26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İlqar Qurbanov: "Yeni transferlərimizə uğursuz yox, şanssız deyərdim"

 

"Qarabağ"ın futbolçusu İlqar Qurbanov Futbolxeber.az saytına müsahibə verib.

- 2 gün əvvəl "Qarabağ" "Turan"a qarşı yoxlama oyunu keçirsə də, səni meydanda görə bilmədik...

- Hazırda kiçik zədəm var. Ona görə də "Turan"a qarşı oyunda forma geymədim. Oyundan bir gün əvvəl məşqdə ayağımdan zədə aldım. "Turan"la görüşdən öncə isinmə hərəkətləri edərkən isə ağrılarım daha da artdı. Bu səbəbdən də meydana çıxmadım.

- Zədən nə qədər ciddidir? "Qəbələ"yə qarşı keçiriləcək çempionat oyununda səni meydanda görə biləcəyik?

- Elə də ciddi zədə deyil. Ayağımda kiçik qanaxma var. Həkimlər bildirirlər ki, ciddi narahatçılığa əsas yoxdur. Bu səbəbdən də düşünürəm ki, ciddi problem olmamalıdır. İnşallah, "Qəbələ" ilə oyunda meydana çıxacağam.

- "Simurq"a məğlubiyyətdən sonra yəqin ki, düşərgədə əhval-ruhiyyə elə də yaxşı deyil...

- Düzdür, son oyunda uduzduq. Lakin son vaxtlar uğursuz çıxış etdiyimizi düşünmürəm. Düzdür, ardıcıl qələbələr qazana bilməsək də, uduzmurduq. Amma Zaqataladan xalsız qayıtdıq. Bu, futboldu, hər bir nəticə qeydə alına bilər. Lakin düşərgəmizdə əhval-ruhiyyə pis deyil. Səylə qarşıdakı oyunlara hazırlaşırıq.

- Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Rəqib son iki oyunda uduzub və sizinlə matça çox ciddi hazırlaşırlar. Bu oyun haqda nə düşünürsən?

- İlk öncə onu deyim ki, ilk "altılıq"da hər oyun ağır keçir. Çünki burada yer alan komandaların hamısı çempionluq, ən azı Avroliqaya düşmək uğrunda mübarizə aparırlar. Bu səbəbdən də "Qəbələ" ilə oyunun da çətin keçəcəyinə əminəm. Rəqib güclü komandadır, heyətlərində yaxşı futbolçuları var. Amma biz də meydana yalnız qələbə üçün çıxacağıq. Düzdür, "Qəbələ" ilə oyunlarımız çətin keçir, bu komandaya qol vurmaqda bir qədər problem yaşayırıq. Əlimizdən gələni edəcəyik ki, bu dəfə 3 xal qazanaq.

- "Qəbələ" ilə oyunu azarkeşlərsiz keçirəcəksiniz. Bu məqam çıxışınıza təsir göstərə bilər?

- Bəli. Azarkeşsiz oynamağımız heç də yaxşı hal deyil. Belə deyək də, səssiz oyun olacaq. İnşallah, azarkeşlərimizin yoxluğunda onları qələbə ilə sevindirərik.

- Cari mövsümdə hədəfiniz çempionluq olsa da, "Neftçi" və "İnter"dən bir qədər geri düşmüsünüz. Birinci olmaq hədəfi hələ də qüvvədə qalır, yoxsa indi yalnız avrokuboklara düşmək uğrunda mübarizə aparacaqsınız?

- Hədəfimiz əvvəlki kimi çempionluqdur. Azərbaycan çempionatında 5-6 xallıq fərq elə də böyük deyil. Bunu aradan götürmək mümkündür. Bir neçə il əvvəl mən "Xəzər Lənkəran"da çıxış edərkən, 7 xal geri də olsaq da, sonradan çempion olduq. Yəni, futbolda hər şey mümkündür. Buna görə də biz ümidimizi itirmirik. Qarşıdakı oyunlarda uğurlu nəticələr göstərsək, istəyimizə çata bilərik.

- İlqar, şər deməsən, xeyir gəlməz. Birdən çempion ola bilmədiniz, məsələn üçüncü yeri tutdunuz. Bunu uğursuzluq kimi qəbul edəcəksiniz?

- Dediyim kimi, çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Təbii ki, çempion ola bilməsək, məyusluq yaşayacağıq. Amma yenə də az da olsa, avrokuboklara yollanmağımızla təsəlli tapa bilərik. Çünki ötən il qitə miqyaslı yarışlardan kənarda qaldıq. Eyni aqibəti bu il də yaşamaq istəmirik.

- "Qarabağ"ın son oyunlarda uğursuz çıxış etməsində qışda edilən transferlərin özlərini yaxşı tərəfdən göstərə bilməmələrinin böyük rolu var. Transferlərin uğursuz alınması fikri ilə razısan?

- Mən deyərdim ki, yeni transferlərimiz uğursuz yox, şanssızdır. Çünki həm Subaşiç, həm də Torres düz-əməlli meydana çıxmamış zədələndilər. Halbuki onlar əvvəllər Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstəriblər. Oparanın isə bir qədər zamana ehtiyacı var. Ümid edirik ki, tez bir zamanda toparlanaraq, özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar.

- Uzun müddət Türkiyədə çıxış etmisən. İndi oradan səninlə əlaqə saxlayan, maraqlanan olur?

- Mənim menecerim türkiyəlidir. Türkiyə klublarından tez-tez təklif alıram. Elə son olaraq qışda da təkliflər var idi. Lakin təklif Bank Asiya klublarından, birinci liqadan olduğuna görə imtina etdim. Hazırda məni "Qarabağ" düşündürür. Bu komandanın uğurları üçün çalışmaq istəyirəm. Gələcəkdə yenidən Türkiyəyə yollanmaq istəyirəm. Lakin birinci liqaya yox, Superliqaya. Birinci liqa klubları "Qarabağ"dan üstün deyil ki, ora yollanım. Optimal forma yığdıqdan sonra Türkiyə Superliqasında yenidən çıxış etmək arzusundayam.

- Bəlkə təklif aldığın klubların adlarını açıqlayasan?

- Yox, ehtiyac yoxdu. Mən özümü reklam etməyi xoşlamıram. Əgər, reallaşsaydı, nəsə söyləmək olardı. Ortada ciddi bir şey olmadığına görə ad çəkməyim düzgün çıxmaz.

- İlqar, bir qədər də milli haqda danışaq. Yığmaya niyə dəvət almırsan və ya buna oxşar sual verməyəcəyəm, onsuz da bunun xeyri yoxdu.

- (Gülür) Qardaş düz deyirsən, bu haqda çox danışmışam, amma faydası yodu.

- Milli komandaya formada olan yerli azərbaycanlı futbolçular qala-qala, sonuncu dəfə nə vaxt klubda meydana çıxdığı bəlli olmayan Cihan Özkara dəvət alırsa, bu haqda danışmaq artıqdı. Sadəcə olaraq, sıravi bir azarkeş kimi milli haqda fikirlərini öyrənmək istərdim.

- Hər bir azərbaycanlı kimi mən də istərdim ki, millimiz yaxşı nəticə qazansın. Kimin oynamasından asılı olmayaraq. Arzu edirəm ki, sıravi azarkeş kimi mən də yığmanın oyununa baxım, sevinim. Komanda udmasa da, heç olmasa, yaxşı oyun sərgiləsin. Amma təəssüf ki, bunu görmürük. Lüksemburqla oyunda hər şey göz önündə idi. Portuqaliya ilə oyunda komandamıza uğurlar arzulayıram. İnşallah, bizi sevindirərlər.

- Bəzi futbolçular səfərdə Lüksemburqla oyunda alınan 1 xalı uğurlu nəticə adlandırırlar...

- (Sözümü kəsir) Bu, düzgün fikir deyil. Lüksemburq reytinqdə 148-ci pillədədi. Belə olan halda, 1 xala necə sevinmək olar? Milli komandamız mütləq Lüksemburqu məğlub etməliydi. Təəssüf ki, bunu bacarmadılar. İnanıram ki, Portuqaliya ilə oyunda əvəzini çıxacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30