6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Milli uduzandan sonra insanların ancaq mənim haqqımda danışmağı çox təəccüblüdür”

“Neftçi”nin müdafiəçisi Höccət Haqverdinin Futbolxeber.az saytına müsahibəsi

- Premyer Liqanın VIII turunda çətin Tovuz səfərindən 3 xalla qayıtdız. 1:0 hesablı qələbəni necə şərh edərdiz?

- Çətin qarşılaşma oldu. "Turan Tovuz"a qarşı bu meydanda oynamaq, nəinki bizə, bütün komandalara çətinlik yaradır. Onların yaxşı baş məşqçiləri, keyfiyyətli oyunçuları var. Meydança yaxşı vəziyyətdə deyildi, süni qazonda oynamaq da asan deyil. Futbolçular belə meydançada oynamaqdan yorulurlar. Amma əsas odur ki, bizim üçün ən vacib olan 3 xalı qazanmaq idi, buna da nail olduq. İlk dəqiqələrdən sona qədər komandamız yaxşı futbol sərgilədi. Fərqlənmək üçün çoxsaylı imkanlarımız oldu. İlk hissədə əlimizə düşən fürsətlərdən yararlanıb qol vursaydıq daha yaxşı olardı. Bu oyunun davamını bizim üçün daha da asanlaşdırardı. Son dəqiqələrdə fərqləndik və 3 xalı qazandıq.

- Mövsümün əvvəlində heyətə düşə bilməsəz də, son ilk 11-likdə yer aldız. Öz çıxışınızdan razısız?

- Hər kəs kimi mən də daha çox oyun şansı qazanmaq istəyirəm. Bununla belə, heyətə düşməyəndə də baş məşqçinin qərarına hörmətlə yanaşıram. O, hansı oyunçunun meydana çıxıb-çıxmayacağına qərar verir. Peşəkar olmalıyam, son 2 oyunda yaxşı performans sərgiləmişəm. Belə davam etməyə çalışacağam. Mən məşqçinin qərarlarına uyğun olaraq hər oyuna hazır olmalıyam. Mənə verilən şanslardan uğurla istifadə etməliyəm.

- 8 tur və cəmi 12 xal. “Neftçi” mümkün xalların cəmi 50 faizini qazana bilib. Bunu nə ilə əlaqələndirmək olar?

- Heyətimizdə yeni oyunçular var. Adaptasiya üçün onlara vaxt lazımdır. Çox yaxşı heyətə malik komandayıq. Lakin vaxt lazımdı. Bir neçə yeni oyunçunun komandaya qoşulması sizə asan görünməsin. Hər görüşdə daha da yaxşı çıxış etməyə, nəticə göstərməyə çalışırıq. Gələcəkdə xallarımızın sayını daha da artıracağıq.

- Yəni “Neftçi” çempionluq iddiasından əl çəkməyib.

- Əlbəttə. "Qarabağ", ya "Sabah" kimi biz də qızıl medallar uğrunda mübarizə aparırıq. "Zirə" də bu mövsümə yaxşı başlayıb. Hədəfimiz yalnız çempion olmaqdır. Həmçinin Azərbaycan kubokunun da qalibi olmaq istəyirik. Hazırda mövsümün başlanğıcıdır. Mübarizəyə hazırıq.

- Bir müddət əvvəl “Neftçi”dən gedəcəyiniz deyilirdi...

- Digər ölkələrdən bəzi təkliflər gəlmişdi. Xüsusən də Avstraliyadan ciddi təklif almışdım. Amma mənim "Neftçi" ilə müqaviləm var. Bu, təkcə, mənim qərarım deyil. Tərəflər arasında bu mövzuda razılıq olmalıdır. Rəhbərlik və baş məşqçi ilə bu barədə söhbətim oldu. Mənə bildirdilər ki, "sənə ehtiyacımız var". Mən də komandanın qərarına hörmətlə yanaşıram. Hazırda burada qalmağı üstün tuturam və "Neftçi" üçün döyüşürəm.

- Son oyunlarda mütəmadi çıxış edirsiz və düşünmək olar ki, millinin oktyabrdakı toplanışına dəvət alacaqsız?

- Bu, mənim istəyimlə olan bir məsələ deyil. Baş məşqçinin qərarı önəm daşıyır. Hazırda ötən ayla müqayisədə vəziyyətim yaxşıdır. De Byazi məni yaxşı tanıyır, bilir ki, hər zaman milliyə kömək etməyə hazıram. Azərbaycan millisinin qarşıda keçirəcəyi 2 oyunun hər birində iştirak etməyə ümidliyəm. İnanıram ki, bu oyunlar üçün millinin heyətinə çağırılacağam.

- Lakin milliyə dəvət olunmağınız heç də birmənalı qarşılanmır...

- Bu, futboldur. İnsanlar Ronaldo, Messi kimi oyunçular barədə də tənqidi fikirlər söyləyir. Bütün bunları normal qarşılayıram, azarkeşlərin hər birinin fikirlərinə hörmətlə yanaşıram. Azarkeşlər unutmamalıdır ki, milli komandanın heyətində ard-arda qalib gəldiyimiz 5 matçda çox yaxşı futbol sərgiləmişdim. Bəzən isə uduzmağımız normaldır. Oyundan-oyuna daha yaxşı performans sərgiləməyə çalışırıq. Hər oyun bizdən qələbə gözləmək olmaz. Komandaların arasında keyfiyyət fərqi də öz sözünü deyir. Əlbəttə, biz mübarizə aparırıq. Amma İsveç, Avstriya kimi millilərə uduzandan sonra belə insanların ancaq mənim haqqımda danışmağı çox təəccüblüdür. İzləyicilər ədalətli olmalıdırlar, ancaq bir oyunçu haqqında danışıb, hər oyun onu tənqid etmək düzgün deyil. Millinin baş məşqçisi De Byazi mənim atam deyil ki. İtaliyalı mütəxəssis seçim edərək ən yaxşı oyunçuları milliyə çağırır. Ona nəticə lazımdır. Haqqımda belə sözlərin söylənilməsi ədalətli deyil. Fanatlar hər yerdə belə fikirlər səsləndirir.

- Deyilənə görə, De Byazi sizi menecerinizlə dost olduğu üçün milliyə dəvət edir. Bu, nə dərəcədə doğrudur?

- Sizə bir sual versəm olar?

- Təbii ki, buyurun.

- Mən Azərbaycan millisinə neçə vaxtdır dəvət alıram?

- Təxminən 2-3 il olar.

- Elədir. Lakin hazırkı menecerimlə 3-4 aydır işləyirəm. Milli komandaya isə 2 ildir ardıcıl dəvət alıram. Ona görə bu tip fikirlər həqiqətə uyğun deyil. İnsanlar məni bəyənməyə bilərlər, keyfiyyətli oyunçu olmadığımı da düşünə bilərlər. Onların fikirlərinə hörmətlə yanaşıram. Mən futbolçu olaraq yalnız öz işimi görürəm.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31