19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Fabio Luis Ramim: "Əvvəllər Azərbaycana daha səviyyəli legionerlər gəlirdi"

Azərbaycan çempionatında oynamış, konkret olaraq “MKT-Araz”, “Olimpik” və “Bakı” klublarında çıxış etmiş, millimizin sabiq futbolçusu Fabio Luis Ramimin müsahibəsi
 
- Hazırda menecerliklə məşğul olduğunuzu və bu səbəbdən Antalyaya gəldiyinizi bilirik. “Kəpəz”in “Yagelloniya” ilə yoxlama matçını (1:8) izlədiniz. Yəqin ki, bu hesabı gözləmirdiz?
 
- Hazırlıq matçlarında nəticə önəmli deyil. Əsas komandanın oyununa fikir vermək lazımdı. “Yagelloniya” birinci hissədə 7 zərbə vurdu və hamısı qol oldu. Həyatda nadir hallarda belə şeylər baş verir. İkinci hissədə isə “Kəpəz” yaxşı oynadı. Əsas odu konsentrasiyanı itirməyəsən. Yoxlama matçlarında bu hesabla uduzsan da, çempionatda inamlı çıxış etməlisən. “Kəpəz”in Premyer Liqada hazırda sonuncu pillədə qərarlaşdığını bilirəm. Belə hesablar utandırıcı olmasa da, vaxtilə Azərbaycanda oynadığım üçün ölkənizin təmsilçilərinin ağır məğlubiyyətləri məni məyus edir. Çünki həmişə Azərbaycan komandalarına azarkeşlik edirəm. Düzdü, böyükhesablı məğlubiyyət yaxşı hal deyil. Amma yenə deyirəm ki, belə görüşlərdə nəticə yox, oyun önəmlidi. Buraxılan səhvlərin üzərində işlənilməli, ilk hissədə 7 top buraxmağın səbəbləri tapılmalıdı. Komanda bu halla üzləşibsə, deməli, konsentrasiyanı itirib.
 
- Həmyerliniz, “Kəpəz”in yeni transferi Dieqo Souza “Yagelloniya”ya qarşı cəmi 1 hissə oynadı və çox zəif təsir bağışladı...
 
- Birinci hissədə “Kəpəz” komanda şəklində zəif oynadı. Konsentrasiyanı itirdilər, mövqe səhvlərinə yol verdilər. Buna görə də, fasiləyə böyük fərqlə yollandılar. Bir də “Yagelloniya” səviyyəli komandadı. Bu cür rəqiblərlə qarşılaşanda səhv buraxmamalısan. Əgər səhv buraxdınsa, onlar səni bağışlamayacaq.
 
- Qış “transfer pəncərəsi”ndə Azərbaycan klublarına oyunçu gətirmisiz və ya təklif etmisiz?
 
- Bəli. “Neftçi”yə Edina adlı bir oyunçu gətirmişdim, amma bəyənmədilər. Cəmi 1 matçda 45 dəqiqə oynadı. Bu isə özünü göstərmək üçün çox az müddətdi.
 
- Azərbaycan klublarının daha keyfiyyətli legionerlər gətirə bilməməkləri nə ilə bağlıdı?
 
- Bu mənada, yalnız “Qarabağ” və “Qəbələ” seçilir. Onların büdcələri daha yaxşı legionerlər almağa imkan verir.
 
- Futbolumuzu izləyirsiz. Ölkə çempionatı haqda nə düşünürsüz? Premyer Liqanın səviyyəsi əvvəl yüksək idi, yoxsa indi?
 
- Fikrimcə, əvvəl. Çünki onda 6-7 komanda çempionluq uğrunda mübarizə aparırdı. Klubların büdcəsi də yüksək idi. Bunun hesabına Azərbaycana daha səviyyəli legionerlər gəlirdi və çempionat indikindən maraqlı keçirdi. Hazırda isə cəmi 2-3 komanda iddiası ilə seçilir. Keyfiyyət baxımından “Qarabağ” və “Qəbələ” fərqlənir.
 
- Azərbaycan yığması yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu yanvarın 30-da Moldovaya qarşı keçirəcək. Bu görüşü də izləyəcəksiz? Qurbanovun təyinatını necə qarşıladınız?
 
- Qurban Qurbanovu məşqçi kimi çoxdan, 2007-ci ildən tanıyıram. Həmin vaxt o, “Neftçi”ni çalışdırmağa yeni başlamışdı. Yadımdadı ki, “Neftçi” turnir cədvəlində sonuncu pillələrdə qərarlaşmışdı. Lakin Qurbanovun gəlişindən sonra onlar çempionluğa iddia etməyə başladılar. Həmin vaxt bütün dostlarım Qurban Qurbanov haqda yüksək fikirlər səsləndirmişdilər. Mən ona azarkeşlik edirəm. İnanıram ki, Azərbaycan yığması Qurbanovun rəhbərliyi altında daha da güclənəcək.
 
- Azərbaycanda formasını geyindiyiniz komandalardan “MKT-Araz” və “Bakı” artıq yoxdu. “Olimpik” isə hazırda “Şüvəlan” adı ilə I divizionda oynayır. Bunlar sizə necə təsir edir?
 
- Məyus oluram. “Bakı” çox güclü komanda idi. Klubun bazası, əla infrastrukturu var idi. Eyni sözləri “MKT-Araz”a da aid edirəm. Bu komanda da əla stadiona malik idi. Diqqətimi cəlb edən məsələlərdən biri xüsusən region klublarının dağılmasıdı. Hazırda Premyer Liqada oynayan komandaların böyük qismi Bakını təmsil edir. Niyə belədi? Əvvəllər Lənkəranda, Yevlaxda oyunlara çıxırdıq, azarkeşlər stadiona gəlirdilər. İmişlidə yaşayanda yerli əhali mənə çox hörmət edirdi. Yaxşı vaxtlar idi.
 
- Gələcəkdə məşqçi kimi də özünüzü doğrultmaq fikriniz varmı?
 
- Antalyaya menecer kimi gəlsəm də, həm də məşqçilik edirəm. Braziliyada aşağı yaş qrupları ilə çalışıram. Hazırda məndə B kateqoriyalı məşqçi lisenziyasıdı. Kateqoriyamı, təhsilimi artırmaq fikrindəyəm. Yerli mütəxəssislərin, həmçinin Avropa məşqçilərinin işini izləyirəm. Düşünürəm ki, məşqçi daim üzərində çalışmalıdı. Çünki futbolda dəyişikliklər tez-tez olur. Yeni variantlar, yeni metodlar düşünməlisən.
 
- Təklif gəlsə, yenidən ölkəmizdə çalışmaq istərdizmi?
 
- Əla olardı. Amma ilk növbədə, kateqoriyanı artırmalıyam. Gələcəkdə təklif olsa, məmnuniyyətlə qəbul edərəm.
 
- Azərbaycanda vaxtilə bir yerdə oynadığınız futbolçulardan kiminlə əlaqə saxlayırsız?
 
- Saşa Yunisoğlu ilə tez-tez danışırıq. Antalyada çoxlu dostlarımı görürəm. Bəziləri ilə əvvəllər bir yerdə oynamışıq. “Qarabağ”ın heyətində tanışlarım var. Hazırda “Səbail”də çalışan Vitali Kovalyovla da əvvəl komanda yoldaşı olmuşuq (apasport.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30