29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əsl hücumçu və ya sadəcə bizim “Sulya”

Ötən əsrin 60-cı illəri. SSRİ futbolunda «Bakı küləyi»nin əsdiyi vaxtlar. Anatoli Banişevski, Kazbek Tuayev, Yaşar Babayev, Mübabariz Zeynalov, Sergey Kramarenko, Adil Babayev və digər futbol əfsanələrinin sayəsində “Neftyanik”in 1966-cı ildə kiçik Avropa çempionatını xatırladan SSRİ birinciliyinin bürünc medallarını qazananda heç kimin ağlına da gəlməzdi ki, həmin vaxt Sumqayıtda ahıl yaşlı Hacıbaba Süleymanovun evində böyüyüən yaşyarımlıq körpə illər sonra Azərbaycan futbolunda kimsənin qazana bilmədiyi uğurlara sahib çıxacaq. Həmin körpə təxminən 30 il sonra SSRİ çempionatında bürüncdən daha əyarlı medal qazanan ikinci azərbaycanlı kimi tarixə düşəcək, Azərbaycanın fəxrinə çevriləcək.

Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıtda anadan olub. Hacıbaba dayının ailəsində 5 uşaq böyüyüb. Nazim 5 qardaşın sonbeşiyidir. O vaxtlar kimin futbola həvəsi yox idi? Ayağı top tutan da, tutmayan da məhəllədə, küçədə, bir sözlə harada imkan tapdı futbol oynayırdı. Balaca Nazim də həmin uşaqlardan biri idi. Ağlı kəsəndən futbola həvəsi olan körpə gününü məhəllə uşaqları ilə küçədə top qovmaqla keçirirmiş. Futbolla yanaşı güləşə də böyük həvəsi varmış. Hətta hansısa birincilikdə medal da qazanıbmış. Amma bir dəfə… Onun futbola gəlişinin maraqlı tarixçəsi var.

Sovet dövründə heç də hamı xeyir işlərini restoranlarda, şadlıq evlərində keçirmirdi. Dədə-baba qaydası ilə münasib yerdə mağar qurulur, qazanlar asılır, qonaqlar çağırılırdı... Nazim müəllimin ortancıl qardaşı Maarif dayının da toy məclisi məhz bu cür təşkil olunmuşdu. Qəhrəmanımız da həmişə olduğu kimi öz işində idi. Bu dəfə mağarın yanında uşaqlarla top qovurdu. Bəyin dostları balaca Nazimin oyununu görəndən sonra ona irad bildiriblər ki, bu uşağı niyə batırırsınız? Belə istedadı olanı futbol məşğələlərinə yazdırmaq lazımdır. Dostlarının sözünü yerə salmayan Maarif dayı başı açılan kimi qardaşını Sumqayıtdakı zavod komandalarının nəzdindəki uşaq futbol məktəbinə aparır. «Kaspi» adlanan komandada Tofiq Ağayevin rəhbərliyi altında məşqlərə başlayan balaca istedad 1981-ci ildə həmyadışları arasında respublika birinciliyinin qalibi olur. O vaxt birinciliyin oyunlarını adlı-sanlı məşqçiləri izləyirdilər. Onlardan biri də Şamil Heydərov idi. Nazim Süleymanovu gözaltı edən Şamil müəllim 1982-ci ildə onu daha bir neçə gənclə birlikdə rəhbəri olduğu və SSRİ birinciliyinin 2-ci dəstəsinin 9-cu zonasında çıxış edən «Avtomobilçi» (Mingəçevir) komandasına dəvət edir. Təbii ki, valideynləri və qardaşları 17 yaşlı gənci gözdən-gönüldən uzaq buraxmaq istəmirdilər. Üstəlik, 10-cu sinifdə oxuduğundan təhsilini yarmçıq qoymaq təhlükəsi də yaranırdı. İradlara və təzyiqlərə baxmayaraq Nazim müəllim sənədlərini və əşyalarını toplayıb Mingəçevirə yollanır. Nazim Süleymanova 60 rubl maaş yazırlar. Belə bir komandaya dəvət alması, pul qazanması, müstəqil həyata başlayan gənc futbolçuya özünü sübut etmək üçün əla şans idi.

O vaxt SSRİ birinciliyində qayda var idi - komanda səfərdə oynayanda əsas heyətdə bir, evdə oynayanda isə iki 18 yaşı tamam olmamış futbolçu çıxış etməli idi. “Avtomobilçi”də bir neçə belə futbolçu var idi. Komandaya Nazim Süleymanovdan daha əvvəl cəlb edilmiş Zəfər Qubadov və Oleq Sarkisyanın heyətdə yerlərini «bron» etmələri ona oynamağa imkan vermirdi. Özü də o vaxtlar hər bir komandada «dedovşina» söhbəti var idi. Yaşda daha böyük futbolçular imkan düşən kimi gənclərin «gözlərinin odu»nu almağa cəhd göstərirdilər. Nəhayət, Gürcüstanın «Kolxeti» komandası ilə oyunda həm Qubadov, həm də Sarkisyan zədəli olduğundan meydana çıxa bilmirlər. Şamil müəlllim məcburiyyətdən Süleymanovu oyuna buraxır. «Avtomobilçi» 3:0 hesabı ilə qalib gəlir. Hər üç qolun ötürməsini verən Süleymanov əsas heyət oyunçusu olur.

«Avtomobilçi»də oynadığı vaxtlar Nazim Sleymanova 17 nömrəli futbolkanı verirlər. Amma əslində verilən təkcə futbolka olur, köynəyin arxasında isə nömrə yazılmır. Hər dəfə oyundan əvvəl rəngli leykoplastır ilə köynəyinə nömrə yapışdıran gənc futbolçu Mingəçevir komandasının heyətində həm yarımmüdafiənin cinahlarında, həm də hücumun sivri ucunda çıxış edir. Mövsüm ərzində cəmi 2 qol vurmasına baxmayaraq, komandanın əsas silahlarından birinə çevrilir. Qısa zamanda sərgilədiyi oyunla respublikanın «1 nömrə»li komandası olan «Neftçi» rəhbərliyini diqqətini cəlb edir. 1982-ci ildə sonradan Azərbaycan futbolunda özlərindən ad etdirmiş Cəmaləddin Əliyev və Yaşar Vahabzadə ilə birlikdə «Neftçi»yə baxışa dəvət edilir. Qismətdən hər 3 futbolçu komandada saxlanılır.

Nazim müəllim «Neftçi»nin heyətində ilk oyununu Moskva «Spartak»ına qarşı keçirib. Özü də «Lujniki»də, əsas heyətdə. «Lujniki» nəinki Moskvada, ümumiyyətlə, SSRİ-də ən möhtəşəm stadionlardan biri idi. «Spartak» isə o vaxtlar «xalq komandası» adlanırdı. Belə bir komandaya dolu tribunalar qarşısında oynamaq… Hələ həyatında bu cür atmosferlə qarşılaşmayan Nazim müəllim oyundan əvvəl əməlli-başlı «mandraj»a düşübmüş. 70 dəqiqə meydanda olan hücumçu qarşılaşma başa çatandan sonra da özünə gələ bilmirmiş.

Nazim Süleymanov 1990-cı ilə kimi – düz 8 il «Neftçi»li olub. 8 il yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. 1984-cü ildə «Ararat»la Bakıdakı oyunu misal çəkə bilərəm. Həmin oyunda «Neftçi» ermənilərə 0:2 hesabı ilə məğlub olmuşdu. Qarşılaşmadan sonra azarkeşlərdən gizlənməyə çalışan futbolçular hər cür təhlükə ilə üzləşə bilərdilər. Bakıda ermənilərə məğlub olmaq nə demək idi? Ümumiyyətlə, köhnə kişilərdən eşitdiyimə görə «Ararat»a məğlubiyyətdən sonra insanlar küçələrə çıxmağa o qədər də cəsarət etmirdilər. Çünki «gözüqızmış» azarkeşləri hətta Sovet rejiminin sərt qayda-qanunları da saxlaya bilmirmiş. Şəhərin küçələri əsl döyüş meydanını xatırladırmış - mağazaların sındırılmış vitrinləri, əzilmiş avtomobillər, yandırılmış nəsnələr… Eyni mənzərə ilə «Neftçi»nin İrəvandakı oyunlarından sonra da qarşılaşmaq mümkün idi. 1985-ci ildə «Ararat» - «Neftçi» (0:0) matçından sonra ermənilər az qala oyunun keçirildiyi «Razdan»ı yandıramaq istəmişdilər. Bu hadisələri nəyə görə yada saldım? O vaxtlar hələ münaqişə başlamamışdı. Üzdə hiss edilməsə də, rejim nə qədər «qardaşlıq» təbliğatı aparsa da, insanların daxilində ermənilərə qarşı bir nifrət hissi var idi. İstər «Neftçi»nin, istərsə də 2-ci zonada çıxış edən digər komandalarımızın ermənilərlə oyunları bu cür qalmaqallarla yadda qalırdı. Belə bir qalmaqal Nazim müəllimin «Alaniya»da oynadığı vaxt da yaşanmışdı. Bir qədər irəli gedib həmin hadisənin necə baş verdiyindən bəhs edim. Deməli, 1991-ci ildə son SSRi birinciliyinin ilk dövrəsində «Alaniya» İrəvana səfər edir. Ermənilərlə müharibə etdiyimizdən xəbərdar olan klub rəhbərliyi Nazim müəllimə İrəvana getməyi məsləhət görmür. Səfərdəki oyunda erməniər 2:0 hesabı ilə qalib gəlirlər. İkinci dövrədə Vladiqafqazda keçirilən qarşılaşmada isə «Alaniya» həmin hesabla məğlubiyyətin əvəzini çıxır. Qolların birini Nazim Süleymanov vurur. Məğlubiyyəti və azərbaycanlı balasının onlara qol vurmasın həzm edə bilməyən bir neçə erməni futbolçu oyundan sonra Nazim müəllimlə haqq-hesab çürütmək istəyir - «Niyə İrəvana gəlməmişdin? Oğul idin, gəlib orada bizə qol vurardın». Heç dəxli var? Nazim müəllimin onlara cavab verməyinə ehtiyac qalmır. Sevimlilərinin ermənilərlə mübahisə etdiyindən əsəbiləşən azarkeşləri sakitləşdirmək mümkün olmur. Fanatlar hirslərini tribunalara od vurmaqla çıxarırlar.

Nazim Süleymanov «Neftçi»nin heyətində 177 rəsmi oyunda meydana çıxıb və 27 qol vurub. Düzü, bu rəqəmləri «Vikipideya»dan götürdüyümdən dəqiq olub-olmadığını deyə bilmərəm. Çünki başqa bir mənbədə statistik rəqəmlər uyğun olaraq 204 və 40-dır. Vurulan qolların ən yaddaqalanı hansıdır? Əlbəttə, ilk qol. Qəhrəmanımız «Neftçi»nin heyətində ilk dəfə Odessada yerli «Çernomorets»lə oyunda fərqlənib. Amma bu qol komandaya düşərli olmayıb, «Neftçi» 1:2 hesabı ilə məğlub olub. Onun vurduğu bir qolu da bir neçə cümlə ilə yada salmaq istəyirəm. O vaxtlar SSRİ-nin Mərkəzi Televiziyasında hər bazar günü, gecə saat 11-də 1 saatlıq «Futbolnoye obozreniye» (Futbol icmalı - İ.T.) adlı veriliş efirə gedirdi. Tur ərzində keçirilən oyunların icmalı göstərilir və ayda bir dəfə ayın ən yaxşı 3 qolu müəyyənləşdirilirdi. Nazim müəllimin vurduğu qollardan biri həmin «üçlüy»ə düşmüşdü. Konkret olaraq 1986-cı ildə «Dinamo»nun (Tbilisi) qapısında keçirdiyi qol. İllər sonra məlum oldu ki, əslində həmin qolu Nazim müəllim vurmayıbmış. Bu hadisə 1986-cı il mayın 10-da baş verib. Tarixi ona görə dəqiq yadımdadır ki, stadionda ilk dəfə  izlədiyim oyun həmin qarşılaşma olub. Qolların kimin və necə vurulduğunu indi də yaxşı xatırlayıram. Birinci hissədə uşaqlıq kumirim Maşallah Əhmədov, ikinci hissədə isə ardıcıl olaraq Nazim Süleymanov və Şakir Qəribov gürcüləri məyus etmişdilər. Əlqərəz, ayın ən yaxşı qollarından biri Şakir Qəribovun vurduğu 3-cü qol seçilmişdi. Bunu bir neçə ay əvvəl Şakir Qəribovla müsahibə alanda özü deyib. İlk baxışdan bu, texniki səhv və ya diqqətsizlik kimi görünsə də, sonradan məlum olub ki, «Neftçi» rəhbərliyi qəsdən Nazim müəllimin vurduğu qolu Şakir Qəribovun, Şakir Qəribovun vurduğu qolu isə Nazim Süleymanovun adına yazıb. Səbəb isə sadə olub - həmin vaxt Nazim Süleymanov daha gənc idi və SSRİ-nin Olimpiya yığmasına düşmək imkanı vardı. Ona görə də hər vəchlə onu irəli çəkmək istəyirdilər.

Nazim müəllim «Neftçi»dən 1990-cı ildə, komandanın 1-ci dəstədə mübarizə apardığı vaxt ayrılıb. Daha doğrusu onu uzaqlaşdırıblar. Komandanın 2 əsas hücumçusu var idi - Vəli Qasımov və Nazim Süleymanov. İlk dövrədən sonra Qasımov 12, Süleymanov isə 6 qol vurubmuş. Özü də Vəli Qasımovun vurduğu qolların ötürməsinin əksəriyyəti Nazim Süleymanovdan gəlibmiş. 25 yaşında karyerasının yüksələn vaxtı birdən-birə rəhbərlik Nazim Süleymanova qapını göstərib. Komandanın rəisi Çingiz İmayılovun futbolçuya dediyi sözlər təxminən belə olub - «Səndən futbolçu çıxmaz, komandaya lazım deyilsən!» Əslində, Nazim Süleymanovun necə futbolçu olduğunu hər kəs yaxşı bilirdi. Onun istedadına kimsə şübhə edə bilməzdi. Bü üzdən də onun komandadan qovulması başqa nüanslarla bağlı idi. İllər sonra məlum oldu ki, klub rəhbərliyi futbolçuların bəzilərinə avtomobil veriblər. Nazim Süleymanovun göndərilməsinə də ona avtomobil vermək istəməmələri və guya komandadaxili atmosferi pozması səbəb olub. Ona Gəncədə getmək, «Kəpəz»də oynamaq təklif olunub. Lakin bu təklifi geri addım kimi qəbul edən futbolçunun fikri başqa idi. Onun məqsədi daha irəli getmək idi.

Futbolçu «olmadığını» bilən Süleymanov SSRİ çempionatından yaxşı tanıdığı Valeri Lobanovski və Oleq Romantsevlə əlaqə saxlayır. Lobanovski Kiyev «Dinamo»sunun, Romantsev isə Moskva «Spartak»ının baş məşqçisi idi. Nazim Süleymanov kimi futbolçunun hər bir komanda heyətində görmək istəyərdi. Hər iki dahi məşqçi onu komandasına dəvət edir. Üstəlik, həmin vaxt onun Madrid «Real»ına keçmək imkanı da olur. Eh, Nazim müəllim! Nəyi əldən vermisiniz! «Dinamo» daha çox fiziki gücə hesablanmış futbol sərgilədiyindən orada ehtiaytda qalacağından çəkinir və özünün oyun tərzinə daha çox uyğün gələn «texnika»lı «Spartak»a yollanır. Gəl ki, burada da onun yolunu kəsmək istəyirlər. «Neftçi» rəhbərliyi onu «Spartak»a buraxmaq istəmir, təzyiq göstərirlər, böyük məbləğdə pul istəyirlər. Hətta təhsil aldığı Politexnik İnstitutundan da qovdururlar. Məcbur olub Fuad Musayevə şikayətlənən Nazim Süleymanovu Fuad müəllimin işə qarışmasından sonra «Spartak»a buraxırlar. Havayı yox, 20 min rubl qarşılığında. Bizimkilərin bu hərəkəti onun gələcək karyerasına təsirsiz ötüşmür. Vaxtında «Spartak»a keçə bilsəydi, Çempionlar Kubokunda «Napoli»yə qarşı oynaya biləcəkdi. «Napoli»də bilirsiniz kim var idi? Əfsanəvi Dieqo Armando Maradona. «Napoli» ilə oyundan sonra ona Maradona ilə görüşmək qismət olub. Amma adi görüş başqa, meydandakı görüş tamam başqa.

Futbolçunun «Spartak»a transferi çempionatın başa çatmasına 3 tur qalmış gerckləşir. Məcburiyyətdən həmin 3 turu əvəzedici komandanın heyətində keçirən Süleymanov 2 qol vurur. Ardınca komanda İspaniyaya təlim-məşq toplanışına gedir. Lakin siyahıda Nazim Süleymanovun adı olmur. Bundan bərk əsəbiləşən futbolçu komandanı tərk etmək qərarına gəlir. Həmin ərəfədə Orcenikidze şəhərinin «Spartak» komandasının baş məşqçisi Valeri Qazzayev Nazim Süleymanovu komandasına dəvət edir. Qazzayevlə Süleymanov çoxdan tanış idilər. Hələ SSRİ vaxtında Qazzayev Moskva və Tbilisi «Dinamo»larının heyətində Nazimli «Neftçi»yə qarşı bir neçə oyunda iştirak etmişdi. Onun kəramətinə bələd idi. Niyə də yeni qurulmuş heyətdə Nazim kimi futbolçu olmasın? Beləcə, qısa Moskva macərasından sonra Nazim müəllimin yeni ünvanı Şimali Osetiyanın paytaxtı olur. Hansı ki, 5 il orada karyerasının ən parlaq dövrünü yaşayacaqdı.

Yenicə SSRİ birinciliyinin yüksək dəstəsinə vəsiqə qazanan «Spartak» əvvəlkindən daha əzəmətli təsir bağışlayırdı. Zaur Xapov, Artur Paqayev, Baxva Tedeyev kimi yerli futbolçulara gəlmələrində qoşulması komandanın gücünə güc qatmışdı. Təbii ki, onların arasında Nazim Süleymanovun yeri başqa idi. Elə ilk mövsümdəcə həmyerlimiz nəyə qadir olduğunu ortaya qoya bilir. Vurduğu 13 qolla klubun SSRİ birinciliklərindəki rekorçusu olur. Bir il sonra SSRİ-nin süqutu ilə Orcenikidzenin adı dəyişib Vladiqafqaz, «Spartak»ın adı isə «Alaniya» qoyulur. Rusiya çempionatında ilk ildəcə komanda 2-ci yeri tutur. Bu, bölgə komandası üçün əla nəticə idi. 3 il sonra isə «Alaniya» Rusiya çempionu adını qazanır. Bu uğurda Nazim Süleymanovun da əməyi danılmaz idi. «Alaniya»nın Premyer Liqadakı çıxışından uzun-uzadı yazmaq fikrindən uzağam. Sadəcə Nazim müəllimlə bağlı bəzi məqamlara toxunacam. Qəhrəmanımız «Alaniya»nın heyətində ilk oyununu Xarkovun «Metallist» komandasına qarşı keçirib. İlk qolunu isə Odessanın «Çernomorets» komandasına vurub. Deyəsən, tarix təkrarlanırdı. Axı, «Neftçi»nin heyətində də ilk dəfə həmin komandaya qarşı oyunda fərqlənmişdi.

Nazim Süleymanov Vladiqafqaz klubuna o vaxt üçün böyük, bu gün isə gülməli görünən şərtlərlə keçmişdi - ev, avtomobil və 500 dollar maaş. Avtomobil demişkən, onun maraqlı tarixçəsi var. Deməli, «Metallist»lə ev oyununda Nazim Süleymanov uzaq məsafədən çox baxımlı qol vurur. Top düz «doqquzluğ»a daxil olur. Oyun başa çatandan sonra Osetiyanın o vaxtkı prezidenti Sergey Valentinoviç Xetaqurov komandanın paltardəyişmə otağına gəlib futbolçuları təbrik edir. Nazim Süleymanovun vurduğu qol prezidentin xoşuna o qədər gəlibmiş ki, zarafatla ondan topu hara vurduğunu soruşur. Nazim müəllimin əvəzinə Baxva Tedeyev cavab verir - «devyatka»ya. «Səhər gəlib «devyatka»nı götürərsən» deyə, Xetaqurov Nazim müəllimə tapşırır. Ertəsi gün ona «VAZ-2109» bağışlayırlar.

Nazim Süleymanov bir neçə il əvvələ kimi Rusiya çempionatında ən çox qol vurmuş əcnəbi kimi tarixə keçmişdi. Braziliyalı Vaqner Lav işləri korladı. Amma o, 60 qolla «Alaniya»nın SSRİ və Rusiya birinciliklərində bombardiri adını hələ də özündə saxlayır.

Osetiyada onu həqiqətən sevirdilər. Bu gün də yaddan çıxarmayıblar. Əks təqdirdə yubileyi ilə bağlı tədbir keçirmək nələrinə lazım idi? Bayaq qeyd etdiyim kimi, «Neftçi» rəhbərliyi Nazim müəllimin ali təhsilini başa çatdırmasına imkan verməmişdi. Amma nə olsun? Özümüzünkülərin ona çox gördüyü diplomu Vladiqafqazda ostenilərin köməyi ilə aldı, hüquqşünas oldu. Osetin xalqının ona olan hörmətini sübutlayan bir əhvalat nəql edim. Nazim müəllim yığmamızda məşqçi kimi işlədiyi vaxtlar Vladiqafqaza səfər edib. Məqsəd o vaxt digər həmyerlimiz Emin Quliyevin klubla yaranan problemini həll etmək idi. Təsadüf elə gətirir ki, orada olduğu vaxt «Alaniya»nın Vladiqafqazda oyunu olur və bir vaxtlar Nazim müəllimlə komanda yoldaşı olmuş Baxva Tedeyev onu stadiona dəvət edir. Nazim müəllim Osetiya prezidenti və digər vəzifəli şəxslərin yer aldığı fəxri lojada oyunu izləyir. Matçdan əvvəl diktor Osetiya prezidentinin və osetin xalqının fəxri sayılan keçmiş qapıçı Stanislav Çerçesovun stadionda olması barədə elan verir. Azarkeşlər hər ikisini yüngülvari alqışlayırlar. Daha sonra Nazim Süleymanovun da orada olduğu bildiriləndə tribunalardan bir səs-küy qopur ki. Hamı bir ağızdan «Sulya, Sulya» deyə qışqırmağa başlayır. Milyonların Süleymanova milyonlardan dəyərli sevgisi bax, bu idi.

Nazim Süleymanov «Alaniya»dan 1996-cı ildə ayrıldı. Klubla müqaviləsinin müddətinin başa çatdığı deyilsə də, əsl səbəb başqa idi. Hələ komandaya yeni gəldiyi vaxt Valeri Qazzayev Moskva «Dinamo»sundan dəvət almışdı və həmyerlimizi də özü ilə aparmaq istəyirdi. Nazim müəllimin onun təklifini geri çevirməsi Valeri Georgiyeviçə pis təsir etmişdi. 1994-cü ildə «Alaniya»ya qayıdandan sonra köhnə dostuna əvvəlki münasibəti göstərmirdi. Bir növ ondan incik düşmüşdü. Münasibətlərin pozulmasında kuliminasiya nöqtəsi 1996-cı ildə Sankt-Peterburqda keçirilən «Qızıl oyun»dan sonraya təsadüf edir. Həmin mövsüm həm «Spartak» (Moskva), həm də «Alaniya» eyni xal yığdığından çempionu müəyyən eləmək üçün həlledici oyun keçirilirdi. Moskvalılar 2:1 hesabı ilə öndə olarkən matçın son dəqiqəsində təcrübəli hücumçu topu boş qapıya göndərə bilməmişdi. Qol vura bilsəydi, oyun əlavə vaxta gedəcəkdi. Orada isə nəyin olacağını Allah bilirdi. Bəxtsizliyə baxmayaraq, oyundan sonra «Alaniya» azarkeşləri «Sulya, Sulya» deyərək futbolçuya dəstək olmuş, Qazzayevi isə o ki var təhqir etmişdilər. Təbii ki, bu osetin mütəxəssisə xoş gələ bilməzdi. Necə olurdu ki, azarkeşlər azərbaycanlı balasını alqışlayır, həmyerlilərini isə söyürdülər? Böyük ehtimalla Valeri Qazzayev ilə aralarında yaranan soyuqluq Nazim Süleymanovun «Alaniya»dan ayrılmasına səbəb olub. Onun yeni ünvanı Soçi idi.

Yerli «Jemçujina» həm maliyyə, həm də güc baxımından «Alaniya» səviyyəsində klub deyildi. Nazim Süleymanovün «Jemçujina» karyerasını qısaca olaraq 2 hissəyə bölmək olar. İlk hissə 1997/98-ci illər mövsümünü əhatə edir. Süleymanovun komandası Premyer Liqanı tərk edib və 33 yaşlı futbolçu karyerasını bitirmək qərarına gəlib. İkinci hissə isə 2000-ci illə bağlıdır. «Jemçujina» rəhbərliyi ondan kömək istəyib. Xətir-hörmətə bir mövsüm pulsuz oynayan hücumçu həmin il futbolçu həyatı ilə birdəfəlik birdəfəlik vidalaşıb.

Məşqçi kimi onun ilk iş yeri «Jemçujina»nın əvəzedici komandası olub. Az sonra anasının dünyasını dəyişməsi üzündən vətənə dönən Nazim müəllim Fuad Musayevin göstərişi ilə yığmaya məşqçi təyin edilib. Nazim Süleymanovun məşqçilik fəaliyyəti yaxın keçmişimizi əhatə etdiyindən bu haqda ətraflı yazmağa ehtiyac görmürəm. Sadəcə, bir-iki məqama toxunmaq istəyirəm. O, «Xəzər Lənkəran»ın ilk məşqçisi kimi tarixə düşüb.  Düzdür, bir qədər sonra Lənkəran klubundan ayrılıb. Amma onun dəvət etdiyi futbolçular, qurduğu kollektiv çox keçmədən nəyə qadir olduğunu göstərəcəkdi. Nazim müəllim uzun illər yığmada çalışıb, 1 oyunda yığmanın baş məşqçisinin səlahiyyətlərini icra edib. Azərbaycan çempionatında AZAL və qısa müddətə «Neftçi»də işləyib. Bu gün isə 50 yaşlı mütəxəssis işsizdir. Yığmadan söz düşmüşkən, Nazim Süleymanov 1992-98-ci illərdə 24 oyunda millinin şərəfini qoruyub, 5 qol vurub. Komandamızın ilk qolunun müəllifi kimi tarixə düşüb.

Yarım əsrlik həyatında Nazim müəllimin uğurları, sevincli günləri çox olub. Amma həyat itkilərdən də xali deyil. 22 yaşı olanda atasını itirən gənc Nazim atasının dəfnində heç iştirak da edə bilməyib. 20 il əvvəlin söhbətidi. 1985-ci il sentyabrın 22-də «Neftçi» Kutaisinin «Torpedo» komandasını qəbul edirdi. Oyundan bir gün əvvəl xəstə atası ilə vidalaşıb bazaya yollanan gəncin ağlına da gələ bilməzdi ki,  bir daha atasını görməyəcək. Oyundan sonra Sumqayıta qayıdan Nazim müəllim məhəllədə çadır qurulduğunu görür. Demə, 1 gün əvvəl Hacıbaba dayı dünyasını dəyişibmiş. Qardaşları, qohum-əqraba pis xəbəri ondan gizlədiblər ki, «Torpedo» ilə oyunda oynaya bilsin. 1995-ci il iyulun 8-də bir vaxtlar əlindən tutub onu futbola aparan qardaşı Maarif dayının da dəfnində iştirak edə bilməyib. Həmin vaxt Vladiqafqazda olan Nazim müəllim həyatdan 40 yaşında göçən qardaşı ilə hallallaşa bilməyib. 2005-ci ildə anası, inişil isə böyük qardaşı Həzərxan dayı da dünyalarını dəyişiblər. Allah hamısına rəhmət eləsin!

Şablon səslənsə də, həyat davam edir. Bu gün yubilyarın ailəsində 3 oğul böyüyür. Onların heç biri atasının yolunu davam etdirmir. Amma Nazim müəllim övadları ilə fəxr edir, onlardan ağizdolusu danışır. Qərb Universitetini qırmızı diplomla bitirən 23 yaşlı Naim hazırda xərbi xidmətdədir. Tamerlan tələbə, Nurlan isə şagirddir.

Düz 2 il əvvəl - Nazim müəllimin 48 yaşı tamam olanda ondan geniş müsahibə götürmüşdüm. Bu yazıda həmin müsahibədən və daha sonra ondan eşitdiklərimdən yararlanmışam. O vaxt Nazim müəllimə ilk sualım 48 yaşın «dad»ı ilə bağlı olmuşdu. Cavabında həyatın getdikcə şirinləşdiyini söyləmişdi. Həyatın həmişə şirin olsun, bizim “Sulya”!

 

İlqar TAĞIYEV, “525-ci qəzet”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31