5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Azər Məmmədov: “Büdcəmiz azdı deyə qapazaltı olmayacağıq”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov dünən “Səbail”ə qarşı keçirilən yoxlama oyunundan (1:2) sonra Futbolxeber.az saytının suallarını cavablandırıb:

- Qeyri-rəsmi də olsa, baş məşqçi kimi “Kəpəz”də debüt etdiniz. Əvvəlcə “Səbail”ə qarşı hər biri 30 dəqiqədən ibarət olan 3 hissəli oyunla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Havanın isti olması bir qədər çətinlik yaradırdı. Amma komanda pis təsir bağışlamadı. Nəzərə almaq lazımdır ki, təlim-məşq toplanışının ağır dövründəyik. Bəzən gündə 2 dəfə məşq edirik. Bu cür güc sərfetmənin qarşısında göstərilən futbol ümidverici idi. Digər tərəfdən də, tam heyətlə çıxış etmirdik. Bəzi transferlər var ki, onların reallaşmasını gözləyirik. Bildiyiniz kimi, nigeriyalı Onanquva ilə razılaşmışıq. İki belaruslu legioner və Elmir Tağıyev artıq komanda ilə birgə məşqlərə start veriblər. İyulun 14-də keçirəcəyimiz növbəti yoxlama matçında onlar da meydanda olacaqlar. Odur ki, ümidliyik. Yavaş-yavaş komandanı tam formalaşdıracağıq.

- Sabiq “Xəzər Lənkəran”lı Elnur Cəfərov hazırda komandanızda baxışdadı. Onun “Kəpəz”də qalmaq şansı nə dərəcədə realdı?

- Elnur ötən mövsüm “Kəpəz”in əvəzedici heyətində oynayırdı. Həmin komandanın bir neçə oyununa baxmışdım. Hiss olunur ki, bu uşağın potensialı var. Yaşı da çox deyil. Görürdüm ki, oynamaq istəyir. Biz təlim-məşq toplanışa əvəzedicilərlə başladıq. Elnur Cəfərovun da əsas komandanın məşqlərinə qoşulmasını istədim. Hazırda sınaqdan keçir. Xoşuma gəlir. Belə davam eləsə, niyə də Elnuru komandaya götürməyək?

- Son transferlərdən olan Ehtiram Şahverdiyev “Kəpəz”ə hansı planda faydalı olacaq?

- Onu universal futbolçu kimi düşünmüşük. Son mövsüm “Turan Tovuz”da bəzən müdafiənin sağında oynayıb, bəzən isə solunda. Amma bilirik ki, Şahverdiyev karyerasına hücumçu kimi başlayıb. Ona görə də Ehtiramı həm sağ vinger, həm sol vinger, həm “10 nömrə”, həm də hücumçu kimi düşünmüşük. Bu 4 mövqedə komandamıza fayda verə bilər.

- Ehtiram Şahverdiyev və Elmir Tağıyevin gəlişindən sonra yenə də yerli futbolçu transferi ola bilər, yoxsa bundan sonra ancaq legionerlər heyətə cəlb olunacaq?

- Yerli oyunçu transferi bitdi demirəm. Elnur Cəfərov komandada qala bilər. Bundan başqa, toplanışın sonunda heyətin geniş olması üçün əvəzedicidən 3-4 nəfəri də əsas komandaya cəlb edəcəyik. Digər klublardan isə 1 yerli futbolçu maraq dairəmizdədi. Sadəcə klubu ilə müqaviləsi olduğu üçün icarəyə götürə bilərik. Komandası hazırda Konfrans Liqasına hazırlaşır. Həmin turnirdəki çıxışdan sonra onu heyətə cəlb etməyə çalışacağıq. Adını açıqlamıram, deyə bilərəm ki, həm müdafiənin cinahında oynaya bilir, həm də orta xətdə.

- Ölkə xaricinə təlim-məşq toplanışına yollanmamağınız çempionatdakı çıxışınıza nə dərəcədə təsir göstərəcək?

- Bu, həqiqətən də həssas məsələdi. Ölkə kənarında toplanışda olarkən keçirdiyin hazırlıq matçları daha keyfiyyətli olur və bunun bəhrəsini çempionatda görürsən. Ordakı yüksək səviyyəli oyunlardan sonra nisbətən asan olur. Mən də istərdim ölkə xaricində hazırlıq keçək. Amma təəssüflər olsun ki, büdcədən kənara çıxa bilmirik.

- Bəs bu boşluğu necə doldurmağı planlaşdırırsız?

- İyulun 13-dən 28-nə kimi “Dalğa”da məskunlaşacağıq və bu müddətdə ölkə xaricinə gedə bilməməyimizi sığortalamağa çalışacağıq. 20, 24 və 28 iyul tarixlərində yoxlama oyunlarımız olacaq.

- Rəqiblər artıq müəyyənləşib?

- Tam demək olmaz. Çünki 28-də “Səbail”lə qarşılaşmağı planlaşdırırıq. Amma həmin vaxt qədər ölkə çempionatının püşkü atılacaq və ilk 2 turda “Səbail”lə qarşılaşası olsaq, 28-nə nəzərdə tutulan matçımız bu komandaya qarşı olmayacaq. Eləcə də ayın 24-də “Araz Naxçıvan”la görüşmək barədə söhbətimiz olub. Lakin mümkündür ki, Naxçıvan təmsilçisi toplanış üçün Ərzuruma yollansın. Belə olsa, həmin matç da baş tutmayacaq.

- Məlumdur ki, “Kəpəz”in büdcəsi məhduddu. Qeyd etdiyiniz kimi, təlim-məşq toplanışına belə yollana bilmirsiz. Rəqiblər isə günü-gündən güclənirlər. Amma maddi çətinliklərə baxmayaraq, “Kəpəz”li azarkeşlər istənilən halda sizdən nəticə tələb edəcəklər. Bu məqam sizi nə dərəcədə narahat edir?

- Biz də komandanı gücləndirməyə çalışırıq. Yenə də transferlər edəcəyik. 3 legioner yerimiz boşdu. Biz nəinki eyni səviyyədə olduğumuz rəqiblərlə, hətta “Neftçi” ilə də, “Sabah”la da mübarizə aparacağıq. Büdcəmiz rəqiblərdən zəifdi deyə əlimizi sallayıb təslim olası deyilik. Gəncə kimi şəhərdə oynayacağıq. Arxamızda azarkeş ordumuz var. Heç bir komanda Gəncədə rahat oynaya bilməyəcək. Büdcəmiz azdı deyə qapazaltı olmayacağıq.

FƏRƏC




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31