29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Xarici futbol

Milyonların müharibəsi: "Monako" PSJ-yə qarşı

Fransa çempionatında daha yüngül yastıqlarla vuruşmurlar. İndi burada ağır pul kisələri yellənir. "Monako" və PSJ - Fransa futbolunun 2 şahzadəsi. Hazırda bu komandaların hansının daha güclü olduğunu müəyyənləşdirməyə çalışırlar. Bəs, siz hansı komandaya azarkeşik edəcəksiniz?

Yeni mövsümdə Fransa torpağında 2 ordu üz-üzə gələcək - Dmitri Rıbolovlevin "Monako"su Nasser Əl-Helaifinin PSJ-sini üstələməyə çalışacaq. Bu, yeni mövsümdən Fransa çempionatını daha böyük maraqla izləməyə əsas verir.

Düzdür, Liqa 1-də bərkgedən komandaların sayı kifayət qədərdi. Amma heç kim inkar edə bilməz ki, mövsümün əsas intriqası 2 pul maşını adına layiq olan komandaların qarşıdurması olacaq. "Monako" yalnız bu il Liqa 1-ə qayıtsa da, artıq heyətini Falkao, Xames Rodriges, Joau Mautinyo və digər ulduzlarla gücləndirib. Onların keçidinə görə "Knyazlıq klubu" çox pul xərcləməyib. Həmin pul uzaq başı Butanın 1 illik büdcəsi olar.

Fransa, futbol çempionatında rus və ərəb milyonçuların mübarizə apardığı sayca ikinci ölkədir. İlk belə tamaşaya İngiltərədə baxmışıq. Söhbətin yəqin ki, "Çelsi"nin sahibi Roman Abramoviçlə "Mançester Siti"nin səhmdarı Mansur ibn Zayda Əl Nahayndan getdiyini anladınız. Başqa heç bir ölkədə belə qarşıdurma yoxdur.

Bu müharibədəki güllələr - pul, əsgərlər isə - dünyanın ən yaxşı futbolçularıdı. All-Star-Dream-Team (Arzuların komandası) - All-Star-Dream-Team-2-yə qarşı. Buna başqa ad vermək olmaz.

Kim ki maliyyə fair-playının mövcud olduğunu deyirsə, inanmayın. Bu milyarderlər futbolun beyninə işləyiblər və hələ ki heç bir qüvvə onların qarşısını ala bilmir. Bu gedişlə heç ala bilməyəcək də. Bu səbəbdən də bizə yalnız bir seçim qalır - bundan zövq almaq. İndi super klublar 10 illər ərzində yox, elə 1-2 ilə də formalaşırlar. Bu, bir tərəfdən pisdirsə, digər tərəfdən də əladır.

Bu mübarizədə siz kimə azarkeşlik edəcəksiniz? Şəxsən mən ruslara.

MALİYYƏ GÜCÜ

"Monako"nu Monaco Sport Invest (MSI) şirkəti və Dmitri Rıbolovlev maliyyələşdirir. "Forbes" rus biznesmenin əmlakını 9,1 milyard dollar həcmində dəyərləndirir. "Uralkaliya"nın keçmiş sahibi olan Rıbolevlev "Monako" üçün Radamel Falkaonu (60 milyon), Hames Rodrigesi (45 milyon) və Joau Mautinyonu (25 milyon) tranfer edib.

PSJ isə bayaq da qeyd etdiyimiz kimi, Nasse Əl-Helaifinin rəhbərliyi altındadır. Hansı ki onun arxasında Qatar Investment Authority (QIA) dayanıb. Bu fondun dəyəri 100 milyard dollar həcmində göstərilir. Əl-Helaifi əvvəllər tennislə məşğul olub və Al Jazeera Sportun direktoru qismində çalışıb. Onun PSJ üçün reallaşdırdığı ən səs-küylü keçidlər kimi Edinson Kavani (64.5 milyon), Tiaqo Silva (42 milyon) və Xavyer Pastorenin (42 milyon) adını çəkmək olar.

HEYƏTLƏR

Hazırki məqamda çətin ki "Monako" PSJ ilə rəqabət apara bilsin. Şübhəsiz, parislilərin heyəti daha güclüdür. PSJ-dəki ulduzların sayı daha çoxdur. "Monako"nun əsas gücü bir müddət əvvəl komandaya cəlb olunan Falkao, Xames Rodriges və Joau Mautinyodur. Bundan başqa 19 yaşlı argentinalı Lukas Okamposun adını qeyd etmək olar. Rıbolovlevin ilk transferi  olan Okampos artıq "Monako"da 1 mövsüm keçirib. "Knyazlıq klubu"nun müdafiə xətti Erik Abidal (o artıq komandanın kapitanı təyin edilib), təcrübəli Rikardo Karvalyo və italiyalı Andre Radci ilə fərəhlənə bilər. İtaliyalı müdafiəçi hücuma effektli şəkildə qoşulması ilə tanınır. Komandanı isə Klaudio Ranyeri çalışdırır. Onun təcrübəsi komandanı ilk pilləyə olmasa da, ilk "üçlük"ün ruhlandırmağa yetər. Onsuz da komandanın rəsmən açıqladığı məqsəd də məhz ilk "üçlük"də yer almaqdır.

PSJ-də isə Loran Blanın oyunçu seçimi daha genişdir. Bir neçə gün əvvəl Superkuboku qazanan parislilərin heyətindəki ulduzları saymaqla bitməz. Komandada hər mövqedə almas dəyərində oyunçular var. Hansından başlayasan? Qapıçı Siriqu, müdafiəçilər Tiaqo Silva və Markinos, kreativ Verratti, bacarıqlı Lavezzi, güclü Menez, Matyuidi, Aleks, van der Vil, Lukas, Kavani və İbrahimoviç! Yalnız ağlı olmayan adamlar bu komandanın həm Fransa, həm də Avropada ən böyük mükafatları qazanmağa qadir olduğunu inkar edər.

PLANLAR

Karlo Ançelottini əvəzləyən Loran Blanın öz ideyalarını həyata keçirməsi üçün əla fürsəti var. Onun komandanı uğurlara daşımaması üçün heç bir əsas yoxdur. Blanın ən böyük üstünlüyü əlinin altındakı futbolçuların sayını çox olmasıdır. Hətta İbrahimoviç kimi ulduz oyunçu belə sıradan çıxsa, onu əvəzləyə biləcək futbolçular var heyətdə. Özü də belə oyunçuların sayı 1-dən çoxdu.

Əgər, "Monako" çempionluq mübarizəsində PSJ ilə rəqabət apara bilməsə, o zaman parislilər əsas diqqətini Çempionlar Liqasına yönəldəcək. Ötən mövsüm komanda bu turnirdə 1/4 finala kimi irəlilədi. Amma indi komandanın heyəti daha güclüdür. Kavani və digər yeni transferlərin gəlişindən sonra PSJ mütləq qitənin ən mötəbər klub turnirində 1/4 finaldan daha irəli getməlidir. Əks halda bu qədər ulduzların komandaya cəlb olunması, yeni transfer üçün milyonların xərclənməsi boşa gedəcək. Blan artıq komandanın muzeyinə 1 kubok aparıb. Bayaq da qeyd etdiyimiz kimi, söhbət ölkə superkubokundan gedir. Həlledici qarşılaşamada parislilər "Bordo" önündə çətinlik çəksələr də, əzmkarlıq sayəsində 2:1 hesablı qələbə qazana bildirlə.

"Monako"nun işi daha çətindir. Bu il Liqa 1-ə vəsiqə qazanan "Knyazlıq klubu" təkcə orada möhkəmlənməməli, həm də çempionluq uğrunda mübarizə aparmalıdır. Yəqin ki, bu unikal hadisədir. Çünki yüksək liqaya vəsiqə qazanan komandadan dərhal böyük uğur gözlənilir. Komandanın sahibi Rıbolovlev isə bəyan edib ki, bugünkü gündə əsas məqsədləri Çempionlar Liqasına vəsiqə qazanmaqdır. "Monako"nun əleyhinə olan başqa bir məqam da var. Belə ki, mayda "Le Man"a qarşı baş tutan matçda azarkeşlərin özbaşnalığına görə federasiya komandanı sərt şəkildə cəzalandırdı. Qərara əsasən, "Monako" yeni mövsümə mənfi 2 xalla başlayacaq ki, bu məqam da komandaya psixoloji cəhətdən çətinlik yarada bilər. Klaudio Ranyeri hər nə qədər təcrübəli mütəxəssis olsa da, sərəncamındakı ehtiyat oyunçular skamyası elə də geniş deyil. İtaliyalı mütəxəssisə çətinlik yarada biləcək digər məqam komandada Falkao səviyyəsində ikinci hücumçunun olmamasıdır. Aydın məsələdir, dünyada bu cür ikinci hücumçu tapmaq çətin məsələdir. Amma Falkao ilə komandadakı digər hücumçular - Ture, Jermain və Makenqo (eləcə də Martyal, hansı onun cəmi 17 yaşı var) arasında səviyyə fərqi çox böyükdür. Düzdür, Ture ikinci liqada tez-tez fərqlənirdi. Amma onun Liqa 1-də özünü necə göstərəcəyi müzakirə mövzusudur. Həm də buna qədər o, yalnız Mərakeş, Malayziya və BƏƏ-də oynayıb.

Lakin "Monako"nun xeyrinə olan məqamlar da var. Komandanın ən böyük üstünlüyü bir neçə cəbhədə mübarizə aparmamasıdır. PSJ-dən fərqli olaraq, "Knyazlıq klubu" bütün diqqətini yalnız çempionata yönəldəcək.

DÜŞMƏNLƏR VƏ TƏRƏFDAŞLAR

Cari mövsümdə mütəxəssislər Fransada çempionluq uğrunda 2 əzəli rəqiblərin - PSJ və "Marsel"in mübarizə aparacağını proqnozlaşdırırlar. Bu komandaların iştirakı ilə baş tutan "Le Klassik" azarkeşlər tərəfindən səbirsizliklə gözlənilir. Yəqin ki, "Monako"nu nəzərə almasaq, məhz marsellilər PSJ-nin ardıcıl ikinci il qızıla gedən yoldakı əsas rəqibi olacaq. Ötən il "Olimpik" PSJ-dən 12 xal geri qalsa da, 2-ci pilləyə ən layiqli komanda idi. "Marsel" yay transfer pəncərəsini çox ağıllı şəkildə dəyərləndirir. Komandanın etdiyi transferləri uğurlu adlandırmaq olar. Rəhbərlik heyətə ucuz, amma yaxşı futbolçuları cəlb etməyə çalışır. Onsuz da komandanın hansısa futbolçuya 30 milyon avro ödəməyə imkanı yoxdur. "Marsel" heyətini ötən çempionatın ən yaxşı assistenti - sabiq "Lill"li Dmitri Paye, "Havr"lı sol cinah müdafiəçisi Benjamin Mendi və ötən mövsüm Liqa 2-nin ən yaxşı futbolçusu seçilən Jilber İmbulan ilə gücləndirib. "Genqam"dan ayrılan 20 yaşlı futbolçudan başqa komandaya Stiv Mandandu, Nikola Nkulu (bu oyunçu ilə Avropanın əksər klubları maraqlanırdı), təcrübəli Benua Şeyru, Matye Valbuena, Andre Anyu və Andre-Pyer Jinyak cəlb olunub.

Eləcə də "Lion"u, "Lill"i və "Bordo"nu unutmamaq lazımdır. Bəlkə də mövsümün gedişində "Monpelye" iddialı çıxışı ilə seçilsin. Adıçəkilən komandaların əvvəldən sonadək "Monako" və PSJ ilə ciddi rəqabət aparacağı inandırıcı deyil. Lakin onlar nəhənglərin əhval-ruhiyyəsini korlamağa qadirdilər. Eləcə də minimum 2 dəfə "Nitsa" "Monako"nun kefinə soğan doğramağa çalışacaq. Çünki "Lazurno sahili derbisi"ni heç kim təxirə salmayıb.

Təbii ki, yuxarıda sadaladıqlarımızın hamısı mülahizələrdi. Amma fakt budur ki, araşdırmalar da Liqa 1-in Avropanın aparıcı çempionatları arasında ən gözlənilməz nəticələrin qeydə alındığı birincilik olduğunu sübut edir. Odur ki, "Nant" çempion, Adrian Mutu da bombardir olsa, heç təəccüblənməyin. Hələ "Monako"nun Liqa 1-i tərk etməsini demirik. Fransa çempionatından nə desən, gözləmək olar.

RENDEZ-VOUS

İndidən təqvimdə 2 tarixi qırmızı rənglə fərqləndirsəniz, yaxşı olar. Həmin tarixlərdə 2 super matç - PSJ - "Monako" qarşıdurması olacaq.

22.09.2013, Paris, "Park De Prens", PSJ - "Monako"

08.02.2014, Monako, "II Lui", "Monako" - PSJ

Hazırladı: Elman MƏHƏRRƏMOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31