25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Vuralın Foqtsdan daha yaxşı olacağına təminat verirəm"

"SADIQ SADIQOV O ZAMAN SÖZÜNÜN ÜSTÜNDƏ DURMADI"

Mehmet Akla söhbətimizə tam fərqli mövzuda başlamaq istəyirdim. Bu gün Gəray Qarayevin "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovun haqqında səsləndirdiyi xoşagəlməz fikirlərə münasibətini öyrənmək istədim. Amma razılaşmadı. "Buna ehtiyac yoxdu, bu haqda danışmağa belə dəyməz. Bir vaxtlar Qarayev mənim haqqımda da eyni fikirləri səsləndirmişdi" söyləməklə kifayətləndi. Odur ki, Aka başqa sualları ünvanladıq.

"FOQTS HEÇ BİR FUTBOLÇUNU YÜZDƏ YÜZ TANIMIR"

- Son günlər Azərbaycan idman mətbuatında əsas müzakirə mövzusu Yılmaz Vuralın yığmamızı çalışdırmaq ehtimalıdır. Siz Vuralı yaxşı tanıyırsınız. Azərbaycan futboluna da yaxından bələdsiniz. Sizcə, təyinat reallaşarsa, Vural yığmamıza uğur qazandıra bilər?

- Foqtsan daha yaxşı olacağına təminat verirəm.

- Niyə belə düşünürsünüz?

- Çünki psixoloji baxımdan Vural ən yaxşı məşqçilərdən biridir. Hazırda azərbaycanlı futbolçular psixloji cəhətdən oyuna yaxşı hazırlaşa bilmirlər. Vural isə bu çatışmazlığı aradan qaldıra biləcək gücdədir. Foqts heç bir futbolçunu yüzdə yüz tanımır.

- Amma əksəriyyət sizin kimi düşünmür. Belə fikirlər səslənir ki, Vural yaxşı məşqçi olsaydı, ildə 1 komanda dəyişməzdi. Nə Türkiyə millisini, nə də İstanbul nəhənglərini çalışdırıb...

- 30 yaxın komanda çalışdırıb ki, bu da bir uğurdu. Böyük komandalarda işləməyibsə, pis məşqçi olduğunu düşünmək olmaz. Amma sırf mənim fikrimi soruşursunuzsa, məncə yığmanı Arif Əsədov çalışdırmalıdır.

- Niyə məhz Əsədov?

- Mənim fikrimcə, Azərbaycanda özünü ən yaxşı tərəfdən inkişaf etdirən məşqçi məhz odur. Taktiki cəhətdən də güclüdür. Heç kim məndən inciməsin, amma "Neftçi"nin ardıcıl üç il çempion olmasında Əsədovun böyük rolu var.   

- Sizdən fərqli olaraq, əksəriyyət Əsədovdansa Böyükağa Hacıyevlə Qurban Qurbanovun milliyə daha layiq olduğunu düşünürlər...

- Mən hər üç məşqçi ilə çalışmışam. Azərbaycan futbolu irəli getmək istəyirsə, Arif Əsədovla 6 illik müqavilə imzalanmalı, onun işləməsi, öz sistemini yaratması üçün imkan yaradılmalıdır.

"ƏSƏDOV "DİNAMO" ZAQREB ÖNÜNƏ TRANSFER ETMƏDƏN ÇIXDI"

 

- Fikirlərinizə hörmətlə yanaşıram. Amma heç cür razılaşa bilmirəm. Çünki Arif Əsədov "Neftçi" ilə avrokuboklarda uğur qazana bilmədi. Üstəlik bir müddətdir 19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisidir və geridə qalan müddətdə ciddi uğur qazana bilməyib.

- Siz nə uğur istəyirsiniz ki? Əsədov "Dinamo" Zaqreb önünə transfer etmədən çıxdı. Guya kimin nə uğuru var ki? Qurban Qurbanov bir kubok qazanıb. Hacıyev də Arifin hazırladığı komandanı idarə etdi. O cür düşünürsənsə, yanılırsan. Bu, mənim fikrimdi. Bunları adıçəkilən 3 məşqçinin 3-ü ilə də çalışan biri kimi deyirəm. Qurbanla kubok, Ariflə isə çempionluq yaşamışam.

- Komandanın transfer etməməsi məşqçinin zəifliyi demək deyil? Deməli, rəhbərlikdən tələb edə bilmir, yumruğunu stola vura bilmir.  

- Ortada büdcə məsələsi var. Həmin vaxt "Neftçi"nin siyasəti fərqli idi. Əsədovu Zaqreb "Dinamo"suna uduzduğuna görə zəif məşqçi saymayın. Bir daha deyirəm ki, həmin vaxt "Neftçi"nin siyasəti fərqli idi. O zaman əsas məsələ gənc futbolçuların inkişaf etdirilməsi idi. Amma nə oldusa, Arif Əsədov istefa etdi. Bunun səbəbini isə heç mən də bilmirəm.

- Prezident həmin prezident, idarəçilər eyni, büdcə dəyişmədi. Necə olur ki, Əsədovun vaxtında transfer etmirlər, amma Hacıyev istəyən kimi alırlar? Əsədovun vaxtında da Flavinyo, Rodriqinyo transfer edildi.

- Bu çox uzun müzakirədi. İndi bu haqda ətraflı danışsaq, vaxtımız çatmaz. Amma bir daha deyirəm ki, bütün məşqçilərə hörmətim eynidi. Sadəcə, hər 3 mütəxəssislə çalışmış biri kimi öz fikirlərimi bildirdim.

"ÖLKƏ XARİCİNDƏN GƏLMİŞ MƏŞQÇİ ÜÇÜN LAZIMI ŞƏRAİTİ YARATMADILAR"

- Həmin vaxt "Neftçi"dən gedişiniz də sürpriz oldu. Yaddaşım məni yanıltmırsa, əsas komandadan ayrıldıqdan sonra aşağı yaş qruplarında çalışacağınız deyilirdi. Lakin klubu tərk etdiniz. Həmin vaxt nə baş vermişdi?

- Bu haqda daha əvvəllər də danışmışam. Klubun prezidenti verdiyi sözün üstündə durmadı. Ölkə xaricindən gəlmiş məşqçi üçün lazımı şəraiti yaratmadılar. Beləcə, vidalaşmalı olduq.

- Son zamanlarda Azərbaycandan sizinlə əlaqə saxlayan olur?

- Təbii ki. Ramin bəylə tez-tez danışırıq. Mətbuatdan, futbolçulardan dostlar zəng vurur, hal-əhval tuturlar.

- İş təklif edən olur?

- Hələlik yoxdu.

- Yəqin ki olsa, qəbul edərsiniz?

- İnşallah, Allah qismət etsə, olar.

Elman MƏHƏRRƏMOV 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30