19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Minifutbol

Firuz Abdulla: "Qızım "Yuventus" azarkeşi olacaq"

Onlar Azərbaycanın idman jurnalistikasında ailə quran nadir peşə sahiblərindəndir. Firuz Abdulla sevdiyi sahədən yola çıxaraq AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsinə kimi yüksəlib. Səmra Əliyevanın “CBC Sport”dakı şərhçiliyinə gələn yolu isə radiodan keçib. Cütlüyün münasibəti də Səmra telekanala gəldikdən sonra başlayıb. 2017-ci ildə isə onlar evləniblər və bir qız övladları dünyaya gəlib.

“Qafqazinfo”ya müsahibə verən Firuz bəy və Səmra xanım da idmandan ailəyə qədər keçdikləri yoldan danışıblar:

- Tanışlığınız necə olub? Bilirsiz ki, bu, idman mətbuatında gözlənilməz və ani bir hadisə oldu...

- Səmra Əliyeva: Firuzu 2012-ci ildən tanıyırdım. İlk telefonda danışmışdıq və ondan nömrə istəmişdim. Həmin vaxtdan sonra feysbukda dostluğumda var idi. Stadionlarda görürdüm həmişə. Televiziyadan əvvəl radioda çalışırdım. Həmin vaxt tez-tez efirə qoşulurdu, futbolla bağlı mövzularımız barədə danışırdı. 2017-ci ildə mənə sevgisini etiraf elədi. Amma 2016-cı ildən artıq sezməyə başlamışdım ki, mənə qarşı hansısa hissləri var. Premyer Liqanın oyunlarının birində fikir verdim ki, mənə baxır. Təsəvvür edin ki, oyun gedir, hər kəs stadiona baxır, o isə dönüb mənə baxır. Bir neçə dəfə düşündüm ki, yəqin kimisə axtarır. Oyunlar zamanı gedib mənə çay gətirirdi. Lakin 2017-ci ildə mənə yazmağa başladı. Gördüm ki, fərqli yazır. Açığı, etiraf edim ki, ondan xoşum gəlmirdi. Heç simpatiyam yox idi. Tez-tez yazırdı və mən 4-5 saatdan bir cavab verirdim ki, bezsin, daha yazmasın. Sonra artıq münasibət istiləşdi, danışdıq və sonucu ortadadır.

- Firuz bəy, yəqin ki, Səmranın efirə çıxdığı verilişləri qaçırmırdınız?

- Firuz Abdulla: Vallah, dəqiq yadımda deyil. Çünki işdə olurdum və verilişlər həmin vaxta düşürdü. Səmranın iş rejimi elə idi ki, o da stadionlarda olurdu, mən də. Təbii ki, bu mövzularda danışmağı sevmirəm, bir çox azərbaycanlı kişilər kimi. Nəticə göz önündədir. 2017-ci il sentyabrın 20-də ailə qurmuşuq. Həmin tarix Azərbaycan futbolu üçün də əlamətdar gün idi. Çünki 2019-cu il Avropa Liqasının finalının Bakıda keçiriləcəyi ilə bağlı qərar həmin gün verilmişdi. Bizim toyumuzda da bunu elan etdilər.

- Belə deyək, xanım tərəfdən bəxtiniz gətirib. Çünki o da futbolu sevən adamdır. Adətən qadınlar serial həvəskarı olur və futbola baxmağa üstünlük vermirlər...

- F.A: Düşünürəm ki, bu indiki zamanla ayaqlaşmayan problemdir. Çünki evlərin əksəriyyətində bir yox, bir neçə televizor var. Hər kəs istədiyi şeyə baxır. Söhbət futbola ortaq marağın olmasından gedirsə, bir tərəfdən yaxşıdır, bir tərəfdən pis. Gün ərzində onsuz da futbolun içindəyik, problemlərindən, məsələlərdən danışırıq. Evə gələndə istəyirsən ki, bir az bu mühitdən uzaq olasan. Amma bizim evdə televizorda demək olar ki, futboldan başqa heç nə olmur. Ancaq futbol kanallarıdır. Evimizə qonaq gələnlər də deyir ki, bu evdə futboldan başqa heç nəyə baxmırlar. Yaxşı tərəfi odur ki, futbolla bağlı polemika aparanda evdə kiminsə olduğuna sevinirsən. Qarşımdakı futbola peşəkar yanaşmaq istəyən, adi azarkeşin, futboldan uzaq adamın fikirlərinə sahib deyil. Bəzən arqumenti olur və sən məcbursan ki, ona qarşı ciddi arqument qoyasan. Kifayət qədər də çox mübahisəmiz olur. Zövqlərimiz müxtəlifdir. O, alman futbolunun tərəfarıdır, mənim isə alman futbolunu görməyə gözüm yoxdur, o, “Bavariya” azarkeşidir, mən isə bu komandaya nifrət edirəm. Mübahisələrimiz çox olur. 

- Azərbaycan cəmiyyətinin düşüncəsinə görə, gec ailə qurmuş hesab edilirsiz. Düşünürsünüz ki, daha tez evlənə bilərdim?

- Keçmiş hadisələrlə bağlı “belə olmasaydı, daha yaxşı olardı” tipli düşüncələrdən uzaq adamam. Məmməd Arazın yaxşı bir şeiri var:

Nə gərək var bu gərəksiz düşüncələrdən,

Elə necə olmalıydı, elə də oldu.

Əgər zamanda nəyəsə müdaxilə edib onu dəyişə bilmirsənsə, buna təəssüflənməməlisən. Hadisə baş verəndən sonra düşünmək lazım deyil, əgər hər hansı itkisi varsa, ağrısı varsa, o itkini sığortalamaq, ağrının üstündən keçmək lazımdır. O baxımdan heç vaxt düşünməmişəm ki, 10 il əvvəl evlənsəydim, fərqli bir həyatım olardı. Üstəlik, bir məsələ də var ki, yaş artdıqca fərqli düşünməyə və belə məsələlərdə daha doğru qərar qəbul etməyə nail olursan. Təcrübənin artması, özünü təsdiqləməyin ailədə də effektini verir. 10 il bundan əvvəlki Firuzla indiki Firuz arasında çox fərq var. Ramiz Rövşənin “Qocalıq” adlı şeirində var:

Daha çoxları ilə aram sərinlər,

Çoxları boyuma sevinməz daha.

23 yaşında məni sevənlər,

33 yaşında sevə bilməz daha.

Hər yaşının özünü gətirdiyi üstünlükləri var. Düzdür, yaş artdıqca illər adamdan nəyisə alır. Məsələn, adam var saçı ağarıb, “əmi” deyirlər, xətrinə deyir. Mənə isə çox rahat şəkildə “baba” da deyə bilərlər (gülür). Bunun mənim üçün heç bir problemi yoxdur.

- S.Ə: Mən də tez ailə qurmamışam. Buna görə baxışlarımız çox zaman üst-üstə düşür. 30 yaşım olanda evlənmişəm. İllər həyat təcrübəsini artırır. 30 yaşımda düşündüklərimi 25 yaşımda düşünmürdüm. Əslində insanın həyatında qazandıqları ilə yanaşı itirdikləri də olur. Bizim heç birimiz imkanlı ailənin övladı olmamışıq. Hətta çox-çox kasıb ailələrin övladları olmuşuq. Bundan əlavə, o da valideynlərini itirib, mən də itirmişəm. Mən hətta məktəbdə oxuyanda anam vəfat edib. Bu ağrı-acını ikimiz də yaxşı hiss edirik. Düşünürəm ki, arxasında valideyni olan insanlar daha arxayın olur. Hər hansı məsələdə uğursuzluq olanda gedib söykənə biləcəyimiz valideynimiz yoxdur. Bu baxımdan baxışlarımız, həyatımız oxşardır.

- Övladınız dünyaya gəldikdən sonra və ondan öncəki həyatınız arasında hansı fərq var?

- S.Ə: Yeni evlənəndə daha çox gəzməyə, dostlarımızla görüşə gedə bilərdik. Biz evdə oturan cütlük deyildik. Bayramlarda belə evdə tapılmırdıq. Sadəcə olaraq indi uşaq var və balacadır. Onu evdə qoyub harasa getmək və ya kiməsə tapşırmaq çətindir. İşə gedib-gəldiyim üçün uşağa baxan var. Amma istənilən halda bir çox şeylərdən məhrum olmuşuq. Lakin bu çox xoş bir məhrumiyyətdir. Mən uşaqla çox vaxt keçirirəm, Firuz işdən gələndə onunla məşğul olur. Məncə, hər bir ailədə belə olur.

- Şübhəsiz ki, qızınız da futbol sevgisinin içində böyüyəcək. Hansınız komandanızın formasını ona almısız?

- F.A: “Yuventus”un formasını almamışam. Təxminən 12-13 il bundan qabaq mənim bacımın ilk övladı dünyaya gəldi. Danışmağa başlayanda ona “Yuve, Yuve” qışqırmağı öyrətmişdim. Heç “y” hərfini də deyə bilmirdi, “uve” deyirdi. İndi isə bununla bağlı belə düşüncəm yoxdur. Nədənsə içimdə bir hiss var ki, mənə tərəf gəlib “Yuventus” azarkeşi olacaq. Çünki qız uşaqları ataya meyilli olurlar. Ümumiyyətlə, onun tərəfdarı deyiləm ki, kimisə hansısa istiqamətə məcbur yönləndirək. Mənim atam da İtaliya futbolunun azarkeşi olub, amma heç zaman o, məni bu istiqamətə yönləndirməyib. Ümumiyyətlə, heç futbolu sevməli olduğumu belə deməyib. Düzdür, televizorda futbol görmüşəm, həyətdə oynamışıq və sevgi formalaşıb. Övladımı da hər hansı istiqamətə yönləndirmək fikrində deyiləm. İstər təhsili baxımından, istərsə də həyatı baxımından sərbəst böyüməsini istəyirəm.  Mən çox istəyərdim ki, uşaqlar gözlərini açandan evdə kitab görsünlər. Mən də belə mühitdə böyümüşəm. Lakin bir xasiyyətim var idi ki, oxuduğum kitabları məhv edirdim. Atamdan, anamdan heç bir kitab qalmayıb. Amma özüm bir xeyli kitab almışam. Yenə də təkrar edirəm ki, ailələr mütaliə etsinlər və uşaqlar bunu görsün. Lakin burda da hər hansı istiqamətə yönləndirmək doğru deyil. Mən ali məktəbə imtahan verəndə hamı çalışırdı hüquq və ya daha məşhur ixtisaslara daxil olsun. Lakin mənim arzum elə o vaxtdan jurnalist olmaq idi. Düzdür, filologiyada oxudum, lakin sevdiyim sahədə çalışıram. Su gələr çuxurun tapar. Qızım da böyüyüb “Yuventus” azarkeşi olacaq (gülür).

- Bayaq dediniz ki, evdə futbol mübahisələrimiz kifayət qədər olur. Kim güzəştə gedir? Firuz əslində zahirən sakit biri kimi görünsə də, futbolla bağlı aqressiv olduğunu görürük.

- F.A: Mən təmkinli adam deyiləm. Çox emosional və əsəbiyəm. Uzun illərdir ki, bunu dəyişməyə cəhd edirəm. Bəzi məsələlərdə vaxtından əvvəl çılğın reaksiya verirəm. Futboldakı aqressivliyim bütün məsələlərdə öz aktivliyini saxlayır. Sadəcə aqressivliyim yerində qalır. Məsələn, futbol oynayanda meydanda olanı paltardəyişmə otağına gətirmirəm. Başqa məsələlərdə də bu qədər emosionalam.  Bəlkə də yaş ötdükcə bu dəyişiləcək, amma həddindən artıq emosional olmaq yaxşı şey deyil. Bunun əziyyətini çəkdiyim də az olmayıb. Bəzən düşünmüşəm ki, həmin məqamda təmkinli davrana bilərdim. Fərqli davransaydım, daha az ziyanla ötüşdürə bilərdim.

- S.Ə: Firuz əsəbi, emosional, mən isə küsəyənəm. Futbolla bağlı həddən çox mübahisə edirik. Mənə bir söz deməyi kifayətdir ki, küsüm. Olur ki, onu danışdırmıram, lakin bu uzun müddət davam etmir. Firuz küsülü qalmağı sevən insan deyil, mən isə əksinə, küsürəm və qarşı tərəf addım atmayınca barışmıram. Qarşı tərəf buna cəhd etməlidir. Futbola baxışımızda da müəyyən məqamlar üst-üstə düşmür. Firuzda bir xasiyyət var ki, deyir əgər bu mənim fikrimdirsə, sən mütləq razılaşmalısan. Amma mən əksini iddia edirəm.

- Azərbaycan  Premyer Liqasını şərh edən ilk qadın şərhçi oldunuz. Təklif kimdən gəldi?

- S.Ə: Əslində uzun müddət idi bu barədə düşünürdüm. Bir neçə dəfə çempionat matçlarında 3-cü şərhçi kimi stadionda olmuşdum. Qızlardan ibarət milli komandanın oyununda isə əsas şərhçi olmuşdum. Analıq məzuniyyətindən qayıtdıqdan sonra özümü buna hazır sayırdım. Birdən Rüstəm Əfsərli məndən soruşdu ki, oyun şərh etmək istəmirəm? Uzun zamandır bu barədə fikiləşirdim deyə, müsbət cavab verdim. “Qarabağ” – “Neftçi” oyununa şərhçi kimi gedəcəyimi bildirdi. Açığı, qorxduğumu dedim. Hardansa başlamalı olduğumu söylədi və razılaşdım. Stadiona daxil olanda həyəcan məni bürümüşdü. Şərhçi kabinəsində də bu davam etdi. Gündüz Abbaszadə mənə xeyli dəstək oldu. Lakin elə bil bəxtimdən idi ki, birinci hissədə səsdə problem oldu, onu düzəltdilər, sonra Gündüzü eşidə bilmirdim, onun səsi interküylə (kənar səslərlə) bir-birinə qarışmışdı. Amma istənilən halda alındı. Öz şərhimdən razı qalmadım, amma ilk dəfə idi, davamlı olsa, üzərimdə çalışaram, daha yaxşı şərh etməyə cəhd göstərərəm.

- Firuz bəy, Səmranın şərhi sizi qane etdi?

- F.A: Televizorda oyuna baxa bilmədim, çünki stadionda idim. Onu ilk şərhinə mən apardım. Azərbaycan çempionatının ən maraqlı qarşılaşması – “Qarabağ” – “Neftçi” görüşü keçirilirdi. Dəfələrlə ona demişdim ki, bu, böyük riskdir. Nəzərə almaq lazımdır ki, hər şey çox pis ola bilər. Yaxşı tərəflərini düşünəndə pis tərəflərini də düşünmək lazımdır. Şərhçilik təkcə peşəkarlıq, futbolu bilmək, dili yaxşı mənimsəməklə məhdudlaşmır, həm də zövq məsələsidir. Bir çox şərhçilərimizin adını çəkə bilərik ki, cəmiyyət onları yaxşı olaraq qəbul edir. Məsələn, Rüstəm Əfsərli, Gündüz Abbaszadə, Pərviz Musayev, İsmayıl Abdullayev, Ramiz Mirzəzadə kimi şərhçilər var. Hansı ki, bəyənirlər, lakin onlar haqqında sosial şəbəkələrdə kifayət qədər mənfi fikirlərə də rast gəlmək olar. Şərhçiliyə münasibət birmənalı deyil. Özüm də qısa müddət “CBC Sport”da İtaliya A Seriyasını şərh etdim və özümü yaxşı şərhçi saymırdım. Nə qədər tənqidi yanaşsam da, mənə “Roma”nın və ya “İnter”in oyununu bu gün siz şərh edin” yazanlar da olub. “Cenoa” - “Yuventus” matçını şərh etmişəm, fasilədə “bu “İnter” azarkeşini efirə kim buraxıb?” yazanlar var idi. Təbii ki, Səmranı hər zaman dəstəkləyirəm, məhdudiyyət qoyulmasının tərəfdarı deyiləm və ümid edirəm ki, alınar.

- Səmra xanım, avrokubok oyunlarından birindən əvvəl başınıza top dəymişdi...

- Bəziləri hələ də elə düşünür ki, qurma bir şey idi. Mən həmişə stadionun kənarında olanda fikirləşirdim ki, top gəlib mənə dəyə bilər. Elə oldu ki, bu cür hadisə başıma gəldi və gözlənilməz oldu. Həmin oyunda tribunaya gedəndə gördüm ki, hər kəs məni feysbukda işarələyir və video kifayət qədər çox yayılıb. Onda başa düşdüm ki, böyük ajiotaj yaranıb. Həmin müsahibəyə evimizdə də baxmışdılar və maraqlıdır ki, o epizodu görməmişdilər. Artıq necə baxmışdılarsa... (gülür).  Ümumiyyətlə, bizdə futbola marağı olan adam yoxdur. Sadəcə yəqin ki, səsə qulaq asıblar. 

- Heç olur ki, işdən evə gələndə “Bu gün futboldan danışmayacağıq!” deyə bir şərt qoyursuz?

- F.A: Yox, danışmırıq və ya futbola baxmırıq söhbəti olmur. Mən daha çox Azərbaycan futbolu ilə bağlı olan məsələlərdən danışmaq istəmirəm. Təsəvvür edin ki, gün ərzində 8-9 saat onsuz da bundan danışıram, AFFA-da - Azərbaycan futbolunun nüvəsindəyəm. Üstəlik, jurnalistlərlə danışırıq. İş gününün sonunda yenidən belə müzakirə cəhdi varsa, artıq qıcıq yaradır, əsəblər dözmür. Dünya futbolu ilə bağlı müzakirələrdə problem yoxdur. İkinci cür kitab oxumaq məsələsi var: çox ağır fundamental roman oxuyub, sonra detektiv oxumaq. Detektiv müəlliflərinin xətrinə dəyməsin, mən kifayət qədər detektiv oxuyuram və özünü “cool” göstərənlər kimi “oxumuram!” deməyəcəm. Dostoyevskini oxuyandan sonra detektiv oxumaq istirahətdir. Azərbaycan futbolu, AFFA ilə bağlı məsələləri müzakirə etdikdən sonra gəlib Fransa liqasını müzakirə edirsənsə, İspaniya çempionatının icmalına baxırsansa, bu, istirahətdir. Birbaşa içində olduğun problemlərdən axşam da evdə danışmaq yorucu və ağırdır.

- Səmra xanım, Firuzla ev işlərini bölə bilirsiz? Hər halda ikiniz də işləyirsiz və vaxt azlığı var.

- Firuz həmişə mənə deyir ki, “mən “light erkek” deyiləm”. Evə gəlib ev işləri ilə özüm məşğul oluram, həm də Firuz hər halda bunlarla məşğul olası deyil. Bir tərəfdən də evə gec gəlir, yeməyimizi yeyirik və uşaqla vaxt keçiririk. Vaxt azlığı var.

- F.A: Mənim bir zarafatım var və həmişə onu deyirəm ki, “mən ev adamı deyiləm, əslində çöl adamıyam”. İki gün ardıcıl işdən çıxıb birbaşa evə gələndə ikinci gün artıq işgəncəyə çevrilir. Həyat tərzim həmişə belə olub ki, evə çox gec gəlmişəm. Dostlarımla müxtəlif məkanlara gedirik, futbol oynayırıq, 33 illik sinif yoldaşlarım var ki, onlarl bilyarda gedirik. Fərqli məclislərimiz var. Bütün bunlarla evi üst-üstə gətirmək çətindir. Təbii ki, hər gün bunu etmək olmaz. Həftədə 2-3 dəfə evə tez getmək lazımdır. Hər gün çöldə-bayırda gəzəndə də bezirsən, evdəki istirahətə də ehtiyac olur. Amma ev işləri ilə ümumiyyətlə məşğul olan deyiləm, əlimi ağdan qaraya vurmuram. Bizim evimiz həyət evidir və həyətdəki işlərə belə yaxın durmuram. Lazım olanda bacımın yoldaşı, yaxınlarımız gəlir edir. Amma onu deyim ki, əlimdən gəlir, bundan əvvəl evimizin döşəməsini özüm düzəltmişəm. Lakin tənbələm və ev işlərindən uzağam.

- S.Ə: Firuz yeməklərdən narazılıq etmir. Mən də illərin aşpazı deyiləm, bacardığım qədər çalışıram ki, yeməklər dadlı olsun. Ümumilikdə, razılıq bildirir. Bir məsələ var ki, səhhəti ilə bağlı qaynadılmış yeməklərə üstünlük verir və bu yeməklərin də xüsusi dada ehtiyacı yoxdur.

- Firuz bəy, AFFA və icraçı vitse-prezident Elxan Məmmədov çox tez-tez tənqidlərlə üz-üzə qalır. Mətbuat xidməti kimi sizin bu baxımdan işiniz çətin deyil?

- Əslində, o zaman çətin deyil ki, tənqidlər haqlı və obyektiv olsun. Mən bu yaxınlarda bir açıqlamamda bildirmişdim ki, Azərbaycan idman mətbuatında tənqidlə təhqir artıq bir-birinə qarışıb və sərhədlər aşılır. Çox kobud müstəvi alıb. Təhqir yoxdursa, tənqid obyektivdirsə, qərəz yoxdursa, hər şeyi normal qəbul etmək olar. Həmişə bir misal çəkirəm ki, 2006-cı ildə İtaliya Almaniyada Dünya Çempionu oldu, üstündən bir ay keçdikdən sonra italiyalı jurnalistlər yerli federasiyanı tənqid atəşinə tutmuşdular. Cəmi 1 ay əvvəl Dünya Çempionu olmuş komandaya rəhbərlik edənləri tənqid edirdilər. Təbii ki, biz dünya və ya Avropa çempionu deyilik, turnirin final mərhələsində iştirak etməmişik. Bu baxımdan müəyyən tənqidlərin olması normaldır, amma qərəz, təhqir olmasa, daha yaxşıdır. İnsanların ailə üzvlərini futbolda olmaya-olmaya bu məsələlərə qatmaq doğru yanaşma deyil və bunlar olmadıqca ortada bir problem də görünmür. Elxan Məmmədov da obyektiv tənqidi normal qəbul edir, mən də başa düşürəm ki, nəticələr pisdirsə, uğursuzluq varsa, tənqid olmalıdır. Onsuz da mətbuat bunun üçündür ki, çatışmazlıqları işin içində olanlara göstərsin. Futbolda bəzi baş məşqçilər olub ki, oyunlara texniki zonadan yox, tribunadan baxıblar. Moskva “Spartak”ının sabiq baş məşqçisi Konstantin Beskov da belə edirdi. O, komandasındakı çatışmazlıqları tribunadan daha yaxşı görürdü. Texniki zonadan oyunun baş məşqçi tərəfindən daha rahat görünməsi çətindir. Məşqçilər dəyişikliklər zamanı məhz buna görə köməkçi məşqçi ilə məsləhətləşir. Media da həmin o köməkçi məşqçi rolunu oynayıb, çatışmazlıqları göstərə bilər. Əgər qarşıdakı tərəf də, təşkilat da məsələlərə rasional yanaşırsa, tənqidlərdən nəticə çıxarmalıdır. Tənqidlə yanaşı heç olmasa, arada obyektiv yaxşı fikirlər də yer almalıdır. Bəzi mətbuat orqanları var ki, məsələləri şəxsi platformaya keçirməsə, daha yaxşı olar.

- Sualım hər ikinizədir ki, niyə bizim idmançılarımız mətbuata danışmaqdan, ailələri ilə müsahibədən qaçırlar? Səmra xanım, bu yaxınlarda sizin də başınıza bir hadisə gəlmişdi. Tərlan Əhmədov müsahibə üçün söz verib efirə son anda gəlməkdən imtina etmişdi.

- S.Ə:  İdmançıların ailəsindən müsahibə götürülməsini istəməməsi normaldır. Bunu tam normal qəbul edirəm. Amma bir də var ki, verilişə gələcəyinə söz verib son anda bundan imtina etmək. Efirə qədər onunla əlaqə saxlayırsan və o sənə cavab vermirsə, bunun adını qoymaq çətindir. Məndə adətən idmançılarla ünsiyyət problemi olur. Baxırsan ki, uğurları çox olan idmançıdır, amma sual verirsən, cavab verə bilmir. İki-üç cümlə danışır və düşünürsən ki, efirin qalan hissəsini nə ilə dolduracaqsan. Bu problemlərlə qarşılaşırıq. Veirlişimə yeniyetmələrdən ibarət karate millisini çağırmışdım və orada 17 yaşlı bir idmançı var idi ki, çox yaxşı danışırdı və özünü mükəmməl ifadə edirdi. Çox nadir hallarda belə idmançılara rast gəlirsən. Futbolda belələri çox azdır. Bu, məncə, ailədən gələn məsələdir. Müəyyən ailələr var ki, uşaq danışır, sual verir, deyirlər ki, sən dayan. İmkan vermirlər ki, özünü ifadə etsin. Bu, həm onunla, həm təhsilə önəm verməməklə bağlıdır. Şəxsi məsələlərdə isə seçim onlarındır. Məsələn, Firuzla mən nə toyumuzdan, nə sonra sosial şəbəkələrdə şəxsi şəkillərimizi paylaşmamışdıq. Toyumuza gələn qonaqlar paylaşmışdı və buna etiraz etmirik. Heç övladımızın da fotolarını sosial şəbəkələrə yerləşdirmirik, cəmi bir videosu var idi, hansı ki, orda üzü görünmürdü və nəyisə şərh etməyə çalışırdı.

- F.A: Özünüz də qeyd etdiyiniz kimi, futbolçular milli komandanın düşərgəsində çox az olur. Amma bir şeyi qeyd etmək istəyirəm ki, bəzi ölkələrin təhsil sistemində xüsusi dərslər var, orada uşaqlar nitq söyləyib özlərini ifadə edirlər. Düşünürəm ki, bizim orta məktəblərdə 7-8-ci siniflərdən sonra belə dərslər ola bilər. Bəzən jurnalistlər küçədə insanlara yaxınlaşıb fikir almaq istəyirlər və bir çoxları özünü ifadə edə bilmir. Avropalı futbolçular media qarşınızda çox sərbəst danışırlar. Bildiyim qədərilə böyük klubların akademiyalarında onlara bunu öyrədirlər. Baş məşqçilər Avropada hər oyundan öncə də, sonra da mətbuat konfransı keçirirlər. Belə şeylər danışıq vərdişini formalaşdırır. Məkbətlərdə, futbol akademiyalarımızda buna fikir verilsə, yaxşı olar.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31