3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”

“İlk növbədə azarkeşlərimizi təbrik edirəm. Sağ olsunlar, var olsunlar, bacardıqları qədər bura gəldilər. Eləcə də gəlməyib dəstək olanlar, ürəkləri partlayanlar, matçın gedişini həyəcanla izləyənlər - hamısı sağ olsunlar. Bu qələbədə onların da payı var, bizi tək qoymadılar. Matçdan öncəki ajiotaj bizi öz yolumuzdan, öz oyunumuzdan çıxara bilərdi. Amma sağ olsun futbolçular, hər şeyi sakit qəbul elədik. Hamımız başa düşürdük ki, bu, futbolun bir hissəsidir və öz oyunumuzdan dönmədik”.  

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis bu qələbəni kimə həsr etdiyini də açıqlayıb: “Turan Tovuz”un oyununa hazır idik. Bunu hər kəs gördü. Aşağı-yuxarı rəqibin bir oyun üslübu var ki, evdə onlara qarşı müqavimət göstərmək həddindən artıq çətindir. Biz bunu bacardıq. Eləcə də futbolçularım rəqibin oyununa mane olmaqla yanaşı, özləri də yaxşı çıxış etdilər. Buna görə onları təbrik edirəm. Məndən soruşsanız ki, bu qələbəni kimə həsr edirsiniz, bizim akademyiyamızın sürücüsü var, Yavər, o, ağır əməliyyat keçirib. Çox istərdim ki, bu qələbə onun üçün bir sevinc payı olsun. Allah ona şəfa versin. Tezliklə qayıdışını gözləyirik”.    

S.Abasov qeyd edib ki, heç kim bu gün “Sumqayıt”ı olduğu yerdə görmək istəmir: “Turnir cədvəlində komandalar bir-birinə o qədər sıxdır ki, bir qələbə avrokuboklara vəsiqəni təmin etmir. Amma ən azından ayaqda saxlayır, növbəti matçlara motivasiya edir. Biz bu gün uduzsaydıq, növbəti tur “Qarabağ”la oynayacağımızı nəzərə alsaq, nələr baş verəcəyini bilmirəm. Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil. Nə mənada? Digər klublara işarə edirəm. Bəlkə də, çoxlarının planlarını pozmuşuq, alt-üst eləmişik. Onun üçün də hər matça bir fikirlə çıxırıq - biz bu gün tək rəqibə qarşı oynamırıq, digər komandaların da təzyiqi var. Onun üçün də sakit olmağa çalışacağıq. Biz öz yolumuzla getməliyik. Bu yolun sonunda şərt olaraq qarşımıza avrokuboklara vəsiqə qazanaq qoyulmayıb. Amma qitə kuboklarına vəsiqə qazansaq, təbii ki sevinəcəyik, deməli, gördüyümüz iş o qədər də pis deyil”.

O, son turlar Kamran Əliyevin heyətdən kənarda qalması barədə də danışıb: “Qışdan sonra biz oyun düzülüşündə dəyişiklik etdik. Mən Kamranın oyununda eniş hiss etmirəm. Hətta ondan razıyam. Çoxları düşünə bilər ki, start heyətində yer almırsa, deməli, formada deyil. Lakin Kamranın məşqlərdə, sonradan meydana çıxdığı oyunlarda sərf etdiyi enerji, komandaya kömək etmək istəyi məni razı salır. Bugünkü oyunlar tələb edir ki, Kamran ya sonradan meydana daxil olsun, ya da ehtiyatda qalsın”.

“Bu gün sadəcə “Turan Tovuz”a qalib gəldiniz?” sualını “Sumqayıt”ın baş məşqçisi belə cavablandırıb: “Mətbuat konfransında gələndə bilirdim nələr soruşacaqsınız. Sadəcə bu cür hərəkətlər deyirəm, yazılar demirəm, çünki yazılar desəm, medianın xətrinə dəyə bilər. Bu, futbolda normaldımı, mən bilmirəm. Ölkədən kənarda işləməmişəm, xaricdə oyunlardan əvvəl nələr baş verdiyindən məlumatsızam. Amma düşünürəm ki, bu cür hallar məşqçilərin arasını vurur, futbolçuları qızışdırır. İki klubu bir-birinə düşmən edir. Sonra meydanda nəsə baş verəndə hər birimiz bunu qınayırıq. Lakin buna zəmin hardan yaranıb? O cür insanlar zəmin yaradır. Bu gün əksinə, bu cür yazılar, kimlərsə olmayan şeyləri yazmaqla, sanki “Sumqayıt”ı gətirib buralara dartırlar düşüncəsi yaratmaqla bizim komandamızın xeyir verdi, “Turan Tovuz”a isə ziyan. Bundan sonra biz hər oyunu udacağıqsa, gündə yazsınlar. Lakin belə şeylər yoxdur. Bəlkə də xaricdə belə hallar var. Amma mən bunu qəbul etmirəm. Yenə deyirəm, “Turan Tovuz”a uğurlar arzulayıram. Həddindən artıq yaxşı işlər görürlər. Rəqib olmağımıza baxmayaraq, istər Ayxan Abbasovun gördüyü iş, istər komandasının göstərdiyi futbol, istər rəhbərlik səviyyəsində görülən işləri bəyənirəm və onlara uğurlar arzu edirəm”.

Samir Abasov dördüncü qoldan sonra tovuzlu azarkeşlərin komandasının alqışlamasına da münasibət bildirib: “Bu, azarkeşlərin futbol baxımından necə bilikli olmasına bir işarədir. Yaxşı futbolu alqışlaşdılar. Düşünmürəm ki, bu, “Turan Tovuz”a qarşıdır. Burada hər oyunda stadionun necə dolduğunu görmək çox xoşdur. İnşallah növbəti oyunlarda azarkeşlər “Turan Tovuz”u alqışlayarlar”.

O qeyd edib ki, komandasının bugünkü parlaq qələbəsi ilə neqativ söhbələrə son qoyulacağına inanır: “Bu danışdıqlarımız futbol mövzusu deyil. Az əvvəl mənə Kamran Əliyevlə bağlı sual verildi, mənə də xoşdur ki, oyunçum barədə danışım. Çünki oyun gedə-gedə bəzən azarkeşlərimizdən kimsə qışqırır ki, hansısa oyunçunu meydana burax. Mətbuat konfransında futbolçular barədə danışanda azarkeşlərə bir növ futbolçular barədə məlumatları da çatdırmış oluram. Amma neçə mətbuat konfransıdır ki, futboldan kənar mövzular barədə danışırıq. Bu, xoş deyil”.

Baş məşqçi futbolçularının hazırkı durumundan razılığını ifadə edib: "Bu gün komandamızda möhtəşəm uşaqlar yığılıb. Amma bu gün görüşlən işə əla deyə bilmirəm. Çünki sabah avrokuboklara vəsiqə qazanmasam, soruşacaqlar ki, nəyə əla deyirdin. Biz bura addım-addım gəlmişik. Əsas odur ki, oyunçular və məşqçilərin düşüncəsi eyni olsun. Futbolçularımızın inkişafı göz önündədir. Yerlilərdən danışsaq, Səbuhi Abdullazadənin oyunu göz qabağındadır”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31