26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Orxan Fikrətoğlu: “Bıçaqlandım və futbolu atdım” (MÜSAHİBƏ)

Azərbaycanlı yazıçı, ssenarist, rejissor və jurnalist Orxan Fikrətoğlu apasport.az-a müsahibə verib. O, müsahibəsində ölkə futbolu və millimizin son oyunları barədə danışıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Futbol azarkeşi olduğunuzu bilirik, çünki tez-tez stadionlarda rastlaşırıq. Millimizin son nəticələrindən başlayaq. Norveç üzərindəki qələbə və səfərdə Çexiya ilə heç-heçə sürpriz olmadı?

- Təbii, gözlənilməz oldu. Amma Azərbaycan futbolunun inkişafı bizim arzumuz idi. Çünki mən futbola yaxın adamam. Gəncliyimdə hətta bəzi futbolçularla bir yerdə oynamışam. Məsələn, Şahin Diniyev, Faiq Əzizov və bir ara yan xətt hakimi olan İlham Əliyevlə. Əvvəlcə “FŞM”də, sonra Azərbaycan yığmasında çıxış etmişəm, mərkəz hücumçusu mövqeyində oynamışam. Diplomlarım da çoxdu. Sizə deyim ki, mənə ən sadiq qalan və mənim ən sadiq qaldığım sahə elə futboldu. Çünki ədəbiyyat, jurnalistika dəyişkən sahələrdi, futbol isə öz-özlüyündə qalır. Təbii ki, Azərbaycan millisinin, eləcə də klublarımızın və uşaq futbolunun inkişafında mən də maraqlıyam. Son 3 oyun bizi həm sevindirib, həm də həvəsləndirib. Qrupumuzda Almaniya var. Çexiya futbolu həmişə güclü olsa da, bu il yığmaları çox zəifdi. Onların almanlarla və millimizlə oyunlarına baxdım. Millimiz bu oyunun və nəticənin davamını gətirməlidi. Biz Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini və imicini qoruyan 11 döyüşçünü ürəkləndirməli, onların futbol yox, savaş etdiklərini öz şüurlarına oturtmalıyıq. Fikrimcə, futbol cəmiyyətin emosiyasının hansısa formada üzə çıxmasıdı. Mən İranda, “Traktorsazi”nin oyununda olmuşam. Orda futbol böyük bir xalq hərəkatıdı. SSRİ dövründə “Neftçi” ilə “Ararat”ın oyunlarını xatırlayıram. Bakıda hər matçdan sonra dava düşərdi. Mən özüm də o davalarda iştirak etmişəm. Ermənilərin öz sektorları var idi, orda oturardılar. Çox vaxt Bakıda heç-heçə qeydə alınırdı ki, dava düşməsin. Elə ki biz qalib gəldik, ermənilər nəsə təxribat edirdilər. Bakıda ermənilərin qalib gəlməsini xatırlamıram. Futbol cəmiyyət üçün açıq əsəbdi.

- SSRİ vaxtı ilə indiki Azərbaycan futbolunu müqayisə etsək...

- O dövrdə yanaşma çox güclü idi. Mən 5-ci sinifdən “FŞM”də futbol sinfində oxumuşam. Atam və anam ədəbiyyatçı olub, böyük qardaşım istedadlı idi. Amma mən futbola getdim və onlar mənə təəccüblə baxırdılar. Biri də stadiona gəlmirdi. Artıq 5-ci sinfi bitirəndə peşəkar futbolla məşğul idim. Səhər, axşam məşq edirdim, dövlət hesabına yemək və tədrislə təmin olunurdum. Elə-elə Bakı çempionatlarında iştirak etdim. Məncə, indi elə turnirlər kütləvi deyil. Xatırlayıram, Respublika birinciliyində səfərdə “Şəmkir”lə oynayırdıq. Orda qalib gəldik, çempion olduq. Şəmkirdə qoca kişilər bizi döyürdülər. Təkbətək çıxdım, qapıçını da aldadıb, qol vurmaq istəyirdim, bir kişi çıxdı meydana, məni tutdu ki, qol vurmayım. Belə bir sevgi və maraq var idi futbola. Bu, o demək deyildi ki, uşağı döyürdülər, bu, futbola maraq idi. İndi bir kişi gəlib balaca uşaqların oyununda meydana girərmi? Nəyinə lazımdı? 1982-ci ildə Azərbaycan millisi SSRİ çempionu olub. Orda heyətin 8-9 nəfəri erməni idi. Baş məşqçi də erməni idi. Mən milliyətçi evdə böyümüşəm. O erməni məşqçi məni sevmirdi. Basketbol topunu atırdı ki, başla oynayım, beynim zədələnsin. İndi hərdən boynum ağrayır. Deyirəm ki, o köpəkoğlu edib (gülür). O vaxt qorxurdum başla oynamağa. Çünki məşqlərin birində qapıçı çıxış zamanı yumruq vurub, gözümü partlatmışdı. Həmin vaxtdan qorxu yaranmışdı. Erməni məşqçi də elə edirdi ki, kəllə ilə yaxşı oynayım. Mənim Orxan Fikrətoğlu olmağımda o rejimin 80 faiz təsiri var. Dünyanı futbol meydanında görə bilirəm: müdafiəçin mütləq olmalıdı, komandaya işləməlisən, fərdiliyə üstünlük verməməlisən, hərə öz yerində oynamağı bacarmalıdı. Yarımmüdafiəçi oynaya bilmirsə, komandanı “podvodit” edirsə, mən onu döyürdüm, yəni döyə bilərdim. Biz belə böyümüşük. “Neftçi”nin, Moskva “Dinamo”sunun əvəzedici komandasında da bir müddət oynamışam.

- Futbolçu kimi irəli getməməyinizə nə mane olub?

- Bıçaqlandım. Ondan sonra futbolu atdım. Futboldan kənar davaya düşdüm və bıçaqlanmışdım. Ağ ciyərim zədələnmişdi. Buna görə də, futbola qayıda bilmədim.

- İndiki azərbaycanlı futbolçulardan kimləri bəyənirsiz?

- Mən Rafiq Əlizadə, Anatoli Banişevskini görmüşəm. Banişevski əfsanə idi. Onunla görüşmüşəm də. Heyf ki, həmin vaxt jurnalistika ilə məşğul deyildim, çox bilgilər almadım. Taran tipli hücumçu indi dünya futbolunda yoxdu. Banişevskinin, Ponedelnikin futboluna vurulmamaq mümkün deyildi. Sürətli olmaqla yanaşı, güclü driblinq qalibiyyətinə malik idilər, başla yaxşı oynayırdılar. İsgəndər Cavadov qohumum olduğu üçün demirəm, ondan 2-3 nəfər müdafiəçi sallaşırdı, yenə gücləri çatmırdı. Sinəsini tank kimi qabağa verirdi, futbolçu üçün iri sinəsi var idi, müdafiəçiləri sürüyürdü. Vidadi Rzayevə qədər Azərbaycan futbolunda o texnika var idi. İndiki oyunçulardan Qara Qarayev komanda üçün işləyəndi. Rəşad Sadıqov avtoritetdi. Bu, mənim üçün çox mühümdü. Hər komandanın avtoriteti olmalıdı. Lakin indi parlaq driblinq bacarığı olan, məsələn, Əmrə Morun keyfiyyətlərinə malik, vergili, vunderkind futbolçumuz yoxdu. Amma son 3 oyundakı nəticəyə görə biz onları daha da ruhlandırmalıyıq ki, davamını gətirsinlər.

- Necə düşünürsüz, uğurlu seriyanın ardını gətirə biləcəklər? Ümumiyyətlə, qrupda Almaniyadan sonra ikinci olmağımız sizə xəyal kimi görünmürdü?

- Mənə bu 3 oyun bəsdi elə (gülürük). Amma bundan sonra da uduzmamalıdılar. Millət yığmanın arxasındadı. İtaliya, Avstriya və bir çox ölkələrdə futbol oyunlarında olmuşam. Onlar stadiona gəlirlər, ancaq brend kimi hansısa futbolçunu, məsələn, Tottini, Barezini görmək üçün. Sanki vitrində paltara baxmaq üçün gəlirlər. Amma biz Azərbaycan naminə stadionlara gedirik. Futbolçular bunu anlamalı, bizə döyüşçü ruhunda yanaşmalıdılar. Son 3 oyun şəxsən mənim üçün böyük şeydi.

- Azərbaycan klublarından hansının oyununu bəyənirsiz?

- “Qarabağ” çox gözəl oynayır. Deyərdim ki, Avropa futboluna yaxın oyun sərgiləyir. “Qəbələ”nin də oyunlarına tez-tez baxıram. Həyətdə uşaqlar belə, futbol oynayırsa, inandırım sizi, maşını saxlayıb onlara tamaşa edə bilərəm. Yeri gəlmişkən, uşaq futboluna yatırım qoyulmalıdı. Təbiət özü tənzimləyir. Bizim dövrümüzdə ən güclü futbolçular Gəncə, Tovuz, Qazax və Borçalıdan çıxırdı. O zonadan çıxanlar fiziki cəhətdən güclü olurlar, futbolu da tez götürürlər. O tərəfin camaatı ilə xüsusi seleksionerlər işləməlidi. İkincisi, komandalar stimullaşdırılmalıdırlar. Bir də futbolun təbliğatı getməli, reklamı olmalıdı.

- Azərbaycan futbolunda son illər Çingiz Abdullayev və Bəhram Bağırzadə kimi, digər sahələrdən gələn insanlar da çalışır. Sizə də belə bir təklif olsa...

- Böyük məmnuniyyətlə, istənilən komandanın tərkibində istənilən formada təmsil olunmağa hazıram. Məsələn, məşqçinin yanında ruhlandırıcı, motivator funksiyasını yerinə yetirə bilərəm. Uşaqlığımdan futbol oynayan, futbolu anlayan bir adam kimi məşqçi və futbolçunun nəyi səhv, nəyi düz elədiyini deyərəm. Sözü üzə deyən adamam və mənim üçün Allahdan başqa avtoritet yoxdu. Mənim kimi köntöy adamın istənilən klubda olmasına ehtiyac var. Təəssüf ki, klublarda işçilər, deyəsən, peşəkarlıq baxımından seçilmirlər. Bilmirəm, hansı yollarla seçim edilir? Azərbaycan futboluna, xüsusilə, yığmaya kömək etmək istərdim.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30