28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Mahir Məmmədov: “Ermənistan komandasını Bakıda görməyə hazırıq” (Müsahibə)

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmat üzrə Bakı Qran-Pri turnirinin yekunlarıyla bağlı jurnalislərin suallarına cavab verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.

- Yarışın yekunu və şahmatçılarımızın çıxışı haqda nə deyə bilərsiz?

- Əfsuslar olsun ki, Teymur 50 faizlik nəticəyə imza atdısa, Şəhriyar mənfi göstərici ilə yarışı tamamladı. Klublararası Avropa çempionatında SOCAR-ın tərkibində və Olimpiadada yığmanın heyətində yaxşı oynamışdılar. 2008-də Bakıda keçirilən analoji yarışda Vüqar Həşimov ilk turlardan liderlik edirdi. Ümid edirəm ki, şahmatçılarımız növbəti turnirlərdə daha uğurlu çıxış edirlər. Turnirin təşkilatçılığına gəlincə bütün şahmatçılar razılıq bildiriblər. Onlar yaradılan şəraitdən məmnun qalıblar.

- SOCAR-ın maksimum nəticəylə ikinci dəfə qitənin qalibi olmasından sonra komandada yerli şahmatçıların sayını artırmağı düşünürsüz?

- Superklub yaradanda düşünürdük ki, heyət ancaq azərbaycanlı şahmatçılardan qurulsun. Amma gördük ki, belə alınmır. Hər komandada 8 şahmatçı olmalıdı. Fikirləşdik ki, heyətin yarısı yerlilərdən ibarət olsun. Uğur qazanmaq üçün legionerlərin daha çox olmasının vacibliyini anladıq. Bütün idman növlərində belədi. Bu prinsip uğur gətirir. İndiyədək SOCAR qatıldığı 4 Avropa Kuboku turnirinin hamısında medallar uğrunda mübarizə aparıb. Bir dəfə 2-4-cü yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə medal qazana bilməyən komandamız bir dəfə “gümüş”ü, 2 dəfə isə “qızıl”ı boynundan asıb. SOCAR son illər qitənin ən sabit iddialı klubudu. Ötən il yaratdığımız “Odlar Yurdu” sırf yerlilərdən qurulub və komandanın kapitanı da bizim şahmatın yetirməsi olan israilli Emil Sutovskidi. Bu klub debütdəcə özünü göstərməyi bacardı.

- Sutovski söyləyib ki, şahmatın izləyici kütləsini artırmaq üçün marketinq xarakterli işlər həyata keçirilməli, uşaqlar üçün şou nümayiş etdirilməliydi...

- Düz deyib. Bu, bizim ağlımıza gəlməmişdi. Yaşlı nəsil şahmatı izləməklə nostalji hisslərini xatırlaya bilər. Yeniyetmə şahmatçılar isə kumirlərini canlı izləmək imkanı əldə edir. Təəssüf ki, bəzi səbəblərdən orta nəsillə bağlı problem var. Fikrimcə, uşaqlar üçün seanslar təşkil etmək, viktorinalar təşkil etmək məqsədəuyğun olar. Bunu gələcək üçün nəzərə alacağıq.

- Ölkəmizdə şahmatçıların uğursuz çıxış etməsi daha çox təzyiq altında olmalarından qaynaqlanır?

- Yox, mən bu fikiri yaxına buraxmıram. Şahmatda ev-səfər anlayışı yoxdu. Bu, sırf beyin oyunudu. Bu məsələni çox qabartsaz, şahmatçılarımız bu düşüncəni qəbul edəcəklər. Onlara mənfi təsir göstərə bilər.

- Gələn il yığmalararası dünya çempionatı Ermənistanda, bir il sonra isə Olimpiada ölkəmizdə keçiriləcək. Bir-birinə düşmən olan ölkələrin komandalarının qarşı tərəfə səfər etməməsiylə bağlı razılıq əldə oluna bilərmi, və ya əksinə?

- Bu ölkələrin daxili işidi. Hər iki tərəf lazımi təminatlar verib və verəcək. İrəvana səfər haqda düşünüb, yekun qərarımızı verəcəyik. Avropa Oyunlarına erməni idmançılar dəvət olunub və ümidvaram ki, məsələ müsbət həll olunacaq. Şahmat Olimpiadasında da Ermənistan komandasını görməyə hazırıq. Yaşayarıq, görərik. Bu məsələnin sakit tərzdə müzakirə olunması belə az iş deyil.

- Bakıda təşkil olunacaq Dünya kuboku və şahmat olimpiadasının baş tutacağı məkan bəllidi?

- Olimpiada “Kristal Zal”da keçiriləcək. Dünya kuboku haqda əlavə məsləhətləşməyə ehtiyac duyuruq. İlkin məkanın məqsədəuyğunluğu haqda fikirləşirik. İcraiyyə Komitəsi və əməliyyat şirkəti fəaliyyət göstərir. Texniki məsələlər həllini tapmalıdı. Tədbirlər planımız hazırdı. Maliyyə mənbəyini bilirik, dövlət tərəfindən lazımi sənədlər verilib. Ancaq işə başlamaq qalıb. Başqa hər hansı çətinliyimiz yoxdu. Bizə qalan yüksək səviyyəli təşkilatçılıqdı. Tarixdə qalacaq Olimpiada keçirməliyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31