29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Avropa ikincisi olan güləşçilərimiz vətənə qayıtdı

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatında uğurla çıxış edərək 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz ötən gün vətənə qayıdıblar. Futbolxeber.az-ın məlumatına görə, milli komandamızın Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilib. 
 
Giorgi Edişeraşvili bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Murad Süleymanov,  Aleksandr Qostiyev  və  Cəmaləddin Məhəmmədov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Komandamızın digər üzvü Ruslan Dibirhacıyev isə çempionatı 3-cü yerdə başa vurub. 
 
Qarşılanma mərasimində yığmanın məşqçiləri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.
 
Firdovsi Umudov, milli komandanın baş məşqçisi: “Bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Sərbəst güləş üzrə yığma komanda Avropa çempionatına ikinci heyətlə qatılmışdı. Buna baxmayaraq, güləşçilərimizin çıxışından razı qaldım. Onlar sona qədər mübarizə apardılar və uğurlu nəticələr qazandılar. Hazırlıqlar yüksək səviyyədə keçmişdi, Avropa çempionatında qazanılan medallar düzgün yolda olduğumuzu göstərdi. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. İdmançılarımızın bu uğurlu nəticələri İslamiadaya hazırlaşan güləşçilərimiz üçün də əlavə stimul, motivasiya olacaq. Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Federasiya rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunan bu mötəbər yarışda da xalqımızı sevindirək, dövlətimizin bizə etimadını doğruldaq”.
 
Arif Abdullayev, məşqçi: “Avropa çempionatına 8 güləşçiylə yollanmışdıq. Ümumilikdə 5 medal qazandıq. Hər halda, gərgin təlim-məşq toplanışları keçmişdik, bu da bəhrəsini verdi. Bizə yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Bu mötəbər yarışda da bütün idmançılarımıza uğurlar arzulayıram”.
 
Giorgi Edişeraşvili, Avropa çempionu: “Çox şadam. Avropa çempionatına yollananda məqsədim məhz qızıl medal idi. Şükürlər olsun ki, bunu bacardım. Bu qələbədə əməyi olan hər kəsə, bizi dəstəkləyən güləşsevərlərə təşəkkürümü bildirirəm. Asan olmadı, ancaq yaxşı hazırlıq keçmişdik. Bu da turnirdə özünü göstərdi”.
 
Murad Süleymanov, gümüş mükafatçı: “Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Çox çətin rəqiblər var idi. Finalda türkiyəli idmançıya uduzdum və gümüş medalla kifayətləndim. Ümumən 5 medal qazandıq. Qızıl da oldu, gümüş də, bürünc də. Komanda yoldaşlarım da çox yaxşı çıxış etdi. Çalışacağıq ki, növbəti yarışlarda da uğurlu nəticələr göstərək”.
 
Xatırladaq ki, sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olublar. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31