26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Sadıq Sadıqov: “Kim istəməz ki, o pulu qazansın” (MÜSAHİBƏ)

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun Futbolxeber.az saytına müsahibəsi

- IV İslam Həmrəyliyi Oyunlarının ilk günündə cüdoçularımız 4 qızıl, 5 gümüş medal qazandılar. Bu nəticəni necə dəyərləndirərdiz?

- İlk gün cüdoçularımız üçün çox uğurlu oldu. Cüdo İslam dövlətlərində inkişaf etmiş idman növlərindən biridir. Burada zəif rəqib yoxdur. Hər bir ölkənin heyətində güclü idmançılar yer alırdı. Sevindirici haldır ki, ilk gündə 9 idmançımız finala yüksəldi. Arzu edərdik ki, onların hamısı qələbə qazansın. Amma bu, mümkün deyildi. Çünki 2 finalda hər iki iştirakçı azərbaycanlı idi. Yekunda günü 4 qızıl və 5 gümüş medalla başa vurduq. Bu nəticədən tam razıyıq.

- Ən çox maraq doğuran son Avropa çempionu Hidayət Heydərovla Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov arasındakı final idi. Hidayətin qələbəsi sizi təəccübləndirmədi?

- Xeyr. Çünki Hidayət birinci dəfə deyil ki, Rüstəmi məğlub edir. Rüstəm artıq düşünməli, öz üzərində işləməlidir. Hidayət gəncdir, enerjisi çoxdur. Xoş haldır ki, bu çəkidə 2 güclü təmsilçimiz var və onlar dünya reytinqində “ilk 5-lik”də qərarlaşıblar.

- Qızların çıxışı barədə nə deyə bilərsiz?

- Daha əvvəl qız cüdoçularımız harada gediblərsə, uduzublar, ippona düşüblər. Lakin bu dəfə hər şey fərqli oldu. Kifayət bu yaşda gümüş medal qazandı. Nəzakətin necə mübarizə apardığını gördünüz. Ayşən də finala qədər yüksəldi.

- Milliləşdirilən cüdoçuların nəticəsi sizi qane etdi?

- Erdenabat finalda elə Ayşəni məğlub etdi. Legionleri yığmaya cəlb etməkdə məqsədimiz yerli qız idmançıları inkişaf etdirməkdir. İstəyirik ki, onlar arasında rəqabət artsın, stimul olsun. Legionerlərimiz çox gəncdirlər. 18,19 və 21 yaşındadırlar. Onların necə çıxış edəcəklərini zaman göstərəcək. Bacarsalar, niyə də Tokio olimpiadasına yollanmasınlar?

- Dövlət başçısı İlham Əliyev İslam Oyunlarında qalib gələcək idmançılar üçün xüsusi mükafat ayırıb. Açıqlanan məbləği cüdoçularımız üçün əlavə stimul saymaq mümkündür?

- Təbii ki. Allah prezidentimizdən razı osun. Mükafatın məbləği çox böyükdür. Kim istəməz ki, o pulu qazansın.

- Cüdo federasiyası qalib idmançılar üçün əlavə  mükafat ayıracaq?

- Yəqin ki, biz də ucundan-qulağından nəsə verərik (gülür).

- Ölkə prezidenti cüdo yarışlarını canlı izlədi, idmançıları mükafatlandırdı.

- Ölkə prezidentinin gəlişi, 2 saata yaxın yarışları izləməsi bizim üçün şərəfdir. Bu bir daha idmana dövlət qayğısını, diqqətini göstərir. Cənab prezident cüdodan sonra karate yarışlarına yollandı. Orda da Rafael Ağayevi mükafatlandırdı. Dövlət başçısının idmançılara və idmana göstərdiyi diqqət hər birimizin məsuliyyətini daha da artır.

- Sabah (bu gün-red.) cüdoçularımızdan hansı nəticələri gözləyirsiz?

- Daha 4 cüdoçumuz yarışacaq ki, onlara da ümidlərimiz böyükdür. İstərdik ki, yenə də finalda 2 idmançımızın duelinə tamaşa edək. Elxan Məmmədov və Elmar Qasımov eyni çəkidə yarışırlar. Onların finala qədər irəliləyəcəklərini düşünürəm. Yarışların son gün isə komandalararası mübarizəyə şahidlik edəcəyik. İnanıram ki, həmin yarışda da idmançılarımız bizi sevindirəcəklər. Son Avropa çempionatında mexaniki səhv ucbatından bürünc medalımızı itirdik. Bunda özümüzün və idmançımızın günahı oldu. Həmin səhvin acığını indi çıxmalıyıq.

- Bir neçə dəfə müsahibələrinizdə “Cüdo futboldan daha ağırdır” demisiz. Bu gün yarışları ölkə rəhbərliyi də izləyirdi. Federasiya prezidenti Rövnəq Abdullayev olmadığından əsas məsuliyyət sizin üzərinizdə idi...

- Rövnəq Abdullayev bu gün yanımızda olmasa da, diqqəti, qayğısı üzərimizdədir. Bəlkə 300 dəfə zəng vurub. Yarışdan bir gün öncə idmançılarla görüşəndə də Rövnəq müəllimin ürək sözlərini cüdoçularımıza çatdırdım. Bu, onları daha da motivasiya etdi, həvəsləndirdi ki, ikiqat gücləri ilə yarışdılar.  Biz bir komandayıq və əlbəttə ki, federasiyamızın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə bütün işimizə məsuliyyətlə yanaşırıq. Ağır olsa da, qazanılan nəticələr bütün çətinlikləri unutdurur. Cüdoda qazandığımız bütün bu qələbələr hörmətli prezidentimiz İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğının nəticəsidir. Biz də daima çalışacağıq ki, işimizlə onun göstərdiyi bu etimadı doğruldaq. 

Söhbətləşdi: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30