29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Futzal

Futzala biganəliyin səbəbi: rəqabətsizlik? LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində növbəti yazısını təqdim edir. Ötən dəfə başladığımız - futzala mətbuatın biganə yanaşmasının səbəbini araşdırmağa davam edirik.

“BÖYÜK QARDAŞ”IN KÖLGƏSİNDƏ QALAN FUTZAL

Futbol millimiz dünya çempionatında 1/4 finala yüksəlsəydi, yaxud ardıcıl beşinci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazansaydı, qitə birincliyində yarımfınala kimi irəliləsəydi, yəqin ki günlər, həftələr yox, aylarla mətbuatın gündəmindən düşməzdi. Futbolun kiçik qardaşı - futzalda Azərbaycan millisi yuxarıda sadaladığımız nəticələri qazansa da, yalnız dünya və Avropa çempionatının gedişi zamanı mətbuatın diqqətində olur.

Bu gün Azərbaycanda 2 idman kanalı olsa da, onların heç birində futzal üzrə Azərbaycan çempionatının oyunlarını izləmək mümkün deyil. Qarşılaşmaların yayımlanmaması bir yana, adicə çempionat oyunlarının nəticələrini belə, televiziyadan öyrənmək mümkün olmur. Halbuki ən azından çempionatın vacib oyunlarını, ölkə kubokunun finalını azarkeşlərə təqdim etmək olardı. Bu kimi qarşılaşmalar məgər öküz yarışlarında da maraqsızdı?

“CBC SPORT”LA DANIŞIQLAR APARIRIQ”

Məsələni araşdırmaq üçün ilk öncə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovla söhbətləşdik. Zaur bəy ümumilikdə mətbuatdan narazılıq etməsə də, “kütləvilik olmalıdır” deyir:

“Mətbuatın futzalı tam diqqətsiz qoyduğunu deməzdim. Siz başda olmaqla, futzala diqqət edən jurnalistlərə minnətdaram. Yayım məsələsinə gəldikdə, bir müddətdir “CBC Sport”la danışıqlar aparırıq. Yaxın gələcəkdə turun mərkəzi oyunlarının yayımını planlaşdırırıq. Bu məsələ ötən mövsümdən gündəmdədir. Sadəcə bu mövsümdən həyata keçirməyi planlaşdırırıq.

Futzalda kütləvilik olmalıdır. Bildiyiniz kimi, Qazaxıstanda bu yaxınlarda çox gözəl qərar qəbul edildi. Futbol üzrə ölkə çempionatında mübarizə aparan klublar həm də futzal komandası saxlamalıdırlar. Bu qərar 180 dərəcə futzalın inkişafına təsir göstərəcək. Hazırda bütün dünyada müəyyən çətinliklər var. Amma gələn mövsüm üçün bu məsələni yenidən müzakirə etmək fikrimiz var. Qərarın qəbul olunması futzalın inkişafına təkan verəcək. Bu qərarı alqışlayıram. Qazaxıstanda belə qayda varsa, bizdə də niyə olmasın?”

Elə “CBC-Sport”dan da bildirildi ki, növbəti mövsümdən Azərbaycan çempionatının mərkəzi oyunlarının yayımı reallaşa bilər. Bunun üçün isə düzgün vaxt seçimi və tamaşaçı marağı mütləqdir.

AFFA “YOLA VERİR”

Xatırlayırsınızsa, futzala mətbuatın biganəliyinin səbəbini öyrənməkyə çalışarkən hazırladığımız ilk yazıda ölkənin aparıcı mətbuat orqanlarının rəhbərlərinə bu məsələ ilə bağlı bir neçə sual ünvanlamışdıq. Eyni suallarla AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna müraciət etdik. Qurum rəsmisinə “Futzalın mətbuatda işıqlandırılması sizi nə dərəcədə qane edirmi”, “Razısız ki, KİV futzala kifayət qədər diqqət ayırmır və bunun səbəbini nədə görürsüz” və “Azərbaycan Futzal Federasiyası ilə mətbuat arasında əlaqələndirici şəxsin olmaması, yalnız rəsmi turnirlər zamanə bu işi AFFA-nın yerinə yetirməsi nə dərəcədə düzgündür və bu boşluğunu nə zaman doldurmağı planlaşdırırsınız” suallarını ünvanladıq:

“Mətbuat futzala az da olsa, diqqət yetirir. Təbii ki, bu idman növünün də daha yaxşı şəkildə işıqlandırılmasını istərdik. Dediyiniz kimi, millimizin Avropa və dünya Bakıdakı oyunları zaman hər hansı problem olmur. Lazımi bütün işləri bizim departament yerinə yetirir. Biz də istərdik ki, Futzal Federasiyasının ayrıca mətbuat xidmət olsun. Təəssüf ki, hələ bu məsələ açıq qalır. Amma bir daha deyirəm ki, lazımi işləri bizim departament yerinə yetirir. Gələcəkdə belə bir şəxsin olması yaxşı olardı”.

“ÇEMPİONATDA RƏQABƏT OLMADIĞINDAN....”

Mövzunu burda bitirmək olardı. Amma istədik ki, sonda futzal adamlarının da məsələ ilə bağlı fikirlərini öyrənək. İlk öncə yığmamızın qapıçısı Rövşən Hüseynliyə müraciət etdik. Millimizin və “Araz”ın “1 nömrə”si KİV-in futzala böyük maraq göstərməməsinin səbəbini rəqabətin zəif olması ilə əlaqələndirir: “Millinin oyunlarına mətbuatın marağı həmişə böyük olub. Seçmə mərhələ matçlarında xeyli sayda jurnalist oyunları işıqlandırır. Təbii ki, mətbuat marağı bizim üçün də xoşdur. Qarşılaşmadan sonra media işçiləri ilə söhbətləşirik, fikirlərimizi bölüşürük. O ki qaldı ölkə çempionatının yayımlanmamasına, mən bunu rəqabətin olmaması ilə əlaqələndirərdim. Bu gün “Araz” çempionatda əsas rəqibi hesab olunan “Neftçi” və “Ekol”u 6-7 top fərqi ilə udur. Qarşılaşmada gərginlik yoxdu. Belə oyuna televiziyada kim baxacaq? Tamaşaçı marağı olması üçün qarşılaşmalar gərgin, maraqlı keçməlidir. 2-3 il əvvəl olduğu kimi. Xatılayıram, daha əvvəl ölkə çempionatında vacib qarşılaşmalar yayımlanırdı. Amma indi elə deyil. Çünki bu gün həmin marağı, ajiotajı görə bilmirik. Dediyim kimi, bu da rəqabətin olmamasından irəli gəlir. Düşünürəm ki, iddialı komandaların, gərgin oyunların sayı nə qədər çox olsa, televiziyalar da, saytlar da ölkə çempionatına bir o qədər çox maraq göstərər. Bu gün mətbuat bir yana, heç tamaşaçılar da oyunlara gəlmirlər”.

“XƏZƏR ADALARI” - “FƏNƏR” OYUNLARINDA AJİOTAJ OLARDI”

Vaxtı ilə həm birinci divizionda, həm də yüksək liqada məşqçi kimi çempion olan Elnur Qəmbərov də KİV-in marağının olmamasımı ölkə çempionatında rəqabətsizliklə əlaqələndirir:

“Gəlin, 2-3 il əvvələ qayıdaq. Xatırlayırsınızmı iddialı komandaların sayı nə qədər idi? “Xəzər adaları”, “Fənər”, “Araz”, “Neftçi” çempionluq mübarizəsi aparırdı. Həmin vaxt televiziyanın da, mətbuatın da futzala marağı çox böyük idi. Hər dəfə turun mərkəzi oyunları azarkeşlərə təqdim olunurdu. Üstəlik, qarşılaşmaları zaldan xeyli sayda mətbuat işçisi izləyirdi. Çempionluğun taleyini həl edən “Xəzər adaları” - “Fənər” oyunlarında bir çox mətbuat işçisinə rast gəlmək olurdu. KİV-in marağı bizim də işimizə, təbliğatımıza böyük fayda verirdi. Hər dəfə oyunsonrası mətbuat konfransları təşkil edilirdi. Çünki maraq var idi. Üstəlik, azarkeşlərin də marağı böyük idi. Zalda hər oyunda ajiotaj olurdu. Boş tribunalar önündə oynamaq cansıxıcı gəlir. Amma zalda azarkeş sayı çox olanda oyunçu da işinı daha məsuliyyətli yanaşır.

Bundan başqa, “Xəzər adaları” mövcud olduğu dövrdə mətbuatla əməkdaşlıq etməyə çalışırdı. Hətta ölkə çempionu olduqdan sonra bu münasibətlə təşkil olunan tədbirdə də 10-dan artıqı mətbuat işçisi iştirak etmişdi. Bu cür qarşılıqlı əməkdaşlıq hər iki tərəfin xeyrinə idi. Təəssüf ki, “Xəzər adaları” dağıldı”.

SON SÖZ

Həqiqətən də marağın olmamasında rəqabətsizliyin rolu böyükdür. “Araz” bu gün istənilən rəqibi “bir ayaqla” məğlub edirsə, gərginlik yoxdursa, həmin matça tamaşaçı da maraq göstərməyəcək. Odur ki, televiziya kanallarının bu gün futzal üzrə ölkə çempionatına maraq göstərməməsinin hardasa başa düşmək olar. Amma inanırıq ki, növbəti mövsümdən həm iddialı komandaların sayı çox olacaq, həm də televiziyanın futzala marağı artacaq. Hər halda, futzal Azərbaycanda ənənəsi olan idman növüdür.

Bununla yanaşı, qeyd etməliyik ki, futzal federasiyası ilə mətbuat arasında körpü rolunu oynayacaq əlaqələndirici şəxsin olması mütləqdir. Çünki bu problem işimizə çox ciddi problemlər yaradır. Bəzən adicə bir məşqin vaxtını öyrənmək üçün xeyli əziyyət çəkməli olursan. Elə olub ki, şəhərin bir başından digər başına gəlib, məşqi izləyib, sonda hansısa oyunçudan, məşqçidən müsahibə almaq istəsək də, mənzil başına çatarkən hazırlıq prosesinin vaxtının dəyişdiyini öyrənirsən. Bu isə 2-3 saat vaxtın hədər getməsi deməkdir. Odur ki, Azərbaycan Futzal Federasiyası bu problemi həll etsəydi, çox yaxşı olardı.

İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31