20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Futzal

Futzala biganəliyin günahkarı: KİV, yoxsa federasiya? LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində növbəti yazısını təqdim edir. Bu dəfə futzala mətbuatın biganə yanaşmasının səbəbini tapmağa çalışdıq. Aparıcı mətbuat orqanlarının rəhbər şəxslərinin bu barədə fikirlərini öyrəndik. İrəli gedərək qeyd edək ki, gözlənildiyi kimi, əksəriyyət biganəliyin günahkarı kimi Azərbaycan Futzak Federasiyasını göstərdi.

“BÖYÜK QARDAŞ”IN KÖLGƏSİNDƏ QALAN FUTZAL

Futbol millimiz dünya çempionatında 1/4 finala yüksəlsəydi, yaxud ardıcıl beşinci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazansaydı, qitə birincliyində yarımfınala kimi irəliləsəydi, yəqin ki günlər, həftələr yox, aylarla mətbuatın gündəmindən düşməzdi. Futbolun kiçik qardaşı - futzalda Azərbaycan millisi yuxarıda sadaladığımız nəticələri qazansa da, yalnız dünya və Avropa çempionatının gedişi zamanı mətbuatın diqqətində olur.

Bu gün Azərbaycanda aktiv fəaliyyət göstərən 30-dan artıq idman portalı olsa da, onların heç birində futzal üzrə Azərbaycan çempionatının adicə nəticələrini mütəmadi olarfaq tapmaq müşkül məsələdi. Ölkə kubokunun finalını cəmi 2-3 mətbuat işçisi canlı izləyir, çempionat matçlarında zalda maksimum 1-2 idman jurnalisti görmək mümkündür.

Bəs bu biganəliyin səbəbi nədir? Nəyə görə Azərbaycan idman mətbuatı futzala lazımınca diqqət ayırmır. Problemin səbəbini idman mətbuatının “vuran ayaqları”dan öyrənməyə çalışdıq.

Həmkarlarımıza bu sulları ünvanladıq:

* Futzalın mətbuatda işıqlandırılması sizi nə dərəcədə qane edir?

* Razısız ki, KİV futzala kifayət qədər diqqət ayırmır və bunun səbəbini nədə görürsüz?

* Çalışdığınız mətbuat orqanı bu idman növünün işıqlandırılmasında hansı çətinliklərlə üzləşir?

* Azərbaycan Futzal Federasiyası ilə mətbuat arasında əlaqələndirici şəxsin olmaması, yalnız rəsmi turnirlər zamanə bu işi AFFA-nın yerinə yetirməsi nə dərəcədə düzgündür?

“ƏSAS SIXINTI DAXİLİ YARIŞLARIN İŞIQLANDIRILMASINDA TƏZAHÜR EDİR”

Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): “Futzal baxımlı idman növüdür, onu hiss-həyəcansız izləmək mümkün deyil. Ölkəmizdə bu idman növünə marağın yüksək olması da ənənəyə söykənir. Təbii ki, futzalın işıqlandırılması istiqamətində boşluq var. Düzdür, beynəlxalq oyunlarda istər yayınla bağlı, istərsə də qəzet və saytlarda fəallıq müşahidə olunur. Əsas sıxıntı daxili yarışların işıqlandırılmasında təzahür edir. Ancaq bu yöndə fəal olan həmkarlarımızın da haqqını vermək lazımdır.

Əslində, futzalda ciddi uğurlarımız var və bu, onun audutoriyasını genişləndirməlidi. Hələlik bu yöndə effekt görmürük. Əsas diqqəti böyük futbola yönəldən mətbuat kadr potensialındakı çətinliklərə baxmayaraq, futzalın təbliğatına da yer ayırmalıdı. KİV-də marağı stimullaşdırmaq lazımdı, bu öz yerində. Bu yöndə AFFA yanında Media Komitəsinin son bir ildəki tədbirləri, layihə istiqamətləri arasında futzala yer verməsi mətbuatda fəallığı müəyyən qədər artırıb. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, çətinliklərə baxmayaraq, uzun illərdən bəri futzalın işıqlandırması yönündə aparıcı rol oynayan mətbu orqanıyıq. Oxucularımızı beynəlxalq oyun və çempionatdakı nəticələrdən məlumatsız saxlamamışıq. Təkcə yüksək liqanın yox, birinci və ikinci divizionun yekun nəticələrini də təqdim edirik. Bundan başqa, futzalla bağlı aktual mövzuları gündəmdə saxlayır, münasibət bildiririk. Bununla belə, çətinliklərlə də rastlaşırıq. Bəzən şəxsi əlaqələr hesabına məlumat əldə etməli oluruq. Bu da federasiyanın saytının, həmçinin mətbuat xidmətinin olmamasından irəli gəlir.

Qeyd etdiyim kimi, Futzal Federasiyasının rəsmi saytının yoxluğu və mətbuatla əlaqələndirici şəxsin olmaması təbliğat yönündə çətinliklərə yol açır”.

“FUTZALLA BAĞLI XƏBƏRLƏR GENİŞ OXUCU KÜTLƏSİNİN MARAĞINDA DEYİL”

Aydın Bağırov (Qol.az saytının redaktoru): “Azərbaycanda futboldan sonra mətbuatda futzalın təbliğatını normal saymaq olar. Hər halda unutmayaq ki, futzal futbol qədər çox populyar idman növü deyil. Buna baxmayaraq, xüsusilə beynəlxaq oyunlar ərəfəsində mətbuat istər milli, istərsə də klubları gücləri çatan qədər diqqətdə saxlayır.

Kifayət qədər diqqət ayrılmamısını normal hesab etmək olar. Media ona daha çox oxucu, müasir texnologi dildə desək, İP qazandıran sahələrə diqqət yetirir. Etiraf edək ki, Azərbaycanda futzalın populyarlıq səviyyəsi hələ o həddə gəlib çatmayıb ki, bu məsələ idman mediasının daim diqqətində olsun.

Bu idman növünün işıqlandırılmasında heç bir çətinliklə üzləşmirik! Çünki Qol.az-ın çox az diqqət göstərdiyi idman növlərindən biri də futzaldı. Bu da səbəbsiz deyil. Beynəlxalq yarışlar istisna olmaqla, futzalla bağlı xəbərlər bizim saytın (eləcə də digərlərinin) geniş oxucu kütləsinin marağında deyil. Ona görə də futzala dair xəbəri verib-verməməklə bir sayt olaraq nəsə itirmirik. Amma Azərbaycan idmanı üçün əhəmiyyətini nəzərə alaraq, beynəlxaq oyunlar zamanı komandalarımızın çıxışını diqqətdə saxlamağı özümüzə peşəkar borc bilirik.

Futzalı az işıqlandırsaq da, mənim bildiyimə görə, Futzal Federasiyasının media ilə əlaqələri çox pisdir. Məncə, futzalın ölkədə çox populyar olmamasının bir səbəbi də elə bu faktdır. AFFA ilə Futzal Federasiyasının işlərini əlaqəli şəkildə qurması normaldır. Amma istənilən halda Futzal Federasiyasının media ilə işini AFFA yerinə yetirməməlidir. Hər bir federasiyanın özünün prezidenti, idarəetmə orqanı olduğu kimi, mətbuat xidməti də olmalıdır və məncə, Futzal Federasiyası gələcəkdə işindəki bu ciddi nöqsanı aradan qaldırmalıdır”.

“MƏSLƏHƏTDİR Kİ, FUTZALIN ÖZÜNÜN SAYTI, MƏTBUAT XİDMƏTİ OLSUN”

Vüqar Zeynalov (Azerisport.com saytının direktoru): “Futzalın mətbuatda işıqlandırılması məni qane etmir. Futbol çempionatı və kubok oyunları az maraq doğurur və ona görə də KİV onları az işıqlandırır. Biz futzalı işıqlandırırıq. Amma daha çox informasiya tapmağımız üçün klubların rəhbərləri, məşqçiləri daha normal işləməlidirlər.

Futzal Federasiyası AFFA-ya daxildir. Məsləhətdir ki, futzalın özünün saytı, mətbuat xidməti olsun və bu işlər daha yüksək səviyyədə qurulsun”.

“FUTZALIN POPULYARLAŞMASI YÖNÜNDƏ BU İDMAN NÖVÜNÜN ALİ QURUMU XÜSUSİ ADDIMLAR ATMALIDI”

Ceyhun Əliyev (Sport24.az saytının baş redaktoru): “Futzal daim futbolun kölgəsində qalıb. Yalnız futbolsuzluq illərində ön plana keçən bu idman növünə marağın aşağı olmasında səbəb bilavasitə futzalla bağlı deyil. Ölkə vətəndaşlarının rifahının olduqca aşağı olması idmana maraq göstərməmələrini şərtləndirir. Gecə-gündüz ailəsinə bir loxma çörək aparmaq barədə düşünən əhalimizin böyük bir hissəsinin "idman" adlı əyləncəyə vaxtı qalmır. O kəslər də ki, gündəlik gəlirləri sıravi vətəndaşın illik məvacibindən çoxdu, əylənmək üçün daha bahalı məkanlar seçirlər. Belədə, idman mediasının daha populyar futbola diqqət ayırması təbiidi. Tələb futboladırsa, KİV buna uyğun hərəkət edir.

KİV futzala həqiqətən də az diqqət ayırır. Ancaq tələb futbola daha böyükdürsə, idman mediası buna qarşı gedə bilməz. O başqa məsələ ki, futzalın populyarlaşması yönündə bu idman növünün ali qurumu xüsusi addımlar atmalıdı. Medianın hansısa xətti işıqlandırmaq üçün 2 marağı ola bilər: mənəvi və maddi. Mənəvi cəhətdən oxucu daha çox futbol tələb edir. Qalır maddi tərəf. Ancaq maddi baxımdan da idman mediasının futzalı işıqlandırması üçün heç bir marağı yoxdu.

Futzala daha çox diqqət yetirməyimiz üçün əlavə işçi qüvvəsinə ehtiyac yaranacaq. Belədə, həmin jurnalistin maddi tələbləri ödənilməlidi. Kim ödəyəcək? Hansı vəsait hesabına bunu qarşılaya bilərik? Bax, bu üzdən də futzal arxa planda qalır.

Əlbəttə, Futzal Federasiyasının mətbuat xidməti yaradılsa, müəyyən mənada effektiv olar. Ancaq düşünmürəm ki, bu post yaranmaqla, KİV gecə-gündüz futzaldan yazacaq. Maddi-texniki baza olmayınca, ciddi dəyişikliyə nail olmaq mümkünsüzdü”.

“FUTZAL FEDERASİYASI ÖLKƏDƏ ƏN BƏRBADLARDANDI”

Elçin Cəlilov (Futbolpress.az saytının baş redaktoru)“Futzalın mətbuatda işıqlandırılması qənaətbəxş deyil. Çünki əvvəla media ilə federasiya arasında əlaqə quracaq şəxs yoxdur. Ümumiyyətlə, federasiya ölkədə ən bərbadlardandı. Vacib turnirlər ərəfəsində AFFA bu işləri görür. O da mövsümi xarakterli. Bunlar yolverilməzdir. Futzal federasiyası varsa, bununçün dövlətdən pul ayrılırsa, yığmaya və ya klublarımıza legionerlər cəlb olunursa, onda bu prosesin ictimaiyyətə çatdırılması da peşəkarlaşmalıdı"

“FUTZAL FEDERASİYASI İLƏ MƏTBUAT ARASINDA ƏLAQƏLƏNDİRİCİ ŞƏXSİN OLMASI ZƏRURİDİ”

Vüqar Xeyrullayev (Apasport.az saytının əməkdaşı): “Hazırda futzalın işıqlandırılması dedikdə ilk növbədə millinin və çempionun beynəlxalq oyunları göz önünə gəlir. Çünki yalnız yığma və avrokubok matçları az-çox işıqlandırılır. Düzdü, daxili yarışları mütəmadi işıqlandıran azsaylı KİV-lər var. Amma ümumilikdə futzalın futbolun kölgəsində qaldığını söyləmək olar. Tarixə baxsaq, həmişə belə olduğunu, yalnız futbol üzrə çempionatın dayandırıldığı 2002-03-cü illərdə futzalın geniş miqyasda işıqlandırıldığını demək olar.

Qeyd etdiyim kimi, futzal futbolun kölgəsində qalmaqdadı. Kifayət qədər diqqətin ayrılmaması daxili yarışlara aiddi. Buna da səbəb ilk növbədə güclü, maraq doğuran çempionatın olmamasıdı.

Rəsmi mənbələrin olmaması işimizə çətinlik yaradır. Beynəlxalq yarışları xarici mənbələr hesabına işıqlandırmaq mümkündü. Daxili yarışlarda klubların, federasiyanın saytlarının, səhifələrinin olmaması, olanların isə fəaliyyətinin qənaətbəxşdən də aşağı olması ciddi problemdi. Düzdü, kimsə deyə bilər ki, bunları KİV özü həll etməlidi. Amma təqvimi, nəticələri, heyətləri, protokol və bu kimi xırda, amma zəruri məsələləri kiminlə isə dəqiqləşdirmək lazım gəlirsə, deməli problem var.

Əlaqələndirici şəxsin olması da zəruridi. Amma AFFA və ya PFL-in saytı kimi işləyən sayt olsa, belə şəxsə ünvanlanacaq suallar da azalacaq. Həmin şəxs və şəxslər heyətlərdən tutmuş fotolar, videolaradək hər şeyin əksini tapdığı sayta cavabdeh ola bilər”.

P.S. Məsələ ilə bağlı AFFA-nın da mövqeyini öyrənmək istəsək də, qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu hazırda məzuniyyətdə olduğunu və suallarımızı bir neçə gündən sonra cavablandıracağını bildirdi. Odur ki, AFFA-nın mövqeyini bu istiqamətdə hazırlayacağımız televiziyaçıların fikirlərinin yer alacağı növbəti yazıda təqdim edəcəyik.

Hazırladı: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30