26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Futbolun kiçik qardaşı”: tarixin izi ilə

KEÇMİŞ SSRİ-DƏ CIĞIRAÇAN, DÜNYADA İLKLƏRDƏN BİRİ

Futbolxeber.az saytı bu gündən etibarən AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Azərbaycan futzalı: dünən və bu gün - dünya çempionatı ərəfəsində” istiqaməti üzrə silsilə yazılara start verir. Ölkə futzalının tarixini, real durumunu və perspektiv imkanlarını əhatə edən yazılar ilə geniş mövzunu hərtərəfli işıqlandırmağa çalışacağıq. İlk yazı futzalın ölkəmizdə nə vaxt yaranmasıyla bağlı tarixi bilgilərə həsr olunur.

“AZƏRBAYCAN FUTZALI YERLİ FUTBOLU BİR NEÇƏ ADDIM QABAQLAYIR”

“Futbolçu olduğumuz zaman biz də bəzən futzal oynayardıq. Ancaq bu idman növü Almaniyada çox da məşhur deyil. Ancaq Azərbaycan millisində baş məşqçi işləyəndən, yerli yığma və klubların futzal uğurları ilə maraqlanmağa başladım. Deyə bilərəm ki, Azərbaycan futzalı yerli futbolu bir neçə addım qabaqlayır. Özüm də parketdə oynamışam, ancaq buna rəğmən, futzal oyununu canlı izləməmişəm. Bunu futbolla müqayisə etmək, düz olmazdı. Fəlsəfə fərqlidir. Top, yanaşma tərzi və qapıların ölçüsü də fərqlidir”.

BERTİ FOQTS, Futbol üzrə millimizin almaniyalı sabiq baş məşqçisi

(2014-cü il, Bakıda keçirilən “Dördlər finalı” ərəfəsində UEFA-nın saytına verdiyi müsahibədən)

1969-CU İL, 20 YANVAR: FUTZALIMIZIN “AD GÜNÜ” 

Çoxumuz küçədə, ölçüləri kiçik olan meydanlarda futbol oynamışıq. Oyun qaydaları da müxtəlif olub: şəraitdən asılı olaraq, həm futbolun, həm də mini-futbolun elementlərindən yararlanmışıq. Deyək ki, aut atmaq üçün imkan olmayanda topu oyuna ayaqla daxil etmişik. Beləliklə, mini-futbol üçün müəyyən qaydalar tətbiq olunub və getdikcə təkmilləşib. Ötən əsrin ortalarında mini-futbol Azərbaycanda dəb halını almağa başlayıb. “Futzal Azərbaycanda yaranıb” deyimi də əbəs yerə deyil. Vaxtilə SSRİ Futbol Federasiyasında mini-futbol haqqında, bu idman növünün qaydalarının hazırlanması və yarış təşkil olunması barədə müzakirələrdə səslənən bir fikir də bunu deməyə əsas verir: “bu, velosipedi yenidən ixtira etməyə bənzəyir. Bakıya gedin, orada mini-futbol üzrə turnir keçirilir. Həmin yarışların müəyyən olunmuş qaydaları var, oyunu necə keçirmək lazım olduğunu da Bakıda yaxşı bilirlər”.

Bu yerdə bir haşiyəyə çıxaq. Əslində, futzalın yaranma tarixi daha əvvələ gedib çıxır. İlk dəfə braziliyalılar futbolun kiçik oyun qaydalarını icad ediblər. 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatı zamanı Braziliya yığmasının zalda məşqi Avstriya yığmasının rəhbəri Yozef Arqauerin o qədər xoşuna gəlib ki, mundialdan sonra ölkəsində ilk futzal turnirini təşkil edib. Ardınca bu idman növü Avropanın digər ölkələrinə ayaq açıb. Futzal üzrə ilk çempionat 1968-ci ildə Hollandiyada təşkil edilib. İlk dünya çempionatı da 1986-cı ildə məhz Hollandiyada keçirilib.

Məsələ burasındadır ki, keçmiş SSRİ-də mini-futbol üzrə ilk turnir məhz Bakıda təşkil olunub. Turnirin təşkilatçıları isə məşhur idman icmalçısı Oqtay Atayev və Ələkbər Məmmədov olub. 1969-cu il yanvarın 20-də açılışı baş tutan turnirin oyunları o vaxt “İnturist” adlanan mehmanxananın yaxınlığındakı sarayda keçirilib. Hansı ki, 5 il sonra həmin məkanda indiki Bakı Əl oyunları sarayı inşa olunub. İlk turnirdə Bakı və Sumqayıt şəhərlərinin 24 komandası qüvvəsini sınayıb. “Neftçi” yarışda iki komandayla təmsil olunub. Veteranlardan ibarət kollektivdə turnirin təşkilatçılarından biri, o vaxt 39 yaşı olan Ələkbər Məmmədov çıxış edib. Ustalardan ibarət iki komandada isə sırf peşəkarlar - Anatoli Banişevski, Eduard Markarov, Rafiq Mirzəyev, Vitali Şevçenko, Yaşar Babayev, Ruslan Abdullayev, Rafiq Quliyev, Usbat Rəşidov, Nadir Eynullayev və başqaları yer alıb. Buna baxmayaraq, “ustalar” turniri 2-ci, “veteranlar” isə 3-cü sırada bitirib. Qalib adını isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunun komandası qazanıb. Hansı ki, qalib komandanın şərəfini Akif Fəttahov, Azad Feyzullayev, Məlik Həsənov, Anatoli Pivnenko, Nikolay Kojevnikov, Ağasi Quliyev, Yusif Ağalarov, İsmayıl Məmmədov və başqaları qoruyub.

Yarış böyük marağa səbəb olduğundan təşkilatçılar növbəti il də, ümumiyyətlə 1973-cü ilə qədər turniri mütəmadi keçiriblər. 1970-ci ildəki turnirə 34 komanda qatılıb. Bu dəfə Sumqayıtın “Polad” komandası hamıdan güclü olub. “Gənclik şəhəri” təmsilçisinin heyətində Yuri Darvin, Rafiq Bağırov, Hafiz Namazov, Tofiq Abbasov, Məmməd Məmmədov, Valeri Stupin, Nadir Qasımov və Vladimir Manaşirov top qovub. 2-ci yeri Xırdalanın “Abşeron”, 3-ü isə paytaxtın OİK komandası tutub.

Artıq kütləviliyə nail olunduğundan 3-cü turnirin formatını dəyişmək lazım gəlib. Belə ki, iştirakçı sayı 154-ə çatdığından, təşkilatçılar yarışları iki mərhələ keçirməyi qərara alıb. İlk mərhələ yerlərdə təşkil olunub. Əsas mübarizə “Neftçi” və OİK arasında gedib ki, final görüşü “hərbçilər”in qələbəsiylə başa çatıb. Bürünc mükafata isə “Sprint” komandası sahib çıxıb. 1972-ci ildə 202 komandanın iştirak etdiyi birinciliyin final mərhələsinə 20 vəsiqə qazanıb ki, sonda bir il əvvəlki final təkrarlanıb. Bu dəfə veteranlar penalti seriyalarında ordu təmsilçisini üstələyərək, qalib adını qazanıb. Üçüncü yer uğrunda yarışda isə Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) tələbələri qalib gəlib.

1973-cü ildəki turnir isə yarımçıq qalıb. Yanvarda startı verilən turnirə 100-dən çox komanda qatılıb və finala vəsiqə qazanan “20-lik” də müəyyənləşib. Ancaq həmin ildə idman sarayı yenidən qurulduğu üçün yarışı başa çatdırmaq mümkün olmayıb. Beləliklə, futzal üzrə 5 illik turnir ənənəsi yarımçıq qalıb.         

“NEFTÇİ” ƏVVƏL “FLAMENQO”YLA, SONRA TƏK

Keçmiş SSRİ futzal ölkəsi deyildi. Bunu Futzal Federasiyasının ittifaqın can üstə olduğu vaxtda, 1990-cı ildə yaranması da sübut edir. 1991-ci ildə isə ilk ittifaq çempionatı keçirilib. Yanvarın 23-dən martın 8-nə qədər davam edən yarışa 2 komandamız - “Neftçi” və “Flamenqo” qatılıb. Öncə bildirək ki, çempionatda 25 komanda komanda iştirak edib ki, 15 respublikadan yalnız 2-nin - Litva və Türkmənistanın təmsilçisi olmayıb.

Rusiya - 8 komanda

KSM-24

Metallur

Siqnal (final mərhələsindən mübarizəyə qoşulub)

Sibiryak

Smena

ŞVSM

Edelveys

Prixojane

Ukrayna - 3

Elektron

Metallurq

Mexanizator

Azərbaycan - 2

Neftçi

Flamenqo

Belarus - 2

Paqonya

Ekonomist

Moldova - 2

Aqros-İnteks

Valeologiya

Gürcüstan - 1

Ritsa

Qazaxıstan - 1

Ximik

Özbəkistan -1

Ximik

Latviya - 1

SKİF-Forum

Tacikistan - 1

MÇOP

Qırğızıstan - 1

İnstrumentalşik

Ermənistan - 1

Qavar

Estoniya - 1

Mayak (final mərhələsindən mübarizəyə qoşulub)

Birincilik üç zona üzrə keçirilib. Kişinyovun təşkilatçısı olduğu birinci zonada 7 komanda 2 qrupda mübarizə aparıb. Azərbaycanı təmsil edən iki komandadan 1-i - “Neftçi” məhz bu zonada - B qrupunda yer alıb. Reqlamentə görə, hər qrupdan iki komanda sonda zona birinciliyindən final mərhələsinə qatılmaq şansı verən 2 vəsiqə uğrunda yarışacaqdı. Ukrayna təmsilçisi “Elektron” və Belarus “Poqonya”sı ilə növbəti mərhələ uğrunda yarışan “ağ-qaralar” hər iki görüşdə inamlı qələbə qazanaraq, qrup 1-si olub.

1. Neftçi 2 2 0 0 11-4 4

2. Elektron 2 1 0 1 2-4 2

3. Paqonya 2 0 0 2 4-9 0

Ancaq final mərhələsinə adlamaq mümkün olmayıb. Belə ki, “Neftçi” “Aqros-İnteks”, “SKİF-Forum” və “Elektron”la mübarizədə 3-cü olub. Bakılılar yalnız ilk mərhələdə də yendiyi “Elektron”ü üstələyə bilib, Moldova və Latviya futzalçılarına yenilib.

1. Aqros-İnteks 3 2 1 0 10-6 5

2. SKİF-Forum 3 2 1 0 13-11 5

3. Neftçi 3 1 0 2 10-10 2

4. Elektron 3 0 0 3 5-11 0

“Flamenqo”ya gəlincə, Bakının digər təmsilçisi ikinci zonada yarışıb. Təmsilçimiz “Neftçi”dən fərqli olaraq, 4 komandalı qrupda yarışıb. Təəssüf ki, bakılılar 1991-ci il yanvarın 26-30-u aralığında Dnepropetrovskda təşkil olunan yarışda, Moldova “Valeologiya”sı, Qazaxıstan “Ximik”i və Belarus “Ekonomist”i ilə mübarizədə uğursuzluğa düçar olub. Hər 3 görüşdə məğlub olan olan “Flamenqo” elə birinci mərhələdəcə yarışı tərk edib.

1. Valeologiya 3 2 1 0 8-5 5

2. Ximik (Almalık) 3 2 0 1 14-9 4

3. Ekonomist 3 1 1 1 15-13 3

4. Flamenqo 3 0 0 3 7-17 0

Sonda ilk və son SSRİ çempionu adına Rusiya təmsilçisi “KSM-24”-ün sahib çıxdığını bildirək.

SSRİ dağılsa da, 1992-ci ildə postsovet məkanı ölkələri arasında ikinci dəfə çempionat keçirilib. “MDB çempionatı” yanvarın 19-dan martın 12-nə kimi davam edib. “Neftçi” bu dəfə təkbaşına ölkəmizi təmsil edib. 12 komanda hər birində 6 iştirakçı olmaqla, 2 qrupda yarışıb.

Dina (Moskva)

KSM-24 (Moskva)

Stroitel-UPİ (Yekaterinburq)

Mensk (Minsk)

NEFTÇİ (BAKI)

Prixojane (Yekaterinburq)

Rostselmaş (Rostov)

Sibiryak (Novosibirsk)

SKA (Rostov)

Spartak (Moskva)

Stroitel (Verx-Neyvinsk)

Ximik (Kustanay)

“Ağ-qaralar”ın bəxti gətirməyib. Belə ki, komandamız 1992-ci il yanvarın 28-dən fevralın 1-nə qədər davam edən qrup oyunlarında uğursuz çıxışla yadda qalıb. Yekaterinburqda təşkil olunan birinci mərhələdə “Neftçi”nin rəqibləri “Stroitel”, “KSM-24”, “Spartak”, “Sibiryak” və “Prixojane” olub ki, təmsilçimiz bütün rəqiblərinə məğlub olub və yarışı qrup sonuncusu kimi tərk edib. Təbii ki, yarış ənənəsi daha çox olan, 1969-cu ildən mini-turnirlərdə iştirak edən “Neftçi”nin uğursuzluğu təəssüf doğurur. 

1. Stroitel 5 4 1 0 28-9 9

2. KSM-24 5 3 2 0 21-13 8

3. Spartak 5 3 1 1 11-9 7

4. Sibiryak 5 2 0 3 22-19 4

5. Prixojane 5 1 0 4 11-24 2

6. NEFTÇİ 5 0 0 5 12-31 0

Hazırladı: VAHİD

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30