17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Çarəsiz və ya ağılsız Konte YAZI

İtaliya seçmə komandasının Avropa çempionatına aparacağı heyəti məlumdur. Lakin Antonio Kontenin seçimi birmənalı qarşılanmadı. Ümumiyyətlə onun genişləndirilmiş heyəti də müsbət qarşılanmamışdı. Gəlin Kontenin Avropa çempionatında istifadə edəcəyi heyəti incələyək və İtaliyanın bu heyətlə nəyə nail olacağını təxmin etməyə çalışaq.

Əvvəlcə başlayaq qapıçılardan. Sözsüz və şübhəsiz Kontenin komandasının qapısında Canluici Buffon dayanacaq. Onun haqqında əlavə nəsə yazmağa ehtiyac yoxdur. Zəngin təcrübə və inamlı oyunu ilə Buffon yaşın sadəcə rəqəm olmasını çoxdan sübut edib. Onun zədələnəcəyi halda isə qapını Salvatore Siriqu qoruyacaq. Bu mövsüm Fransanın “Paris Sent Jermen” klubunda heç də daimi əsas heyətdə olmayan Siriqu hazırkı vəziyyətdə ideal seçimdi. “Latsio”nun 33 yaşlı veteran hesab oluna biləcək qapıçısı Federiko Markettinin isə ehtiyat oyunçular skamyasında qalacağı heç kimə sirr deyl. Əgər Buffon və Siriqu sıradan çıxsa o zaman Marekktiyə növbə çatacaq ki, bu da az ehtimal olunandı. Elə Konteyə qarşı etirazlar da bu mövqedən cücərməyə başlayıb. İtalya komandası Markettinin əvəzinə Fransaya gənc və perespektivli Canluici Donnarummanı da apara bilərdi. Bundan İtaliya futbolu daha çox xeyir görərdi. 2-3 ildən sonra Markettini ən yaxşı halda sadiq İtaliya azarkeşləri xatırlayacaq.

Ardınca sıra müdafiə xəttinə gəlir. Hazırkı seçim imkanına əsasən Leonardo Bonnuçi və Corcio Kielini əvəzolunmaz hesab olunurlar. Bu sıraya Andrea Bartsalyini də əlavə etmək olar, lakin onunla bağlı müəyyən narazılıqlar var. Əsas narazılıq Bartsalyinin yaşı ilə bağlıdı. 35-ci baharını yaşayan müdafiəçi “Volfsburq”la Almaniya çempionluğunu qazandıqdan sonra, “Yuventus”da etibarlı oyunu ilə seçilir. Odur ki, bu seçimi yalnış adlandırmaq bir qədər düzgün deyil. Hər halda təcrübəli Bartsalyidən sonuncu dəfə istifadə etmək düzgün addım sayıla bilər. “Mançester Yunayted”də qənaətbəxş mövsüm keçirən Mattia Darmian seçmə mərhələdə də özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Odur ki, Darmian da layiq olduğu vəsiqəni qazanıb. Bu sahədə əsas müzakirələr İngiltərə çempionatından, Skuadra Adzzuranın heyətinə cəlb edilən digər müdafiəçi Ancelo Oqbonna haqqında gedir. “Yuventus”da ümidləri doğrultmayan futbolçu ötən yay 11 milyon Avro qarşılığında “Vest Hem”ə transfer olundu. Premyer Liqada 27 oyun keçirən 28 yaşlı futbolçu debut oyunundaca avtoqolla yadda qaldı. Ümumiyyətlə mövsümü Oqbonna üçün qənaətbəxş hesab etmək olar. Lakin onun təcrübəsiz olduğunu da qeyd etmək lazımdır. Heyətə cəlb olunan daha bir müdafiəçi isə Matia De Şilyodur. Karyerası ancaq “Milan”la bağlı olan 23 yaşlı futbolçu gələcəkdə komanda üçün faydalı ola biləcəyini artıq çoxdan sübut edib.

Konte daha çox Yarımmüdafiəçi seçimi ilə bağlı tənqid olunur. Seçmə mərhələdə təcrübəli Andrea Pirlodan daha çox istifadə edən mütəxəssis, nədənsə Markizio və Verattinin zədələnməsindən sonra da təcrübəli futbolçunu heyətə cəlb etmədi. Əvəzində isə “Yuventus”un futbolçusu Stefano Sturaro Fransaya aparılir. Karyerasını “Cenoa”da başlayan futbolçu 2014-cü ildə “Yuventus”a transfer olunub. Burda ümidləri doğrultmayan Sturaro, 2014-2015 mövsümündə “Cenoa”ya icarəyə verilib. Köhnə komandasında bir mövsümə cəmi 13 oyunda meydana çıxan 23 yaşlı futbolçu, 2015-də yenidən “Yuventus”a qayıdıb və mövsümün böyük hissəsinə ehtiyyat oyunçular skamyasında başlayıb. 1 metr 80 sm boyu olan yarımüdafiəçi xüsusi heç nə ilə seçilmir. Montolivo da zədəlilər sırasına qoşulub. “Milan”ın yarımüdafiəçisi genişləndirilmiş heyətə dəvət olunsa da sonradan həkimlər ona bəd xəbər veriblər. Heyətə daxil edilən daha bir gözlənilməz ad isə “Boloniya”nın futbolçusu Emanuelle Cakkerinidir. Az tanınan  komandalarda çıxış etdikdən sonra 2011-ci ildə “Yuventus”a transfer olunan Cakkerini ona bəslənilən ümidləri doğrultmayaraq 2013-cü ildə İngiltərə təmislçisi “Sanderlend”ə satılıb. Ötən ilin Avqustunda “Boloniya”ya icarəyə verilən futbolçu, Sentyabrda zədələnərək bir müddət yaşıl meydanlardan kənarda qalıb. Daha sonra yenidən əsas heyətə qayıdan Cakkerini böyük ehtimalla 25 oyunda vurduğu 7 qolla Kontenin diqqətini çəkməyi bacarıb. Lakin unutmaq olmaz ki, “Boloniya” bu mövsüm İtaliya A seriyasını 14-cü pillədə başa vurub. Hər halda bu futbolçuların əvəzinə təcrübəli Pirlonu heyətə cəlb etmək daha məqsədəuyğun olardı. Heyətə düşə bilməyən daha bir futbolçu isə “Napoli”də çıxış edən Braziliya əsilli Jorjinyodur. Onun da imkanları yüksək qiymətləndirilirdi. Yarımüdafiədəki digər adlara gəlincə, Danielle De Rossi və Tiaqo Motta isətnilən halda Fransaya aparılacaqdı. Motta zədəli olsa da onun vəziyyəti qənaətbəxş hesab olunub. Müvafiq olaraq “Roma” və “PSJ” klublarının əsas simaları olan futbolçular, mövsümü normal keçiriblər. Kifayət qədər təcrübəli və faydalı futbolçulardı. Eyni sözləri “Roma” klubunu digər təmsilçisi Alessandro Florensi haqda da demək olar. Gənc yarımmüdafiəçi Çempionlar Liqasında “Barselona”ya vurduğu qolla daha çox gündəmə gəlsə də, mövsümü yaxşı keçirib. 25 yaşlı futbolçu bu mövsüm “Roma”nın heyətində 42 oyunda meydanda olub və 8 qol vurub. Yarımmüdafiədə Kontenin və İtaliyalı azarkeşlərin ən çox güvəndiyi futbolçu isə bu dəfə Antonio Kandreva olacaq. “Latsio”da çıxış edən 29 yaşlı Kandreva 3 mövsümdür sabit oyunu ilə seçilir. Sürətli keçidləri ilə tanınan futbolçu böyük ehtimalla bu Avropa çempionatında daha da parlayacaq. Lakin eyni özləri onun komanda yoldaşı Marko Parolo haqda yazmaq çox çətindir. Əsasən “B” seriyasında və İtaliyanın ortabab klublarında gün keçirən 31 yaşlı Parolo 2014-cü ildə “Latsio”ya keçib. Ötən mövsüm A seriyasında 26 oyun keçirən yarımüdafiəçi rəqib qapılarına 3 qol vurub. Parolo hər iki ayaği ilə eyni səviyyədə oynaya bilən müdafiəyə meyilli mərkəz yarımüdafiəçisidir.

Kontenin hücumçu seçimi isə daha faciəvi hesab olunur. “Sauthemton”da normal mövsüm keçirən Qratsiano Pellenin heyətə düşməsi qəbulediləndi. Hər halda Pelle keyfiyyətli futbolçu olduğunu sübut etməyi bacarıb. Lakin Mario Balotellinin yoxluğu fonunda millinin əsas heyətinə “İnter”dən Eder və “Fiorentina”dan Federiko Bernardeskinin dəvət olunması böyük səs küyə səbəb olub.  22 yaşlı Bernardeski “Fiorentina”nın heyətində, A seriyasında ötən mövsüm 33 oyuna çıxıb və cəmi 3 qol vurub. Daha çox hücumameyilli yarımüdafiəçi mövqeyində çıxış edir.  33 oyun 3 qol və Bernardeski hücumçu kimi Fransaya yollanıb. Bəkədə Kontenin belə bir seçim etməsinə səbəb Bernardesikinin gənc olması və ötən mövsüm “Fiorentina” ilə Avrokuboklarda keçirdiyi 7 oyunda 4 qol vurmasıdır. Qeyd edək ki, karyerasını yenicə başa vurmuş Luka Toni ötən mövsü A seriyasında daha məhsuldar oyun nümaiş etdirmişdi. Eder “İnter”ə Yanvarda qoşulub. 11 oyunda meydana çıxmaq imaknı qazanan futbolçu cəmi 1 qol vurub. Onun haqda əlavə nəsə yazmağa heç ehtiyac da yoxdur. Fransaya aparılan Çiro İmmobileni isə azarkeşlər unutsa da görünür Konte unutmayıb.   “Borusiya Dotmund” və “Sevilaya”da uğursuz 2 mövsüm keçirən İmmobile 2016-cı ilin əvvəlində “Torino”ya icarəyə verilib. A seriyasını 12-ci yerdə başa vuran “Torino”nun heyətində İmmobile 14 oyun keçirib və 5 qol vurub. Görünür bu Konte üçün yetərlidir. Qeyd edək ki, Cuzeppe Rossi “Levante”də keçirdiyi yarım mövsümdə 17 oyuna 6 qol vurub. Konte bu ağılla Rossini genişləndirilmiş heyətə belə dəvət etməmişdi. Simone Zaza isə başqa mövzudu. “Sassuolo”dakı çıxışı ilə tanınan futbolçu “Yuventus”un ehtiyat hücumçusu hesab olunur. Daha çox ikinci hissədə meydanda görünən Zaza bu mövsüm cəmi 5 qol vurub. İtalyanların daha bir hücumçusu isə Stefan El-Şaravi olacaq. Hər halda El Şaravi İtaliya A seriyasının son turlarında nümaiş etdirdiyi parlaq oyunu ilə heyətdə olmağa layiq olduğunu sübut edib. Eder və Zaza ilə müqaisədə El Şaravi mütləq Avropa çempionatının final mərhələsinə yollanmalı idi.  Yanvarda transfer olunduğu “Roma”da son turlar oynamaq imkanı qazanan hücumçu 9 oyunda 6 qol vurub. Kontenin hücumda sonuncu seçimi isə Lorenso İnsinyedir. İnsinye İtaliyalı azarkeşlərin böyük ümid bəslədiyi bir futbolçudur. Gənc yaşlarında onun haqqında gələcəyin Roberto Bacciosu və ya Del Pierosu deyimləri populyarlıq qazanmışdı.  2013-cü ildə gənclərin Aaropa çempionatında möhtəşəm oyunu ilə fərqlənən İnsinye bu uğuru daxili çempionatda da davam etdirdi ki, nəticədə İtaliya ilə Braziliyada keçirilən dünya çempionatına yollandı. Lakin İtalyanların uğursuz oyunu və İnsinyenin ehtiyatda qalması onun Braziliyada parlamasına mane oldu.  Son iki mövsümü isə İnsinyenin normal keçirdiyi söyləmək olar. Daha çox vinger mövqeyində çıxış edən İnsinye Braziliyadakı Mundialdan sonra “Napoli”nin heyətində 65 oyun keçirib və 15 qol vurub.  24 yaşlı futbolçu klubunun əsas siması hesab olunur. Görünür bu Avropa çempionatında İnsinye İtaliyanın da əsas futblçusuna çevriləcək. Mütəxəssislərin fikrincə Konte Pellenin arxasında məhz İnsinyenin oynamasına imkan yaratmaq fikrindədir. Avropa çempionatına apracağı heyəti televiziya vasitəsi ilə canlı yayımda açqılayan Konte seçimini belə izah edib: “Üzərimizdə böyük məsuliyyət var. Avropa çempionatında İtaliyanı təmsil edəcəyik. Bunun nə demək olduğunu hər kəs yaxşı başa düşür. Italiya üçün istənilən yarışda ikinci olmaq faciə kimi qəbul olunur. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimiz, eləcə də İtaliya xalqı bizimlə fəxr etsin. Heç kimin şübhəsi olmasın. Biz ölkəmizi layiqincə təmsil edəcəyik. Azrakeşlərimizin güclü dəstəyinə də ehtiyacımız böyükdür”.

İtaliya seçmə komandası “E” qrupunda Belçika, İrlandiya və İsveç futbolçuları ilə mübarizə aparacaq. 4 qat Dünya çempionları ilk oyunu İyunun 13-ü Belçika millisinə qarşı keçirəcək.

Fəxri Məmmədov, sportnews.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30