28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Sahib Ələkbərov: “Dünya çempionatına gələnlər xərclərini özləri ödəyəcəklər”

İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov və dünya çempionatının yarış direktoru Teodor Fişer iştirak edib.

S.Ələkbərov qeyd edib ki, dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizin daha da tanıdılması və idmanın inkişafı baxımından olduqca önəmlidir: “Yarışda dünyanın 47 ölkəsindən 1500-dən çox idmançı iştirak edəcək. Bakıda beynəxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Bu, yalnız mənim deyil, dünyanın ən tanınmış idmançı və mütəxəssislərinin fikirləridir”.

AzVİF-in 1-ci vitse-prezidentinin sözlərinə görə, Azərbaycana dünya çempionatının keçirilməsinin həvalə olunması əsasən ölkəmizdə yaradılmış idman infrastrukturu və beynəlxalq idman tədbirlərinin təşkilində respublikamızın böyük təcrübəsi ilə bağlıdır: “2015-ci ildə birinci Avropa Oyunlarında iştirak edən beynəlxalq və Avropa Velosipedçilər İttifaqlarının rəhbərləri burada yaradılmış bazanı, dövlətin və şəxsən Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını gördülər və 2018-ci ildə BMX üzrə dünya çempionatının Bakıda keçirilməsi barədə təşəbbüslə çıxış etdilər. Dövlətimizin başçısı bu təşəbbüsü dəstəklədi, bundan sonra hazırlıq işlərinə başlanıldı. 2017-ci il noyabrın 15-də Prezident İlham Əliyev yarışın keçirilməsi ilə bağlı Sərəncam imzaladı və Təşkilat Komitəsi yaradıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi və aparıcı nazirliklərin, eləcə də aidiyyəti dövlət qurumlarının və idman təşkilatlarının nümayəndələrinin daxil edildiyi bu Komitənin köməyi və dəstəyi ilə çempionata hazırlıq işləri demək olar ki yekunlaşıb”.

S.Ələkbərov vurğulayıb ki, BMX Trekinin yerləşdiyi Veloparkın öz tarixçəsi var: “Stadionun inşa olunduğu Velopark Bakının üç əsas girişindən biri olan cənub-qərb girişində yerləşir. İndi çoxları bunu bilmir, əvvəllər bu ərazilərdə daş karxanaları olub. Stadionun yeri isə ən aşağı hissədə olduğundan ətraf dağlardan gələn yağış və qrunt suları burada toplanır və yay ayları istisna olmaqla bu ərazi həmişə bataqlıq olurdu. Külək əsəndə isə toz-duman qalxır və xoşagəlməz bir mənzərə yaranırdı. Azərbaycanın hər bir guşəsinin, xüsusilə də paytaxt Bakının abadlaşdırılması üçün misilsiz işlər görmüş Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərində bu ərazidə park salınması barədə qərar verdi. Qanlı göldən bura su çəkildi, Badamdar tərəfdəki yüksəklikdə böyük su çənləri qoyuldu, oradan da su öz axarı ilə borular vasitəsilə aşağı hissəyə yönləndirilərək suvarma üçün istifadə edildi. Onu da vurğulamaq istərdim ki, bu işlər dövlət vəsaiti ayrılmadan iməcilik yolu ilə həyata keçirilirdi və Ulu Öndər Heydər Əliyevin özü də bu iməcliklərdə şəxsən iştirak edərək nümunə göstərirdi. 50 il əvvəl Ümummilli Lider Heydər Əliyevin öz əlləri ilə əkdiyi şam və zeytun ağacları bu gün də ərazidə qalmaqdadır. Həmin ağacların yanındakı, üstündə kiril əlifbası ilə onun kim tərəfindən əkildiyini göstərən lövhələri biz bu gün də qoruyub saxlayırıq. Lakin çox təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində bu park baxımsız qaldı, ağaclar suvarılmadığından onların çoxu qurudu. Ərazi ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunaraq hasarlandı, burada evlər tikilməyə başlandı. 2005-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əraziyə gələrək buradakı qanunsuz tikililərin ləğv olunması barədə göstəriş verdi və yalnız bundan sonra həmin ərazidəki qanunsuzluqların qarşısı alındı. 2013-cü ildə biz bu ərazinin baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim olunması xahişi ilə ölkə başçısına müraciət etdik və o bizi dəstəklədi. Ötən 5 il ərzində federasiyanın təşkilatçılığı ilə burada gözəl bir Velopark yaradılıb. Velosiped yolları salınıb, parkda 100 mindən çox ağac və gül kolu əkilib, əraziyə su çəkilib, damcı üsulu ilə suvarma və drenaj sistemləri qurulub. Fürsətdən istifadə edərək, mən bizə bu imkanı yaratmış dövlətimizin başçısına və bu işdə bizə yardımçı olanların hamısına öz minnətdarlığımı bildirirəm”.

AzVİF-in birinci vitse-prezidenti bidirib ki, dünya çempionatına gələn idmançı və nümayəndə heyətləri xərclərini özləri ödəyəcəklər. Azərbaycan isə stadionunun yenidən abadlaşdırılması, yarışın təşkili ilə bağlı çadırların qurulması xərclərini və Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) üzvlük haqqını ödəyir.

S.Ələkbərovun sözlərinə görə, dünya çempionatına bilet satışı yüksək tempdə davam edir: “Onlardan 260-dan çoxu 5-günlük biletlərdir. Bu yarışlarda biletləri adətən yerində alırlar. Bilet satışı ilə www.iticket.az saytı məşğul olur. Stadionun ətrafında bilet satış nöqtəsi yaratmışıq. Azarkeşlər biletləri həm internet vasitəsi ilə, həm də yerində əldə edə bilərlər. Stadionda azarkeşlər üçün 3500 oturacaq quraşdırılıb. Beşgülük biletləri də nəzərə alsaq, artıq 2500-dək bilet satılıb”.

Dünya çempionatının yarış direktoru Teodor Fişer isə yarışın yüksək səviyyədə təşkilinə görə, Təşkilat Komitəsinə minnətdarlığını bildirib: “Azərbaycan dünya çempionatını yüksək səviyyədə təşkil edir. Bu, həm Azərbaycanın, həm də idmanın təbliğinə müsbət təsir edəcək. Təşkilat Komitəsi çox böyük iş görüb. Sabahdan məşqlər başlayır. İyunun 5-də isə yarış başlayacaq və idmançılar medallar uğunda mübarizə aparacaqlar. Ayın 5-dən dünya çempionatı birbaşa canlı efirdə yayımlanacaq. İnanıram ki, Bakıda dünyanın ən yaxşı çempionatlarından biri keçiriləcək”.

O qeyd edib ki, hava proqnozuna görə yarış müddətində güclü yağış gözlənilmir. Ancaq güclü külək olacağı təqdirdə yarışda qısa fasilə yarana bilər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31