20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakıdakı Avropa Oyunlarında zalların dolu olmasını istərdik”

2015-ci il I Avropa Oyunları ilə bağlı Koordinasiya Komissiyasının III iclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov ötən iki gün ərzində çox ətraflı müzakirələrin aparıldığını bildirib.
 
O deyib ki, iclasda “Bakı-2015”in Əməliyyat Qrupu Koordinasiya Komissiyasına gördüyü işlərin hesabatını verib: “Bu, bizim üçün çox vacibdir. Avropa Oyunlarına çox qısa müddət qalıb. Yay və Qış Olimpiya Oyunlarına hazırlıq 7 ilə aparıldığı halda, biz 3 ilədək müddətə bu işi tamamlamalıyıq. Belə məhdud vaxtda Koordinasiya Komissiyasının təcrübəsi, bu işə münasibətləri də çox vacibdir. İclas zamanı çoxlu vacib məsələlər həll olundu, məsləhətlər verildi. Biz də çatışmazlıqları aradan qaldırmaq və daha yüksək səviyyəyə çatdırmaq üçün işləməliyik. Dünənki toplantıda Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak edirdi. Onun da qonaqlara çatdırdığı sözlər, görülən işlərin hesabatı da bizim üçün çox vacib idi. Bu Oyunları hər bir azərbaycanlı çox səbirsizliklə gözləyir və düşünürəm ki, yüksək səviyyədə keçirə biləcəyik”.
 
Nazirin sözlərinə görə, hazırlıq prosesində hər bir istiqamət çox vacibdir. Bunun üçün müvafiq sənədlər, strategiyalar hazırlanmalıdır: “Hər bir idman qurğusu ətrafında hasarlar, keçid məntəqələri yaradılmalıdır. Onun dizayn işləri üçün vaxt lazımdır. Tentlər, dəmirli hasarlar, avadanlıqlar, dükanlar, idmançılar üçün xidmət obyektlərinin hazırlanma prosesi gündəlik gedir. Təhlükəsizlik, nəqliyyat, idman qurğularının təşkilində həll olunub. Göz qabağındakı tikintilər də böyük templərlə tikilir. Olimpiya stadionunun və Su İdman Növləri Kompleksinin damı 50 faizədək örtülüb”.
 
Avropa Oyunlarının biletlərinin qiymətinə gəldikdə, A. Rəhimov hələ bu suala cavab verməyin tez olduğunu diqqətə çatdırıb. O bildirib ki, bununla bağlı məsələlər Oyunların kommersiya direktoru ilə müzakirə olunacaq. Nazirin sözlərinə görə, Avropa Oyunlarının biletləri Yay və Qış Olimpiya Oyunları ilə müqayisədə aşağı olacaq: “Hazırda sponsor, biletlərin xarici görkəmi müzakirə olunur. Amma mən sizi birmənalı əmin edə bilərəm ki, biletlərin qiyməti olimpiadalar səviyyəsində olmayacaq. Son olimpiadalar Avropanın böyük ölkələrində təşkil olunub. Bakıda isə həmin ölkələrlə müqayisədə qiymətlər fərqlidir. Biz zalların dolu olmasını istərdik. Ona görə də bilet qiymətlərinin münasib olmasını çalışacağıq”.
 
A. Rəhimov Avropa Oyunlarının büdcəsinə də toxunub. O qeyd edib ki, hər bir böyük idman tədbirində ölkə üçün ən vacib olanı Oyunlardan sonra qalan irsdir: “Böyük miqdarda idman qurğuları, yeni infrastruktur layihələri, evlər, otellər boş qalmamalı, həmin obyektlər işləməli, onlara yönələn vəsait dividentlər gətirməlidir. Əks halda, bu, şəhər, insanlar üçün böyük zərbə olardı. Bilirsiniz ki, 68 min nəfərlik Bakı Olimpiya Stadionunun bünövrəsi qoyularkən, Avropa Oyunları müzakirə mövzusu deyildi. Gimnastika Kompleksi Avropa Oyunlarından qabaq tikilməyə başlayıb. Bakı kimi böyük şəhərdə Su İdman Növləri kompleksi yox idi. Yalnız Şağan və Hövsan olimpiya komplekslərində və bəzi otellərdə hovuzlar fəaliyyət göstərirdi. Ona görə belə qurğunun tikintisi də vacib idi və Avropa Oyunlarından əvvəl inşasına qərar verildi. Stend Atıcılığı Kompleksi də Oyunlardan əvvəl tikilməyə başlayıb. Bizim bu növdə yaxşı idmançılarımız olsa da, lazımi tirlərimiz yox idi. Heydər Əliyev adına İdman Konsert Kompleksi və Bakı İdman Sarayı təmirə bağlanıb. Bu da hər iki idman qurğusu üçün zəruri idi. Bu tikintilərin büdcəsinin Avropa Oyunlarına heç bir aidiyyatı yoxdur. Onların təmiri investisiya layihəsinə salınıb. 5 növ üzrə yarışların keçiriləcəyi “Crystal Hall” ilə Tofiq Bəhramov adına Respublika stadionunda təmirə ehtiyac yoxdur”.
 
Nazirin sözlərinə görə, Avropa Oyunlarının büdcəsi texnologiyalar, işçilərin maaşları, bütün idman qurğuları ətrafında müvəqqəti tikintilər, nəqliyyat və s.-dən formalaşır: “Nəticələrin avtomatik öyrənilməsi və yayım məsələləri tenderlərini qısa müddətdə həyata keçirmək, sistemi qurmaq, qiymətini müəyyənləşdirmək çox çətindir. Bunların hesabına büdcə müəyyənləşir”.
 
Koordinasiya Komissiyasının sədri Spiros Kapralos ötən ilin oktyabrında Bakıya etdikləri son səfərlə müqayisədə bu dəfə kifayət qədər nəzərəçarpacaq hadisələrin şahidi olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda ən böyük çətinlik vaxtla bağlıdır: “İyundan Avropa Oyunları üçün nəzərdə tutulan qurğularda test yarışlarına başlayacağıq. Olimpiya Kəndi də yoxlamalardan keçiriləcək. Bu, ona görə vacibdir ki, çatışmazlıq Oyunlar vaxtı təkrarlanmasın, yarışlar vaxtı səhv olmasın. Avropa Oyunlarına 49 ölkənin 6000-dən çox idmançısı gələcək. Tərəfimizdən bəzi ölkələrə maliyyə paketi də təqdim olunub ki, Oyunlarda Avropa Olimpiya Komitəsinin bütün üzvləri iştirak etsinlər. Ayrı-ayrı ölkələrin nümayəndələri ötən ay Bakıda olublar. İyunda təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatında daha çox ölkənin nümayəndəsi buraya gələcək. Hamımız istəyirik ki, Avropa Oyunları idman tarixində qalsın. Bu, sadəcə, Oyunlar üçün deyil, tarix üçün də əhəmiyyətlidir”. 
 
Kapralos Avropa Oyunlarının keçirilməsinin ayrı-ayrı növlər üzrə Avropa çempionatlarına təsirindən də danışıb. O, qitənin idman federasiyaları ilə əməkdaşlıq etdiklərini və Avropa Oyunlarının müsbət rol oynayacağını vurğulayıb: “Bəzi federasiyalar və milli olimpiya komitələri ilə birgə çalışırıq ki, Avropa Oyunlarında ən yaxşı idmançılar çıxış etsin və buna nail olacağıq. Əvvəlcədən təqvim müəyyənləşdirildiyindən, bəzi növlərdə yarışların olimpiadaya lisenziya xarakterli olmasını təmin edə bilmədik. Amma bütün bunlar gələcəkdə nəzərə alınacaq”.
 
2019-cu ildə keçirilməsi nəzərdə tutulan II Avropa Oyunlarını qəbul edəcək şəhərin adı isə bu ilin sonunadək məlum olacaq: “Biz ilk Oyunları ona görə Bakıya verdik ki, belə qısa zaman kəsiyində öhdəsindən gələcəksiniz. Göründüyü kimi, hazırlıq işləri qısa zaman kəsiyində sürətlə gedir”.
 
Kapralos I Avropa Oyunlarında 8 növ üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyaların veriləcəyini də söyləyib. Onun sözlərinə görə, lisenziyalar velosiped, atıcılıq, triatlon, üzgüçülük və digər növlərdə ya reytinq xalları, ya da nəticələrə uyğun paylanacaq. 
 
Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Yanets Kosiyançiç isə Avropa Oyunlarına hazırlıqdan məmnunluğunu bildirib. Bununla yanaşı, o, müzakirələr zamanı tənqidi baxımdan da suallarının olduğunu və bu məsələlər ətrafında söhbətin aparıldığını vurğulayıb. Kosiyançiç deyib ki, Avropa qitə kimi öz Oyunlarını son olaraq keçirir: “Biz istəyirik ki, Avropa Oyunları da olimpiadadan sonra ikinci səs-küylü Oyunlar olsun. Biz bu niyyətə çatmağa hazırıq. Avropa, beynəlxalq idman icmasını daha çox məlumatlandırmalıyıq. Daha mühüm, daha böyük Azərbaycan xalqının nailiyyətləri bütün qitəyə çatdırılmalıdır. Böyük bir yarışın başlanğıcı olduğu kimi sonu da var. Bu Oyunlar da özündən sonra bir irs buraxmalıdır və ümid edirik ki, Azərbaycan idmanını yüksək zirvələrə qaldıra biləcək. Avropa çempionatı ilə Avropa Oyunları arasındakı münasibət dünya çempionatı ilə olimpiadalar arasındakı münasibətlə eynidir. Yay olimpiadalarının medallarının 49 faizi, Qış olimpiadasında isə 80 faizi avropalıların payına düşdü. Ona görə də bu gücü saxlamağa çalışacağıq”.
 
“Bakı-2015” Əməliyyat Qrupunun sədri Cim Şerr isə Avropa Oyunlarında qeydə alınacaq rekordların hamısının qeydə alınacağını və ardından Avropa və dünya rekordları siyahısına daxil ediləcəyini vurğulayıb. O, jurnalistlərin akreditasiyasının ilin sonunadək başlanacağını da əlavə edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30