21 Noyabr 2017, Çərşənbə axşamı
Kontedən gözlənilməz addım
Etopaz-da bu gün 18 canlı oyun
Yunis Hüseynov “Kəpəz”də
İnfantino Azərbaycana gəlir

Futzal

Joze Alessio: “Azərbaycanlı gənclər inkişaf etmək istəmirlər”

Futzal üzrə milli komandamızın və “Araz”ın baş məşqçisi Joze Alessionun Futbolxeber.az saytına müsahibəsi

 

“KOMANDADA MOTİVASİYA ÇATMIR”

- İlk turdan fərqli olaraq ölkə çempionatının ikinci turunda “Araz” nisbətən asan qələbə qazandı. “Yasamal” üzərində 4:0 hesablı qələbə sizi qane etdi?

- Xeyr, bu gün də komandamdan razı qalmadım. Komandada motivasiya çatmır. Ona görə də oyunçulardan narazıyam. Bəzən futbolçular düşünürlər ki, qarşılarındakı rəqibi asanlıqla məğlub edəcəklər. Amma bu baş vermədikcə çətinlik çəkirsən. Ona görə də oyun zamanı çətinliklə üzləşirlər. Belə vəziyyət isə məni qane edə bilməz. Qarşıda bizi UEFA kubokunun oyunları gözləyir. Bəlkə də oyunçuların fikri həmin yarışdadır. Ona görə də ölkə birinciliyinin matçlarına konsentrasiya ola bilmirlər.

- Qeyd etdiyiniz kimi, qarşıda UEFA kubokunun oyunları gəlir və “Araz”ın hazırlığı əsasən həmin yarışa hesablanıb. Bəlkə oyunçular yorğun olduqlarından ölkə çempionatının matçlarında istədiyiniz oyunu göstərə bilmirlər.

- Komandada yorğunluq yoxdu. Son həftə məşqlərdə yüklənmə olmayıb. Gündə cəmi 1 dəfə məşq etmişik. Oyundan öncəki gün isə əsasən taktiki çalışmalar, standart vəziyyətlər üzərində çalışdıq. Komandanın oyununun parlaq alınmamasını yorğunluq yox, motivasiyanın çatışmazlığı ilə əlaqələndirərdim. Bəlkə də bəzi oyunçular zədə almaqdan qorxurlar, ehtiyatlanırlar. Çünki qarşıdan UEFA kubokunun oyunları gəlir. Mən hər zaman komandamdan gözəl oyun gözləyirəm.

“AZƏRBAYCAN ÇEMPİONATI İNDİ DAHA MARAQLI KEÇİR”

- Azərbaycan çempionatında hansı dəyişikliyi hiss edirsiniz?

- İndi çempionat daha maraqlı keçir. Fərqli sponsorlar var. Komandaların heyətində gənclər də çıxış edir. Amma əsas problem odur ki - bunu 4 il əvvəl də demişəm - gənclər üzərlərində işləmirlər. Perspektivli oyunçular da inkişaf etmək istəmirlər. İstisna kimi yalnız Rövşən Hüseynlini qeyd etmək olar. Başqasını görmürəm. Zaur Axundovla söhbətimizdə də bu barədə demişəm ki, gənclər üzərlərində daha çox çalışmalıdırlar. Bu halda 1-2 ildən sonra irəli gedə bilərlər.

- Maddi baxımdan bəs nə dərəcədə dəyişillik var?

- Digər komandaların maddi durumu barədə nəsə deyə bilmərəm. Görünən odur ki, indi komandalar daha yaxşı təşkilatlanıblar. Bu mövsümün debütantı olan “Marafon”, “İtaldizayn”da belə təşkilatçılıq yaxşıdır. Mətbuat çempionata daha çox maraq göstərir. Oyunlar artıq televiziya vasitəsi ilə yayımlanmağa başlayıb ki, bu da müsbət haldır.

- İlk 2 tur ərzində “Araz”ın heyətində 3 yeni braziliyalı çıxış etdi. Onların oyunu sizi qane edir?

- “Yasamal”la oyunda yenilər də daxil olmaqla hamı pis oynadı. Dediyim kimi, konsentrasiya azdı. Meydana çıxanda tam köklənə bilməmisənsə, işin çətin olacaq. Beyin hazır olmasa, çətinlik çəkməmək qeyri-mümkündür.

- Maykon De Silva, Karvalho dos Santos və Qabriel Bastosu gələcəkdə Azərbaycan yığmasında görə biləcəyik?

- İndidən bu haqda nəsə deyə bilmərəm. Hazırda onlar yalnız “Araz”a kömək edirlər. Əgər ümidləri doğruldub, özlərini yaxşı tərəfdən göstərsələr, Azərbaycan pasportu alıb milliyə də cəlb oluna bilərlər.

“ONLARIN İSTƏDİYİ PULU ÖDƏMƏK ÇƏTİNDİ”

- Avropa çempionatı öncəsi rəqabəti artırmaq üçün milliyə yeni qapıçının dəvət olunması mümkündür?

- Hələ ki bu barədə düşünmürük.

- Bəs Braziliyadan yeni oyunçuların heyətə cəlb olunması nəzərdə tutulub?

- Gələcəklə bağlı indidən dəqiq söz demək çətindir. Əgər ehtiyac olsa, bu, mümkündür.

- Braziliyada hələ də Azərbaycan yığmasına dəvət etmək üçün Biro Jade, Serjao kimi səviyyəli oyunçular var?

- Var təbii ki (gülür). Amma indi vəziyyət dəyişib. Kim özünü yaxşı tərəfdən göstərsə, dərhal onu götürürlər. Oyunçular indi daha yaxşı şərtlərlə müqavilə imzalayırlar. Ona görə də hazırda səviyyəli braziliyalı Azərbaycana gətirmək heç də asan deyil.

- Yəni bugünkü gündə biz onlara yüksək əmək haqqı verə bilmirik?

- Elədir ki var. Onların istədiyi pulu ödəmək çətindi.

“UEFA KUBOKUNU İNDİ DƏ “ARAZ”LA QAZANMAQ İSTƏYİRƏM”

- Oktyabrın 11-də “Araz” UEFA Kubokunda mübarizəyə qoşulur. Demək olar ki, Rumıniyada birinci yerdən başqa istənilən nəticə bizim üçün fiasko hesab olunacaq?

- Bəli, hədəfimiz ancaq və ancaq qrupda birinci yeri tutmaqdır. Bildiyiniz kimi, UEFA müəyyən dəyişiklik edib. Bizim də reytinqimiz aşağı olduğu üçün nisbətən güclü komandalarla qarşılaşacağıq. Rumıniya çempionu “FC Deva” ev sahibidir. Meydan sahiblərinə qarşı oynamaq həmişə çətin olur. “Mostar SG” Bosniya və Hersoqovina təmsilçisidir. Son zamanlar bosniyalılarla tez-tez qarşılaşırıq. Elə son Avropa çempionatının seçmə mərhələsində də Azərbaycan və Bosniyan yığmaları eyni qrupda idilər. Odur ki, rəqib bizi yaxşı tanıyır. Qrupdakı son rəqib isə Ermənistan təmsilçisi düşmüşdü. Amma məlum səbəblərə görə UEFA yerdəyişmə elədi. Bu səbəbdən də Malta təmsilçisinə qarşı oynayacağıq. “Luxol St Andrews” da zəif deyil. Bu komandanın heyətində 7 serb və 3 braziliyalı çıxış edir. Odur ki, işimiz heç də asan olmayacaq. Amma rəqiblər nə qədər güclü olsa da, biz mütləq qrupda birinci yeri tutmaqlıyıq və bunun üçün də əlimizdən gələni edəcəyik.

- Biz də “Araz”ın qrupu birinci pillədə başa vuracağına inanırıq. Amma razısız ki, bu heyətlə Elit raundda uğur qazanmaq çətin olacaq?

- Bəli, tamamilə razıyam. Daha güclü rəqiblərlə oyunlarda uğur qazanmaq üçün dayanmadan çalışmalıyıq. Mümkündür ki, Elit raund öncəsi heyətə daha bir braziliyalı cəlb olunsun.

- Azarkeşlər arasında belə fikir formalaşıb ki, Joze Alessionu “Araz”a UEFA Kubokunu qazanmaq üçün dəvət ediblər...

- Azarkeşlərin ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Aydın məsələdir ki, Avropanın ən güclü olmaq elə də asan deyil. Oyunçularla söhbətimdə də demişəm ki, bu mövsüm minimum hədəf yarımfinal oynamaqdır.  

- Daha əvvəl “Kayrat”la bu mükafatı qazanmısız. İkinci dəfə “Araz”la UEFA Kubokuna sahib çıxmaq mümkün olacaq?

- Bəli, indi də UEFA Kubokunu “Araz”la qazanmaq istəyirəm. Mən ümumiyyətlə, hər zaman maksimum nəticə qazanmağı hədəfləyirəm.

“AVROPA ÇEMPİONATI HƏDƏF MEDAL QAZANMAQDI”

- Bu günlərdə Avropa çempionatının püşkü atıldı. İspaniya və Fransa kimi rəqiblərin yer aldığı qrupda necə şansımızı necə dəyərləndirmək olar?

- Şans həmişə var. Rəqiblərindən kimliyindən asılı olmayaraq, artıq futzal aləmində Azərbaycana hörmətlə yanaşırlar. İspaniyanın gücü məlumdur. Onlar barədə nəsə yeni söz deməyə ehtiyac yoxdur. O ki qaldı Fransaya, bu komandaya da hörmətlə yanaşmaq lazımdır. Xorvatiyanı üstələyən komanda zəif ola bilməz. Bu komanda haqda ətraflı məlumat toplamağa çalışırıq. Son dünya çempionatında Azərbaycan yığması İspaniyaya qarşı layiqli müqavimət göstərdi.

- Adətən Azərbaycan yığması böyük turnirlər öncəsi oyun praktikasının yoxluğundan əziyyət çəkir. Bu dəfə də eyni hala şahidlik edəcəyik?

- Xeyr, bu dəfə elə bir problemlə üzləşməmək üçün çalışırıq. Noyabr, yaxud dekabrda Rusiyaya gedib, orada bu ölkənin yığması ilə 2 yoxlama oyunu keçirəcəyik. Bundan başqa, yanvarda Avropa çempionatından öncəsi Xorvatiyada turnirə qatılmağı planlaşdırırıq. Elə Sloveniyaya da birbaşa oradan yollanacağıq.

- Aydın məsələdir ki, qrupun favoriti İspaniyadır və əsas hədəf Fransanı məğlub edib ikinci olmaqdır. Bu halda böyük ehtimalla, 1/4 finalda Portuqaliya, yaxud Ukrayna ilə qarşılaşacağıq. Bu komandalardan hansını rəqib qismində görmək istərdiniz?

- İndi bu haqda danışmaq çətindi. Çünki mən deyə bilərəm ki, Ukrayna ilə qarşılaşmağı istərəm. Amma turnirin çıxışında Ukrayna Portuqaliyadan daha yaxşı təsir bağışlaya bilər. Belədə Ukrayna ilə deyil, Portuqaliya ilə görüşməyi istərəm. Yəni bu suala cavab vermək üçün komandaları iş başında görmək lazımdır.

- Məncə, Portuqaliya ilə qarşılaşmaq daha yaxşı olardı. Hər halda, son dünya çempionatında yarımfinala gedən yolumuzu məhz portuqallar kəsmişdilər...

- Elədir. Portuqaliya millisində də heyət dəyişib. Hazırda komandada gənclər çoxdu. Rikardinyo və başqa 1-2 oyunçu qalıb əvvəlki heyətdən.

- Son dünya çempionatında Azərbaycan millisi beşinci oldu və bu nəticədən sonra çoxları Avropa çempionatında yığmamızdan daha uğurlu nəticə gözləyir...

- Avropa çempionatı hədəf medal qazanmaqdı. Bunu hamı istəyir. Mən isə hamıdan çox istəyirəm (gülür).

- Və sonda. Zaur Axundovla aranız necədir?

- Hazırda hər şey yaxşıdı. Arada yaşanan problemdən sonra danışdıq, bütün məsələləri müzakirə etdik. İndi hər şey qaydasındadı.

Söhbətləşdi: İBRAHİM


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30





Click to Visit