19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Saşa ilə müğənnilik etdiyim klubda tanış olub evləndik”

“Sabah”ın qapıçısı Saşa Stamenkoviç və həyat yoldaşı Silviya Nedelykoviçin “Qafqazinfo”ya müsahibəsi:

- İki ay futbolsuz necə keçdi? Məşq edib formada qala bildiniz?

- Saşa Stamenkoviç (S.S): Biz bu iki ayı internet üzərindən “Zoom” proqramı vasitəsilə məşqlərimizi keçirdik. Amma bu çempionatın davamına hazır olmaq üçün kifayət deyil. İndi bizim 3 həftəmiz qalıb. Əminəm ki, bu 3 həftəni yaxşı hazırlaşacağıq. “Sabah”ı avrokuboklara çıxarmaq məqsədi üçün çalışacağıq.

- Bu uzun müddətdə ən çox kim üçün darıxdınız?

- S.S: İtim yanımdadırsa, heç kim üçün darıxmıram və heç yerə getməyə hazırlaşmıram. Əsas odur ki, itim indi burada, mənimlədir.

- Karantin vaxtı sosial şəbəkələrdə evdə həyat yoldaşı ilə günlərlə qalan kişilər haqda zarafatlar edilirdi. Siz bu period necə keçdiz?

- S.S: Mən çox şadam ki o, burada mənimlədir və bu iki ay çox tez gəlib keçdi. Ancaq son 4-5 ildə biz birlikdə ola bilmirdik, çünki mən əvvəl Qazaxıstanda idim, sonra Azərbaycana gəldim, bundan əlavə bizim Serbiyada da biznesimiz var. Amma indi çox şadam ki, o, 3 ay burada oldu və biz daha yaxından tanış olduq.

- Bir az futbol karyeranızdan danışaq. “Neftçi”də uzun illər oynadınız. Həmin günləri necə xatırlayırsınız?

- Sirr deyil ki, “Neftçi” ilə hər oyunqabağı mənim oynayıb-oynamayacağım müzakirə olunur, ancaq sizə deyim ki, peşəkar futbolçuyam və bunu “Neftçi” azarkeşləri də bilirlər, buna görə mənə hörmət edirlər. Ancaq indi “Neftçi”ni udmağı hər şeydən çox istəyirəm. Ona görə yox ki, “Neftçi”yə pislik arzulayıram, sadəcə “Neftçi” azarkeşlərinə bir daha göstərmək istəyirəm. Mən istənilən komanda ilə oyuna ürəyimi qoyuram. Əlbəttə istəyərdim ki, “Neftçi” ilə yenidən uğur qazanım.

- Tanışlığınızdan danışaq. Necə bir araya gəldiniz?

- Silviya Nedelkyoviç (S.N): Biz 11 il əvvəl tanış olmuşuq. Serbiyada müğənni idim və Saşa bir dəfə oxuduğum kluba gəlmişdi. Dostlarımızdan biri bizi tanış etmişdi. Onda bilmirdim o kimdir, nə işləyir, heç futbola baxmırdım. 1 ay sonra ortaq dostumuzun ad günündə yenə təsadüfən görüşdük. Ondan sonra danışmağa, SMS-lə yazışmağa başladıq. 2 ay sadəcə dost kimi danışdıq. Həmin vaxtı da aramızda sevgi yarandı.

- Niyə oxumağı dayandırdınız?

- Çünki mənim üçün birinci yerdə Saşadır. Münasibətə başlayanda, məndən soruşmuşdu ki, nə etmək istəyirəm? Onunla Azərbaycana gəlmək, yoxsa Serbiyada qalıb karyerama davam etmək? Mənim üçün sevgi birinci planda idi, ona görə onunla bura gəldim və bu, verdiyim ən doğru qərar idi.

- Futbola sevginiz var idi?

- Futbolu xoşlayıram, sadəcə elə də çox baxmırdım. Atam və qardaşım baxanda onlarla birlikdə izləyirdim. Həm də daha çox derbilər olanda, “Srvena Zvezda” və “Partizan” oynuyanda baxırdım. Bilmirdim oyunçular kimdir, qapıda kim dayanır. Ancaq bizim münasibət başlayandan sonra mən daha çox baxmağa başladım, indi isə futbolsuz qala bilmirəm. Matçlara getməyib, televizordan futbola baxmaq mənə darıxdırıcı gəlir, çünki mənə atmosfer lazımdır, qışqırmaq azarkeşlik etmək istəyirəm.

- Bir mahnınız Serbiyada məşhurdur. Səhv etmirəmsə, duet oxuyurdunuz

- Molitva? Bildim, amma Saşa duet oxuya bilmir (gülür).

- İstədiyiniz bir mahnını oxuya bilərsiniz.

- Burada ən çox Molitva mahnısı məşhurdur…(İfa edir)

- Azərbaycanda yaşamaq sizin üçün çətindir?

- İndi yox. 2011-ci ildə ilk dəfə gələndə əvvəlki 3-4 ayı çətin saymaq olar, çünki onda hər şey bizə yeni gəlirdi, dil, insanlar, heç kimi tanımırdıq. İndi elə bil Serbiyadayam, burada dostlarımız var, şəhəri də Belqrad kimi yaxşı tanıyırıq, gəzə bilirəm, insanlarla ünsiyyət qururam, bura artıq evim kimidir. İndi belə hiss edirəm. Məndən olsa, Bakıda qalaram, mənim üçün sadəcə Serbiya və Azərbaycan olacaq. Saşa Qazaxıstanda olanda 2 il onunla yaşadım, lakin çox yoruldum. Qazaxıstanda sadəcə sıxıldım, soyuq insanlar xoşuma gəlmədi. O mənə deyəndə ki, yenidən Azərbaycana qayıdacam çox sevinmişdim. Çünki burda hər şey çox rahatdır. Həqiqətən insanlar doğmadır, mehribandır.

- Müğənnilik karyeranıza davam etmək istəmirsiniz? Azərbaycanda yaşayaraq da bunu bacara bilərdiniz.

- Bəli, karyerama davam etmək istəyirəm, gərək bundan əvvəl Saşa karyerasını  bitirsin. Çünki mənim səsim var, sadəcə bir ay məşq eləmək lazımdır, sonra yenidən başlamaq olar. Ancaq indi Saşa ilə birlikdə ona dəstək olmaq istəyirəm. O karyerasını bitirəndə mən başlayacam.

- Azərbaycan musiqilərini, mahnılarını dinləyirsiz?

- Daha əvvəl eşitmişdim, bir qız və bir oğlan var idi. Amma adları yadımda deyil. Onların mahnılarını eşitmişdim və oxumaqları çox xoşuma gəlirdi. Televizora baxanda hərdən ayırd edə bilmirəm ki, bu, rus, yoxsa Azərbaycan musiqisidir. Azərbaycan kanallarına baxdıqca mənə elə gəlir ki, rus dilini daha yaxşı öyrənmişəm.

- Saşa: Bir də Azərbaycanın Avroviziyadakı yeni mahnısı var.

- Silviya: Bəli, bəli, builki mahnı çox yaxşıdır. Bir müğənni var idi, səhv etmirəmsə, adı Eldar idi, o da çox yaxşı oxuyurdu. Elə bil Enrike İqlesiasdır.

- Saşanın oyunlarını izləyəndə hansı hisslər keçirirsiniz?

- O, səhv edəndə qışqırırıq ki, “Sən nə etdin?!”

- Saşa: Mən nə vaxt səhv etmişəm?

- Silviya: Üzr istəyirəm, heç vaxt (gülür).

- Saşa, “Sabah”a gəlib çox sevdiyiniz “Neftçi”yə qarşı oynamaq sizi heç üzmədi?

- Başa düşürəm ki, burada insanlar uğurlarımı “Neftçi”dəki dövrümlə əlaqələndirirlər. Ancaq mənim bundan əvvəl də uğurlarım olub. “Srvena Zvezda”da yaxşı günlər keçirmişəm. Demək istərdim ki, olduğum hər komandada uğurla çıxış etmişəm.

- “Sabah”ın iddiaları sizi qane edir?

- “Sabah”da da daha böyük müvəffəqiyyətlərə nail olmaq istəyirəm. Buna çatmayınca klubdan getmək fikrim yoxdur.

- “Neftçi”də oynadığınız dönəmdəki çempionatla indiki çempionat arasında fərq çoxdur.

- Bu, sirr deyil və hamı bilir ki, o vaxt güclü çempionat var idi. Mən şəxsən daha çox o dövrü xoşlayıram. Ona görə yox ki, “Neftçi”də oynayırdım. Sadəcə böyük oyunlar olurdu. Məsələn, “Xəzər Lənkəran”la matçları xatırlamaq kifayətdir. Düzdür, mən bəzən orada nalayiq ifadələr işlədirdim, özümdən çıxırdım, amma yenə də həmin oyunlar üçün darıxıram. Çünki güclü “Xəzər Lənkəran” olmayanda, güclü “Neftçi” və ya güclü “Qarabağ” olmayacaq.

- Silviyanı ilk gördükdə səsini, yoxsa özünü bəyəndiniz?

- Bu sual futbol karyeram boyu aldığım ən çətin sual oldu (gülür). Bəli, mən Silviyani tanıyırdım, onun kim olduğunu bilirdim. O, “Mənim istedadım var” yarışmasından tanınırdı, orada qalib olmuşdu. Deyə bilərəm ki, o, mənim ilk anda xoşuma gəldi. Ancaq tanışlıqdan və dostluqdan sonra diqqətimi daha çox cəlb etdi, daha çox bəyəndim. Artıq onda bilirdim ki, Silviya mənim gələcək həyat yoldaşım olacaq.

- Silviya:  Sağ ol.

- Müğənni ilə bir evdə yaşamaq yəqin ki, ən çox koronavirus zamanı sizin üçün xoşbəxtlik oldu?

- Sizdə bilmirəm, amma, bizdə elədir ki, müğənni ilə evlinsənsə o, səhər tezdən oxumağa başlayır. Bu, o deməkdir ki, ona pul vermək lazımdır. Nahar vaxtı yenə pul üçün bankomata getməliyəm.

- Səhv etmirəmsə, bu gün (iyunun 1-i) siz “Sabah”la müqavilə imzalamısınız?

- Bu mövzu haqda demək istəyirəm ki, çempionatın bitməyinə hələ 2 ay var. Bir tərəfdən koronavirus epidemiyası da fasilə yaratdı. Ona görə bu mövzu haqda fikirləşmək və danışmaq istəmirəm. İndiki vəziyyətdə bu haqda düşünməyi doğru saymıram. Müqavilə olacaq, ya olmayacaq. Bu, mənim üçün hazırda prioritet məsələ deyil.

- Əksər futbolçular bir ölkədə çox yaşadıqda “bura mənim ikinci vətənimdir” deyir. Lakin serbiyalılar emosional və vətənlərinə bağlı insanlardır. Azərbaycan haqqında düşüncəniz eynidirmi?

- İlk dəfə deyil ki, ölkə xaricindəyəm, təkcə Azərbaycanda olmamışam. İnsanlar hansı ərazidə olsalar, oranı sevdiklərini deyirlər. Bu haqda danışmaq istəmirəm, çünki dəfələrlə Azərbaycanı nə qədər sevdiyimi göstərmişəm və sübut eləmişəm. Danışmağa ehtiyac yoxdur. Bəzən sadəcə öz hərəkətlərinlə, həyat tərzinlə, yanaşmanla bunu göstərirsən.

- “Srvena Zvezda”, “Partizan” derbiləri Serbiyada çox məşhurdur.

- Sizə maraqlı bir hadisə danışmaq istəyirəm. Serbiyada “Fənərbaxça” – “Qalatasaray” kimi qatı rəqib olan “Srvena Zvezda” və “Partizan” klubları var. Bir gün məşqə gedirdim, gördüm ki, kimsə avtomobil qəzasına uğrayıb. Sən demə, həmin adam “Partizan” azarkeşi imiş. Yaxınlaşdım ki, kömək edim. Həmin şəxs maşından enib mənim “Srvena Zvezda”nın futbolçusu olduğumu görəndən sonra dedi ki, bu gün bütün dünyanın mənə kömək edəcəyi ağlıma gələrdi, sənin yox…

- Serbiyadan fərqli olaraq, Azərbaycan futbolu çılğın azarkeş yoxluğundan əziyyət çəkir. Bu, sizi sıxır?

- Deyərdim ki, bu Azərbaycan futbolu üçün mənfi cəhətdir. Fikrimcə, azarkeşlərin futbolun inkişafında çox böyük rolu var. Onların çox olması futbolçuları motivasiya edir. Stadionda nə qədər çox azarkeş olsa, futbol da bir o qədər yaxşı olacaq. Bu olmadıqca futbol böyük səviyyəyə qalxmayacaq. Futbolu inkişaf etdirmək istəyirlərsə, birinci azarkeşləri tribunalara qaytarmalıdırlar. Azərbaycan üçün buna ən yaxşı nümunə Türkiyədir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31