30 May 2020, Şənbə
Klublar Komitəsinin iclası olacaq
Azərbaycanda futbolsuzluq başa çatır
“Qarabağ"da bosniyalı yarımmüdafiəçi?
“Qəbələ”dən ardıcıl 5-ci çempionluq

Maqazin

“Neftçi”dən ALİM də çıxıb

ALİMİN ATASI: “OĞLUMUN ÖLÜMÜNDƏN SONRA ŞƏKƏR XƏSTƏSİ OLMUŞAM”

Alimlə ilk tanışlığım “Şərq” qəzetinin redaksiyasında olub. Daha doğrusu, KİV arasında keçirlən “Media kuboku” uğrunda turnir vaxtı ünsiyyət qurmuşduq. İlk baxışdan sakit, təmkinli, sadə bir insan təəssüratı oyatmışdı. Hətta həmin turnirlərin birində komanda yoldaşı olmuşduq. Alimin çalışdığı “Şərq”lə bizim “525-ci qəzet” birləşmiş komanda yaratmışdı. Onun yaxşı futbol oynadığının da həmin turnirdə şahidi oldum. Alim idmanla nəfəs alırdı, jurnalist fəaliyyətində özünü çox erkən göstərmişdi. Axtarışda olan, yeniliyi sevən jurnalist idi. Məhz buna görə də qısa vaxtda xeyli iş yerləri dəyişmişdi.

“168 saat” yol...

“168 saat”dan başlanan yaradıcılıq fəaliyyəti “Şərq”, “Futbol dünyası”, “Çempion” kimi qəzetlərə qədər gedib çıxmışdı. Alimin sevdiyi sahə televiziyada futbol şərhçisi olmaq, idman proqramları hazırlamaq idi, bu arzusuna da qovuşmuşdu. Az.TV-də, “İdman-Azərbaycan”dakı işi isə onun potensialının daha qabarıq üzə çıxdığı dövrlər olub. Alim çox çalışırdı, məsulliyyətli, həm də səmimi, dost kimi sədaqətli bir insan idi... Bu səbəbdən, işlədiyi yerlərdə indi də onun adını çəkəndə  hamı ağızdolusu danışır, xatirələr bir-birinə cilalanır.

2010-cu ilin qarlı-şaxtalı feralında baş verən  dəhşətli avtomobil qəzasında həlak olan Alim qardaşımız haqında yazı hazırlamaq çoxdan idi ki, məni rahat buraxmırdı. Amma hər dəfə də nəsə alınmırdı. “Bu həftə ailəsi ilə görüşəcəm” deyə özümə söz verirdim ki, gözümün qarşısına yeganə oğul payını itirmiş ata-ana ilə söhbətin çətinliyi gəlirdi. Hazır deyildim. İkincisi, daha uyğun vaxtı gözləyirdim – həlak olduğu 13 fevral tarixi geridə qalmışdı. Mayın 29-da – ad günündə isə şəxsi problemlər üzündən sözümün üstündə dura bilmədim. “Atalar üçdən deyib”. 22 iyul – Mətbuat günü pis vaxt deyildi. Alim haqqında material hazırlamaq, onu xatırlamaqla mərhum jurnalist dostumuzun ruhunu şad etmək yerinə düşərdi.

Sumqayıta köçəndə onun cəmi 6 yaşı vardı

Hər ikimiz 20 ildən çoxdur mətbuatda olsaq da, Alimin atası Malik dayı ilə indiyə kimi cəmi bir dəfə görüşmüşdüm. O da, təəssüf ki, Alimin hüzr yerində. O vaxtdan xeyli dəyişib. Yaş da öz sözünü deyib, yas da... Çay süfrəsi arxasında ikimiz əyləşmişik. Anası Elmira xanım qəhərini boğa bilmədiyindən bizim olduğumuz otağa keçməyə cəhd eləmir. Amma ona səbrli olmağını, mənim də övlad itirdiyimi və övlad acısının nə olduğunu yaxşı bildiyimi dedikdən sonra səssiz-səmirsiz söhbətə şahidlik edir..

Malik dayı Alimin uşaqlığından ağızdolusu danışır: “Övladım olduğuna görə demirəm, Alim çox ağıllı, tərbiyəli uşaq idi. Biz Rusiyadan Sumqayıta göçəndə onun cəmi 6 yaşı vardı. Ona görə orta məktəbdə rus bölməsində oxuyub. Həmişə gözüm onun üstündən olurdu. Atanın vəzifəsi nədi? Övladını tərbiyəli böyütsün, yaxşı təhsil versin, evləndirsin, heç olmasa 1 otaqlı evlə təmin etsin. Ən böyük arzularımdan biri onun ali məktəbə daxil olması idi. Birinci il imtahan verib Lənkəran Universitetinə daxil oldu. Amma uzaq olduğuna görə razı olmadım. İkinci il Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinə daxil oldu. Pulluya. Amma nə olsun ki, əsas tələbə adını qazanması idi. Onun həm oxumasına, həm də jurnalistikada müəyyən səviyyəyə çatmasına məndən çox, Varis səbəbkardı.

Varis işlədiyim “168 saat” qəzetinin yaradıcısıdı. Həm də ailəvi dostuq. Bir dəfə bikef olduğumu görüb məndən səbəbini soruşdu. Dedim ki, deyəsən Alim oxumaq istəmir. Dedi, narahat olma, onunla söhbət edərəm. Alimin uşaq vaxtdan futbola və qəzetə hədsiz həvəsi vardı. Sumqayıtda qəzet göşkümüz vardı, dərsdən sonra mənə kömək eləməyə gəlirdi. Baxırdım ki, bu uşaqda qəzetə, jurnalistikaya meyl var. Mən hələ futbolu demirəm. Qısası, bir gün Varis Alimlə birlikdə yaxınlıqdakı Mehdi Hüsyenzadə adına stadiona futbola baxmağa getdilər. Orada Alimə demişdi ki, əgər atanın arzusunu yerinə yetirsən, yəni ali məktəbə qəbul olsan, səni məşhur jurnalist kimi yetişdirəcəm. Alim mənim arzumu yerinə yetirdi, Varis də söz verdiyi kimi onun. Universitetə daxil olandan sonra “168 saat”da idman müxbiri kimi işə başladı. Birinci kursda olanda az qala davamiyyətə görə universitetdən xaric edəcəkdilər. Son anda xəbər tutdum. Sağ olsun, Varis hər şeyi yoluna qoydu. Həm tələbə olmaq, həm də qəzetdə işləmək gənc bir insan üçün ağır işdi. Amma Alim bunların öhdəsindən gəlirdi. Müxbirliklə yanaşı, dizayn işini də mükəmməl öyrənmişdi. Bir müddət sonra başqa qəzetlərlə əməkdaşlığa başladı – “Şərq”, “Futbol dünyası”, “Çempion” kimi qəzetlərdə yazıları dərc olunurdu. Hətta bir ara “168 saat”ın əlavəsinin baş redaktoru da oldu...”

Gördüm ki, Alim nəsə narahatdı

“Varis Az.TV-yə gedəndə onu da özü ilə aparmışdı. Sonradan idman sahəsində istedadını görən Elnur Əşrəfoğlu onu yenicə açılmış “İdman-Azərbaycan”a dəvət elədi. Elnurla xeyli birgə işlədi. İşindən o qədər razı idi ki...

Yanvarın axırları idi. Gördüm ki, Alim nəsə narahatdı. Səbəbini soruşanda mənə dedi ki, ata yaxınlarda sənə şad xəbər deyəcəm. Əvvəlcədən demək mənə düşmür. Yanvarın 30-da “Neftçi”yə işə düzəldiyini bildirdi. Çox sevinirdi. Elnur ora mətbuat katibi getmişdi. Alimi də özü ilə aparmışdı. Hər gün evə gəlib yeni işindən razılıqla danışırdı...”

Alimin təkidindən sonra maşını satdım

Malik dayının kövrəldiyini görüb, mövzunu bir qədər dəyişmək istəyirəm. Rusiyadakı həyatından, qəzetə necə gəlməsi haqda soruşuram. İxtisasının tikiş sahəsi olduğunu deyir, mətbuata isə sırf təsadüf nəticəsində gəlib: “Rusiyanın İvanovo şəhərində yaşayırdıq. İxtisasca mexanik idim. İvanovo keçmiş SSRİ-də tikiş sənayesinin mərkəzlərindən hesab olunurdu. Gənc olmağıma baxmayaraq, işimə həmişə vicdanla yanaşırdım. Hətta, 1986-ci ildə əyalət üzrə “ən yaxşı mexanik” adını qazanmışdım. Həmin il həyatımdakı ən uğurlu illərdən biri olub. Mənə pul mükafatı verməklə yanaşı, növbəsiz avtomobil almağımda köməklik göstərdilər. O vaxtlar maşın almaq indiki kimi rahat deyildi. Növbəyə durmalı idin. 7600 rubla VAZ-21011 aldım. Onda Alimin heç 4 yaşı yox idi. Yeri gəlmişkən, həmin “011”i 20 ildən çox saxladım. Alimin təkidindən sonra satdım. 1988-ci ildə Sumqayıta köçdük. Əvvəlcə nəşriyyatda işə düzəldim. Sonradan “168 saat” qəzetinin məsul katibi Nurəddin Məmmədli mənə başqa işə keçdiyinə görə öz yerini təklif etdi. Elə o vaxtdan indiyə kimi “168 saat”dayam. Qəzetin əsasən “qara işlər”i çiynimdədi – mühasibatlıq, çap prosesi, satışa nəzarət. Bayaq dedim ki, Alim bir ara qəzetin baş redaktoru oldu. Atanın övladının rəhbərliyi altında işləməsi necə də xoş hisslərdi. Fəxr edirsən ki, artıq böyüyüb, sənət sahibi, rəhbər olub...”

Kostyumda yanıma gəlib soruşdu ki, necə görünürəm?

Söhbəti yayındırsam da, yenə Alimin üzərində dayanır. Malik dayı oğlunun qəzaya düşdüyü gündən kövrələ-kövrələ danışır: “Həmişə Alimdən səliqəli geyinməyini istəmişəm. Daha çox rahat olduğuna görə idman üslubunda geyinməyi sevirdi. Ayın 12-də kostyumda yanıma gəlib soruşdu ki, necə görünürəm? Toyundan sonra bəlkə də bu formada onu ilk dəfə görürdüm. Mənə sabah Yevlaxa gedəcəklərini dedi. Həmin ərəfədə möhkəm qar yağmışdı, hava şaxtalı idi. Ayın 13-də bir neçə dəfə telefonla danışdıq. Qayıdarkən ehtiyatlı olmalarını istədim. Gecə saat 1-2 arası olardı. Dostu Rizvan mənə zəng elədi ki, Alim evdədi? Demə, onun Alimin ölümündən xəbəri varmış. Sadəcə, bizim ağzımızı arayırmış ki, görək biz bilirikmi. Dedim ki, yox hələ gəlməyib. Xəbəri bizə deyəmə cürət eləməyib”.

Sadıq müəllim zəng elədi ki, uşaqlar qəzaya düşüblər

“Bir qədər sonra Sadıq müəllim zəng elədi ki, uşaqlar qəzaya düşüblər, gəlin Neftçilər xəstəxanasına... Bakıya necə getdiyimiz yadımda deyil. Bircə onu bilirəm ki, xəstəxanaya daxil olanda, dəhlizdə xeyli adam var idi – futbolçular, klubun işçiləri... Oğlumu görmək istədiyimi bildirəndə, artıq gec olduğunu dedilər. Nə deyim... vəziyyətimizi təsəvvür eləyə birəsiniz? Allah heç kimə övlad itkisi qismət eləməsin. Ağır dərddi. 10 gün özümə gələ bilmədim. Hamımız şokda idik. Sadıq müəllim, klubun işçiləri, keçmiş iş yoldaşları, tələbə yoldaşları bizi tək buraxmadılar. Hamısına minnətdaram. Onda bildim ki, oğlumu yaxşı tanıya bilməmişəm. Demə, əməlli-başlı özünə hörmət qazana bilibmiş. Xəbərimiz olmayıb. Axı, övlad həmişə ata-ananın gözündə uşaq kimi qalır”.

Məzarının yanında özüm və yoldaşım üçün yer də almışam

Alimi Sumqayıtda dəfn eləmişik. Hər dəfə qəbrini ziyarətə gedəndə elə bilirəm ki, olanlar dünən baş verib. Məzarının yanında özüm və yoldaşım üçün yer də almışam. Sonradan qəzada sağ qalan uşaqlarla söhbət elədik. Onlarda heç bir günah görmürəm. Kim istəyərdi ki, belə bir bədbəxtçilik baş versin? Oyundan sonra komanda Bakıya qayıdanda Alimgilin maşını axırda gəlirmiş. Uşaqlardan kimsə deyib ki, bir yerdə oturub çay içək. Ona görə avtomobil karvanından aralı düşüblər. Gecə olduğuna görə, yolu azıb Ağsu aşırımına gediblər. Həmin vaxt hava şəraiti ilə əlaqədar aşırımdakı yol bağlı olub. “Nissan” sürüşərək dərəyə yuvarlanıb. Sürücü klubun rəhbərliyinə zəng edərək, qəzaya düşdüklərini bildirib. Xeyli müddət göməksiz qalıblar. 40 dəqiqə sonra Sadıq müəllim başda olmaqla bütün karvan köməyə gəlib. Sonradan mənə dedilər ki, Sadıq müəllim Alimi Bakıya öz maşınında gətirib”.

Elə bil Alimi yenidən böyüdürük

Alim dünyasını dəyişərkən, yaşyarımlıq oğlu var idi. Oğlu yetim, həyat yoldaşı dul qaldı. Amma deməzdim. Malik dayı Esmira bacıya öz qızı, Nihat balaya isə oğlu kimi baxıb: “Alimdən başqa bir qızım var. Evin tək oğlu olduğuna görə bir qədər tez evləndirmək istəyirdik. Gəlinim qonşu kənddən idi. Desəm ki, sevib evləniblər, yalan olar. Bizim məsləhətimiz ilə ailə qurmuşdular. Çox mehriban idilər. Bir validyen kimi evlənəndən sonra onlara tam sərbəstlik vermişdim. Hərdən baxırdın ki, nə iləsə bağlı məsləhət istəyir. Yol göstərirdim. Amma nəyi isə “belə etməlisən” demirdim”.

Onu xatırladan əşyaların heç birini atmamışam

Allaha şükür edirəm ki, övladımdan yadigarı qalıb. Yoxsa, bizim halımız necə olardı? Heç olmasa, Nihata görə yaşamağın mənası var. Ölümündən sonra 1 il 3 ay nəvəm və gəlinim bizimlə yaşadı. Alimi itirdikdən sonra mənə ikinci böyük zərbə gəlinimin bizi tərk eləməsi oldu. Atası evinə köçdü. Qınamıram, bu onun qərarı idi, hörmətlə yanaşmalı idik. Bizə ağır olan qədər də ona da çətin idi. İndi Nihatın 4 yaşı var. Ayda 2 dəfə yoldaşımla onu görməyə gedirik. Xaçmazda ev kirayələmişəm. Şənbə-bazar bizimlə olur. Özümüz yedizdirir, yatırır, gəzdiririk. Elə bil Alimi yenidən böyüdürük. Hər dəfə şəkillərini çəkirəm. Artıq Alimdən sonra xeyli disk, albom hazırlamışam. Böyüyəndə özünə verəcəm. Nə vaxt Sumqayıta qayıtmaq istəsələr, gözüm üstə yerləri var. Çox sevinərəm. Oğlum dünyasını dəyişəndən sonra onu xatırladan əşyasının heç birini atmamışam. Hamısını səliqə ilə yığıb saxlayıram. Allah ömür versə, Nihatın 18 yaşı olanda təhvil verəcəm. Bilsin ki, atası necə bir insan olub. Alim həmişə mənə irad tuturdu ki, onu futbolçu olmağa qoymadım. Həqiqətən də belə idi. Axı futbolçular tez-tez zədələnir. Mənsə istəmirdim ki, oğluma nəsə xətər dəysin. Qismət olsa Nihat futbolçu olar. Özü də deyəsən, solaxaydı, futbola da atası kimi yaman həvəsi var”.

Axır ki, Malik dayının üzündə təbəssüm görünür. Oğluna Nihat adını Alim özü qoyub. Türk futbolçu Nihat Kahveçinin şərəfinə. Malik dayı məni qonşu otağa dəvət edir. Onu xatırladan kiçik guşəni göstərməyə. Alimin saatı, telefonu, eynəyi, diplomları, turnirlərdə qazandığı medallar... Anasının bu əşyaları görmək istəmədiyini deyən ağsaqqal hər gün vaxtının bir hissəsini burada keçirdiyini, bu əşyalarla təsəlli tapdığını bildirir: “Yoldaşımın bunları görməsi ağırdı. Hər dəfə ağlayır. Amma mən bunlarla təsəlli tapıram. Bu otaqdakılar ondan yadigar qalanların az bir qismidi. Çoxunu səliqə ilə qarajda saxlayıram. Hamısını Nihata verəcəm”.

Alimlin ölümündən sonra böyüdüyü evi satıblar

Düzü, biləndə ki, Alimlin ölümündən sonra böyüdüyü evi satıblar, bir qədər təsirləndim. Əvvəl bunu ağrı-acını unutmaq üçün etdiklərini düşündüm. Amma Malik dayı vəziyyəti anlatmağa çalışdı: “Oğlumun ölümündən sonra şəkər xəstəsi olmuşam. Keçən il ürəyimdə ağrılar hiss etdim. Həkimlər əməliyyat olunmağımın vacibliyini dedilər. Ürəyimin 4 damarında tıxanma var idi. Həm özüm, həm də yoldaşım maaşa baxan adamlarıq. Əvvəlki evimiz 3 otaqlı idi. Onu satıb qızımgilin yanında 2 otaqlı ev aldıq. Həm də əməliyyat olundum. Onun da 2 oğlu, 1 qızı var. Bütün günü bizdədilər. Başımızı onlarla qatırıq. Mənim nəyim varsa, hamısı Nihatındı. Vəsiyyətnamə də yazacam ki, bizdən sonra hər şeyə sahib çıxsın”.

Malik dayıdan Alimin ölümündən sonra onlarla maraqlananlar haqda soruşuram. Danışığından hiss olunur ki, son vaxtlar Alimin adını tutub qapılarını döyənlər demək olar ki yoxdu: “Əvvəllər tez-tez maraqlanırdılar. Əsasən tələbə yoldaşları, keçmiş iş yoldaşları, “Neftçi”nin rəhbərliyi. Mənə xoş olar ki, oğlumun dost-tanışları qonaq gəlsinlər, onun haqqında danışaq, yada salaq, unudulmasın. Axırıncı dəfə dekabrda bir qrup yoldaşı var idi, o gəlmişdi. Adı Lamiyədi. Sağlığında dost idilər. İndi ailə həyatı qurub, Türkiyədə yaşayır. Bir də sinif yoldaşı Rizvan. Həkimdi, tez-tez əlaqə saxlayır. Day, Varisi, “168 saat”ın işçilərini demirəm. Onlar onsuz da ailəmizin üzvləridi. Arada “Neftçi”dən Mübariz müəllimlə zəngləşirik. “Neftçi” hər dəfə uğur qazananda təbrik edirəm. Hər dəfə də utana-utana onların mənimlə maraqlanmalı olduqlarını deyir. Başa düşürəm, işləri çoxdu. Təki xeyirliyə olsun. Alim sağ olsaydı, “Neftçi”nin uğurlarına onun qədər sevinən tapılmazdı”.

Alimin maaşı həcmində Nihata müavinət ayırdılar

“Başda Sadıq müəllim olmaqla onlardan çox razıyam. Sağ olsun Sadıq müəllim, oğlumun ölümündən sonra onun göstərişi ilə Alimin 580 manat maaşı həcmində Nihata müavinət ayırdılar. Ta ki 18 yaşına kimi. İndiki dövrdə böyük köməkdi. Arada əlaqə saxlayıb Nihatla maraqlanırlar. Hətta keçən ilin fevralında Gündüz Abbaszadənin maşını ilə Xaçmaza getdik, nəvəmin vəziyyəti ilə şəxsən tanış oldular”.

Bunlar Alimgildə olduğum 4 saata yaxın müddətdə Malik dayının söylədiklərindən bir hissə idi. Bildiyim tək odur ki, Alim kimi insanları unutmağa haqqımız çatmır. Ən azından... Deyirlər ki, ölüm gözlə qaş arasındadı.

VƏ sonda ... Təşəkkürlər, ALİM atası! Siz oğlunuzu bu vətən, futbolumuz üçün tərbiyələndirdiyinizi sübut edirsiniz... İnşallah,  Nihat bala Alimin yarımçıq qalmış arzularını gerçəkləşdirər ...

İlqar TAĞIYEV, “Het-trik news”

P.S. Yazı hazırlamamışdan əvvəl həmin avtoqəzada Alimlə birlikdə həlak olmuş Vahid Həmidov haqqında da söhbət açmaq istəyirdim. Amma təəssüf ki, qardaşı Sadiqlə görüşmək barədə razılığını aldıqdan sonra zənglərim cavabsız qaldı. Allah hər ikisinə rəhmət eləsin!

“...İki qardaşımızı itirmişik. Üç gündür hüzn içindəyik. Necə kədərli hisslər keçirdiyimizi təsəvvür etmək də çətindir. Özüm faciə baş verəndən az sonra hadisə yerində olmuşam. Yaralıları xəstəxanaya, vəfat edənləri ailələrinə çatdırmışıq, dəfn mərasimi təşkil etmişik, fevralın 18-də cümə axşamı verəcəyik. Bundan sonra da onların ailələrinə lazımi dəstəyi əsirgəməyəcəyik. Amma bütün bunlar xırda məsələlərdir. Elə etməliyik ki, valideynləri övladsızlıq hiss etməsinlər”.

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun Lent.az-a müsahibəsindən. 15 fevral, 2010-cu il.

Varis Yolçiyev (“168 saat” qəzetinin təsisçisi): “Alim həm istedadlı jurnalist, həm də gözəl insan idi. Mətbuatda fəaliyyətinə bizim qəzetdə başlamışdı. Bir ara “168 saat”ın əlavəsi olan “Futbol proqnoz”un baş redaktoru da işlədi. Cəmi 18 yaşı vardı. 2001-ci ildə onu özümlə Az.TV-yə apardım. Heç yadımdan çıxmaz, 2006-cı ildə Madriddə olarkən, məndən “Real”ın oyunçularından birinin formasını gətirməyi xahiş eləmişdi. Üzərində Zidanın avtoqrafı olan formanı ona bağışlamışdım. Bildiyimə görə, atası hələ də o formanı saxlayır. Onun haqqında ancaq xoş sözlər söyləmək olar. Futbolu çox sevirdi, futbol da həyatına son qoydu...”

Elnur Əşrəfoğlu: "Tale elə gətirdi ki, biz Alimlə 2 müxtəlif yerdə birgə çalışmışıq – əvvəl “İdman Azərbaycan” kanalında, sonra isə “Neftçi”də. Televiziyada olarkən, Alim başqa departamentin işçisi idi. İdman sahəsinə keçmək istdiyini bildirəndə, etiraz etmədim. Çünki Alimi ondan əvvəl də tanıyırdım. “Şərq” qəzetində işləyərkən, müxtəlif futbol turnirlərində bizim “Telefortuna”ya qarşı çox oynamışdı. Həm də futbolla bağlı yazdığı yazılarla tanış idim. Bir çoxlarından fərqli olaraq, çox qısa bir müddətdə televiziyanı qavraya bildi. Hazırladığı reportajlarla, verilişlərlə qısa zaman kəsiyində özünü sübut edə bildi. Hətta yadımdadı, 2008-ci ilin Pekində keçirilən Yay Olimpiya Oyunlarında bir neçə futbol qarşılaşmasını şərh etmişdi. Bundan başqa “Sabahın ulduzları”  adlı verilişi də tamaşaçılarda böyük marağa səbəb olmuşdu...

...Alimin ölüm xəbərini Kanadada Qış Olimpiya Oyunlarında olarkən eşitdim. Ondan bir neçə gün əvvəl mənə zəng edərək, Yevlaxa ezam olunmasını istəmişdi. Etiraz etmişdim. Bizim departamentdən ora 2 nəfər - operator və tərcüməçi gedirdi. Artıq 32 nəfərin gedişi barədə əmr də imzalanmışdı. Amma təkidlə “Karvan”la oyundan reportaj hazırlamaq, yazI yazmaq istədiyini bildirdikdən sonra əmr dəyişdirildi və 33-cü oldu. Elə bil əcəl özü dartıb aparırdı...”

2010/11 mövsümünün çempionu adını qazanan “Neftçi” bu uğurunu qeyd edərkən mərhum əməkdaşlarını da unutmayıb. Paytaxt klubu çempionluğunu həm də yol qəzasında həlak olmuş Alim Malikoğlu və Vahid Həmidova həsr edib. Belə ki, “Xəzər Lənkəran”la son qarşılaşmanın ardından çempionluğunu qeyd edən “Neftçi”nin kapitanı Rail Məlikov əyninə xüsusi forma geyinib. Üzərində Alim Malikoğlu və Vahid Həmidovun şəkili olan formaya “Çempionluğu sizə həsr edirik” və “Ruhunuz şad olsun” sözləri yazılıb.

 Azerisport.az. May, 2010-cu il.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31