25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

İlqar Tağıyev: “15 il əvvəl olsaydı, “Het-trik news” 25 min tirajla çap olunardı”

Jurnalistikanın ən önəmli qollarından biri də idman jurnalistikasıdır. Ayrı-ayrı ölkələrdə jurnalistikanın bu növü xüsusi bir sahə kimi öz inkişaf yolunu tutub. Ancaq Azərbaycanda idman jurnalistikası ilə bağlı müəyyən problemlər var. Daha doğrusu, bəzi ekspertlər hesab edir ki, idman mətbuatı digər sahə jurnalistikasının kölgəsində qalıb. Qeyd etmək lazımdır ki, müəyyən çatışmazlıqlara rəğmən son dövrlər Azərbaycan idman mətbuatında tərəqqi hiss olunur. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar fəaliyyət göstərir. İdman jurnalistikasındakı inkişafla bağlı zamanın tələbindən doğan qəzetlərdən biri də yenicə bir yaşını qeyd edən "Het-trik news” qəzetidir. Qəzetin təsisçisi və baş redaktoru İlqar Tağıyev də bizimlə söhbətində qəzetin ötən bir il ərzindəki fəaliyyətindən və gələcək planlarından söz açıb.

 

- Jurnalistikaya necə gəlmisiniz?

-Məktəb illərində qəzetə marağım çox idi. SSRİ dövründə nəşr olunan və atamın abunə olduğu "Kommunist”, "Bakinskiy raboçiy”, "Sovetskiy sport” qəzetlərini əvvəldən -axıra kimi oxuyurdum. Müstəqillik dövründə isə "Səhər” və "Zaman” qəzetlərinin bir sayını belə buraxmırdım. Evdən verilən pul qəzetlərə xərclənirdi. Hətta oxuduğum 159 saylı məktəbdə "Bilik” adlı divar qəzeti hazırlayırdım. Jurnalistikaya gəlişim 1992-ci ilin iyul ayına təsadüf edir. O vaxt orta məktəbin 10-cu sinifini bitirmişdim. Baş məşqçi Valerii Hacıyevə görə isə futbol üzrə U-16 millisindən ayrılmışdım. Boşluq idi və işləmək istəyirdim. Valideynlərimin məsləhəti ilə Rəşad Məcidin yanına getdim. Rəşad müəllimlə ailəvi tanış idik. O vaxt "Azərbmətbuatyayımı” İstehsalat Birliyinin sədri idi. Məni "525-ci qəzet”in redaksiyasına - redaktor Səbuhi Məmmədlinin yanına göndərdi. 16 yaşlı uşağa etimad göstərdiyinə və bu səviyyəyə çatmağıma görə Rəşad müəllimə həmişə minnətdar olmuşam. Mətbuatda ilk dəfə imzam iyulun 17-də dərc olunan qəzetdə getmişdi. Krossvord hazırlamışdım. Sonradan kiçik müsahibələr, idman xəbərləri yazmağa başladım. Yazmaq deyəndə, o əlyazmaları normal vəziyyətə gətirənə kimi Səbuhi Məmmədli və Yusif Rzayevin nə qədər əziyyət çəkdiyini indi başa düşürəm. Jurnalistikanı Yusif Rzayevdən öyrənmişəm. Düzü, hələ də öyrənirəm. Onun kimi peşəkar müasir qəzetçilikdə çox azdır.

- Deyəsən, həyatda da "het-trik”leri sevirsiniz? "525-ci qəzet”, bir başqa iş və bu qəzet... Başlayaq elə qəzetin adından. Niyə məhz "Het-trik news”?

- Bildiyiniz kimi, "Het-trik” bir oyunda 3 qol vurmaqdı, sırf futbol terminidi. Bir neçə il əvvəl "Het-trik” adlı qəzet nəşr olunurdu. Bir müddət həmin qəzetlə əməkdaşlıq edirdim, yayımı ilə məşğul olurdum. Sonradan müəyyən səbəblərdən nəşrini dayandırdı. Düzü, "Het-trik”i yenidən bərpa eləmək istəyirdim. Amma keçmiş rəhbərlik razılıq vermədi. Belə olan halda Ədliyyə Nazirliyinə müraciət edərək yeni - "Het-trik news”u qeydiyyatdan keçirdim. Məqsəd Azərbaycan futbolunun problemlemlərini araşdırmaq, çatışmazlıqları oxucuya çatdırmaq və ən əsası, azarkeşlərə və oxuculara istər respublikamızın, istərsə də dünyanın futbol həyatında baş verən maraqlı hadisələr, futbol adamları ilə bağlı informasiyalar verməkdir.

- Qəzet nəşr etmək ideyasından öncə qəzet bazarı ilə maraqlanmısınızmı? İdman nəşrlərinin mətbuatımızda yeri necədir?

- Qəzet bazarını öyrənməyə ehtiyac yox idi. Çünki artıq 15 ildən çoxdur ki, fəaliyyətim bu sahə ilə bağlı olub. Bu müddət ərzində Azərbaycanda nəşr olunan 100-ə qədər qəzet və jurnalın, o cümlədən bir neçə idman qəzetinin yayımını qurmuşam. Qısası, qəzet bazarı ilə yaxından tanışam. Amma təəssüf ki, bu gün Azərbaycanda qəzet bazarı ən pis günlərini yaşayır. Bunun da bir neçə səbəbi var. Ən başlıcası, insanlarda qəzetə maraq azalıb. Oxucular, artıq idman da daxil olmaqla bütün sahələrlə bağlı xəbərləri internetdən öyrənməyə üstünlük verirlər. Təbii ki, bu da qəzetlərin satışına təsirsiz ötüşmür. Amma bir məsələ də var - elə oxucular var ki, qəzetə sevgisini, vəfasını itirməyiblər. 20 ildir ki, "525-ci qəzet”də işləyirəm. Bu illər ərzində gördüklərimdən belə bir qənaətə gəlmişəm - heç bir internet portalı qəzetin yerini, onun "qoxusunu” və "dadını” verə bilməz. Buna baxmayaraq, mövcud vəziyyətlə ayaqlaşmaq lazımdı. "Het-trik news”a marağın hədsiz olduğunu desəm, düzgün çıxmaz. Əsas odur ki, qəzetçiliyə marağın az olduğu indiki dövrdə qəzet, müəyyən oxucu kütləsi toplaya bilib. Əminliklə deyə bilərəm ki, 15 il əvvəl olsaydı, indi -”Het-trik news” 20-25 min tirajla çap olunardı. Təəssüf ki, dövrümüzdə bu rəqəm adama yuxu kimi gəlir.

- 1 yaşınız oldu... "Het-trik” bu bir ildə nə edə bildi. Ümumiyyətlə, qarşıya qoyduğunuz məqsədə nail ola bildinizmi?

- Əsas məqsədimiz, oxuculara futbol və futbolçularla bağlı dolğun, maraqlı və qalmaqalsız informasiyaları çatdırmaqdı. Düşünürəm ki, geridə qalan bir ildə xeyli işlər görə bilmişik. Fəaliyyətimizin məni qane edib-etməməsinə gəlincə, deyə bilərəm ki, tam yox. Daha çox işlər görə bilərdik. Daha çox araşdırmalar apara bilərdik. Təəssüf ki, maliyyə problemləri və eyni vaxtda bir neçə sahədə çalışmağım buna imkan vermədi. Ümumiyyətlə, maliyyə ilə bağlı çətinliklərlə hər bir mətbu orqan üzləşir. Bu üzdən hər şeyi maliyyənin üzərinə atmaq da düzgün çıxmaz. Əsas iş yerim "525-ci qəzet”dir və oranın qayğıları məni daha çox maraqlandırır. "Het-trik news”un təsisçisi olsam da, "525”i heç nəyə dəyişmərəm.

- Satış bazarındakı problemlər hər kəsə bəllidir. "Het- trik news” rəqabətə necə davam gətirir?

- İdman mətbuatında saytlar üstünlük təşkil edir. Bu gün Azərbaycanda onlarla idman saytı fəaliyyət göstərir. Qəzetlərin sayına gəlincə isə cəmi 8-9 idman qəzeti fəaliyyət göstərir. Onların da əsas mövzusu futboldu. Təxminən 10 milyon əhalisi olan Azərbaycan üçün bu çox azdır. Qəzetin ərsəyə gəlməsi, saytlarla müqayisədə daha çox əmək və pul vəsaiti tələb edir. Bu iki amil, jurnalistlərə internet mediasında fəaliyyət göstərmələrinə səbəb olur. Rəqabətə gəlincə, həmin 8-9 qəzetin arasında "Futbol+”in ən populyar qəzet olması hamıya məlumdu. 15 ildir ki, fəaliyyət göstərirlər. Həm də qəzetin baş redaktoru Mahir Rüstəmli kimi bir peşəkardı. 1 yaşlı "Het-trik news”un 15 yaşlı "Futbol+”lə rəqabət aparması gülünc olardı. Digər qəzetlərlə isə rəqabət aparmağa dəyər. Tanınmaq cəhətdən onlardan geri qala bilərik, amma mövzu və yazı üslubu nöqteyi-nəzərdən bunu demək olmaz.

- Sizin qəzetiniz də daxil bütün idman qəzetlərinin səhifələrini futbol "işğal” edib... Məgər Azərbaycanda başqa idman sahələri yoxdur?!

- Bu haqda bir neçə dəfə iradlarla rastlaşmışıq. Doğru iradlardı. Yəqin ki, gələn ildən etibarən idmanın digər sahələrinə də geniş yer veriləcək.

- Bəs, "Het-trik news”in gələcəklə bağlı nə kimi planları var? Ümumiyyətlə, qəzetin hədəfi nədir?

- Yaxın günlərdə üzv olmaq üçün lazımi sənədləri hazırlayıb Mətbuat Şurasına təqdim edəcəyik. Fikrimcə, Mətbuat Şurasının sıralarına qoşulmaq üçün elə bir ciddi problem ortaya çıxmayacaq. Qəzetin dövriliyini artırmaq haqda düşünürük. Amma bu o qədər də asan deyil. Həm işçilərin sayı, həm də maliyyə vəsaiti artmalıdı. Əgər bu planımız gecikərsə, qəzetin saytını işə salacağıq. Xeyli vaxtdır ki, hazırdı. Bayaq da dediyim kimi saytı saxlamaq qəzetlə müqayisədə çox asandı. Yaxınlarda internet-radioların birində "Het-trik news”un təşkilatçılığı ilə 1 saatlıq veriliş hazırlamaq fikrindəyik. Mövzu isə əsasən uşaq futbolu ilə bağlı olacaq. Yəni, bu verilişdə uşaq futbolunun problemləri, çatışmazlıqları və çox istərdik uğurlar haqda söhbət açaq. Bir sözlə, Allahın köməyi ilə 2 yaşında "Het-trik news” bir qədər də böyüyəcək, "boy atacaq”.

- Qəzetin yaşamasına kimlərinsə köməyi dəyir?

- Hazırda qəzeti kiçik kollektivlə ərsəyə gətiririk. Əsasən yazıların hazırlanmasında köməklik göstərirlər. Asif Bağırov, Ceyhun Əliyev, Şahin Zülfüqarov, Nemət Ağayev əlimdən çox tuturlar. Qalan bütün yük öz üzərimdədi - redaktə, korrektura, dizayn, mühasibatlıq, yayım və s. Çox çətindi, amma qəzetin hər nömrəsi hazır olanda bütün yorğunluq adamın canından çıxır.

- Qalmaqalla aranız necədir? Adətən bəzi yeni nəşrlər belə yazılarla tanınmağa can atırlar...Olubmu belə hal?

-Düzü, ilk saylarda qəzetdə qalmaqal yarada biləcək mövzulara daha çox yer verirdim. Amma sonradan qalmaqalın qəzetə hörmət gətirməyəcəyini, bununla çox uzağa getməyin mümkünsüz olduğunu gördüm. 20 ildən çox qalmaqaldan uzaq "525” məktəbi keçmişəm. Bu illərdə "525”in necə hörmətli bir qəzet olduğunu görmüşəm. Deməli, qalmaqalsız da hörmət, oxucu sevgisi, populyarlıq qazanmaq mümkündü. Ən yaxşı yol elə "525”in yoludu. İnanıram ki, bu yolla çox uğur əldə eləmək olar.

Əminliklə deyə bilərəm ki, bu bir ildə "Het trik news” özünə xeyli dost qazana bilib. Amma bizi özünə düşmən hesab eləyənlər də olub. Məsələn, Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov. Bunu bir neçə nəfərdən eşitmişəm. İlk saylarımızda haqqında gedən tənqidi yazılara görə keçmiş hakim Elçin Məmmədov və "Şuşa”nın baş məşqçisi Nadir Qasımovla aramızda narazılıq olub. Hətta Elçin Məmmədov qəzetin çapını dayandıracağı ilə bizi hədələyib. Amma bunlar şou-biznesdə baş verən qalmaqallar səviyyəsinə çatmayıb, hər şey yoluna qoyulub.


Mənbə: sherg.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30