19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Azərbaycanda Ancelina Coli oldum"

Azərbaycan millisinin güləşçisi Mariya Stadnik (48 kq) Ukrayna mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Kiyevdə keçirilən beynəlxalq turnirə gəlmək qərarınızı nə ilə izah edərdiz?

- Mən burada ilk dəfə deyiləm. London-2012 öncəsi bu turnirdə məşhur idmançımız İrina Merleneyə qalib gəlmişəm.

- Finalda mübarizəsiz qalib gəldiz. Rəqibiniz Aleksandra Koqut zədə səbəbindən döşəyə çıxmadı. Buna üzülmədizmi?

- Publikanı sevindirmək istəyirdim. Amma rəqib zədələndi. Hətta o bu vəziyyətə döşəyə çıxsaydı da heç bir marağı olmayacaqdı.

- Ötən il sizin üçün uğurlu alındı. Avropa Oyunlarında qızıl, dünya çempionatında gümüş medal qazandız...

- Dünya çempionatının finalında uduzmağıma baxmayaraq, ölkəm üçün Olimpiya lisenziyası qazandım. Hazırda məqsədyönlü şəkildə Rio Olimpiadasına hazırlaşıram. Orada necə olacağını isə yalnız Allah bilir. Mən medala köklənmişəm. Hələlik vəzifələrin öhdəsindən gəlib, bütün görüşləri texnikam sayəsində qazanıram. Amma bunlar xüsusi önəm kəsb etmir. Bu, yalnız Olimpiadaya hazırlıqdı.

- Özünüzü Azərbaycan bayrağı ilə birgə hiss etməyə öyrəşmisizmi?

- Bütün əsas yarışlarda Azərbaycanın şərəfini qorumuşam. Düzü, heç Ukraynanın təmsil etməyin necə olduğunu xatırlamıram da. Əlbəttə, zarafat edirəm. Bunu xatırlayıram. Azərbaycan sayəsində mən özümü idmançı kimi göstərə bildim. Ukraynada elə şərait yaratmışdılar ki, məni yığmaya buraxmırdılar. Finalda qarşılaşmalı olduğum Koqut o vaxt deyirdi ki, mənimlə sənin kimi rəftar edə bilməzlər. Amma ona da Olimpiadaya getmək şansı vermədilər. Olimpiya Oyunlarına yalnız Merlene gedirdi. Başqalarının iştirakı ilə sual qapanmışdı. Hətta onunla sınaq döyüşü keçirməyə də icazə vermirdilər. Onun artıq adı vardı, məndə isə yox idi. Mənə “gözlə, gözlə, şansın olacaq” deyirdilər. Mənsə gözləyə-gözləyə dünyaya 2 uşaq gətirdim. İdman həyatı qısadı. Bu üzdən seçimimi etdim. Gənc və güclü ikən ya bu imkandan yararlanmalı, ya da istedadımı dəfn etməliydim. Mən də Azərbaycanı seçdim.

- Ukraynada tez-tez olursuz?

- Vaxtımın çoxunu Ukraynada, Lvovda keçirirəm. Ailəm, uşaqlarım buradadı. Toplanış vaxtı Azərbaycana gedirəm. İcazə alanda mənə fərdi məşq qrafiki verirlər. Lvovda qadın güləşi çox inkişaf edib. Ukrayna bu sahədə cığıraçan ölkələrdən biridi. Lvov isə bu ölkədə ən güclü güləş məktəbinə malikdi. Əvvəl Donetsk də vardı, amma təəssüf ki indi... Lvovda məşq etməyə güləşçilər də var. Bizim idman növündə də vacib məqam budu. Bu, atletika deyil ki, təkbaşına qaçasan. Azərbaycanda qadın güləşi yenidi. Müsəlman ölkəsi olduğundan buradakı güləşçi qızlar indi-indi böyüyüblər. Artıq hamı bu idman növünün nə olduğunu bilir və müsəlman ənənələrinə baxmayaraq, uşaqlarının güləşlə məşğul olmasına icarə verirlər. Təbii ki, bu da mənim sayəmdə mümkün olub. Mən medalları daşımağa başladım, insanlar maraqlandı. Nəticədə Azərbaycanda Ancelina Coli oldum. Məni hamı tanıyır. Kimdənsə qadın güləşi haqda soruşsan, dərhal “Mariya Stadnik” deyəcək. Onlar üçün bütün qız güləşçilər Mariya Stadnikdi. Məni həqiqətən orada sevirlər və heç cür Azərbaycandan şikayətlənə bilmərəm.

- Bəs əvvəl orada qız güləşçilərə necə yanaşırdılar?

- Onlar bizi ciddi qəbul etmirdilər. Fikirləşirdilər ki, qoy güləşsinlər də. İndi məsələ ciddiləşib. Hər turnirdən medallar gətiririk və fəxrlə deyirlər ki, bizim güclü qadın güləşi yığmamız var.

- Azərbaycan himninin sözlərini bilirsizmi?

- Birinci bəndi öyrənmişəm! Qərara almışdım ki, Avropa Oyunlarında qalib gəlsəm, ölkəyə hörmətimdən bunu oxuyacam. Himnin sözlərini mənə kiril əlifbası ilə yazdılar və mən öyrəndim. Düşünürəm ki, bunu eşidən azərbaycanlılar çox güldülər. Azərbaycan dilindəki elementar - “necəsən”, “nuş olsun” kimi sözləri bilirəm. Bir az mürəkkəb sözləri qarışdıra bilərəm. Ümumiyyətlə, orada miqrantlar o qədər çoxdu ki, küçədə rusca danışmaq olur.

- Azərbaycan millisində də ukraynalılar çoxdu. Məsələn, Oleq Stepko. Onunla tanış olmusuzmu?

- Biz onunla Avropa Oyunları zamanı tanış olduq. Atletlər kəndindəydik. Mən Ukrayna dilində danışan zaman o məni süzdü. Mən də rəfiqəmə dedim ki, buna bax, ağıldankəmdi, gözlərini bizə bərəldib. Heç utanmır da. Sonra mənə çatdı ki, o da məni başa düşür. Özü mənə yaxınlaşıb dedi ki, mən də Ukraynadanam. Onun imici qansterqə oxşayır. Amma əslində o çox şən oğlandı. Azərbaycan prezidenti bizi qəbul edəndə də Oleq zarafatlarından qalmırdı. Mən elə gülürdüm ki. Axırda ondan xahiş etdim ki, məni bu qədər güldürüb, biabır etməsin. O da mənə öz vəziyyətindən, London Olimpiadasındakı çıxışından və orada üçüncü olmasından, yekunda isə yaponların etirazı səbəbindən medaldan məhrum olmasından danışdı. Bir daha aydın oldu ki, bizim idmançıları müdafiə edən kimsə yoxdu. Gimnastların karyerası isə daha qısa olur. Sən nəyə doğrusa gedir, bunun üçün çalışırsan. Amma ətrafdakılar buna önəm verməyəndə, üzücü olur. Stepkonu da məni də qınayırlar. Amma bizi də başa düşmək lazımdı.

- Azərbaycanda eviniz də var?

- Pekin Olimpiadasından sonra mənə mənzil bağışlayıb, oranı tam təmir etdilər. Çox istəyirdilər ki, orada qalıb, güləşi inkişaf etdirim. Ailəmlə tez-tez orada oluram.

- Azərbaycan mətbəxindən nə isə hazırlaya bilirsizmi?

- Yox. Mən elə Ukrayna mətbəxindən də yalnız “varenik”i hazırlaya bilirəm. Məsələ onda deyil ki, mən bacarmıram və ya istəmirəm. Bunun üçün heç vaxtım da yoxdu. Evdə olanda qayınanam mənə qıymayıb, özü hazırlayır. Azərbaycan mətbəxini çox sevirəm. Xüsusilə də şirin plovu. Onu kişmiş, şabalıd, turşu və ətlə hazırlayırlar. Möhtəşəmdi! Hər dəfə ora gedəndə plov yeməyə gedirik.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30