26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”: Cəlilabadda möhtəşəm Alov festivalı

Birinci Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvar rayonundan Cəlilabada istiqamət götürüb. Futbolxeber.az-ın “AZƏRTAC”a istnadən verdiyi məlumata görə, məşəl Bakıdan 210 kilometr məsafədə yerləşən Cəlilabada günortadan sonra çatıb. Cəlilabad şəhərinin Qala qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Boks üzrə yeniyetmələr arasında dünya ikincisi İsmayıl Hüseynov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra estafeti 10 cəlilabadlı davam etdirdi. Dörd kilometr məsafə qət edən idmançılar rayon sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev prospektindən keçərək məşəli Heydər Əliyev Seyrəngahına gətiriblər. Futbol üzrə rayon yığma komandasının üzvü Elçin Hüseynov burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırıb. Tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı-2015”in rəmzi kimi rayonda saxlanılacaq.

Məşəl səyahətinin 7-ci günü Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahında möhtəşəm Alov festivalı keçirildi. Festivalı maraqla izləyən sakinlər bununla bağlı təəssüratlarını paylaşıblar, idmançılarımıza uğurlar arzulayıblar. Onlara birinci Avropa Oyunları haqqında ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.

Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Məşəl estafetinin iştirakçısı, məşqçi Ceyhun Ağamalıyev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunlarının məşəl estafetinin bütün bölgələrimizə səyahət edəcəyini eşidəndə çox sevindim. Çünki bu, Azərbaycanın tərənnümüdür, böyük başlanğıcda ölkəmizin bütün bölgələrinin iştirakı, onların da töhfəsinin olması deməkdir. Oyunlar ölkəmizdə idmanın tam yeni müstəvidə inkişafına təkan verəcək və məşəl yürüşünün də bu işdə özünəməxsus rolu olacaq. Çünki o, böyük şövqlə qarşılanır. Nə gizlədim, məşəl estafetinə dəvət edilməyim mənim üçün gözlənilməz olmadı. Çünki bu günə qədər gördüyüm işə, çəkdiyim zəhmətə daim yüksək qiymət veriblər. Amma bu yürüşün, estafetin iştirakçısı olmaq, həqiqətən, tam fərqli hisslər doğurur. Buna görə çox xoşbəxtəm. Oyunlar zamanı idmançılarımıza yetərincə dəstək verəcəyik. Yarışları tribunalarda yetirmələrimlə izləyəcəyəm ki, bu ab-havanı, böyük yarış hissini indidən mənimsəsinlər”.

Rayon gənclər və idman idarəsinin rəisi Ramin Nuriyev Alov festivalının əsl idman bayramı olduğunu bildirərək deyib: “İlk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir və hər birimizdə qürur doğurur. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar Azərbaycanı idman ölkəsi kimi tanıdıb. İnanıram ki, idmançılarımız bizi birinci Avropa Oyunlarında da yeni qələbələrlə sevindirəcəklər”.

Şagirdləri ilə yürüş iştirakçılarını qarşılamağa gələn Cəlilabad rayonunun Sabirabad kənd tam orta məktəbinin müəllimi Vüsalə Babayeva isə sevincini bu sözlərlə ifadə edib: “Biz tarixi bir hadisənin iştirakçılarıyıq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır. Hamımız sevinirik. Bizə bu sevinci bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Beləcə, sayca üçüncü Alov festivalı da “Bakı-2015”in daha bir unudulmaz xatirəsinə çevrilib. Mayın 4-də məşəl karvanı Salyan və Neftçalaya yollanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30