29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Akif İsmayılov: “Hərə özünə balaca stadion tikir” (Müsahibə)

Son illər Azərbaycanda çoxlu idman qurğusu, stadionlar tikilir. Amma hələ də Tofiq Bəhramov adına Respublika stadionu mərkəzi arena statusunu qoruyur. 32 min tamaşaçı tutumuna malik arena hazırda ölkəmizdə nəinki ən böyük idman qurğusu, həm də ən tutumlu obyekt sayılır. 63 ildir istifadədə olan stadiona 15 ilə yaxındır ki, Akif İsmayılov rəhbərlik edir. Yanvarın 21-də isə İsmayılov 50 illik yubileyini qeyd edəcək. 2008-ci ildə o, prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. Doğum günü ərəfəsində yubilyar Lent.az-a müsahibə verib...                           

Böyükağa Hacıyevlə eyni komandada

- Söhbətə ənənəvi sualla başlayaq: 50 yaş Sizin üçün nə deməkdir?

- 50 il yaşamaq, əsri yarılamaq zarafat iş deyil. Bir tərəfdən, sevindirici haldır. Digər tərəfdən, “Nəyə sevinirsən? Bir il də qocaldın” deyirlər. Əlbəttə, bu, bir zarafatdır. 50 yaşın tamamı - gözəl an, gözəl məqamdır. İnsan 50 yaşına çatanadək nələri görmür, necə həyat keçirir? Çətinliklər olur, şirin günlər olur...

- Həyatınızın neçə ilini idmana sərf etmisiniz?

- Mən 12 yaşımdan idmandayam. Futbol ictimaiyyətimizin bir çox nümayəndəsi ilə işləmişəm, oynamışam. İlk məşqçilərim Uşaq-Gənclər Futbol Məktəbində Vladimir Qalaktionov, Azərbaycan millisində isə Elşən Piriyev olub. Məktəblilərin Respublika Spartakiadasında digər yarışlarda çıxış etmişəm. “Neftçi”nin əvəzedici heyətində, “Termist”də, Naxçıvanın “Araz”, Sabirabadın “İnşaatçı” komandalarında oynamışam. Əhməd Ələsgərov “Neftçi”də baş məşqçimiz, hazırda flaqmanın sükanı arxasındakı Böyükağa Hacıyev isə “Araz”da komanda yoldaşım idi. Lənkəranın “Xəzər”, Anatoli Banişevskinin baş məşqçi olduğu dövrdə Mingəçevirin “Avtomobilçi” komandasında da qısa karyeram olub. “Termist”lə Azərbaycan çempionu, “İnşaatçı” ilə Azərbaycan Kubokunun sahibi olmuşam. “Araz”ın heyətində SSRİ çempionatının 9-cu zonasında çıxış etmişəm. Sabirabad komandasından ayrıldıqdan sonra – 1989-cu ildə karyeramı başa vurmuşam. Buna səbəb ayaqlarımda, topuq nahiyəmdəki problemlər səbəb olub. 

- “Neftçi”də əsas heyətə niyə düşə bilmədiniz?

- Mən qapıçı mövqeyində çıxış edirdim. “Neftçi”yə keçərkən, 17-18 yaşım var idi. Həmin vaxt əsas heyətdə qapını Elxan Rəsulov qoruyurdu. Aleksandr Tişin ikinci, mən isə üçüncü qapıçı idim. Əvəzedici heyətdə qapını ya Tişin, ya da mən qoruyurdum. Amma əsas heyətlə birgə məşq edirdim. O vaxtlar ilk “11-liy”ə düşmək çox çətin idi. Orada “canavarlar”, çox təcrübəli qapıçılar yer almışdı. Hətta “Neftçi”nin əvəzedici heyətinə düşmək böyük şərəf idi. Əsas heyətə düşə bilməyənlər bizimlə birgə oynayırdılar.  

- Futbolçu karyeranızı bitirdikdən sonra məşqçi olmağı düşünmədiniz?

- Bunun üçün məndə o təcrübə, o həvəs yox idi. Mənə elə gəlirdi ki, heç vaxt məşqçi işləyə bilmərəm. Çünki futbolçularla çalışmağa böyük hövsələ lazım idi. Vallah, oynamaq çətindir, məşqçilik isə məncə, ondan da çətindir.

“İşıq qəsdən söndürülsəydi...”

- Nəticədə başqa sahədə çalışmağa başladınız...

- Əvvəlcə idman malları bazasının anbar müdiri, sonra isə direktoru oldum. Bu baza İdman Komitəsinin nəzdində idi. Sonra da “Neftçi”nin köhnə bazasında direktor müavini kimi çalışdım və artıq 15 ildir Respublika stadionunun direktoruyam.     

- Bu vəzifəyə gəlişiniz necə baş tutdu?

- Mən “Neftçi”nin keçmiş bazasının direktoru Oqtay Abdullayevin müavini idim. 1999-cu il sentyabrın 3-də keçirilmiş Azərbaycan - Portuqaliya matçında Respublika stadionunda işıqlandırma ilə bağlı problem oldu. 2000-ci il Avropa çempionatının seçmə qrup matçı zamanı arenanın işıqları söndü. Nəticədə stadionun o vaxtkı direktoru, dostum Eyvaz Qurbanov işini dəyişəsi oldu. Mən də həmin dövrdə gənclər və idman naziri olmuş Əbülfəs Qarayevin əmri ilə bura direktor vəzifəsinə təyin olundum.

- Doğrudanmı, AFFA-nın sabiq prezidenti Fuad Musayevin iddia etdiyi kimi, işıq qəsdən söndürülmüşdü?

- Bunlar boş-boş söhbətlər idi. İşıqları kim qəsdən söndürərdi? O hadisəyə görə təkcə Qurbanov yox, stadionun bir çox əməkdaşı - direktor müavinləri, baş mühəndis və köməkçiləri işini itirdi. Əgər işıq qəsdən söndürülsəydi, işdən çıxarılanlardan kimsə harasa danışardı. Yaxud Qurbanov dərhal hansısa başqa vəzifəyə keçirilərdi. Halbuki o, bir ildən çox işsiz qaldı. Sonradan 2000-ci il oktyabrın 21-də istifadəyə verilmiş Bakı Olimpiya Kompleksinə direktor təyin olundu. Ona görə təyin olundu ki, işıqların sönməsində onun heç bir günahı yox idi.

- Respublika stadionunda oyun zamanı işığın sönməsinin səbəbini təyinatınızdan sonra aydınlaşdırdınız?

- Oyunlar zamanı “Bakıelektrikşəbəkə”yə məktub yazılır və hər şeyə bu idarə cavabdehlik daşıyır. İşıq sönürsə, direktor nə etməlidir? Bu, dövlət tədbiridir, iki klubumuz yox, milli komanda oynayır. Yadımdadır, hər oyundan əvvəl nazir su, işıq idarələrinin rəhbərlərini, Nərimanov rayon icra hakimiyyətinin rəsmilərini yığaraq, iclas keçirərdi. Belə oyunlara təkcə stadion rəhbərliyi yox, hamı cavabdehdir. Orada direktorluq elə də problem yox idi. Eyvaz müəllim öz ərizəsi ilə istefa verdi.       

- Bəs işə yeni başladığınız vaxt hansısa problemlə üzləşmədiniz?

- Yadımdadır, millimizin Slovakiya ilə növbəti ev oyunundan öncə Eyvaz müəllimə zəng etdim. Dedim ki, təzə gəlmişəm, sən isə 5 il direktor olmusan. Gəl, mənim yanımda dayan, beynəlxalq oyundur, nəyi bilməsəm, mənə öyrədərsən. Doğrudan da gəldi, yanımda oldu. Düzdür, oyun vaxtı elə bir problem ortaya çıxmadı. Amma hər halda mənə mənəvi dəstək oldu. İlk vaxtlar bu cür hallar olurdu. Amma işləyə-işləyə dərindən öyrənməyə başladıq. Ştatımızı çoxaltdıq. Mən işə başlayanda 30 əməkdaşımız var idi. İndi isə onların sayı 80 nəfərədəkdir.

“Stadionu idarə etmək çətin deyil”

- 15 ildir ki, bu vəzifədəsiniz. Karyeranızda yenilik etmək fikriniz yoxdur?

- İnsan öz işini sevirsə, vəzifəsinin öhdəsindən gəlirsə, bunun özü elə böyük uğurdur. Kim istəməz ki, harasa getsin, hansısa vəzifədə çalışsın? Fikrimcə, elə yaxşı vəzifədəyəm. İşimi də qurub, qaydasına salmışam. Bu gün ölkəmizdə idman çox yüksək səviyyəyə qalxıb, inkişaf edib. Biz dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin köməkçiləriyik. Onun tapşırdığı işi gərək elə şərəflə yerinə yetirək ki, nə özümüzə, nə də balansında olduğumuz nazirliyimizə söz gəlsin. Fikrimcə, öz işimin öhdəsindən gələ bilirəm. Özüm də idman adamı olduğumdan, bu sahənin insanları ilə işləməkdən xoşum gəlir. Karyeramda hansı yeniliklərin olacağını isə zaman göstərər.     

- İndiyədək xaricdə neçə stadionda olmusunuz?

- Elə də çox olmamışam. Amma 5-6 böyük arenaya baş çəkmişəm. İngiltərədə “Uembli”, Uelsdə “Millenium”, Rumıniyada milli stadion, Türkiyədə “Türk Telekom Arena”nı misal göstərə bilərəm.

- Olduğunuz stadionlardan hansınasa direktor təyin olunsanız, idarə edə bilərsiniz?

- Stadion idarə etməkdə elə bir çətinlik yoxdur. Maliyyə varsa, işləmək çox asandır. Əsas məsələ əməkdaşlarının maaşlarını vaxtında ödəməkdir. Uelsdə ikən “Millenium”un idarəçiliyi ilə tanış olmuşdum. Çox asandır. Sadəcə, bizə çətin görünür. O stadionun rəhbəri məni arena ilə tanış etdi. “Millenium”a gələn tamaşaçı kütləsini 10-15 km uzaqdan görmək mümkündür. Kamera görüntülərinə əsasən, onlar hansı tərəfdə təhlükəsizliyi gücləndirməyin gərəkliyini müəyyənləşdirir və yerləşdirirlər. Stadiona Kardiff şəhərinin hansı tərəflərindən nə qədər insanın gəldiyini görürlər. Digər tərəfdən, tribunalarda ilk cərgələrdə oturanlar özlərini yaxşı aparırlar, meydançaya girmirlər, ona görə də ətraflarını mühafizəçilərlə əhatə etməyə ehtiyac qalmır. Yəni, azarkeş mədəniyyətləri də yüksəkdir. Belə arenanı idarə etməkdə heç bir problem ola bilməz.     

- Həmin arenalarla Respublika stadionunun saxlanılması arasında hansı fərqlər var?

- Bizim stadion Gənclər və İdman Nazirliyinin balansında olsa da, təsərrüfat hesablıdır. Gəzdiyim stadionlar da özlərini dolandırırlar. Məsələn, “Millenium” stadionu futbol yox, reqbi oyunlarının hesabına daha çox qazanır. O arenada reqbi oyununa futboldan çox - 70-80 min tamaşaçı gəlir. Bu qədər tamaşaçıya satılan biletlərdən xeyli gəlir əldə edirlər. “Uembli”də biletlərin qiyməti kifayət qədər yüksəkdir. Bu ölkələrdə stadionlar çox yaxşı qazanırlar. Bizdə isə Azərbaycan çempionatının oyunlarına heç 1000 nəfər gəlmir. Onlar da bilet almır. Oturub gözləyirsən ki, haçansa stadionda beynəlxalq oyun keçirərlər, icarə haqqından nə isə qazanasan. Belə oyunlar da gah başqa stadionlarda, gah da bizdə keçirilir.

“İndi hamı özünə balaca stadion tikdirir”

- Demək, stadionunuzu saxlamaqda çətinliklə üzləşirsiniz...

- Hazırda heç bir stadionumuz özünü normal dolandıra bilmir. “Bakcell Arena” AFFA-nın balansındadır, işçilərin maaşlarını da elə bu qurumdan verirlər. Biz isə yalnız böyük təmirlər zamanı dövlətdən maliyyələşirik. Qalan vaxtlarda çalışırıq ki, yardımçı obyektlərimizi, stadionumuzu və süni örtüklü meydanımızı icarəyə verək. İşçilərimizin əmək haqqını, kommunal xərcləri ödəmək üçün nə bacarırıqsa, edirik. Çətinliklə də olsa, öhdəsindən gəlirik. İndi hamı özünə balaca stadion tikdirir. Halbuki futbol böyük stadionlarda oynanılmalıdır. 3000 – 5000 tamaşaçı tutumuna malik süni örtüklü stadionlarda, 40 – 50 dərəcə istidə futbol oynamazlar. Bu, peşəkarlıq sarıdan da düzgün deyil.

- Amma belə meydanlara üstünlük verilməsinin səbəbi təbii ot örtüyünə malik stadionların qazonunun tez-tez xarab olmasıdır...

- Baxmaq lazımdır ki, problem çıxmasın. Özümüzdə də belə hal yaşanır. İldə bir dəfə baş verir. Təbii otdur, xəstələnə də bilər, sarala da. Məgər İngiltərədəki, Türkiyədəki meydanların hamısı ideal səviyyədədir? Eyni şərtlərlə oynadıqları stadiondan biri razı, digəri narazı qala bilməz. Razıyam, meydanın durumu gözəl olmalıdır. Amma ot örtüyü ildə bir dəfə korlanıbsa, onu düzəltmək, üzərində işləmək lazımdır.

- Bəs niyə stadionunuzda xaricdəki kimi gəlirlə işləyən mağazalar yoxdur?

- Bunu stadionumuzu icarəyə götürən klubların özləri etməlidirlər. Özümüzün mağaza açmağımız üçün nazirliyin icazəsi olmalıdır. Amma indiki halda bu, çətin məsələdir. Çünki qarşıda Avropa Oyunları və digər dövlət əhəmiyyətli tədbirlər var.

“Futbolçular məşqə çıxanda butslarının altını yuyub-təmizləməlidirlər”     

- Bir mütəxəssis kimi Zaqatala, Lənkəran kimi bölgədə təbii ot örtüklü stadionun olmamasını nə ilə izah edərdiniz?

- Mən həmişə bu sualı klub prezidentlərinə vermək istəyirəm. Fikrimcə, bu, həm maliyyə tərəfdən asandır, xərc aparmır. Meydanları saxlamaq üçün çoxlu su lazımdır. Özü də su təmiz olmalıdır, kanal suyu olmamalıdır. Çirkli su ot örtüyünün dibinə ziyan vurur, inkişaf getmir. Ona görə də rayonların çoxunda süni örtük salmaq istəyirlər. Məsələn, Lənkərandakı stadion gözəldir, amma ot örtüyündə problemlər var. Əvvəlcədən təmiz su ilə yox, kanal suyu ilə sulayıblar, otun dibində palçıq əmələ gəlib, indi də ot örtüyünü dəyişdirmək zərurəti yaranıb. Belə stadionda həm qızmar, həm də yağışlı hava şəraitində problemlər müşahidə olunur. Eyni hallar demək olar ki, digər stadionlarımızda da baş verir.

- Bəs “Qarabağ”ın ötən ilin avqustunda Almaniya “Ayntraxt”ı ilə keçirdiyi ev oyununda niyə stadionunuzun ot örtüyü pis vəziyyətə düşmüşdü?

- Bu yaxınlarda Kiyevdən bir dostum gəlmişdi. Deyir ki, Ukrayna paytaxtındakı Olimpiya stadionunun direktoru ilə yaxşı münasibətləri var. Bir dəfə stadionda olub. Ot örtüyünə ayaq basmaq istədikdə, arenanın rəhbəri “Çəkil, ayaqqabından bir xəstəlik düşsə, aradan qaldırmaq üçün nə qədər əziyyət çəkməli olacağam” deyib. O stadionda futbolçular məşqə çıxarkən butslarını spirtləyirlər, təmizləyirlər. Çünki ayaqqabının altındakı palçıq meydanın ot örtüyünü pis vəziyyətə sala, başqa stadiondan ora xəstəlik gətirə bilər. “Ayntraxt”la 15 gün qabaq bizim stadionun ot örtüyünə xəstəlik düşdü. Həmin ərəfədə “Qarabağ”ı da, “Xəzər Lənkəran”ı da gündə 2 dəfə məşqə buraxmışdıq. Stadionumuzun o vəziyyətə düşməsini bu klubların üzərinə yıxmaq istəmirəm. Səhv bizimdir. Amma xəstəliyin nədən yarandığını tapa bilmədik. Nəticədə oyun normal ot örtüyündə keçirilmədi. Bir aydan sonra ot örtüyünü normal vəziyyətə gətirdik. Yəni, stadionlara baxmaq üçün gərək hər şeyə nəzarət edəsən. Futbolçular da məşqə çıxanda butslarının altını yuyub-təmizləməlidirlər.      

“Təntənəli ad günü keçirməmişəm, amma hamısı yadımda qalıb”

- Bu yaxınlarda əməliyyat olunduğunuza dair xəbərlər yayıldı. Nə baş vermişdi?

- İdmançılar karyeralarını başa vurduqdan sonra xeyli problemi üzə çıxır. Hərənin bir orqanı ağrıyır. Mənim də böyrəklərimdə problem var idi. Ona görə əməliyyat olundum. Hazırda özümü yaxşı hiss edirəm. Bu əməliyyatda mənə dəstək olan, mənim yanımda olan, mənimlə maraqlanan insanların hamısına, başda gənclər və idman naziri Azad Rəhimov, məni müalicə edən Hikmət həkim olmaqla, elə sizin saytınız vasitəsilə təşəkkür edirəm. Azad müəllim əməliyyatımla əlaqədar, demək olar ki, Avropanın bütün şəhərlərinə zəng etmişdi. Müalicəmlə maraqlanırdı, kömək edirdi. Dövlət tərəfindən də hər cür şərait yaradılmışdı, müalicə xərcləri qarşılanmışdı. İş yoldaşlarım da mənə çox böyük dəstək oldular. Əməkdaşlarımızdan bir neçəsi əməliyyat olunduğum xəstəxanaya gəlmişdi. Ən yaxın dostlarım, millət vəkilləri, dövlət rəsmiləri zəng edib maraqlanırdılar. İndi özümü yaxşı hiss edirəm. Yenə də həkim nəzarətindəyəm. Amma işə çıxıram. Hər şey yaxşıdır. Belə sayıram ki, kişinin başına iş gələr!

- Ailə qurmağınızda idman amili nə dərəcədə rol oynayıb?

- Bu amilin rolu olmayıb. Analarımız bir-biri ilə rəfiqə olublar. Görmüşük, tanış olmuşuq, evlənmişik.    

- Övladlarınızdan yolunuzu davam etdirən var?

- Xeyr. Bir oğlum, bir qızım var. Oğlum turizm şirkətinin rəhbəridir. Qızım isə Rəssamlıq Akademiyasının Dizayner fakültəsində 3-cü kurs tələbəsidir. Oğlum evlidir, bir nəvəm var. Apreldə isə qızımın toyu olacaq. Yəni, ailəmizdə yolumu davam etdirən, idmanla peşəkar səviyyədə məşğul olan yoxdur. Amma idmana həvəsləri var. Bütün futbol matçlarına baxırlar, maraqlanırlar. Hətta oğlum bir müddət həvəskar səviyyədə futbol da oynayıb. Lakin alınmayacağını düşünərək, uzaqlaşıb.

- İndiyədək keçirdiyiniz doğum günləri arasında ən yaddaqalanı hansı olub?

- Açığı, indiyədək böyük bir ad günü keçirməmişəm. Amma hamısı yadda qalıb. Çünki ətrafımda doğrudan da dostlarım olub. Doğum günümdə günorta kollektivimiz, axşam ailəm mənimlə olub, ertəsi gün səhər isə dostlarımın hamısı yığışıblar. Təntənəli ad günü keçirməmişəm. Elə 50 yaşımı da təntənəli qeyd etmək fikrində deyiləm və hətta ağlımdan keçirmirəm. Bu da əvvəlkilər kimi adi ad günü olacaq. Yenə ailəm, kollektivim və dostlarımla birgə... 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31