18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Ronaldodan əvvəl 8 futbolçu dünya çempionu olmadığı ildə “Qızıl top”u qazanıb

“Real”ın forvardı Kriştianu Ronaldonun qazandığı 2014-cü ilin “FIFA Ballon d’Or” mükafatının nəticələrində ən böyük sürpriz portuqaliyalı ilə birlikdə qalib olmağa əsas iki namizəddən biri hesab edilən Manuel Noyerin hətta Lionel Messidən də geri qalaraq sorğunu 3-cü pillədə başa vurması oldu. Ötən il də fransalı Frank Riberi eyni aqibətlə üzləşmişdi. Görünən odur ki, milli komanda məşqçiləri və kapitanlarının Messi sevgisi bitmək tükənmək bilmir. Bunun nəticəsində argentinalı forvard alman qapıçını 3 xal qabaqlaya bilib. Halbuki səsverməyə yalnız jurnalistlər qatılsaydı, Noyer 2-ci, Messi 3-cü olacaq, Andres İnyesta isə səssiz qalacaqdı…
 
Ümumilikdə “FIFA Ballon d’Or”un sorğusunda 182 kapitan, 181 məşqçi və 181 media nümayəndəsi iştirak edib. FİFA-nın 209 üzvünün olduğunu nəzərə alsaq, neçə ölkənin bu səsvermədə təmsil olunmadığını hesablamaq çətin deyil. Sorğuda kənar qalanlardan, məsələn, Şimali İrlandiya milli komandası baş məşqçisi və kapitanının səsverməsi FİFA-ya vaxtında göndərilmədiyindən yekun nəticədə nəzərə alınmayıb.
 
Amma onlar da səsverməyə qatılsaydı, nə dəyişəcəkdi ki? Ronaldo əsas rəqibləri Messi (772 xal) və Noyerin (769 xal) ümumi nəticəsindən belə çox xal toplayıb – 1844 (səslərin 37,66 %-i). Xatırladım ki, qaydalara əsasən, anketlərdə birinci göstərilən 5, ikinci – 3, üçüncü isə 1 xal qazanır.
 
“2014-cü ildə dünya çempionu olduğu üçün “Qızıl top”u Noyer qazanmalı idi” deyənləri sakitləşdirəcək maraqlı fakt: 1956-cı ildən bəri yalnız 7 halda dünya çempionu olan futbolçu sözügedən mükafata sahib çıxıb ki, sonuncu dəfə bunu 2006-cı ildə italiyalı Fabio Kannavaro bacarıb. Kriştianu Ronaldoyadək 8 futbolçu isə dünya çempionatındakı uğursuzluğa baxmayaraq, “Qızıl top”la mükafatlandırılıb. Buna misal olaraq SSRİ yığmasının üzvü  İqor Belanovun 1986-cı il, Lionel Messinin 2010-cu il uğurunu göstərmək olar. 1978-ci ildə isə, Kevin Kiqan, ümumiyyətlə, İngiltərə millisinin mundialdan kənar qalmasına rəğmən, “Qızıl top”a sahib çıxa bilib.
 
Yeri gəlmişkən, 2007-ci ildə braziliyalı Kaka “Qızıl top”u qazandıqdan sonra bu mükafat ancaq Lionel Messi və ya Kriştianu Ronaldoya nəsib olur. Hazırda argentinalının rəqibi üzərində kiçik üstünlüyü var: o, 4, portuqaliyalı isə 3 dəfə qalib olub. Ümumiyyətlə, son 7 sorğunun altısında ilk iki yeri məhz bu futbolçular tutublar. Nəticədə Kriştianu Ronaldo “Qızıl top”u hərəyə 3 dəfə qazanmış Yohan Kruiff, Mişel Platini və Marko van Bastenə çatıb. Bundan başqa, təmsilçisi ardıcıl 6-cı dəfə qalib olan İspaniya La Liqası bu göstəriciyə görə Almaniya Bundesliqasının nailiyyətini (1976-1981) təkrarlayıb.
 
Belə vəziyyət, görünür, bəzi mütəxəssis və futbolçuları yaman, bezdirib. Almaniya (Yoaxim Löv), İngiltərə (Roy Hocson), Belçika (Mark Vilmots), Xorvatiya (Niko Kovaç), Çexiya (Pavel Vrba), Yaponiya (Xavyer Agirre) kimi komandaların çalışdırıcıları, həmçinin Almaniya (Bastian Şvaynştayger), Hollandiya (Robin van Persi), Uruqvay (Dieqo Qodin), Belçika (Vinsent Kompani) kimi millilərin kapitanları 2014-cü il sorğusunda nə Ronaldo, nə də Messiyə səs veriblər.
 
Argentina millisinin kapitanı olaraq sorğuya qatılan Messinin özünün isə dünyanın ən yaxşı məşqçisi seçimində “Çelsi”nin çalışdırıcısı Joze Mourinyonun hesabına xal yazdırması onun London klubuna keçəcəyi ilə bağlı şaiyələrin yenidən gündəmə gəlməsinə səbəb olub.
 
“Qızıl top” sorğusunda Azərbaycanı 2000-ci ildən təmsil edirəm. 2014-cü il anketimdə 1-ci yerə Kriştianu Ronaldo, 2-ci yerə alman Filipp Lam, 3-cü yerə isə hollandiyalı Aryen Robbeni layiq görmüşdüm. Maraqlıdır ki, respondentlər arasında mənimlə həmfikir olanlar da varmış. Albaniya millisinin italiyalı baş məşqçisi Covanni De Biasi, həmçinin Komor adalarının (Afrika) media nümayəndəsi də eyni ilə mənim kimi səs veriblər...
 
Rasim Mövsümzadə, apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30