28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Varşavada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı olub

Varşavada, Olimpiya piknikində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Polşanın paytaxtında artıq 17-ci dəfə keçirilən Olimpiya piknikinin əsas mövzusu birinci Avropa Oyunları olub. Tədbir Visla çayının sahilində onlarca hektar ərazidə yerləşən Kempa Pototska parkında keçirilib. Burada adətən xalq gəzintiləri və velosipedçilərin yarışları təşkil olunur.

Parkda quraşdırılmış böyük monitorda “Bakı-2015” haqqında film fasiləsiz nümayiş etdirilib. Bir çox yerlərdə quraşdırılmış stendlərdə Bakının görüntüləri və birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar hadisələr əks olunub.

Polşa Olimpiya Komitəsinin mətbuat katibi Henrik Urbas Olimpiya piknikinin iştirakçılarına bildirib ki, bugünkü tədbirin mövzusu iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarıdır. O qeyd edib ki, Polşa Olimpiya Komitəsi idarə heyətinin qərarı ilə Avropa Oyunlarında Polşanın 214 idmançısı iştirak edəcək. Ümumiyyətlə, Polşanın nümayəndə heyəti 334 nəfərdən ibarət olacaq. Polyak idmançılar badminton, boks, gimnastika, akrobatika, cüdo, kanoyedə avarçəkmə, karate, velosiped idmanı, kamandan oxatma, voleybol (üstüörtülü meydanda və çimərlikdə), üzgüçülük, sinxron üzgüçülük, suyatullanma, sambo, qılıncoynatma, taekvondo, stolüstü tennis, triatlon və güləş kimi idman növləri üzrə yarışlarda iştirak edəcəklər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tədbirdə çıxış edərək Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskiyə, idman və turizm naziri Ancey Bernata təqdimatda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Səfir hamını Bakıya dəvət edib. O deyib: “Sizi ən yaxın insanlar kimi qarşılayacaqlar”.

Polşa Olimpiya Komitəsinin prezidenti Ancey Krasnitski deyib ki, təntənəli tribunada Polşanın müxtəlif dövrlərdə Olimpiya Oyunlarının mükafatlarını qazanmış idmançıları var. O, bu idmançılara təşəkkür edərək gənc idmançılara uğurlar diləyib. A.Krasnitski qeyd edib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları bu ilin böyük idman yarışlarından biridir.

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən təşkil olunmuş “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində Olimpiya piknikinin iştirakçılarına “Bakı-2015” loqotipli nişanlar, bu yarışlar haqqında, habelə ölkəmizin mədəniyyəti və tarixi barədə bukletlər paylanıb, gəzintinin iştirakçılarını milli şirniyyata, müxtəlif sərinləşdirici içkilərə, çaya qonaq ediblər.

Gəzintinin gənc iştirakçılarına Polşa Olimpiya Komitəsinin nəşri olan “Olimpuski” jurnalının uşaq əlavəsi - “Olimpionik” jurnalı paylanıb. Jurnalın uşaqlar üçün olan versiyasında və əsas jurnalda qarşıdakı Avropa Oyunlarından bəhs edən məqalələr dərc olunub.

Kempa Pototska parkında Azərbaycan xalq musiqisi səsləndirilib. Varşava sakinləri qarşısında musiqiçilər qrupunun müşayiəti ilə muğam ifaçısı Aytən Məhərrəmova çıxış edib.

Sonra müxtəlif yaş kateqoriyalarında idman yarışları keçirilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31