28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Arif Əsədov: “Qarabağ”la həlledici oyun finalda olacaq”

“Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq komandanın növbəti oyuna hazırlığı ilə bağlı danışardınız.

- Son oyunlarımızı sıx qrafiklə keçirdik. Bu baxımdan mövsümün sonuna yaxın müəyyən yorğunluq ola bilər. Bundan sonra həftədə bir oyun keçirəcəyik və bərpa üçün yetərincə vaxtımız olacaq. Komanda gündə bir dəfə məşq edir. Flavinyo, Məqsəd İsayev və Denis Silva zədə səbəbindən fərdi şəkildə hazırlaşırlar. “Sumqayıt”la oyunda cəzalı Karlos Kardosonun da xidmətindən yararlana bilməyəcəyik.

- Yeri gəlmişkən, “Qarabağ”la oyun və Kardosonun cəzalandırılması ilə bağlı fikirlərinizi bilmək istərdik.

- “Qarabağ”la oyun doğrudan da maraqlı alındı. Azarkeşlər gözəl matça şahidlik etdilər. Hər iki komanda baxımlı futbol sərgilədi. Taktiki cəhətdən isə tam bərabər oyun gedirdi. Ancaq bu, futboldur və rəqib bizim səhvlərimizdən məharətlə istifadə etdi. “Qarabağ”la həlledici oyun isə təbii ki, finalda olacaq. Kardosonun cəzasına gəldikdə, “Simurq” klubu ilə oyunda aldığı qırmızı vərəqə səbəbindən ona 2-si şərti olmaqla 3 oyunluq cəza verilmişdi. Son matçda meydandan kənarlaşdırılması onun şərti cəzalarını bir növ qüvvəyə mindirdi. Düşünürəm ki, bu, sırf oyun epizodu idi. Kardosonun yoxluğu bizim üçün ciddi itkidir. Digər tərəfdən isə, bu, gənc futbolçuların oynaması üçün şansın yaranması deməkdir. Son qarşılaşmalarda Rahil Məmmədov və Elşən Abdullayevə daha çox şans verməyə çalışırıq. Bu onların oyun təcrübəsi qazanması baxımından əhəmiyyətlidir.

- Klubun təşəbbüsü ilə milli komandanın baş məşqçisi Robert Prosineçki ilə görüş baş tutdu. Görüşdə nələr müzakirə olundu?

- Son zamanlar “Neftçi”dən milli komandaya futbolçuların çağırılmaması mətbuatda və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Robert Prosineçki böyük təcrübəyə malik futbol mütəxəssisidir. Onun “Neftçi”nin futbolçuları ilə bağlı fikirləri baş məşqçi olaraq mənim üçün çox önəmlidir. Görüşdə qarşılıqlı fikir mübadiləsi apardıq. Söhbət əsnasında Robert Prosineçki “Neftçi”ni hər zaman yaxından izlədiyini və burada milli komandaya namizəd futbolçuların olduğunu dedi. Yəni burada heç bir qərəzdən söhbət gedə bilməz. Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, futbolçularımız öz üzərində daha çox çalışaraq ən yaxşı formalarını bərpa etsinlər. Milli komandanın qapısı bütün futbolçulara açıqdır və bu şərəfli formanı geyinmək hər kəsin özündən asılıdır. Əgər futbolçu öz klubunun əsas heyətində stabil oyun göstərirsə, o zaman milli komandaya çağırılmaq şansı da artır. Hətta xorvatiyalı məşqçi futbolçularımızdan bir neçəsinin adını da çəkdi. Dediyim kimi, burada əsas məsuliyyət və yük futbolçuların öz üzərinə düşür, amma biz də məşqçilər korpusu olaraq onlardan öz köməyimizi əsirgəməyəcəyik.

- “Qarabağ”la final oyununun Qəbələdə keçirilməsinə münasibətiniz necədir?

- Bizim üçün hansı meydanda oynayacağımızın fərqi yoxdur. Təkcə stadionun tutumunun az olmasında və azarkeşlərimizin Qəbələyə yollanmasında müəyyən çətinliklər ola bilər. “Neftçi” və “Qarabağ” komandaları arasında keçirilmiş son oyuna azarkeş marağını hər kəs gördü. Finalda isə azarkeş bundan da çox olacaq. Final matçının Qəbələdə keçirilməsi qərarına hörmətlə yanaşırıq. Təki “Neftçi” hər zaman finala çıxsın, biz “Qarabağ”la Ağdamda da oynamağa hazırıq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31