19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Bakıda keçiriləcək Şahmat Olimpiadasını açılışı oldu

Milli Gimnastika Arenasında Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi olub.

Futbolxeber.az saytının məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnlərinin səslənməsi ilə başlanıb. Ardınca ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib. O, ilk öncə qonaqları salamlayıb: “Təşkilat Komitəsi adından “Xoş gəlmişsiniz!” deyirəm. Ümidvaram ki, iki həftə ərzində siz şahmat taxtası arxasında mübarizə aparmaqla yanaşı, həm də imkan tapıb şəhərimizi gəzəcək, onun gözəlliyindən ilham alaraq yeni zirvələri fəth edəcəksiniz”.

Yaqub Eyyubov Rio Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı nəticələri qabardaraq, bu uğuru dövlətimizin və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarımıza göstərdiyi yüksək diqqət və qayğı nəticəsində əldə edildiyini bildirib: “Azərbaycan idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut etdi və sabah start götürəcək Ümumdünya Şahmat Olimpiadası da bu silsiləvi nailiyyətlərimizin bir davamıdır”

Daha sonra Yaqub Eyyubov Şahmat Olimpiadasının Təşkilat Komitəsinin gördüyü işlərdən söz açıb: “Yarışların keçiriləcəyi yer olaraq Bakı Kristal Zalı təyin edilib. Bütün idmançılar və məşqçilər Bakı şəhərinin ən gözəl və yüksək səviyyəli otellərində yerləşdiriliblər. Bakı Olimpiadasında dünyanın 175 ölkəsini təmsil edən və heyətində dünyanın ən güclü şahmatçıları olan 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edəcəklər. Yarışları 193 hakim idarə edəcək. Olimpiada ilə yanaşı, sentyabr ayının 4-dən 13-dək Bakı şəhərində, “Fairmont” otelində FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək. Konqresdə FIDE-nin bütün üzv dövlətlərini təmsil edən 359 nümayəndənin və FIDE komissiyalarının 24 sədrinin iştirakı gözlənilir”.

Yaqub Eyyubov bu gün şahmatda qazanılan uğurların təməlinin ulu öndər Heydər Əliyevin vaxtında qoyulduğunu diqqətə çatdırıb: “Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də nailiyyətləri ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan şahmatının yüksək inkişafının bünövrəsi də məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin təşəbbüsü ilə və ölkədə şahmatın inkişafı istiqamətində aparılan düşünülmüş və ardıcıl siyasət sayəsində Azərbaycanda güclü şahmat məktəbi yaradılıb, ölkə şahmatı yüksək səviyyələrə qalxıb, Azərbaycan şahmatçılarının uğurlu çıxışları bir-birini sıralamağa başlamışdır. Bu prosesi bu gün respublikamızın Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Kişilərdən ibarət yığma komandanın 2009-cu və 2013-cü illərdə Avropa çempionu adını, 2007-ci və 2011-ci illərdə Avropa çempionatlarının müvafiq olaraq bürünc və gümüş medallarını qazanmaları, qadın yığmamızın isə 2009-cu ildə Avropa çempionatında dördüncü yerə çıxması, kişilərdən ibarət “SOCAR Azərbaycan” klubunun iki dəfə Avropa çempionu adını və ilk dəfə keçirilmiş şəhərlərarası dünya çempionatında Bakının komandasının gümüş medal qazanması buna əyani sübutdur. İnanırıq ki, şahmatçılarımız bundan sonra da xalqımızı sevindirməyə davam edəcəklər”.

Sonra FIDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib. O, Azərbaycanda idmanın inkişafına ayrılan diqqətdən söz açıb və ölkədə keçirilmiş vacib idman yarışlarından danışıb: "Bakı şəhəri Azərbaycanın gəzməli, görməli yeridir. Şahmat olimpiadasının keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu olimpiadanın şahmat bayramı olacağına tam inanıram".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

Sonra 176 nağaraçının iştirakı ilə bayraqlarla parad nümayiş olunub.

İştirakçı ölkələrin bayraqlarının paradı təşkil edilib. Kompleks dünya xəritəsinə çevriləcək və ritmik musiqi eləcə də 176 nağaraçının müşaiyəti ilə ölkələrin bayraqları tamaşaçılara təqdim edilib.

Daha sonra ilk turda qara və ya ağ fiqurlarla oynayacaq komandaları müəyyənləşdirmək üçün baş hakim tərəfindən püşk atılıb.

Olimpiadanın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov içərisində qara və ya ağ fiqurun olduğu imitasiya olunmuş şahmat fiqurunun içərisindən iştirakçıların siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında oyunun hansı fiqurla başlanacağını müəyyən edib.

Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa çatıb.

Həmişəcavan Bakıda əbədi oyun başlayır. Şaquli ekranda şahmat saatı təsvir edilib. Piyada ilk gedişi (Е2-Е4) edir və göstərir ki, qalan gedişləri qrossmeysterlər etməlidir. Saatın düyməsi basılır və bununla da Olimpiada açıq elan edilir.

Xatırladaq ki, olimpiadada ilk tura sabah saat 15:00-da start veriləcək. 11 turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30