6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Mahmud Qurbanov: "Komandanın sonda getməyinin ən böyük səbəbi transferlərlə bağlıdı"

"Səbail"in baş məşqçi postundan ayrılan Mahmud Qurbanovun müsahibəsi

- İstefa xəbəriniz dünən gündəmi zəbt elədi. Gündəmin səbəbkarı qərarını necə izah edərdi?

- İlk növbədə onu deyim ki, bu, gedişimlə bağlı ilk və son müsahibəmdi. Fikirləşib qərara gəldim ki, bu, hər iki tərəf - həm mənim, həm də klub üçün belə yaxşı olar. Futbol adamlarıyıq, hər şeyə düzgün baxmalı, bütün qərarları düzgün və zamanında verməliyik. Əlbəttə, mən də istəyərdim ki, nəticələrimiz yaxşı olsun. Bunun üçün rəhbərlik tərəfindən bizə hər cür şərait yaradılmışdı. Çəkinmədən, əminliklə deyə bilərəm ki, istər yerli, istərsə də əcnəbi oyunçu transferi, məşq şəraiti baxımından hər şey, başqa klublardan fərqli olaraq imkanlarımız yaxşı idi. Bunu danmaq olmaz, tam səmimi deyirəm.

- Bəs eləsə nəticə üçün nə çatmadı?

- İş prosesində, ola bilər transferlərdə bəzi nöqsanlar, məqamlar vardı ki, onları nəzərə almamışdım.  

- Tələskənlik oldu, yoxsa legionerlərin karyeralarına güvənib gətirdiniz?

- Bilirsiniz, söhbət ondan gedir ki, bəzi futbolçulara videoyla baxırıq. Bu yolla seçim isə hər dəfə istədiyin kimi olmur. Ola bilər ki, hardasa tələskənlik oldu. Komandanın sonda getməyinin ən böyük səbəbi transferlərlə bağlıdı. Baxdığımız və ümid edə biləcəyimiz futbolçular vardı onları böyük inamla gətirdik ki, bizim çempionatda, "Səbail"də yaxşı oynayacaq, uğurlu transfer olacaqlar. Amma hamısı elə olmadı.

- Bir nümunə göstərim - Kizito Luvaqa. Karyerasına baxırsan, diqqət çəkir. Amma gəlib burda bir hücumçu olaraq çempionatda cəmi 1 qol vurdu. Halbuki əsas qol ümidiniz idi...

- Komandada əsas "vuran ayaq" lazımdı. Bunu Kizitoya həvalə etmişdik, onu seçmişdik o qədər oyunçular içində. Həqiqətən baxdığımız Kizitoyla burda oynadığı futbol düz gəlmədi. Bilmirəm adaptasiyası yaxşı olmadı, yaxud ona da vaxt lazım idi ki, özünə gəlsin, hara düşdüyünü görsün. Bəli, bəzi nöqsanları buraxdıq. Amma düşünürəm ki, bu, mənim üçün gələcəyə yaxşı təcrübə oldu. Doğrudan bəzi bilmədiyim şeylər də vardı ki, 5-6 ayda burda gördüm.

- Bunu acı təcrübə adlandırmaq olar?

- Bəli, çünki nəticə olmayan yerdə əlbəttə, belə də demək olar.  Getməkdən qorxmamışam heç vaxt. Bu, həyatdı, futbol karyerandı, hazır olmalıyıq. Vaxt lazımdı ki, oturub olanları təhlil edəsən, dərindən düşünəsən.

- "Səbail"in büdcəsi yaxşı idi, bunu etiraf edərsiniz yəqin. Bu məsələ də çox müzakirə olundu...

- Hərdən bəzi futbol adamları var ki, mətbuatda, televiziyada çıxışlarında hər şeyi büdcəylə qabardırlar. Hər halda, pul həyatda lazım olan şeydi, eləcə də futbolda. Amma həmişə hər şey demək deyil. Başqa klubların büdcələriylə maraqlanmıram. Qarşımıza avrokuboklara oynamaq məqsədi də qoyulmamışdı. Amma hər halda, "Səbail"in turnir cədvəlində ortalarında olması üçün yaxşı şəraiti vardı. Bizə heç bir şeydə imtina olunmurdu, baş məşqçi olaraq komanda üçün nə istəmişəmsə, həll olunub. Bunu etiraf eləməliyik, çünki doğrusu olan budu.  

- Futbolda "Professor" olmusunuz, amma məşqçilik karyeranız hələ ki həmin uğurlu məcrada keçmir. Bu haqda özlüyünüzdə düşünəndə, necə bir paralel aparırsınız?

- Paralel aparmıram. Çünki futbolçuyla məşqçilik başqa şeylərdi. Futbolçu olanda yalnız özünü fikirləşirsən ki, necə oynayacam, yaxşı çıxış edəcəm. Məşqçilikdə isə müxtəlif təbiətli, xasiyyətli, mühitdə, başqa ölkələrdə böyüyən futbolçularla işləyirsən. O baxımdan bu iki peşəni birləşdirmək də bir az çətindi. Futbolçunun potensialına, çıxış etdiyi çempionata baxırsan ki, bizdə oynaya bilər. Lakin bura gələndə görürsən ki, belə deyil. Bu, əlbəttə, məyusedicidi. 

- Hər şeyi yenidən - sıfırdan başlamalı olsaydınız, nələri başqa cür edərdiniz?

- "Səbail"də işə başlayanda da sıfırdan başlamışdıq. Yenidən başlamaq şansı olmasına gəlincə, təbii ki, 6 ay yaxşı təcrübə oldu mənim üçün. Heç kimdən incik deyiləm - istər futbolçular olsun, istər işlədiyim məşqçi heyəti, istərsə də rəhbərlik, sponsorlar. Yəni, baş məşqçi mən idim, nəticəyə cavahdeh də mən. Heç nə bəhanə axtarmaq istəmirəm, uğursuzluğu heç kimin üstünə yıxmağı da. Çünki klubda futbol planında axırıncı söz mənim idi. Heç kimdən inciməyə də haqqım yoxdu. "Səbail"ə uğurlar arzulayıram. Futbolda bu gün bu komandada, sabah başqa yerdə ola bilərik. Acı da olsa, etiraf etməliyik ki, reallıq belə oldu.

- "Səbail"in icraçı-direktoru Fərəc Əliyev də saytımıza açıqlayıb ki, nəticələrimiz Mahmud Qurbanovun adına uyğun gəlmirdi...

- Əlbəttə, son pillədə olmaq mənə pis təsir edirdi. Ümuimiyyətlə, məğlubiyyət həmişə mənə pis göstərir. Fərqi yoxdu kiminlə oynayırsan. Nəzərə almadığım məqamlardan biri də tələskənli olmağım idi. Tez bir zamanda nəticə qazanmaq istəyirdik. Ola bilər tələskənlikdən belə alındı. İstəməsəm də, budu gerçək. 

- Çempionatda vəziyyətiniz bəllidi, amma Kubok çox yaxşı alındı sizin üçün. "Sabah" kimi güclü rəqibi keçərək - özü də hər 2 matçda məğlub edərək "Səbail"i tarixində ilk dəfə yarımfialda çıxardınız. Buna əsasən şəxsən mən belə düşünürdüm ki, cari mövsümün sonuna qədər iş başında olaraq həmin turnirdə nəticə qazanmağa çalışacaqsınız...

- Kubokun yarımfinalına hələ 4 ay var. Aprelədək çempionatı oynamalıyıq. Fikrimcə, axır turlarda ardıcıl məğlubiyyətlər qərarımda həlledici oldu. 

- İndiki vəziyyətdə sizə bir müddət istirahət lazımdı?

- Yox. Neyləmişik ki, istirahət edək? İnsan işlədikcə daha da möhkəmlənir. Bəzi mətbuat orqanları sağ olsunlar ki, məni daha da möhkəm elədilər. Haqqımda olmazın şeylərdən yazırdılar, sosial şəbəkələrdə sitat gətirirdlər.   

- "Səbail" karyeranızdan sonra yaxın gələcəkdə təklif gözləyirsiniz?

- Bu, ixtiyarımızda olan şey deyil. Buna görə cavab vermək çətindi. Onu deyə bilərəm ki, işləməyə həmişə hazıram(Sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31