19 Avqust 2017, Şənbə
İlin ən yaxşı futbolçusu: KİM?
AL: pley-off mərhələsinin ilk oyunları
“Kopenhagen”in şikayətinə baxıldı
DYP Rəşad Sadiqova sərt cavab verdi

Ölkə futbolu

Ayın ən yaxşısı: “Hamıya demişdim ki, bu oyunda qol vuracağam” (MÜSAHİBƏ)

Bir neçə gün öncə I Divizionda noyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadə birinci olub. PFL-in saytında keçirilən sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Məmmədzadə jurnalistlərin seçimi zamanı da rəqiblərini üstələyib. Nurlan bununla və karyerası ilə bağlı Futbolxeber.az saytının suallarını cavablandırıb. Sizi həmin müsahibə ilə tanış edirik:

- “Səbail”in qapısından keçirdiyin top noyabr ayının ən yaxşı qolu seçildi. Bu barədə təəssüratlarını öyrənmək istərdik…

- Əlbəttə ki, sevindim. Sadəcə olaraq, mənim sevincim 5 qat artıq oldu. Çünki “Şahdağ”da olarkən həmin komandada - “Səbail”dən Elman Sultanov (baş məşqçi) məni çağırmışdı. Şəxsiyət vəsiqəmi, sənədlərimi məndən almışdı. Çempionatın başlamasına bir ay qalmış isə sənədlərimi geri qaytardı və “bizdə alınmır” dedi. Mən də dedim ki, bəs məni niyə çağırıb, 40 gün komandada saxlamısan? O da dedi ki, mənlik bir şey yoxdur. Mən də məcbur olub “Bakılı”ya getdim. Belə olanda isə vurduğum qola, istər-istəməz, çox sevindim. Düzdür, həmin matçda böyük hesabla uduzduq. Amma komandamızda maddi vəziyyət, şərait yaxşı olsaydı, onları rahatlıqla uda bilərdik. Səhv başa düşülməsin, amma “Bakılı” mənim üçün axırıncı variant idi. Çünki məni orada (“Səbail”) saxladılar və çempionatın başlamasına 1 həftə qalmış özümə komanda tapmalı idim. Özünüz də yaxşı bilərsiniz ki, “Bakılı” şəraitsizlikdən məktəbin həyətində məşq edən komandadır.

- Belə anlaşılır, bu oyuna xüsusi olaraq, köklənmişdin…

- Bəli. Hamıya da demişdim ki, bu oyunda qol vuracağam. Yəni özümə o qədər güvənirdim. Şükürlər olsun ki, istəyimə də nail oldum.

- Son 3 aydır ki, ayın ən yaxşı qolu seçilir. Həmin qolu vuranda bundan xəbərin var idi?

- Bəli, var idi.

- Bəs həmin topu qapıdan keçirməmişdən əvvvəl fikirləşdinmi ki, elə zərbə vurum ki, baxımlı, seçilən qol olsun? Belə gözəl qol vurmaq üçün məşqlərdə çalışırdın, yoxsa təsadüfən alındı?

- Məşqlərdə belə qollar tez-tez vururam. Lakin bu dövrə zədə səbəbindən az forma şansı qazandım. Bu oyuna isə özümü sübut etmək üçün çıxmışdım. Deməzdim ki, bu matça ayın ən yaxşı qolunu vurmaq üçün hazırlaşıb çıxmışdım. Amma qol vurmaq fikrində idim. 

- Belə çıxır ki, ayın ən yaxşı qolunun müəllifi seçilməkdən çox “Səbail”i məyus etdiyinə görə sevinmisən…

- Bəli. Tamamilə doğrudur.

- Bu mükafata səninlə yanaşı, başqa namizədlər də vardı. Bəs sən hansı qola səs verərdin?

- Açığı, mənim Ruslan Tağızadənin qolundan çox xoşum gəldi. Mən ona səs verərdim. Sadəcə olaraq, onun qolu bir az yaxın məsafədən vurulmuşdu.

- Bu qola görə mükafat da verəcəklər. Bununla bağlı sənə nəsə deyiblər?

- Açığı, mükafatla bağlı hələ ki heç bir xəbər yoxdur. Yəqin çempionat başlayanda oyun günü verərlər.

- Yəqin xəbərin olar, buna görə sənə 500 manat pul və xüsusi hədiyyə təqdim olunacaq. Səncə, bu, ayın ən yaxşı qolu üçün layiqli hədiyyədir?

- Hesab edirəm ki, I Divizion üçün yaxşıdır. Heç olmayan yerdə o da yaxşıdır.

- Ümumiyyətlə, belə mükafat aşağı liqada necə təəssürat yaradır? Sizi həvəsləndirir?

- Əlbəttə ki, yaxşı addımdır. Hər oyuna çıxan futbolçu çalışır ki, baxımlı qol vurub adını siyahıya yazdırsın. Burada oynadığıma görə demirəm. Mən 16 yaşımdan I Divizionda çıxış edirəm və buradakı oyunlar elita matçlarından da maraqlı olur. Premyer Liqada 8 komanda var və tez-tez eyni rəqiblərlə oynamaq bezdirici olur. Amma aşağı liqada komandaların sayı çoxdur. Həmçinin burada bölgə təmsilçilərinin də çox olmağı çempionata rəng qatır. Sadəcə olaraq, maddi sıxıntılar bizə çətinlik yaradır.

- Elə bölgə klublarından söz düşmüşkən, Premyer Liqa komandalarının əksəriyyəti Bakıda məskunlaşıb. Lakin I Divizionda əyalət təmsilçiləri çoxdur. Həmin klublarda çıxış etmək necədir? Azarkeşlər sizi necə qəbul edir?

- Misal üçün onu deyə bilərəm ki, mən ötən mövsüm Qusar (“Şahdağ”) klubunda çıxış etdim. Regionlarda futbola çox gözəl maraq, münasibət var. Mən orada yad idim, yerli futbolçu deyildim. Lakin mənə çox yaxşı, doğma münasibət göstərirdilər. Elə davranırdılar ki, adamın özünə də xoş gəlirdi. Elə vaxtlar olurdu ki, pul olmurdu, lakin fanatlar var idi ki, bizə evdə yemək bişirtdirib gətirirdilər. İstərdim ki, şərait baxımından oraya kömək etsinlər. Biz keçən il oteldə qalırdıq. Amma indi uşaqlar soyunub-geyinmə otağına çarpayılar qoyub, orada yatırlar.

- Çətinlikdən söz düşmüşkən, bayaq “Bakılı”da da şəraitsizlik olduğunu qeyd etdin. Bu klubda qalmaq fikrindəsən, yoxsa gələcəklə bağlı başqa planlar qurursan?

- Hədəfim ikinci dövrə daha yaxşı komandada çıxış etməkdir. “Qaradağ Lökbatan”, MOİK kimi iddialı komandalara getmək fikrindəyəm. İstəyim baş tutsa, müqaviləmi götürüb, başqa kluba keçə bilərəm.

- Hazırda hansısa klubdan təklif almısan, ya necə?

- Bəli, təkliflər var. Misal üçün, “Şahdağ”a çağırırlar. Lakin şəxsi məsələlərimə görə evi buraxıb, Qusara gedə bilmirəm. Ümid edirəm ki, istəyim baş tutar.

- Bəs Premyer Liqada çıxış etməklə bağlı hədəfin nədir?

- Deyirlər, növbəti mövsüm Premyer Liqada 12 komanda mübarizə aparacaq. Belə olsa, əlbəttə ki, bu hər bir futbolçu üçün şansdır. Hədəflərimə çatmaq üçün hazırlıqlar da görürəm. Hazırda aşağı liqada fasilədir, amma mən yenə dayanmıram, yenə məşqlərimi edirəm.

- Fasiləyə turnir cədvəlinin sonlarında, yəni 12-ci pilləsində yollandınız. “Bakılı”nın fasilədən sonrakı taleyini necə görürsən? Komanda son pillələrdən qurtula bilər?

- Bayaq da dediyim kimi, şərait çox zəifdir. Belə vəziyyətdə komandadan nəsə gözləmək olmaz. Uşaqlar məktəbin həyətində məşq edirlər. Bir həftə adi idman ayaqqabısı ilə məktəbin həyətində məşq et, ancaq oyunda buts geyin… Belə şəraitdə onlardan nə gözləmək olar? Oyunçuları qınamaq olmur. Bu çətinliyi ancaq komandanın içində olanlar anlaya bilər. Maddi vəziyyət düzəlsə, hər şey yaxşı olar.

- AFFA danışılmış oyunlarda adı hallanan yerli futbolçuların siyahısını açıqladı. Onların arasında sənin iki komanda yoldaşın - Bəhram Bəhramzadə və Xəzər Qəribov da var. Bu barədə nə deyə bilərsən?

- Misal üçün onu deyə bilərəm ki, Bəhram 3 oyundan sonra komandadan ayrıldı. Səbəb də o idi ki, pulu olmadığı üçün oyunlara gəlib-gedə bilmirdi, yolu uzaq idi. Həmin futbolçu bu çempionatda oynamayıb. PirAllahı qəsəbəsindən gəlirdi. 3 həftədən sonra çempionatda çıxış etmədi. Onun adı necə siyahıya düşdü, anlamadım. Çünki imkanı olmadığı üçün çıxışını davam etdirə bilmədi. Dedi, gəlib-getmək pulum 5 manat tutur. Özü də ailəli adamdır, uşağı da var. Mən onlardan yaşca kiçiyəm və belə məsələlərlə də maraqlanmıram. Lakin inanmıram ki, onlar belə iş görərlər.

Söhbətləşdi: ELMAR

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyləşdirilir”

 


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



Click to Visit