19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

İnkişafa xidmət edən dövlət proqramları

2018-ci il ölkəmiz üçün iqtisadi sahədə misilsiz uğurlarla yadda qaldı. Çünki 2016-cı ildən başlanan yeni iqtisadi islahatların müsbət nəticələri özünü xüsusən ötən daha geniş miqyasda göstərdi. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, qeyri-neft sektorunun inkişafını sürətləndirən islahatlar iqtisadiyyatında mühüm nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etdi.

Prezident İlham Əliyevin iqtisadi siyasətinin ən mühüm istiqamətlərindən biri ölkənin kompleks və eləcə də regional baxımdan tarazlı inkişafın təmin edilməsindən ibarətdir. Çünki məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Hələ 2003-cü ildə xalqın etimadını qazanaraq ölkə Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurların miqyasını daha da genişləndirmək, bütün regionların sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək idi. Aydındır ki, iqtisadiyyatın regional baxımdan inkişafının zəifliyi ölkədə ümumən sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi təsir göstərir, əhalinin iş dalınca ölkə paytaxtına axınını sürətləndirirdi. Qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun tərəqqisini, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək, bir sözlə, kompleks inkişafa nail olmaq lazım idi. 

Bu baxımdan hələ 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramının qəbul edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı. İlk növbədə, bölgələrin iqtisadi inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi əsas vəzifələr idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri də qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı və onlara dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi Proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət daşıyırdı.

Zaman göstərdi ki, cənab İlham Əliyev bu dövlət proqramını təsdiq etməklə çox böyük uzaqgörənlik etmişdir. Çünki proqramın icrası nəticəsində Azərbaycanın bütün iqtisadi potensialı tam hərəkətə gətirildi, dinamik iqtisadi inkişaf təmin edildi. Ölkəmiz sənaye istehsalının və ümumdaxili məhsulun artım tempinə, o cümlədən yaradılan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövləti kimi imicini möhkəmləndirdi. Mövcud iqtisadi  potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatınn keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük uzaqgörənliklə nail olan Prezident İlham Əliyev bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, görmək istədiklərini reallaşdırdı.

Məlum olduğu kimi, 1993-cü ildən Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət müstəqilliyin ilk günlərindən başlayaraq ölkədə baş alıb gedən siyasi böhranla yanaşı,  iqtisadi böhranın da aradan qaldırılmasına, Azərbaycanın demokratik dövlət quruculuğu və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açdı. Ölkədə aparılan ardıcıl iqtisadi islahatlar ötən əsrin 90-cı illərinin birinci yarısında iqtisadiyyatda mövcud geriləməni dayandırdı və və yeni inkişaf mərhələsinə keçidi təmin etdi. Heydər Əliyevin iqtisadi siyasəti çox qısa bir zaman ərzində iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb oldu. İnflyasiyanın qarşısı alındı, büdcə kəsiri ümumi daxili məhsulun ən aşağı faizi səviyyəsinə endirildi. 1996-cı ildən makroiqtisadi sabitliyə nail olundu, 1997-ci ildən isə dinamik iqtisadi inkişaf təmin edildi. Ardıcıl və sistemli iqtisadi islahatlar nəticəsində, o cumlədən dövlət mülkiyyətinin özəlləşdirilməsi və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması yolu ilə iqtisadiyyatın inkişafı və əhalinin güzəranını yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edildi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və MDB məkanında ən uğurlu olması ilə fərqlənən torpaq islahatı nəticəsində torpaq sahələri əvəzsiz olaraq kəndliyə paylandı. 1995-ci ildən 2003-cü ilə kimi sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ümumi daxil məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi 30 faizdən 73 faizə çatmış, ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi təmin edilmiş, bu müddətdə orta aylıq əmək haqqı və pensiyanın məbləği isə 6 dəfədən də çox artmışdı.

Prezident İlham Əliyevin təsdiqlədiyi ilk dövlət proqramı isə ulu öndərin iqtisadi inkişafda qarşıya qoyduğu hədəflərin sonrakı illərdə də uğurla dəf olunmasını təmin etdi. Birinci proqramın icra edildiyi müddətdə ölkənin bütün  regionlarını əhatə etməklə 20 mindən artıq yeni müəssisə yaradıldı. ÜDM-nin real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatdı. ÜDM-in adambaşına düşən nominal həcmi isə 5 dəfə artaraq 4440 manat təşkil etdi. Bu dövrdə qeyri-neft sektoru 1,8 dəfə artdı. Sənayedə 2,5, kənd təsərrüfatında isə 25,2 faiz  artım qeydə alındı. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri də 4 dəfə artdı. Bu müddətdə ölkə üzrə 750 mindən artıq yeni iş yeri açıldı ki, bu da Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi vədin reallaşması idi. Yeni iş yerləri öz növbəsində yoxsulluğun səviyyəsinin azalmasında mühüm rol oynadı. 2003-cü ildə ölkə əhalisinin təxminən 44,7 faizi yoxsulluq şəraitində yaşayırdısa, artıq 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunurdu. Xatırladaq ki, həmin dövrdə Prezident İlham Əliyev şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalamışdı.

2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı ölkənin sosial-iqtisadi nailiyyətlərini daha da artırdı. Artıq cənab İlham Əliyevin prezidentliyinin 10-cu ilində Azərbaycanda qeyri-neft sektoru 2,6 dəfə artdı, valyuta ehtiyatlarımız çoxaldı. xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə çoxaldı. Bu illərdə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artdı. Yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşdü. Bu dövrdə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açıldı, 55,6 min yeni müəssisə yaradıldı.

Regionların sosial-iqtisadi inkişına dair 2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramı da vaxtında və uğurla icra edildi. Proqramın yekunu ilə yanvarın 29-da keçirilən konfrans isə əslində son 15 ilin inkişaf salnaməsinin təqdimatı idi. Prezident İlham Əliyevin tədbirdə qeyd etdiyi kimi regionların sosial-iqtisadi inkişafına dair hər üç dövlət proqramı artıqlaması ilə yerinə yetirildi, qarşıya qoyulan bütün vəzifələr icra olundu.  Beləliklə, üçüncü dövlət proqramı da daxil olmaqla əldə olunan uğurlar ötən 15 ilin uğur hesabatıdır, milli yüksəliş tarixidir. Bunu ötən 15 illə bağlı statistika da təşkil edir. Beləliklə, son 15 ildə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə, sənaye potensialı 2,6 dəfə artıb. Valyuta ehtiyatları 24 dəfə artaraq hazırda 45 milyard dollar təşkil edir. Bu illərdə ölkəyə ümumilikdə 250 milyard dollar sərmayə qoyulub, 100 mindən çox müəssisə yaradılıb, 15 min kilometr avtomobil yolu çəkilib. Əlbəttə, əldə olunan uğurlar sosial sahəyə də mühüm təsir edib. Belə ki, ötən 15 ildə - maaşlar 7, pensiyalar 9 dəfə artıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb.

Bütün bunlan təsdiq edir ki, ötən 15 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub. Onu da qeyd edək ki Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri və bu səfərlərin nəticəsi olaraq imzaladığı sərəncamlar dövlət proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verdi.

Bu illərdə respublikamız üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Bunun da əsas səbəblərindən biri məhz dövlət proqramlarının icrası nəticəsində yaradılmış iqtisadi potensialdır. Beynəlxalq iqdisadi geriləmənin yaşandığı və sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrasının yekunlarına həsr olunan konfransda qarşıda duran prioritetləri də elan etdi. Azərbaycan hakimiyyətinin məqsədi son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir. Ona görə qarşıda duran vəzifələr iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişafın nail olmaq, ixrac və rəqabət imkanlarını və ölkəyə turist axınını genişləndirməkdir. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi əldə edilmiş uğurlar biri arxayınlaşdırmamalıdır.

Artıq Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib. Bununla bağlı fərmandan göründüyü kimi regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi qarşıdakı illərdə dövlət proqramının əsas hədəfləri olacaq.

Əminliklə qeyd etmək olar ki, ölkədə formalaşmış əlverişli iqtisadi mühit, həyata keçirilən iqtisadi siyasət növbəti dövlət proqramının da uğurla həyata keçirilməsini təmin edəcək.

İbrahim CƏFƏROV 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30