28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Vüqar Həşimovun xatirə turnirinin açılış mərasimi keçirilib

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirinin açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Heydər Əliyev Mərkəzində 6-cı dəfə təşkil olunmuş yarışın açılış mərasimində əvvəlcə V.Həşimova həsr olunmuş videosüjet nümayiş etdirilib. Rayonun icra başçısı Alimpaşa Məmmədov bildirib ki, ildən-ilə bu tədbirin yüksək səviyyədə təşkili dünya şahmat ictimaiyyətinin marağına səbəb olub. O, superturnirin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə SOCAR-a minnətdarlıq edib. İcra başçısı Şəmkirin dünya şahmatının Linaresinə çevrildiyini vurğulayıb. Sonda A.Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov məşhur şahmatçıların "Shamkir Chess"ə qatılmasını Azərbaycanda idmana, xüsusən şahmata verilən dəstəyin nümunəsi adlandırıb: "Çox şadıq ki, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmişik. Ölkədə hələ Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə 70-dək şahmat məktəbi tikilib. Ümidvaram ki, bu turnir ölkədə xüsusən uşaqların şahmata cəlb olunmasına böyük dəstək olacaq. Yarışa dəstək olan bütün qurumlara minnətdarlığımı bildirirəm. Şahmatçılara isə uğurlar arzulayıram".

Vüqar Həşimovun atası Qasım Həşimov artıq bu superturnirin ənənəvi təşkili üçün heç bir tərəddüdlərin qalmadığını vurğulayıb. O, belə səviyyəli yarışın keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Q.Həşimov bunu Azərbaycan xalqının öz oğluna sahib çıxmasının bariz nümunəsi adlandırıb və bütün təşkilatçılara təşəkkürünü çatdırıb: "Vüqar haqda qısa filmə baxandan və burada toplaşanları görəndən sonra mənə danışmaq çətin olur. Burada dünyanın ən məşhur şahmatçılarının iştirakı oğlumun dünyada qazandığı hörmətin göstəricisidir. Demirəm ki, bu turnir ənənəvi olsun. Çünki artıq ənənəvidir".

"Shamkir Chess"in Təşkilat Komitəsinin sədri, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yenə turnirdə ən güclü şahmatçıların qatıldığını diqqətə çatdırıb və bunu sevindirici hal adlandırıb: "Azərbaycanda şahmata münasibət tam fərqlidir. Dövlət proqramının qəbulu uğurlarımıza təsirsiz ötüşmədi. Kişilərdən ibarət yığmamız 3 dəfə Avropa çempionu oldu. Buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdaram".

M.Məmmədov turnirdə FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin də iştirakının gözlənildiyini bildirib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov "Shamkir Chess"də hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi bu il də yarışın maraqlı keçəcəyini vurğulayıb. O, dünya çempionu Maqnus Karlsenin ən yüksək reytinq xalını məhz "Shamkir Chess"də topladığını açıqlayıb. Daha sonra yarışın püşkü atılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Synergy Group-un tərəfdaşlığıyla keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, "Shamkir Chess"in üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı Dinq Liren (Çin, 2812, FİDE reytinqində 3-cü yer), Hollandiya şahmatının lideri Aniş Giri (2797, FİDE reytinqində 4-cü yer), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (Rusiya, 2771), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739) iştirak edəcək.

Azərbaycanı Vüqar Həşimov Memorialında Shamkir Chess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcək.

XXII kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsendir. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2845 xalla 1-ci pillədə qərarlaşıb. Turnirə aprelin 9-da yekun vurulacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31