19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Xarici futbol

Mişel Platini:“Futbolun həyat qanunlarından yüksəkdə fəaliyyət göstərməsinin vaxtı keçib”

Avropanın mövsümdə ən yaxşı futbolçusuna verilən “UEFA Best Player in Europe” mükafatının həmtəsisçisi olan “Avropa İdman Mediası”/”European Sports Media” təşkilatı UEFA-nın prezidenti Mişel Platinidən müsahibə alıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Avropanın ən yaxşı oyunçusuna verilən mükafat və ötən mövsüm barədə nə deyə bilərsiniz?

- Avropanın da belə bir mükafatının olması çox vacibdir və bu işdə “European SportsMedia” (ESM) təşkilatının da zəhməti olması xoşdur. Çünki bu təşkilat bütün Avropadan olan jurnalistləri təmsil edir və siz hər dəfə toplaşaraq ən yaxşı oyunçuları seçirsiniz.

Səsvermənin canlı olmasını istəyirdim və ESM-ə minnətdaram ki, bunu təşkil edir.Birlikdə olmağımız çox xoşdur və bununla fəxr edirəm. Əməkdaşlıq üçün də minnətdaram, çünki hesab edirəm ki, bu yaxşı ideya idi və elə indi də yaxşı ideyadır. 

Ötən mövsüm barədə danışdıqda deyə bilərəm ki, meydanda nümayiş olunan futbol çox baxımlıdır. İndi televiziya ilə bütün dünyada daha çox oyuna baxmaq imkanımız var və insanlar bütün Avropa boyu oyunları canlı izləyə bilirlər. Hər şənbə-bazar İngiltərə və ya İspaniyada, İtaliya və ya Portuqaliyada, Fransa və ya Almaniyada yaxşı oyuna baxa bilirik. Eyni zamanda Rusiyada da futbola baxa bilərik.

Sonra mövsümün sonunda bizi ən yaxşıların çıxış etdiyi Çempionlar Liqasının finalı gözləyir.

İndiki oyunçular əladır və onların oyununa baxmaq xoşuma gəlir. Pozitiv futbol var. Qolsuz heç-heçələr azalıb, qələbəyə görə 3 xal verilməsi yaxşı ideyadır və insanlar uduzmamaq üçün deyil, qalib gəlmək üçün oynayırlar.

İndiki futbol xoşuma gəlir. 55 il ərzində çox oyun görmüşəm, oyunçular nəsli dəyişir, amma həmişə yaxşı oyunçular, yaxşı komandalar, yaxşı məşqçilər, yaxşı taktikalar və yaxşı klub oyunu olur.

Harada olmağımızdan asılı olaraq, mövsüm müxtəlifdir. İngiltərədə bəlkə də oyun yox, amma şou İtaliyadakından daha yaxşıdır. Çünki İtaliyada stadionlar bəzi problemlər üzündən boşdur.

İngiltərə və ya Almaniyada oyuna baxanda meydanın gözəl, stadionun dolu, oyunun maraqlı, hakimin yaxşı olduğunu görürük və bu, çox yaxşı haldır.

Bəzi fərqlər də var. Fransa və İspaniyada İngiltərə və İtaliyadakından dərqli oynayırlar, amma bu, futbolun inkişafı üçün çox yaxşı amildir, çünki bunu biz Avropadan bütün dünyaya ötürürük. Avropada futbolun rəhbəri kimi buna görə çox xoşbəxtəm və Çempionlar Liqası bütün Avropada bu futbolun məntiqi nəticəsidir. 

- Avropa kuboklarını İspaniya klublarına təqdim etməkdən yorulmadınızmı?

- Xeyr, Çempionlar Liqası çox çətin yarışdır və elə buna görə də heç bir komanda ardıcıl iki il bu turnirin qalibi olmayıb. Halbuki əvvəllər Çempionlar kubokunda “Ayaks”, “Bavariya” və “Liverpul” kimi klublar bunu bacarmışdı.

Həmişə Çempionlar Liqasını qazanan kluba böyük hörmət bəsləyirəm, çünki o çempionluq ağır mövsümün yekununda əldə olunur. Mən futbolçu olanda çətin oyunlar 1/4 finaldan başlayırdı: iki 1/4 final oyunu, iki yarımfinal oyunu, final və nəhayət, kubok.

İndi isə əsas oyunlar elə sentyabrdan başlayır... Sentyabrdan! Əlbəttə, böyük komandalar pley-offa kimi irəliliyirlər, amma həmişə mükafatı qalib olmağa daha çox layiq komandaya təqdim etmək istəyirəm.

- Ötən mövsümdən hansısa konkret bir məqamı qeyd edə bilərsinizmi?

- Prezident kimi bu məni narahat etmir, çünki nümayiş olunan oyun çox gözəldir. Amma Mişel Platini kimi, “Yuventus”un keçmiş oyunçusu kimi Çempionlar Liqası kubokunu bir neçə il əvvəl “İnter”ə təqdim etmişəm və onu İtaliyanın digər klubuna da verməkdən məmnun olardım (gülür). Amma bu mümkün olmadı, çünki “Barselona” çox yaxşı oynadı.

Biz həmişə əla atmosferin və əla hakimliyin olmasına çalışırıq. Keçirdiyimiz yarışlar zamanı oyunların TV ilə, imkan olan dərəcədə, daha yaxşı yayımlanmasını təmin edirik. Fikrimcə, Çempionlar Liqası əla turnirdir.

- Bu günlərdə Çexiyada keçirilən U-21 Avropa çempionatında çox oyuna baxmaq imkanınız oldumu?

- Bir neçə oyunu izlədim. Amma Çempionlar Liqasındakı oyunçuları daha yaxşı tanıyıram, nəinki gəncləri. Onları bir neçə ildən sonra ulduz olanda tanıyacağam. Finalda İsveç Portuqaliya ilə oynadı, əvvəllər gördüyümüzdən fərqli olaraq, iki müxtəlif komanda qarşılaşdı və bu, yaxşı haldır.

- U-21 çempionatında Almaniyanın yarımfinalda Portuqaliyaya 0:5 hesabıyla məğlub olmasına təəccübləndinizmi?

- Almaniyanın DÇ-2014-ün yarımfinalında Braziliyaya 7:1 hesabıyla qalib gəlməsi təəccüblü idi. Futbolda hər şey mümkündür. Nəticənin gözlənilməz olması elə oyunun gözəlliyidir. Siz heç vaxt Almaniyanın Braziliyaya 7:1 hesabıyla qalib gələcəyini və ya U-21 Avropa çempionatında Portuqaliyaya 0:5 hesabıyla uduzacağını düşünə bilməzsiniz. Bax, bu amilə görə oyuna baxmağa gəlirik, buna görə danışılmış oyunlarla mübarizə aparırıq, çünki hamı bilir ki, bu, nəticəsi qabaqcadan müəyyənləşdirilmiş oyun deyil. Futbolda nəticəni qabaqcadan bilmək mümkün deyil. Yeganə oyundur ki, siz heç vaxt qabaqcadan kimin qalib gələcəyini bilə bilməzsiniz.

- Yarımfinalına Avropanın iki komandasının çıxdığı Qadınların dünya çempionatı-2015 barədə nə deyə bilərsiniz?

- Almaniya ilə Fransanın qarşılaşmasında gözəl oyun izlədim. Bir fransalı olaraq təəssüfləndim ki, almanlara uduzduq. Məğlubiyyətə layiq deyildik, amma çox maraqlı oyun oldu. Qadın futbolunda keyfiyyət kifayət qədər artıb və biz UEFA olaraq bu inkişafla bağlı işimizi davam etdiririk.

Qadın futbolunun problemi kişi futbolunda olduğu kimi maliyyə konteksti deyil. Qadınlar da kişi futbolunda olan yarışlar kimi yarışlar istəsələr də, ortada eyni pul olmayacaq. Bax, buna görə də biz təkcə qadın futbolunun inkişafında deyil, yarışların inkişafı məsələsində də yavaş-yavaş irəliləməliyik.

Məsələn, Premyer Liqa, A seriyası və ya La Liqa klublarının qadın komandaları ola bilər və onlar, məsələn, büdcələrinin 10 faizini qadın komandalarının inkişafına xərcləyə bilərlər. Bu daha asan olardı, amma bu ideyanın hər yerdə işləyəcəyinə əmin deyiləm.

- Qadın futbolunda peşəkarlığın tətbiqi mümkündürmü?

- Peşəkarlıq təkcə peşəkar olmağı istəməklə deyil, puldan asılıdır. UEFA üçün məsələnin çətinliyi ondan ibarətdir ki, bu, milli assosiasiyalar, liqalar, klubların işidir. Bu beynəlxalq deyil, daha çox milli mövzudur.

- Almaniyada U-21 Avropa çempionatı ilə müqayisədə qadınların dünya çempionatı daha çox televiziya tamaşaçısı toplayıb. Bu sizi təəccübləndirirmi?

- Xeyr. Almaniyada qadın futbolu sevilir. U-21 çempionatına gəlincə, gələcəkdə qəbul olunacaq bəzi qərarlar var. Çünki əgər sözügedən yarışda yaşı 21 olanlar, final vaxtı isə hətta yaşı 23-ə çatanlar oynayırsa, deməli, bu, yeniyetmələrin turniri deyil.

Bu, “aralıq” turniridir. Bəzi oyunçuların 23 yaşı var, amma mənim 23 yaşım olanda artıq Fransanın əsas komandasında 20 oyun keçirmişdim.

Çox əvvəllər oyunçuların inkişafı milli assosiasiyaların himayəsində idi və bu üzdən oyunçuların inkişafı üçün belə yarışlar keçirirdik.

O vaxt 17-18 yaşlı futbolçular, indiki 12-13 yaşlılar kimi, peşəkar klublarda deyildilər. Bu onu göstərir ki, hazırda gənc futbolçuların inkişafı müxtəlifdir. İndi 18 yaşlılar peşəkar futbolda 6 il çıxış edənlər kimidir. Mən 18 yaşım olanda peşəkar liqada çıxış etməyə başlamışdım.

Bu onu göstərir ki, böyük dəyişiklik baş verib. Ona görə də U-21 çempionatı kimi yarışlar indi mənə qəribə gəlir. Çox əvvəllər bu, oyunçuların inkişafı üçün normal turnir idi. Amma indiki dövrdə 23 yaşlı futbolçular inkişaf ediblər, çünki onlar “Barselona” və ya “Çelsi” və ya “Bavariya” kimi klublarda 12 yaşından çalışmağa başlayırlar. Bu müzakirə mövzusudur.

- Olimpiya oyunlarının futbol turniri barədə nə deyə bilərsiniz?

- Olimpiya turniri klublar üçün bəzi problemlər yaradır. Amma futbolçular özləri Olimpiya oyunlarında çıxış etməyi çox istəyirlər. Klublar da bilirlər ki, oyunçuları bir müddətlik azad etmək onlar üçün elə də çətin deyil.

- Sizə görə, müasir dövrün ən yaxşı oyunçuları kimdir?

- Təbii, Ronaldo və Messi.

- Avropanın 2014/15 mövsümündə ən yaxşı futbolçularının siyahısında “Barselona”nın bir neçə oyunçusu var. Pep Qvardiolanın “Barselona”sı ilə Luis Enrikenin “Barselona”sı arasında fərqi görürsünüzmü?

- Əlbəttə, böyük fərq var. Pepenin komandasında hücumçu kim idi? Onların Tokioda “Santos”a 4:0 hesabıyla qalib gəldikləri oyunu canlı izlədiyimi xatırlayıram, onların heyətində hücumçu yox idi. Messi və Fabreqas vardı və tam hərəkətlilik vardı. İndi onların irəlidə üç oyunçusu var: Messi, Neymar və Suarez. Bu tam fərqlidir.

“Barselona” ötən Çempionlar Liqasında necə qalib oldu? Əks hücumlarla. Onlar “Yuventus”u da əks hücumlarla məğlub etdilər. Halbuki bir neçə il əvvəl belə deyildi.

Bu onu göstərir ki, siz komandanızı öz oyunçularınıza uyğunlaşdırırsınız. Heyətinizdə Messi, Neymar və Suarez olanda bir cür, digər oyunçularla isə başqa cür oynayırsınız.

- Üstünlük verdikləriniz varmı?

- Xeyr. Mən oyunçuları izləməkdən zövq alıram. Kimisə seçmək jurnalist kimi sizin işinizdir, mənim yox. Daha milli komanda məşqçisi də deyiləm. Mən stadionda təhlükəsizliyə, hakimlərin səhv buraxıb-buraxmamasına, oyunçuların yaxşı oynamasına baxıram.

- Oyunçu kimi sizə Qvardiolanın, yoxsa Luis Enrikenin “Barselona”sı daha münasib olardı?

- Bu, fərqli məsələdir. Baxın, Messi əvvəl harada oynayırdı, indi harada oynayır. Bu, iki fərqli oyun üslübudur. İndi o, sağda oynayır, amma əvvəl yeni başlayanda solda oynayırdı, daha sonra isə mərkəzdə. Bəli, hazırda sağ cinahda çıxış edir, çünki oyunçular dəyişirlər və məşqçi səfeh deyil.

Məşqçi heç deyirmi: “Belə oynadıram komandanı, çünki belə istəyirəm”? Xeyr, çünki məşqçinin sərancamında olan oyunçulara uyğun da oyun olur.

Məsələn, “Yuventus” Çempionlar Liqasının finalında qalib gələ biləcəyini düşünməyə başlayanda artıq “Barselona” qələbə qazandı. Onlar italyanların oyunun sonunda oynadıqları kimi oynadılar və əks hücumlarla qalib gəldilər. “Yuventus” isə qalib gələ biləcəyini düşünməyə başlayanda məğlub oldu, çünki “Barselona”nın üç fantastik oyunçusu var və onlar istədikləri anda qol vura bilirlər.

- “Barselona”nın hücumu hazırkı dövrdə ən yaxşıdır?

- Hazırda bəli, çünki məhz onlar Çempionlar Liqasının qalibi olublar. Amma ötən il “Real”ın Ronaldo, Benzema və Beyl üçlüyü daha güclü idi. Hər oyunla hər şey dəyişə bilər.

- Sizcə, son 10 ildə futbolda sürət daha da artıbmı?

- Necə düşünürsünüz, Messi 10 il əvvəlkindən daha sürətlidir? Və ya Ronaldo 10 il əvvəlkindən daha sürətlidir? Düşünmürəm ki, oyunçular 10 və ya 20 il əvvəlkindən daha sürətlidirlər.

Oyun hakim tərəfindən daha çox qorunur, meydanın ətrafında toplar var, siz topu geriyə qapıçıya ötürmürsünüz və bunlar oyunu avtomatik olaraq daha intensiv edir.

Bu, oyunçularla bağlı məsələ deyil. Düşünmürəm ki, indiki oyunçular 30 il əvvəlkilərdən daha sürətlidirlər.

Ola bilər, oyunçular fiziki cəhətdən 20 il əvvəlkindən daha hazırlıqlıdırlar, amma top həmişə vacib amildir. Atam həmişə mənə deyərdi: “Mişel, nə qədər çalışsan da, top həmişə sürətdə səndən üstün olacaq”.

- Sizcə Ronaldo və Messi necə belə uzun müddətdir yüksək məhsuldarlıq nümayiş etdirə bilirlər?

- Ronaldo və Messi tamam fərqli, qeyri-adi oyunçulardır. Siz onlardan hansının daha yaxşı olduğunu müəyyənləşdirə bilməzsiniz. Futbol elə buna görə gözəl oyundur. Onlar özəl futolçulardır və komanda da məhz onlara oynayır.

Keçmişdə braziliyalı Ronaldo və digərləri də belə idi. Böyük komandalarda həmişə dahi oyunçular olur və dahi oyunçu ona görə dahi olur ki, əla komandada oynayır. “Ayaks” və Yohan Kruiff haqqında da eyni sözləri demək olar. Dahi futbolçi digərlərindən fərli oynayır, amma bunu bacarması üçün də yaxşı komandaya ehtiyacı var. Futbol kollektiv oyundur. 

- Bəs nə üçün əvvəllər Ronaldo və Messi kimi məhsuldar oyunçular olmurdu?

- 80-ci illərdə “Real”da oynamış Uqo Sançezi yada salın: ən yaxşı mövsümündə o, neçə qol vurub? 38. Onun ətrafında belə komanda yox idi. Çünki o vaxt “Real”ın büdcəsi indi Ronaldo və Benzemanın oynadığı dövrdəki kimi deyildi. Və ya “Barselona”nın büdcəsini deyək. İndi onların heyətində təkcə Messi yox, həmçinin Neymar və Suarez də var.

 - O vaxt transfer qaydaları da fərqli idi axı?

- Bosman qaydası sayəsində indi siz bütün yaxşı oyunçuları bir komandaya toplaya bilərsiniz. Əvvəllər İspaniyada “Real”, “Atletiko”, “Barselona”, “Valensiya”, çox komanda vardı və yaxşı oyunçular müxtəlif komandalarda idilər.

İndi az-çox yaxşı oyunçular bir-iki klubda cəmləşiblər. Futbol deyil, Bosman qaydası hər şeyi dəyişdi.

- Klub futbolunun yüksək səviyyədə olduğu bir vaxtda milli komanda futbolunun inkişafı çətindirmi?

- Biz milli komanda futbolunu Avropa çempionatının seçmə mərhələsi vasitəsilə inkişaf etdiririk və bu çox və çox vacib məsələdir, çünki azarkeşlər milli komandaları sevirlər.

Gələcəkdə ən yaxşı oyunçuların bir və ya iki klubda cəmləşməsinin qarşısını almaq çox önəmli olacaq. Bu, rəqabət üçün vacibdir. Əgər hamı bir komandadırsa, bu, yaxşı hal deyil.

Mən bütövlüklə klublarda öz yetirmələrinin çox olması ideyasını dəstəkləyirəm. Sentyabrda cənab Jan-Klod Junker və Avropa Komissiyası ilə bu məsələni müzakirə edəcəyik.

Ancaq ən yaxşı klubların bütün yaxşı oyunçulara sahib olması düz deyil. Hazırda böyük pulları olan böyük klublar var ki, hər kəsə sahib ola bilərlər. Biz təkcə iki-üç klub barədə deyil, bütün Avropanın futbolu barədə düşünməliyik. 

- Bu, maliyyə “Fair Play”inin nailiyyətlərindən biridir?

- Klublar məndən xahiş etmişdilər ki, nəsə edək. Çünki onların ümumi zərəri 1,7 milyard avroya çatmışdı və onlar bunu durdurmaq istəyirdilər. Biz buna əncam çəkməliydik və çəkdik də. Fikrimcə, bu prinsip çox yaxşı işləyir. Klub futbolunda maliyyə vəziyyətinin kifayət qədər yaxşılaşmasının şahidi olduq. Avropa klublarının ümumi zərəri 2011-ci ildə təxminən 1,7 milyard avro idisə, maliyyə “Fair Play”ı sayəsində 2014-cü ildə 400 milyon avroya düşdü. Ona görə bu uğurdur!

Əlbəttə, bir-iki klub bundan məyusdur, amma əvəzində minlərlə klub xoşbəxtdir.   

- İspaniya liqasının prezidenti üçüncü şəxslərin oyunçulara sahib olmalarına qoyulan qadağaya qarşı çıxır. Çünki kiçik klublar hesab edirlər ki, bu, onların “Real” və “Barselona” ilə rəqabət apara bilmələri üçün yeganə yoldur. Siz bu barədə nə düşünürsünüz?

- Üçüncü şəxslərin futbolçulara sahib olması dövrü başa çatıb, FIFA bunu qadağan edib. Özü də yaxşı ki, bu, qadağan olunub. Üçüncü şəxslərin sahibolması nəticəsində klubların pulları şəxslərə gedir, nəticədə klublar kasıblayır, şəxslər isə varlanır. Üçüncü şəxslər futboldan pul götürür və bu pullar bəzi ofşor şirkətlərə gedir. Bu zaman futbolçular öz talelərini özləri həll edə bilmirlər, çünki adi məhsul olurlar.

Cavan vaxtı mən də müqaviləsi bitəndən sonra istədiyi yerə getmək istəyən oyunçuya dəstək olaraq tətil etmişdim. Amma indi bəzən oyunçular onlarla bağlı qərar verən şirkətlərə məxsusdurlar. Mənim düşüncəmə görə, bu rüsvayçılıqdır. Biz bununla mübarizə aparmalıyıq. Düzdür, onlar məhkəməyə müraciət edə bilərlər. Amma bu, mənim üçün həm də mənəvi məsələdir. Əgər oyunçu hansısa “fond”a məxsus olursa, bu biabırçılıqdır.   

Üçüncü şəxslərin sahibolması yarışların düzgünlüyü üçün də problemdir. Bu, maraqlar konfliktinin meydana çıxması riskini yaradır. Fiziki şəxslər və ya şirkətlər müxtəlif klublarda müxtəlif oyunçulara məqsədyönlü şəkildə sahib ola, onlara nəzarət edə və nəticədə idman yarışının nəticəsinə təsir edə bilərlər. Həmçinin belə bir fikir ola bilər ki, idman nəticələri manipulyasiyaya meylli ola bilər. Əgər kənar sərmayəçilərin təkcə oyunçularla bağlı “iqtisadi hüquq”ları deyil, digər futbol klublarında maddi maraqları varsa, o zaman bu risk daha da artır.

Üçüncü şəxslər klubun çətin maliyyə vəziyyətindən yararlanaraq öz oyunçularını nəzarətə götürüb klubların transfer siyasətinə də təsir edə bilərlər.

Nəhayət, bu, futbolun nüfuzuna da ziyandır. İnsanların “iqtisadi hüquqları”nın aşkar alveri ilə məşğul olan şirkətlərə icazələrin verilməsində mənəvi və etik narahatlıqlar var. Son olaraq digər vacib bir məsələni də deyim ki, şəffaflığın yoxluğu çirkli pulların yuyulması və digər cinayətkar fəaliyyətin baş verməsi riskini də artırır.

Mən problemi başa düşürəm, çünki bu biznesdir. Transfer sistemi komandanı yaxşılaşdırmaq üçün istifadə olunmur, amma futboldan pul götürülür. Bax, buna görə də üçüncü şəxslərin sahibolması qalmaqaldır.

İnsanlar istədiklərini deyə bilərlər. Yüksək mənəviyyatın onlara dəxli yoxdur. Ola bilər, onlar məhkəməyə gedə bilər və orada hakim üçüncü şəxslərin sahibolmasına qırmızı və ya sarı vərəqə göstərməklə bağlı qərar verə bilər. Əminəm ki, futbolçuların həmkarlar ittifaqı olan FIFPro bu məsələdə mənimlə razıdır: onlar da üçüncü şəxslərin sahibolmasının həmişəlik qadağan edilməsinin tərəfdarıdır, çünki oyunçular məhsul deyil.

- Maliyyə “Fair Play”inin qanuni olduğuna əminsinizmi?

- Bəli. Dünyada hansı şirkət ildə 1,7 milyard avro zərərlə fəaliyyətinə davam edə bilər? Bir gün o partlayacaq. Futbolun həyat qanunlarından yüksəkdə fəaliyyət göstərməsinin vaxtı keçib. Başa çatıb.

Biz nəsə etməliydik, yoxsa partlayış ola bilərdi. Maliyyə “Fair Play”ini tətbiq edərkən klubları müdafiə edirik, futbolu müdafiə edirik, çünki nəsə dəyişiklik etmək lazım idi. Ziyan məsələsini həll etdikdən sonra, ola bilsin, sərmayələr məsələsini həll edə bilək. Amma bunu etmək mənim işim idi. Baxın, son illər neçə klub itirmişik.

- Klubların maliyyə cəhətdən təmin olunması oyunçuların danışılmış oyunlardan uzaqlaşmasına da səbəb olardı?

- Əlbəttə. Bu, etika məsələsidir. UEFA prezidenti kimi bu barədə düşünmək mənim işimdir.

Əgər yüksək mənəvi səviyyəniz varsa və etika sizin tərəfinəzdədirsə, bu həmişə yaxşıdır. Həm də həmişə yaxşı olardı ki, insan güzgüdə özünə baxsın. Mən əqidəli insanam, həmişə də öz əqidəmi müdafiə edib və onun uğrunda mübarizə aparacağam. Siyasət üçün yox. Çünki mən etdiklərimi düşünürəm və düşündüklərimi edirəm.

- Bəzi ölkələr öz maliyyə “Fair Play”i qaydalarını tətbiq etməyə başlayıblar və İspaniyada vergiləri ödəməyən klubların aşağı diviziona göndərildiyini görürük. Bu barədə fikriniz?

- Bəzi ölkələrin öz maliyyə “Fair Play”i qaydalarını tətbiq etməyə başlamaları yaxşı xəbərdir. İngiltərə bunu edib, İspaniya da həmçinin. Bu onu göstərir ki, biz düz etmişik və hərəkət etmək vacib idi. Klublar öz oyunçularına maaşlarını ödəməli, həmçinin vergiləri də ödəməlidirlər. Bu, mütləqdir və sağlam fikirdir.

- Sonuncu sual İspaniya barədədir. Orada Anxel Maria Villar 27 ildir ki, ölkə futbol federasiyasının prezidentidir. Belə uzun müddət vəzifədə qalmaq yaxşı haldırmı?

- O seçilib, elə deyilmi? İnsanlar onu seçir və ona güvənirlər, bunu etiraf etməlisiniz. İspaniya bir dəfə dünya, iki dəfə də Avropa çempionluğunu qazanıb, “Real” və “Barselona” da qitə yarışlarının qalibi olublar, yəni İspaniyada futbol yüksək səviyyədədir.

Anxel futbol adamıdır. Mən heç vaxt 27 il vəzifədə qalmazdım, amma o seçilir. O, gənc prezident idi. O, futbolçu olub və mən ona qarşı oynamışam. Bəli, mən belə uzun müddət qalmazdım, amma bu məsələdə limit yoxdur.

Əgər insanlar narazıdılarsa, onda ona səs verməyəcəklər. Bu demokratiyadır. Amma fikrimcə, son illərdə İspaniya milli komandalarının nəticələri çox yaxşıdır.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30