18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Gələcəkdə də şahmat yarışlarının təşkilindən kənarda qalmayacağıq”

“Olimpiadanın ekvatoruna çatmışıq. Sabah olimpiadada istirahət günüdür. Əsl mübarizə də bundan sonra başlayacaq. Ümidvaram ki, yarışın gedişatı şahmatsevərləri və media nümayəndələrini qane edir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin sədri Mahir Məmmədov deyib.

Mahir Məmmədov Kristal Zalın media mərkəzində bu gün yerli və əcnəbi jurnalistlər üçün mətbuat konfransı keçirib.

O, olimpiadanın hazırlıq prosesinin gərgin keçdiyini bildirib: “Olimpiadanı keçirmək hüququ qazananda qarşımıza məqsəd qoymuşduq ki, yarışı ən yaxşı şəkildə keçirək. Məqsədimiz olimpiadanı şahmat bayramına çevirmək idi. Hazırlıq prosesi gərgin alındı. Bakı Şahmat Olimpiadasının digərlərindən nə dərəcədə seçildiyini demək təvazökarlıqdan uzaq olar. Olimpiada başa çatdıqdan sonra işimizə qiymət veriləcək. Çalışırıq ki, olimpiadanın hər bir iştirakçısı üçün gözəl şərait yaradaq”.

Mahir Məmmədov Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri olduğu üçün şahmatçılarımızın çıxışını yaxından izləyə bilmədiyini bildirib: “Əminliklə deyə bilmərəm ki, hansısa şahmatçının çıxışını diqqətlə izləyirəm. Ümumi olaraq komandaların əhval-ruhiyyələrinə baxıram, debütlər, kombinasiyalar haqda çox səthi məlumatım var. Kişilərdən ibarət əsas millimizin liderlər arasında olması, qadınların cəmi 1 xal itirməsi sevindirici haldır. İnanıram ki, şahmatçılarımız istirahət gününə xoş əhval ruhiyyədə yollanacaqlar”.

Məmmədov olimpiadanın gedişi zamanı ortaya çıxan problemlərdən də söz açıb: “Çalışırıq ki, hansısa problem çıxanda yerindəcə həll edək. Əlbəttə, nə qədər yarışa diqqətlə hazırlaşsan da, fors-major hallar qaçılmazdır. Hazırda şahmatçıların kənardan informasiya almamaları ciddi nəzarətdə saxlanılır. Giriş-çıxış qapılarında nəzarət çox güclüdü. Oyunlardan əvvəl bildirilmişdi ki, kapitanlar yalnız bir dəfə çıxa bilər. Ancaq Yunanıstan yığmasının kapitanı bu şərti pozmuşdu. Ona görə də mühafizə xidməti haqlı olaraq onu zala buraxmaq istəmirdi”.

Milli komandalarımızın formaları digərlərindən seçilir. M. Məmmədov bu ideyanın şahmatçılardan birinə məxsus olduğunu vurğulayıb: “Forma mənim ideyam deyildi. Təklif komanda üzvlərindən birindən gəldi. Bir çox yarışlarda xüsusi geyimlə çıxış etmək istəsək də, təklif olunan variantlar dəbli olmadığı üçün bəyənilməmişdi. Amma hazırkı geyim xoşagələndir”.

Olimpiada ilə əlaqədar olaraq “Socar-Azerbaijan”ın çıxışına fasilə verildiyini bildirən Məmmədov, olimpiada və FIDE-nin konqresi ilə əlaqədar olaraq xarici qonaqların ölkəmizə gəlişinin davam etdiyini söyləyib: “Nüfuzlu qonaqların gəlişi yenə də gözlənilir. Ancaq indidən onların adlarını çəkmək istəmirəm. Əsas tədbirlərdən biri növbəti Olimpiadanın təqdimatı olacaq”.

Mahir Məmmədov azərbaycanlı jurnalistlərin geridə qalan fəaliyyətlərindən razı qaldığını bildirib: “Düzgün qərarlarımızdan biri Sənan Şəfizadəni bu işə cəlb etmək idi. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti kimi onun fəaliyyətindən tam razıyıq. Şəfizadə peşəkarlığı, enerjisi ilə bütün tapşırıqların öhdəsindən gəlir. Olimpiadanın işıqlandırılması ilə bağlı hər hansı problem yoxdur”.

Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri yarışın gedişi zamanı Bakıda şahmat bayramının yaşandığını qeyd edib: “Əvvəldən məqsədimiz qonaqları yarışa cəlb etmək, bayram əhval-ruhiyyəsi yaratmaq idi. Bu işin öhdəsindən gəlmişik. Şəhərdə bayram əhval-ruhiyyəsi hiss olunur. Kristal Zalda gözəl sərgi əyləncə mərkəzi yaradılıb. Şahmata aid xeyli maraqlı, baxılası yerlər var. Hər kəsi qonaqpərvərlik zonasına dəvət edirik”.

Sabah olimpiadada istirahət günü olsa da, şahmatçılar üçün hər hansı tədbir nəzərdə tutulmayıb. Mahir Məmmədov bunun səbəbini belə izah edib: “Bu gün qonaqlar üçün “Bermuda Party” var. Bakının gözəlliyi qonaqların ixtiyarındadır. Biz xüsusi hər hansı proqram təşkil etməmişik. Birincisi, qonaqların sayı çoxdur. Bu, bizi bir tərəfdən sevindirir, amma xüsusi proqram tərtib etmək üçün çətinlik yaradır. Olimpiadanı elə nəzərdə tutmuşuq ki, idmançılar daim bulvar ətrafında olsunlar. Qonaqlara ilk növbədə İçəri Şəhəri gəzməyi məsləhət görərdim”.

Sonda Mahir Məmmədov gələcəkdə də Azərbaycanın mötəbər şahmat yarışlarına ev sahibliyi edəcəyini deyib: “Azərbaycan gələcəkdə də şahmat yarışlarının təşkilindən kənarda qalmayacaq. Əlimizdə olan turnirləri davam etdirəcəyik. 3 ildir Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarış keçirilir. Həmin turnir gələn il də baş tutacaq. Həm uşaq olimpiadası, həm də FIDE-nin Qran Prilərininin təşkili ilə bağlı bizə müraciətlər var. Olimpiada başa çatan günün ertəsi FIDE ilə müzakirələrə başlayacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30