20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Bizim çempion YAZI

Bu gün Azərbaycanın ilk peşəkar boksçusu və dünya çempionu Fariz Məmmədovun 36 yaşı tamam olur. Bu münasibətlə fevralın 9-da, Fariz Məmmədovun boksdan getdiyi günlərdə Futbolxeber.az saytında yer alan “Bizim çempion” yazısını yenidən təqdim edirik:   

- 2004-cü ilin sentyabrında ilk dəfə “525-ci qəzet”in redaksiyasına yollanmışdım. Mənim üçün gələcəkdə doğma məkana çevriləcək həmin redaksiyada ilk tanıdığım adamlardan biri qəzetin redaktoru Aydın Bağırov oldu. Ən çox diqqətimi çəkən isə Aydının oturduğu yerdə, başının üstündəki şəkil idi. İlk baxışdan tanımamaq qeyri-mümkün idi. Bu, Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədovun şəkli idi. O vaxt Fariz haqda geniş məlumatım yox idi. Yalnız Azərbaycanın ilk peşəkar boksçusu olduğunu bilirdim. Bir də ara-sıra, keçirdiyi döyüşlərin nəticələrindən qəzet vasitəsi ilə xəbər tuturdum. Qismət elə gətirdi ki, bir neçə ay sonra, daha da dəqiqləşdirsək, 2005-ci ilin yanvarında Fariz Məmmədov həbs olundu. Təbii ki, bu xəbəri ilk dəfə eşidəndə hər kəs şoka düşmüşdü. “Tanınmış boksçu niyə həbs olundu”, “Həqiqətənmi günahkar idi”, “Onun haqqında deyilənlərin nə qədəri düzgün idi” və s. və i.a. İndi bütün bunları müzakirə etməyin heç bir mənası yoxdu. Fakt budur ki, Fariz, bəlkə də həyatının ən vacib illərini dəmir barmaqlıqlar arasında keçirdi...

Həbsxanadan fərqli olaraq, adi həyatda vaxt tez keçir. 7 il ötdü və Fariz 2012-ci ilin yanvarında həbsxanadan çıxdı. Yaddaşım məni yanıltmırsa, ilk dəfə Farizi real həyatda elə “525”in redaksiyasında görmüşdüm. Həmin vaxt mən də daxil olmaqla hamını eyni suallar maraqlanırdı: “Görəsən, o yenidən böyük idmana qayıdacaqmı”, “Əvvəlki Farizi illər sonra yenidən görə biləcəyikmi”...

O, qayıtdı. Həbsxanadan çıxdıqdan az sonra bəlkə də həyatının ən vacib döyüşünə çıxdı. 2012-ci ilin mayında Almaniyada erməni Jeqise Tomasyanla döyüşdü və rəqibini dördüncü raundda nokauta göndərdi. Bu, əsl “comeback”, davam, ya tamam anı idi. Uduzsaydı, bəlkə də Fariz bir daha rinqə çıxmayacaqdı. Amma o, inanılmazı bacardı və əsl çempion olduğunu hamıya sübut etdi. Bəli, Fariz əsl çempiondu. Müsahibələrinin birində bu haqda deyib: “Mən həbsdə olanda dustaq olmağımla razılaşmırdım. Ancaq fikirləşirdim ki, mən çempionam. Orada rəislər mənə deyirdilər ki, vaxt var idi, biz sənə ayaqüstə əl çalırdıq. Mən onlara söz verdim ki, yenidən çıxıb sizə qələbə bəxş edəcəm. Amma onlar inanmırdılar”...

Təkcə onlar yox, çoxları inanmırdı Farizə. Çünki 7 il dəmir barmaqlıqlar arasında olan birinin yenidən böyük idmana, özü də peşəkar boks kimi çətin bir sahəyə qayıdacağı real görünmürdü. Amma o, bunu bacardı. Fariz 12 yaşında müharibədə iştirak edəcək qədər böyük ürəyə, iradəyə, gücə malikdisə, dəmir barmaqlıqlar arasında keçən 7 il onu zəiflədə bilməzdi...

Geridə qalan illər Farizi mənə daha yaxından tanıtdı. Vaxt var idi o mənim üçün yalnız adını qəzetlərdən oxuduğum Azərbaycanın ilk peşəkar boksçusuydusa, son illərdə Farizdən dəfələrlə müsahibə aldım, məşqlərini izlədim və ən nahəyət bir neçə gün əvvəl son döyüşünə də baxdım. Yəqin ki, həmin döyüşü canlı izləyənlər uzun müddət o gecəni unutmayacaqlar. Farizin rinqə gəlişi fantastik idi. “Bayatı Şiraz” və Tacir Şahmalıoğlunun möhtəşəm ifası. O cür gəlişdən sonra uduzmaq günah olardı. Dördüncü, beşinci raundlar bizi bir qədər həyəcanlandırsa da, səkkizinci raundda möhtəşəm sonluğa şahidlik etdik. Bu da özünün dediyi kimi 15 illik həsrətin sonu. Azərbaycanın ilk peşəkar boksçusu kimi adını tarixə yazdıran Fariz, həm də peşəkar boksdakı ilk dünya çempionumuz oldu. 

Son döyüşündən bir neçə gün əvvəl jurnalistlərlə görüşündə “Fevralın 6-da mən rinqdə hər bir azərbaycanlının adından vuruşacağam. Həyatım boyu olmayan gücümü, bütün varlığımı ortaya qoyacağam. Geriyə yol yoxdu" demişdi.

Çox sağ ol, Fariz. Sağ ol ki, fevralın 6-da bizi sevindirdin. Sağ ol ki, səni dəstəkləmək üçün zala gələnləri evə gülərüz yola saldın. Sağ ol ki, varsan. Bu illər ərzində biz daim sənə inandıq. Sağ ol ki, bu inamı heç vaxt boşa çıxarmadın... Sən bizim çempionsan və daim belə olaraq da qalacaqsan. Sən həm də vaxtında, əsl çempion kimi getdin.

İBRAHİM, 09. 02. 2016

P. S. Həmkarım Elçin Cəlilovun da dediyi kimi, heyf o 7 ildən. Həmin 7 ili sən həbsxanada deyil, rinqdə keçirsəydin, kim bilir daha hansı zirvələri fəth edəcəkdin...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30