19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Futzal

Zaur Axundov: “Hədəfimiz UEFA kubokunu qazanmaqdır” (MÜSAHİBƏ)

“İSTƏYİRİK Kİ, YAXIN GƏLƏCƏKDƏ ƏN AZI AVROPA ÇEMPİONATINI AZƏRBAYCANDA KEÇİRƏK”

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Futbolxeber.az saytına müsahibə verib.

- Ölkə çempionatında yeni mövsümün artıq 5 turu geridə qalıb. Birinciliyin gedişatı sizi qane edir?

- Çempionat hər il olduğu kimi, maraqlı başlayıb. Bu mövsüm güclülər dəstəsində “Şirvan” komandası da oynayır. Komandanın sponsorlarına təşəkkürümü bildirirəm. Sevindirici haldır ki, artıq regionlar da futzala maraq göstərməyə başlayıb. Çempionat yeni başlasa da, “Araz” ilk turlardan liderliyini, flaqmanlığını göstərir. Eləcə də “Neftçi”, “Ekol” yaxşı çıxış edirlər. Oyunları həftəsonuna salmışıq ki, azarkeşlər də gəlib, izləyə bilsinlər. Ümidvaram ki, sona qədər maraqlı mübarizə gedəcək.

- “Araz”ın hegemonluğu ilk turlardan diqqət çəkir. Komanda əsas rəqiblərindən olan “Neftçi”ni də çətinlik çəkmədən məğlub etdi. Bu məqam “Araz”ın avrokuboklardakı çıxışına nə dərəcədə təsir göstərə bilər?

- Müəyyən qədər bu fikirlə razıyam. Amma çempionatda rəqabət var. Dediyim kimi, “Neftçi” və “Ekol” pis çıxış etmir.

- Tezliklə “Araz” UEFA Kubokunun Elit raundunda mübarizəyə başlayacaq. Komanda çətin sınağa nə dərəcədə hazırdır?

- Oyun praktikası baxımından hər şey qaydasındadır. Sadəcə, vaxtımız çox az idi. Milli bir müddət əvvəl dünya çempionatından qayıdıb. Yığmanın əksər üzvləri də “Araz”da çıxış edir.

- Heyətdəki zədəlilərin son durumu necədir?

- Son 2 həftədə 6 oyunçumuz zədədən əziyyət çəkirdi. Yavaş-yavaş formaya düşürlər. Hazırda yalnız Paletta zədədən əziyyət çəkir. Son turda “Neftçi”yə qarşı keçirilən oyunu da tribunadan izlədi. İnanıram ki, Elit raunda qədər o da sıraya dönəcək.

- Demək olar ki, “Araz”ın qarşısında hazırda duran əsas vəzifə “Dördlər finalı”na yüksəlməkdir?

- Tamamilə doğrudur. “Araz” artıq Avropada sözünü deyib. Komandamızı hər kəs tanıyır. 2 dəfə “Dördlər finalı”nda çıxış etmişik. Hər 2 halda da üçüncü yeri tutmuşuq. Bu, yaxşı nəticədir. Lakin indi həmin nəticəni yaxşılaşdırmaq arzusundayıq. Hədəfimiz UEFA kubokunu qazanmaqdır.

- Elit raunda qədər heyətin güclənməsi nəzərdə tutulub?

- Xeyr. Bu məsələni heç müzakirə də etmədik. Çünki komanda hazırda yaxşı formadadır. Digər tərəfdən də mövsümün ortasında heyətə yeni oyunçu cəlb etməyi məqsədəuyğun saymadıq. Heyət tam formalaşıb. Oyunçular neçə aydır bir yerdə oynayırlar. Yaxşı nəticə qazanacağımıza ümidimiz böyükdür.

- Dünya çempionatı öncəsi qısa müddətlik axtarışdan sonra baş məşqçi vəzifəsini Miltinyoya həvalə etdiniz. Mundialdakı çıxış da seçimin düzgün olduğunu göstərdi. Həm millini, həm də “Araz”ı çalışdıran braziliyalı mütəxəssisin qarşısına bundan sonra hansı tapşırıq qoyulub?

- Miltinyo çox təcrübəli məşqçidir. Dünya çempionatına bizi Peres yüksəltdi. Amma müəyyən səbəblərdən o komandadan getdi. Miltinyo ilk gündən işinə ciddi yanaşır. Yəqin razılaşarsız ki, ilk dəfə dünya çempionatında çıxış edən komandanın V yeri tutması yaxşı nəticədir. Yığmamızın FIFA reytinqindəki mövqeyində də irəliləyiş var. Hazırda Miltonyonun işindən AFFA da, biz də razıyıq. Qarşıda “Araz”ı Elit raund, millimizi isə apreldə Bakıda Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir. Artıq həm klub, həm də milli səviyyəsində daha böyük uğurlar qazanmağın zamanıdır. Hədəfimiz də bu günə qədər əldə olunan nəticələri yaxşılaşdırmaqdır.

- Futzal ölkəmizdə ənənəsi olan idman növlərindən biridir. Üstəlik, həm klub, həm də yığma səviyyəsində uğurlar qazanırıq. Lakin hazırda futzala mətbuat tərəfindən kifayət qədər diqqət ayrılmır. Adicə bir nümunə. Ölkədə 2 idman kanalı var, amma heç biri futzal çempionatının oyunlarını yayımlayır. Çempionatda turun mərkəzi oyununu 1-2 jurnalist izləyir. Bu biganəliyin səbəbini nədə görürsüz?

- Mətbuatın futzalı tam diqqətsiz qoyduğunu deməzdim. Siz başda olmaqla diqqət edən jurnalistlərə minnətdaram. Yayım məsələsinə gəldikdə, hazırda CBC Sportla danışıqlar aparırıq. Yaxın gələcəkdə turun mərkəzi oyunlarının yayımını planlaşdırırıq.

Futzalda kütləvilik olmalıdır. Bildiyiniz kimi, Qazaxıstanda bu yaxınlarda çox gözəl qərar qəbul edildi. Futbol üzrə ölkə çempionatında mübarizə aparan klublar həm də futzal komandası saxlamalıdırlar. Bu qərar 180 dərəcə futzalın inkişafına təsir göstərəcək. Hazırda bütün dünyada müəyyən çətinliklər var. Amma gələn mövsüm üçün bu məsələni yenidən müzakirə etmək fikrimiz var. Qərarın qəbul olunması futzalın inkişafına təkan verəcək. Bu qərarı alqışlayıram. Qazaxıstanda belə qayda varsa, bizdə də niyə olmasın?

- Bu məsələni AFFA rəhbərliyi qarşısında qaldırmağı düşünürsüz?

- Hazırda plan hazırlayırıq. AFFA rəhbərliyinə müraciət edəcəyik. İnanıram ki, müsbət qərar veriləcək.

- Bu günə qədər Bakıda “Dördlər finalı”na, Avropa və dünya çempionatının seçmə mərhələ oyunlarına ev sahibliyi edib. Yaxın gələcək ölkəmizdə ən azı qitə birinciliyinin keçirilməsi mümkündürmü?

- Bu barədə UEFA və FIFA ilə söhbətlər aparmışıq. Azərbaycan bu günə qədər bir çox mötəbər yarışlara ev sahibliyi edib. Ölkəmiz I Avropa Oyunlarını, Formula 1-i, bir çox yarışlar üzrə Avropa və dünya çempionatlarını yüksək səviyyədə keçirib. Dövlət başçımız cənab İlham Əliyev bütün idman növlərinə böyük diqqət ayırır. Ölkə xaricində olarkən Azərbaycanın mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi barədə eşidirik. Bir çox federasiyalar beynəlxalq yarışların Azərbaycanda keçirilməsini istəyir. Bu günə qədər keçirdiyimiz “Dördlər finalı”, Avropa və dünya çempionatının seçmə mərhələ oyunlarından hər kəs razı qalıb. Biz də istəyirik ki, yaxın gələcəkdə ən azı Avropa çempionatını Azərbaycanda keçirək. Bunun üçün lazımi infrastrukturumuz da var. Təkcə oyun deyil, məşq üçün də kifayət qədər zallar var. Avropa çempionatını keçirmək bizim üçün prioritet məsələdir. Bunun üzərinə işləyırik. İnanıram ki, UEFA-ya müraciət etsək, qəbul edəcəklər.

Söhbətləşdi: İBRAHİM

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30