28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

“Əbədi şəhər”dən əbədi xatirə...

Roma. 1870-ci ildən İtaliyanın paytaxtı olan qədim şəhər. Tibr çayı üzərində yerləşən “Əbədi şəhər”i Romul və Rem qardaşları qurub. Kimlər gəzməyib bu torpaqda?.. Yuli Sezar, Neron, Roma Papası və daha kimlər, kimlər. Kolizey, De Trevi fontanı, Vatikan kimi tarixi özlüyündə birləşdirən Avropanın döyünən ürəyi...

Dekabrın 3-dən etibarən biz də möhtəşəm şəhərin sakininə çevrildik. Müvəqqəti olaraq. Ölkə çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin son oyununa bir qrup media mənsublarının da əfsanəvi şəhərə səfərini təşkil etmişdi. İtaliya paytaxtına axşam çatsaq da, şəhərin əzəmətli görünüşü hər bir divarından sezilirdi. Əlbəttə, gecə saatlarında Romanı gəzib dolaşmaq real deyildi. Ancaq ertəsi gün möhtəşəm Kolizeyi görməyə imkan tapdım. Qadiator döyüşlərinin keçirildiyi məskəndə qan qoxusu qalmasa da, torpaqlarında neçə-neçə döyüşçünün yoğrulması faktından qaçmaq olmaz. İtalyanlar tarixi abidələrini göz bəbəyi kimi qoruyur. Kolizeydə qladiator paltarına bürünən insanlara da rast gəldik. Bu da turizmin inkişafından irəli gəlir. “Qladiator”la şəkil çəkdirmək istəyən 5 avro “tərləməlidi”. Nəzərə alsaq ki, bu cür fotoları çəkdirmək istəyənlərin sayı olduqca çoxdu, “qaladiatorlar”ın azərbaycanlı futbolçulardan heç də az qazanmadığını söyləyə bilərik. Amma...

Roma olduqca bahalı şəhərdi: istər qidalanma baxımından olsun, istərsə də geyim. Bir pitsa 8-15 avro aralığındadı. Özü də bu, heç də ən feşenebelli restoran qiymətləri deyil. 30 manatlıq pitsa azərbaycanlı jurnalist üçün heç də münasib sayıla bilməz.

Vatikanla İtaliya arasındakı sərhəddi asfalt üzərindəki cızıq təşkil edir. Sərhəddin uzunluğu 3,2 kilometrdi. Bax, həmin xətti keçmək də bəndənizə nəsib oldu və de-fakto, səfər zamanı 2 ölkədə oldum - İtaliya və Vatikanda. Təəssüf ki, muzeyə daxil olmağa vaxtım olmadı, növbənin ucu-bucağı görünmürdü. Ancaq gördüklərim də unudulmaz xatirələr üçün kifayət etdi.

5 dekabr - İtaliyada son günümüz. Həmin gün “Roma” və “Qarabağ” arasında 2 matç keçiriləcək. Günorta saatlarında U-19 komandaları “Gənclər Liqası”nda, axşam isə əsas komandalar Çempionlar Liqasında güclərini sınayacaqlar.

İlk matçda gənc həmyerlilərimiz 0:3 hesablı məğlubiyyətə düçar olsalar da, kifayət qədər xoş təsir bağışladılar. Xüsusilə, Yaroslav Dedanın oyunu göz oxşayırdı. Ancaq sonda təcrübə öz sözünü dedi və İtaliya nəhəngi üstünlüyünü 3 cavabsız qolla isbatladı.

Roma Olimpiya Stadionunda baş tutan əsas komandaların görüşü daha böyük həvəslə gözlənilirdi. “Qarabağ” “qapını möhkəm çırpa biləcəkmi” sualına aydınlıq gəlməliydi. Azərbaycan çempionu rəqibinə uduzsa da, “qapını çırpdı” deyə bilərik. Təmsilçimiz bacardığından da artığını etdi. Ancaq rəqib həqiqətən də güclü idi. Bu qəbildən 1:0 hesablı məğlubiyyəti də “Qarabağ”ın altivinə yazmaq olar.

Gecə saatlarında nümayəndə heyətimiz “Əbədi şəhər”ə “əlvida” deyir. Kim bilir, bir də görüşəcəyikmi, “Əbədi şəhər”. Ancaq bir şeyə dəqiq əminəm ki, “Əbədi şəhər” əbədi olaraq yaddaşımdan silinməyəcək.

Fərəc ASLANOV

Bakı-Roma-Bakı

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31