26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Heç vaxt unutmayacağımız oyun YAZI

Hər bir futbol azarkeşi UEFA Superkuboku uğrunda oyunu canlı olaraq stadiondan izləmək arzusu ilə yaşayır. Nəhayət ki, belə bir mötəbər oyuna baxmaq bizə də qismət oldu.

Ötən həftə AFFA-da jurnalistləri bir araya gətirən qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bəyan etdi ki, assosiasiya rəhbərliyi 30-a yaxın jurnalisti Tiflisə göndərəcək. 3 günlük səfər zamanı jurnalistlər Superkubok matçını izləyəcək, bu cür yüksəksəviyyəli oyunda təcrübə toplayacaqlar. Təbii ki, AFFA-nın bu təşəbbüsünü ancaq alqışlamaq olardı.

UEFA-NIN SƏHVİ?

Avqustun 10-da səhər saatlarında avtobusla AFFA-nın binasının qarşısından yola düşdük. Bəzi həmkarlarımız isə bizə Tiflisdə qoşulacaqdılar. Təxminən 10-11 saat sonra artıq Gürcüstanda idik. Bu, son 40 gündə Tiflisə futbolla bağlı ikinci səfərim idi. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsi çərçivəsində keçirilən “Dinamo” (Tiflis) - “Qəbələ” matçına da eyni stadiondan - Boris Payçadze adına “Dinamo Arena”dan canlı tamaşa etmişdim. Gürcüstan paytaxtının hansı durumda olmasından xəbərdar idim.

Çoxları düşünür ki, UEFA Superkubok kimi nüfuzlu görüşü Tiflisə tapşırmaqla səhvə yol verib. Elə oyundan 1 gün öncəki mənzərə də buna işarə idi. Şəhər belə bir mötəbər görüşə ev sahibliyi etsə də, Tiflisin çox az yerində oyunun afişalarına rast gəlmək mümkün olurdu. Bütün şəhərin futbolla yaşadığını da söyləmək olmazdı. Çox az yerdə insanlar “Barselona” - “Sevilya” görüşünü müzakirə edirdilər. Taksiyə minib, hansısa gürcü ilə söhbət edərkən o, futboldan çox siyasi məsələlərdən danışmağı üstün tuturdu. Uzun sözün qısası, kifayət qədər ciddi problemlər yaşayan gürcü xalqı bu oyundan daha çox sosial sıxıntılarını, çətinliklərini düşünürdü.

BİLETLƏRİ JURNALİSTLƏRƏ ELXAN MƏMMƏDOV TƏQDİM ETDİ

Tiflisə çatıb, oteldə yerləşdikdən sonra şam yeməyinə yollanmalıydıq. Bu zaman jurnalistlərin qrupuna rəhbərlik edən, AFFA nümayəndəsi Etibar Tağıyev baş katib Elxan Məmmədovun yolunu gözlədiklərini bildirdi. Az sonra baş katib qaldığımız otelə gəldi. Jurnalistləri Tiflisdə görməkdən məmnun olduqlarını bildirən Elxan Məmmədov, AFFA prezidenti Rövnəq Abdullayevin də salamını çatdırdı. Sonda isə Məmmədov oyun üçün nəzərdə tutulan biletləri jurnalistlərə təqdim edərək, hər kəsə xoş istirahətlər arzuladı.

AZƏRBAYCANLILAR İSPANLARDAN QAT-QAT ÇOX İDİ

Oyun günü səhərdən Tiflis gəzintisi başladı. Şəhər barədə nəsə yazmağa ehtiyac yoxdu. Əsas məsələ oyuna maraq idi. Əminliklə söyləmək olar ki, görüşə avropalıların marağı lazımı səviyyədə deyildi. Düzdür, Gürcüstan paytaxtına səfər edənlər arasında ispanlar, eləcə də digər ölkələrdən olan azarkeşlər var idi. Amma say gözləniləndən az idi. Əvəzinə oyuna daha çox maraq Azərbaycandan idi. Ölkəmizdən minlərlə futbolsevər matçı izləmək üçün Gürcüstan paytaxtına yollanmışdı. Oyun günü şəhərdə millət vəkili Muxtar Babayev, tanınmış müğənni Cavanşir Məmmədov və başqalarına rast gəldik.

“QARA BAZAR”DAKILARIN ARZUSU ÜRƏYİNDƏ QALDI

Oyundan öncə stadionun yaxınlığındakı yollar bağlı idi. Bu səbəbdən də qarşılaşmaya yollanarkən müəyyən qədər məsafəni piyada qət etməli olduq. Burada isə hər addım başı qarşımıza bilet satanlar çıxırdı. Amma “Qara bazar”dakıların arzusu ürəyində qaldı. Belə ki, əvvəldən 150-200 ABŞ dollarına bilet satanlar sonda hətta əllərindəki biletləri 50 lariyə də satmağa razı idilər.

TƏŞKİLATÇILIQ VƏ MÜHAFİZƏ ZƏİF İDİ

Oyundan öncə qısa açılış mərasimi oldu. “Bakı-2015” I Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimindən sonra gürcülərin hazırladıqlarını proqram çox zəif təsir bağışlayırdı. Elə stadionda da problemlər kifayət qədər idi. İlk növbədə mühafizə sisteminin zəif olduğunu söyləmək olar. Stadiona kimi cəmi 1 dəfə polis nəzarətindən keçdik. Onda da yalnız bileti yoxladılar. Heç azarkeşlərin üstləri də yoxlanılmırdı. Əsas problem isə su ilə bağlı idi. Belə ki, içəri heç plastik qablarda da su buraxmağa icazə yox idi. Yalnız stadionun ərazisində satılan sulardan almaq mümkün idi. Burada isə maye olaraq yalnız adi su (1 lariyə) və “Coca-cola” (2 lariyə) satılırdı. Satış məntəqələrinin az olması böyük növbələrə gətirib çıxarırdı. Oyundan öncə, eləcə də fasilə zamanı satış mənqələri önünə toplaşan yüzlərlə insan su növbəsində dayanmağa məcbur oldu. Oyun zamanı diktor bir neçə dəfə “siqaret çəkmək olmaz” anonsunu versə də, tabloda bu anons dəfələrlə bir neçə dildə nümayiş olunsa da, qadağaya məhəl qoyan yox idi.   

AXIRINCI YOX, AXARINCI OLSUN

Oyuna çoxları baxdığından 120 dəqiqəlik triller haqda əlavə nəsə yazmaq artıq olar. Qısaca onu qeyd edim ki, stadionda möhtəşəm ab-hava var idi. “Barselona” azarkeşləri isə gözlənildiyi kimi çoxluq təşkil edirdi. Azərbaycan bayraqlarının sayı da arenada kifayət qədər idi.

3 günlük səfərimiz olduqca maraqlı alındı. Bu səfəri təşkil etdiyinə görə AFFA rəhbərliyinə, daim jurnalistlərin xarici səfərlərə yollanması üçün səy göstərən prezident Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova, eləcə də İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna minnətdarlıq edirik. İnanırıq ki, gələcəkdə də azərbaycanlı jurnalistlərin bu cür mötəbər oyunlarda iştirakı üçün öz dəstəklərini əsirgəməyəcəklər.

Ən sonda isə səfərdə iştirak edən həmkarlarıma təşəkkür edirəm. 3 gün ərzində heç kim darıxmadı. Hamı kollektiv şəkildə dedi, güldü və əyləndi.

Növbəti səfərlərdə görüşənə kimi...

İBRAHİM

Bakı - Tiflis - Bakı

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30