29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Belə səfərdən yazmamaq olar? TƏƏSSÜRAT

Təxminən 2-3 ay əvvəl idi. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevdən “ayın ən yaxşı oyunçusunu niyə seçmirsiz” deyə soruşarkən, “başqa fikrimiz var. Ola bilər ki, həmin vəsait jurnalistlərin Bakıdan kənarda baş tutan oyunları ışıqlandırmasına sərf olunsun” cavabını aldım. Bir müddət keçəndən sonra nəhayət, PFL bu fikrini reallaşdırdı. Beləcə, noyabrın 23-də 20 jurnalistin Qəbələyə səfəri baş tutdu.

YAZMAMAQ OLMAZ!

Etiraf edim ki, sonuncu dəfə hansısa səfərdən qayıdarkən təəssürat yazısı yazdığımı unutmuşam. Əvvəldən bu səfər barədə də yazmaq fikrim yox idi. Amma səfər o qədər maraqlı alındı ki, cızma-qara etməyi özümə borc bildim...

Təzəcə yola düşmüşdük ki, Aslan Şahgəldiyev hər kəsi həyəcanlandıran məlumat verdi. Məlum oldu ki, PFL-in təşkil etdiyi səfərlərdə iştirak edən jurnalistlər, həm də 1000 manat pul qazana bilərlər. Bunun üçün yalnız yollandığın oyunun nəticəsinin əvvəldən düzgün yazmalısan. Qalib birdən artıq olsa, məbləğ qaliblər arasında bölünəcək.

ASLAN ŞAHGƏLDİYEVİN PAPARATSİLİK EŞQİ

Bütün səfər boyu hər kəsin əsas müzakirə mövzularından biri də elə bu min manat idi. Bu sahədə peşəkar hesab etdiyi dostundan, tanışından kömək istəyən kim, həmkarının fikrini yayındırmaq istəyən kim, qalib olmaq üçün min bir variant fikirləşən kim...

Qəbələdə nahar etdikdən sonra oyunun başlanmasına hələ bir neçə saat var idi. Bu səbəbdən də həmin müddəti elə çay süfrəsi arxasında keçirmək qərarı alındı. Bekar qalmamaq üçün isə başımızı domino ilə qatmaq qərarına gəldik. Səbuhi Musayevlə birgə gərgin keçən mübarizədə həmkarlarımıza uduzduq. Amma bunda paparatsilik eşqinə düşən Aslan Şahgəldiyevin də rolu az deyildi. Əvvəlcə əlimdəki daşların şəklini gizlincə çəkərək, tərəf müqabilimə göndərən (amma bunun heç bir xeyri olmadı) Aslan, sən demə, sonra da əlimdəki daşları rəqiblərə işarə ilə göstərirmiş...

TOPAZDAN PEŞƏKARLIQ NÜMUNƏSİ

Jurnalistlərlə səfərə çıxanlar arasında Topazın nümayəndələri də var idi. Belə ki, Şirkətin Marketinq Departamentinin Rəhbəri Erhan Erol və departamentin əməkdaşı Rafael Səmədli də bizimlə yol yoldaşı idilər. Oyundan öncə söhbətimiz zamanı xeyli müddətdir Topazla bağlı Futbolxeber.az saytına bildirilən, yazılı şəkildə göndərilən narazılıqları, sualları Erhan bəyin diqqətinə çatdırdım. O isə bütün məsələlərin araşdırılacağını, hətta təxminən 9 ay bundan qabaq Tazı yarışında baş vermiş mübahisəli məqama aydınlıq gətirəcəklərini bildirdi. Etiraf edim ki, həm Erhan bəyin, həm də Rafael bəyin bəzi məsələlərə aydınlıq gətirməsi, bizim üçün qaranlıq olan məqamları açması hər iki tərəf üçün xeyirli oldu. Üstəlik, buna kimi hər hansı məsələyə münasibət öyrənmək, hansısa suala cavab tapmaq istəyərkən müəyyən problemlərlə qarşılaşdığımızı, qarşı tərəflərin narazılıqlarını birtərfəli işıqlandırdığımızı da Topaz rəsmilərinin diqqətinə çatdırdım. Onlar isə bundan sonra media ilə əlaqələrinin daha yüksək səviyyədə qurulacaqlarını bildirdilər.

“QƏBƏLƏ” RƏHBƏRLİYİNDƏN DİQQƏT VƏ QAYĞI

Bu oyuna kimi cari mövsümdə artıq 2 dəfə Qəbələdə olmuşdum. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran”la matçlarda da daha yaxşı, rahat çalışmağımız üçün şərait yaradılmışdı. Amma bu dəfə KİV nümayəndələri üçün yaradılan şərait daha yaxşı idi. Buna görə də “Qəbələ” rəhbərliyinə təşəkkür etməyi özümüzə borc bilirik. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev demək olar ki, hər 5-10 dəqiqədən bir vəziyyətlə maraqlanır, hansısa çatışmazlığın olub-olmadığını soruşurdu.

Oyundan sonra isə mətbuata qarşı eyni hörməti “Simurq” klubundan gördük. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bir çox futbolçu ilə danışmağımızda bizə yardımçı oldu. Marko Stanoyeviçdən müsahibə alarkən isə Zaqatala klubunun rəsmisi Kamran İsmayılov, “yağışda niyə dayanmısız, içəri keçin də” dedi. Kamran bəyə “maşallah, hər tərəfdə futbolçunun qaydına qalırsız” demişdim ki, ondan gülərək “tək onun yox, elə jurnalistlərin də” cavabını aldım.

ÇERAN “ARZU”LARIMIZIN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ

1000 manatlıq viktorinanın qalibi olmağı hər birimiz istəyirdik. Oyun ərzində hesabın dəyişməsi, vurulan qollar azarkeşlər kimi KİV nümayəndələri arasında həyəcanı daha da artırırdı. Mən və Rüstəm Piriyev eyni hesabı (1:1) yazmışdıq və 80-cı dəqiqəyə kimi sevinirdik. Amma Draqan Çeranın həmin anda “Simurq”u önə keçirməsi, bütün arzularımızın üstündən xətt çəkdi. Yekunda isə mükafat heç kimə qismət olmadı. Kim bilərdi ki, oyun 2:3 bitəcək...

Qəbələdən Bakıya qayıdarkən da xeyli maraqlı hallarla qarşılaşdıq. Aslanın, PFL-in operatoru Pərvizin zarafatları bizi darıxmağa qoymadı. Avtobusun qabağına çıxan tülkü ilə Bakının mərkəzində avtobusa bir şəxsin təpik atması isə bizi nə qorxutdu, nə də əhvalımızı korladı. Çünki səfərimiz həqiqətən də gözlədiyimizdən qat-qat artıq alındı. Buna görə də bir daha səfəri təşkil edən Peşəkar Futbol Liqası və Topaza minnətdarlıq edirik.

İBRAHİM

Bakı-Qəbələ-Bakı

P.S. Səfər o qədər maraqlı alındı ki, yol boyu şəkil çəkdirmək də yaddan çıxıb...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31