıxıb, Ramalinqom zədəlidir. Açıq-aşkar hiss olunur ki, hücum xəttində sıxıntı yaşayırsız. Bunu nəzərə alaraq qış fasiləsinə qədər hücum xəttinə futbolçu transferi reallaşa bilər?

- Həqiqətən də hücumçu problemlərimiz var. İndi yox, ikinci dövrədən sonra bu haqda düşünəcəyik. Qışda problemlərimiz olan mövqelərə transferlər etməyə çalışacağıq.

- Milli komandamızın baş məşqçisi De Byazinin vəzifəsinə son verildi. Yəqin ki, bu qərar sizin üçün də gözlənilməz olmadı...

- De Byazinin getməsi gözlənilən idi. Nəticədən daha çox, jurnalistlərə deyilən sözlərə görə postundan getməsi tamamilə məntiqli idi. Bu barədə De Byazi özü qərar verib. Əslində, onun gedişi barədə çox danışmaq istəmirəm. Problem tək baş məşqçidə deyil. Biz 32 ildir səbəbi orada axtarırıq. Problemi başqa yerlərdə də axtarmaq lazımdır. De Byaziyə gələcəkdə uğurlar arzulayıram.

- De Byazinin gedişindən sonra dərhal yeni baş məşqçi ilə bağlı müzakirələr başlayıb. Siz necə düşünürsüz, millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olmalıdır?

- Kimin gələcəyindən asılı olmayaraq böyük sıçrayışlar gözləməyə dəyməz. Ciddi dəyişiklik olan deyil. Dediyim kimi, problemlər tək baş məşqçidə deyil ki, onu dəyişən kimi hər şey düzəlsin. Yeni baş məşqçi 10 faiz müsbət və ya 10 faiz mənfi nəticə əldə edə bilər.

- Şahin müəllim, keçən dəfə də buna bənzər fikir bildirmişdiz ki, millidə problem baş məşqçidə deyil. Həmin vaxt bu fikrinizi AFFA rəhbərliyindən narazılıq kimi təqdim edənlər oldu. Həqiqətənmi Şahin Diniyev AFFA rəhbərliyindən narazıdır, yoxsa “Kimin gələcəyindən asılı olmayaraq böyük sıçrayışlar gözləməyə dəyməz” dedikdə problemin baş məşqçidə deyil, futbolçularda, uşaq futbolunda olduğunu nəzərdə tutursuz?

- Millidə problem baş məşqçidə deyil dedikdə AFFA rəhbərliyini nəzərdə tutmuram. Hər birimiz bu gün futbolumuzdakı problemləri bilirik. Mən infrakstrukturu, uşaq futbolundakı problemləri, keyfiyyətli futbolçu qıtlığını nəzərdə tuturam. Yəni futbolumuzda bu gün çatışmazlıqlar az deyil. Millidən uğurlu nəticə gözləyiriksə, ilk növbədə bu problemləri həll etməliyik. Təkcə millinin baş məşqçini dəyişməklə ciddi irəliləyiş olmayacaq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31