23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

14 il öncəyə tarixi səyahət YAZI

Başa çatmaqda olan may ayı həyatımda özünəməxsus yeri tutur. Çünki iş fəaliyyətimə məhz bu ayda başlamışam ki, bu da bütünlüklə idman jurnalistikasından ibarətdir. Bəli, bu sahədə çalışmağımın (təkcə mənim yox, bir çox həmkarlarımın) artıq 14 ili tamam olur və növbəti yubileyimin astanasındayam. Razılaşın ki, 14 il böyük müddətdir və sizlərlə birgə tarixə səyahət etmək istəyirəm.

Seçilən beş nəfərdən biri oldum

Hələ orta məktəbdə oxuyarkən, ağlıma gəlməzdi ki, jurnalistikada olacağam, idmandan, əsasən də futboldan yazacağam. Düzdür, futbolu uşaqlıdan çox sevmişəm, hətta onunla qısa müddət də olsa məşğul olmuşam, futbolçu olmaq istəmişəm. Ancaq SSRİ dövründə həyata baxışlar fərqli idi və mənə də evdə təhsilin dalınca getməyi tövsiyyə etdilər. Ancaq qismətimdə futbolda olmaq varmış. Tale elə gətirdi ki, yaşıl meydanda olmasam da, bu sahənin içində oldum.

Hərçənd, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinin məzunu olan Mehman Suleymanov öz ixtisasına uyğun tam fərqli, daha diqqətiçəkən sahələrdə işləyə bilərdi. Hər halda, riyaziyyatı yaxşı bilməyim, güclü yaddaşa malik olmağım məhz iqtisadiyyatda işimə çox yaraya bilərdi. Ancaq nə yaxşı ki, elə indiki işimdəyəm. Çünki ürəyimcədir, bu sahəyə həvəsim, marağım böyükdür. İşə də həvəsin, marağın olmadı, onda heç zad...

2000-ci ilin iyulunda hərbi xidmətdən gələn və 9 ay işsiz qalan, həmin vaxt 22 yaşı olan bəndənizin təsadüfən qəzetdə gördüyü elan onu idman jurnalistikasına gətirdi. 2001-ci ilin bu ayı idi və bir çoxlarımızın sevimli qəzeti olan "Futbol-plus Qəzeti" yeni bir mərhələyə qədəm qoyurdu. Həftədə 2 dəfədən 3 dəfəyə keçən qəzetə müxbirlər lazım idi. Bu məqsədlə müsabiqə olundu və mən də özümü sınamağı qərara aldım. Açığı, seçiləcəyimə çox da inanmırdım, sadəcə, iş dalınca gəlmişdim. Müsabiqədə iştirak etmək üçün redaksiyaya təxminən 50 gənc toplaşmışdı. Zalda yer alan Mahir Rustamli, Vusal Mahmudov və Rövşən Sultanovdan ibarət münsiflər heyəti onlara təqdim olunan yazılara əsasən seçimlərini etdilər. Sonda 8 nəfər seçildi ki, onlarda 5-i daxili, 3-ü xarici şöbəyə idi. Mənimlə yanaşı, daxili şöbəyə gələn, sonradan dostlarım olan Kenan Hesenov, Ceyhun Aliyev, Bakhtiyar Fatullayev və “Xəzər TV”dən yaxşı tanıdığımız Ceyhun Rzayev idi. Xarici şöbəyə isə sonralar “Xəzər Lənkəran”ın mətbuat katibi, hazırda isə futbol agenti olan Tural Asgarov, gəncəli balası Elsever Pashayev və öz qabaritləri ilə hamının diqqətini çəkən Vüsal Aydın oldu. Kənan Ilkin Xalilovun kurasiyasına – digər idman növlərinə keçdi və bizlər arasında məşhur olan “Atlarımız da kişnədi”, “Dahi kişnərti” ifadələri həmin vaxtın “məhsul”udur. Digər 4-müz isə futboldan yazanlar olduq.

İlk işim həmin vaxt milliyə çağırılan debütant Mübariz Orucovdan İqbal adlı jurnalistlə birgə götürdüyüm müsahibə idi. İlk sərbəst işim isə həmin çempionatın bombardiri olan “Dinamo-Bakılı”nın hücumçusu Paşa Əliyevlə müsahibəm idi. Bizim heyətdən ən tez gedən Ceyhunlar oldular - Rzayev elə həmin ilin yayında, Əliyev isə 1 il sonra. 4 il sonra Bəxtiyar ATV-yə getdi və indiyədək orada işləyir. Ən gec gedən isə 2007-ci ilin yanvarında apasport.az saytını yaratmağa yollanan mənimlə Kənan oldu.

“Əjdahalar”ın yanına düşmək

Qəzetə gəldiyimiz vaxt futbolumuzda hadisələrlə zəngin bir dövr idi. 2000/01 mövsümü yekunlaşırdı və ən əsası, həmin vaxt prinsipial rəqiblər olan “Neftçi”ylə “Şəmkir” arasında Sumqayıtda “qızıl oyun” vardı. Milli komandamızın Türkiyə ilə İstanbulda böyük səs-küy doğuran oyunu, ardından Bakıda Slovakiya üzərində sensasion qələbəsi də həmin vaxt idi. Yeri gəlmişkən, millimizin baş məşqçisi olan Olimpiya çempionumuz Igor Ponomarevlə tanışlığım onda yarandı. Futzalda da böyük ajiotaj doğuran oyunlar vardı və bunlar peşəkar futzalçı olmuş Ceyhun Əliyevin kurasiyasında idi.

Mənə xoşbəxtçilik onda nəsib oldu ki, Mahir Rüstəmli kimi baş redaktorun əlinin altına düşdü. O, bu sahədə tanınmağımda, irəliləməyimdə əsas səbəbkarlarından oldu. Mahir müəllimin yanında işə peşəkarlıq və məsuliyyət gördüm, jurnalistikanın incəliklərini öyrəndim, obyektivliyin, qərəzsiz olmağın vacibliyini anladım. Tez bir zamanda etimadını qazandığım, mənə indiyədək “bosman” deyən “Futbol+ gəmisi"nin dəyişməz kapitanından artıq 8 ildir ayrı çalışsam da, onun necə dəyərli jurnalist, gözəl insan olduğunu heç vaxt unutmuram və ona həyatımın sonunadək borcluyam.

Vüsal Mahmudovun üzərimdə əməyi az olmadı. O, daxili şöbənin redaktoru olduğundan, birbaşa bizimlə işləyirdi. Mahmudovun sanki “ehtiyatda olan gülləsi” idim. Yazı çatmayanda əsasən mənə müraciət edirdi və bir də görürdün ki, qələmə aldığım material səhifədə “aşıb-daşır”. Vüsalı böyük həcmli yazılarımla çox yorsam da, hər halda, heç vaxt onun “qara siyahısı”nda olmamışam.

Mənə xoşbəxtçilik onda nəsib oldu ki, İlkin Xəlilovun timsalında “əjdahalar”la, hazırda daha çox tanınan istedadlı yazarların yanında ilk addımlarımı atdım. Həmin vaxt kimlər yox idi “Futbol+”də. İmzalarını gördüyümüz, yazılarını maraqlı oxuduğumuz İlkin Xəlilov, Elnur Memmedli, Sabuhi Safiyarli, Vagif Heydarli. İlkinin adını ona görə çəkdim ki, ilk reportyor heyətindən ən çox onunla çalışdım. Mən gələndə Vaqif, az sonra Elnur hərbi xidmətə yollandı. Tezliklə Səbuhi də qəzetdən ayrılası oldu və son nöqtəni ilin axırında İlkin qoydu. Hamısı sağ olsun, ilk vaxtdan böyük dəstək oldular, “təcrübəli-gənc işçi” ayrıseçkiliyi etmədilər. Onlarla az müddətdə birgə çalışsam da, çox şey öyrəndim. İllər keçdikcə isə təkcə həmkar yox, dost-yoldaş olduq. Ümumiyyətlə, ilk gəldiyimdə ən çox, ikinci reporyor nəslindən olan Elman Himayetoglu ilə birgə işlədim. 2002-ci ildə isə “Futbol+”ə qayıdan Reshad Ergun və Eldeniz Yusifovla çiyin-çiyinə çalışdım.

Qəzet jurnalistikası ilə internet mediasının fərqi

Hər bir insan işlədiyi sahədə müəyyən səviyyəyə çatmaq üçün pillə-irəliləyir. Mən də birdən əsas materialları yazmadım. İlk vaxtlar həvəskarlar, qadın futbolundan yazdım, hətta bunu ən yaxşı işıqlandıran jurnalist kimi həmin vaxt Qadın Futbolu Federasiyasının prezidenti olan Asim Xudiyevdən mükafat aldım. Yəni sənə tapşırılan sahədə etimadı qazanmalısan ki, daha məsul sahəni sənə tapşırsınlar. Yaxşı ki, mən ilk addımlarımı internet mediasında yox, qəzet jurnalistikasında atdım. Bunun böyük faydasını, təməlin möhkəm olmasını illər keçdikcə daha çox hiss edirəm. Hesab edirəm ki, məhz internet olmayan dövrdə yaradıcılıq, işin keyfiyyəti daha yüksək idi. Təsəvvür edin ki, Fuad Musayevin vaxtında AFFA-nın klublarla məlum münaqişəsi nəticəsidə çempionatımız 1 il dayansa da, ölkədə 1 il futbolsuzluq olsa da, biz həftədə 4-5 dəfə “Futbol+” qəzeti çıxartdıq. Onda xəbər tapmaq çox çətin idi və bizlər bunun öhdəsindən gələ bilirdik.

Əslində, internet mediası mənə yad sahə deyil, əksinə, çox tanışdı. Çünki ilk Azərbaycan dilli idman saytı olan apasport.az saytının yaradıcılarından olmuşam. Hətta orada çalışdığım müddətdə fərdi nominasiyada fərqlənmişəm - 2010/11 mövsümündə “ən yaxşı elektron KİV nümayəndəsi” kimi PFL prezidenti Ramin Musayevdən mükafat almışam. İllər keçəcək, ancaq bu saytın üzərində olan - xüsusilə də çətin vaxtında, ilk addımını atmasında - böyük əməyim tarixdə qalacaq.Yəni internet mediasında tarixə düşməyim, ümumiyyətlə, işlədiyim mətbu orqanlarım tanınmış olması mənim üçün qürurvericidir. Əslində, tez-tez iş yerini dəyişməyi sevən insan deyiləm. Təsadüfi deyil ki, 14 ildir cəmi 3-cü mətbu qurumda çalışıram. Əvvəlkilərin hər birində müddəti 6 il – 2001-2007-də “Futbol+”də, 2007-2013-də “apasport”da olub. Bunu nəyəsə işə vurmaq üçün yox, sadəcə, maraqlı məqam kimi qeyd edirəm. İşimdə məsuliyyətli, vicdanlı, çalışqan olmaq həmişə mənim üçün əsasdır. Bu mənada haqsızlığa layiq işçi olmadığımı düşünürəm. Getdiyim mətbu orqanlarda yerim görünürsə, deməli, yaxşı işçi olmuşam.

Hələ uşaqlıqdan rəqəmləri, hesabı sevən Mehman Süleymanovun idman jurnalistikasında olduğu vaxt statistikaya böyük marağı yarandı. Bunda isə həmkarım, dostum, uzun illər birgə işlədiyim Vugar Xilelinin böyük rolu oldu. Futbol statistikamız Vüqar kimi dəqiq statistiklə etibarlı əllərdədir. Uşaqlıdan mən və bir çoxlarımız məşhur futbolçularımızı da televizordan görüb sevmişdik. Ancaq mənə onlarla şəxsən tanış olmaq, müsahibə götürmək, dost münasibəti qurmaq nəsib olub. Ümumiyyətlə, bir çox tanınmışlarla yolunun kəsişməsi bu sahədə olmağınla fəxr etməyə əsas verir. Jurnalist kimi tez-tez xarici səfərlərdə olmaq isə adama böyük təcrübə qazandırır. Futbolumuzda bir sıra tarixi nəticələrə - 2006-cı ildə "Neftçi"ylə Moskvada "Birlik kuboku"nu qazanmağımıza, 2012-ci ildə isə Nikosiyada APOEL-lə oyunda ilk dəfə Avroliqanın qrupuna çıxmağımıza və qrupda "İnter"lə Milanda 2:2 hesabı heç-heçəmizə canlı şahid olmaq qürurvericidir.

Ən nəhayət, idman jurnalistikasında olduğum müddətdə Ilham Rəfi ilə tanış oldum. Bu, sonradan dostluğa, iş yoldaşlığına və onun vasitəçiliyi ilə gözəl bir kollektivdə - "Qəbələ Ik Qəzeti"ndə çalışmağa çevrildi. Hər bir jurnalistə belə redaktorla işləməyi arzu edirəm. Öz aramızdır, ayağım düşərli oldu və “Qəbələ"də olduğum 2 ildə nəticə qazandıq – çempionatın mükafatçısı və Avroliqaya vəsiqə. Hər halda, bürünc medalçı olmağımızı yalnız rəsmiləşdirmək qalıb.

Bəli, bu, keçdiyim yola bir baxış, keçmişi yada salmaq və bir növ hesabat xarakterli yazı idi. Göründüyü kimi, idman jurnalistikası mənə bir çox şeylər qazandırıb. Təkcə mənim yox, bir neçə həmkarımız üçün əlamətdar olan bu ayda bu sahəyə gəlişimizlə bağlı yazını özümə borc bildim. Mənim üçün həmkarlar dəyərlidir, həmkar həmrəyliyi önəmlidir və bunu ən azı “ad günü təbrikləri”mdə hiss etdirirəm. Bu dəfə özümlə (həm də özümüzlə) bağlı təbrik yazısını qələmə almağı məqsədəuyğun saydım. Ümid edirəm ki, sizləri yormadım...

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30