14 May 2021, Cümə
Rəşad Sadıqovdan qələbə şərhi
Novruzov klubundan ayrıldı
Millimiz Türkiyə ilə məşq keçirir
Krivotsyuk Ukraynadan təklif aldı

Ölkə futbolu

Elxan Məmmədov: “Bu, şəxsi fikrimdir və heç kim bundan​ inciməsin”

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun müsahibəsi

- Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsinə iki məğlubiyyətlə başladı. Bəli, qrupun əsas favoritlərinə qarşı oynadıq, düzdü, bu dəfə final fitinədək​ hazırkı Avropa çempionu Portuqaliyayla səfər​ və Serbiya ilə ev oyununda heç-heçə edə bilərdik, ancaq nəticələr, təəssüf ki, xeyrimizə deyil və Azərbaycan xalsız qalıb...

- Bəli, favoritlərə qarşı başladıq, təəssüf ki, xal ala bilmədik. Əlbəttə,​ favoritlərə qarşı oynadığımızı başa düşürdük. Futbolçularımız oyun baxımından bu yüksək səviyyəli rəqiblərdən xal almaq üçün hər şeyi etdi. Bu oyunların hər birində​ ən azı bir xal almağa yaxın idik, amma təəssüf ki, alınmadı. Oyunda gördük ki, futbolçularımız hətta Portuqaliya kimi​ milli komandaya qarşı belə döyüşür. Təəssüf ki, yenə də minimal hesabla məğlub olduq.

​- Canni de Byazinin komandasının hazırkı seçmə mərhələdə qarşısında hansı vəzifə durur? Oyun ​keyfiyyəti baxımından yox, toplalınan​ xallar və turnir cədvəlində yeri nəzərdə tuturuq...

- Uzaq keçmişdə olmayan dövrdə  milli komandamız 3 oyundan sonra 7 xal toplamışdı. "Niyə də yox?" şüarı altında bu eyforiya təxminən bir il davam etdi. Təəssüf ki, bu tempi qoruya bilmədik. O vaxt komandada çox təcrübəli oyunçular var idi. Söhbət Robert Prosineçkinin rəhbərlik etdiyi komandadan gedir. Berti Foqtsla bağlı​ nümunə də var ki, seçmə mərhələdə yığmamız​ yalnız Almaniyaya və Rusiyaya səfərdə​ məğlub oldu, digər görüşlərdə isə heç-heçə etdi və ya qalib gəldi. Niyə bunu deyirəm? Bu seçmə mərhələlərin hər ikisində meydanda uzun illər millinin şərəfini qoruyan təcrübəli oyunçuları görürdük. Artıq milli komandadakı karyeralarının sonu idi və bir az sonra oynadıqları klublarda da buna şahid olduq.​ Gəncləşdirmə zamanı​ gəldi. Keçid anı yaşandı, nəsillərin tamamilə dəyişməsi isə cənab de Byazinin çiyinlərinə düşdü. Ümumiyyətlə, nəsil dəyişikliyi istənilən idman növündə, xüsusilə komanda idmanında çox çətin bir prosesdir. Bizi sevindirir ki, komandamız, səhv etmirəmsə, Avropanın ən gənc milliləri sırasında ilk üçlüyə düşür. Komandamızın orta yaşı 25,5-dir. Bəzi futbolçular millidə ilk oyunlarını keçirirlər. Beləliklə, onlar bir neçə ildən sonra həm milli komandada, həm də klublarında daha tez-tez oynayaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edə biləcəklər.

​- Saytımız legionerlərlə bağlı​ limit məsələsini dəfələrlə qaldırıb. Fikrimizcə, məhz bu,​ klublara ən yüksək maliyyə tələblərini irəli sürən və yüksək maaş alan yerli oyunçuların səviyyəsinə təsir edən amildir. Nəticədə​ xarici klubların təkliflərini sadəcə, nəzərdən keçirmirlər. Axı, Azərbaycanda ildə 150-500 min AZN alan biri xaricə 50-70 min dollara oynamağa sadəcə, getməz. Bu məsələyə yaxın gələcəkdə baxıb legioner limitini ləğv etməyi düşünürsünüz?

-​ Bu mövzuyla bağlı​ həftələrlə, aylarla, illərlə danışmaq olar. İdeal balansı tapmaq çox çətindir. Bu, iki zidd fikirin obyektiv olacağı mövzulardan biridir. Balanslaşdırmaq çox çətindir. Hər klubun öz büdcəsi və hədəfləri var. Ölkədəki futbol tənzimləyicisi olan AFFA-nın da öz hədəfləri var. Əsas məqsədimiz gənclərin oynamasıdır. Şəxsi fikrim odur ki, hər klubda 21-23 yaş arası gənc futbolçular​ oynamalıdır. Gənclərə nümunə olacaq təcrübəli yerli futbolçular da çıxış etməlidir. Onlarla yanaşı, futbolçularımızdan bir baş güclü olan legionerlər də cəlb olunmalıdır. Qoy,​ 2-3 yaxşı legioner olsun, nəinki 6-7, hansılardan ki azərbaycanlılar heç nə öyrənməyəcək. Hesab edirəm​ ki, bu, ideal vəhdət olacaq. Bəzi klublarda isə nə görürük? İşlərin o qədər də yaxşı getmədiyini görürlər, bir neçə legioner gətirirlər. 4 aydan sonra legionerlərin zəif olduğunu görürlər, onları​ geri göndərirlər. Növbəti 3 ay​ sonra yeni legionerlər gətirirlər. Eyni şey yerli futbolçulara da aiddir. İdeal balanslaşdırma olarsa, nəticə​ də olacaq. Hesab edirəm ki, ildən-ilə ölkəmizi Avropa yarışlarında uğurla təmsil edən “Qarabağ” klubunda ideal balans​ yaradılıb. Həm gənc futbolçuları, həm də uuşaqlarımıza bir şey öyrədə bilən legionerləri, eləcə də təcrübəli yerli futbolçuları görürük.

​- Analoji vəziyyət gənc futbolçuyla bağlı limitdədi. Heç kimə sirr deyil ki, əksəriyyəti sadəcə, Premyer Liqanın tələblərinə cavab vermir, amma klublar heyətdəki yerlərini onlara etibar etmək məcburiyyətindədirlər. Ölkəmizdə çempionatın səviyyəsi onsuz da yüksək deyil və meydanda süni peyda olma, bir tərəfdən meydanda, faktiki olaraq, 10 oyunçunun olması deməkdir, digər yandan da həmin oyunçuların işinə biganə yanaşmasını şərtləndirir. Bu uşaqlar, əksər vaxt bir və ya iki il çalışaraq, sonradan tələbatsız​ olurlar. Tələbat yarananlara gəlincə (Anton Krivostyuk, Amin Seydiyev, İsmayıl İbrahimli, Murad Xaçayev), onlar mövcud limit olmadan da klubların əsas heyətinə daxil edilər...

- Heç bir halda kiminsə xətrinə dəymək istəmirəm. Sadəcə, fərziyyə ilə təsəvvür edin ki, hər klubda 25 yaşdan yuxarı 3-4 yerli futbolçu, 21 yaşdan kiçik 3-4 azərbaycanlı futbolçu və eyni sayda yüksək keyfiyyətli əcnəbi olacaq. Müəyyən bir müddətdən sonra balanslaşdırılmış​ bir yığma komandamız olacaq,​ bu klub isə yaxın gələcəkdə futbolçularını xaricə satmağa başlayacaq. Bu, şəxsi fikrimdir və xahiş edirəm heç kim bundan​ inciməsin.

- Yaş limitinə də toxunaq. Cari mövsümdə bunun pandemiya ilə əlaqəli olduğunu başa düşürük, lakin artıq 23 yaşında olan futbolçular hələ də limit sayılır. Necə deyərlər, futbol meyarlarına görə təqaüdə bir addım qalıb. Gənc futbolçuya qoyulan limiti ləğv edib bonus şəklində alternativ təklif etmək daha yaxşı olmazdımı: çempionatda oyunların ən azı 40% -ni oynayan 21 yaşınadək hər futbolçu üçün AFFA kluba mövsümün sonuna müəyyən bonus​ versin? Məsələn, "Qarabağ" və "Neftçi" bu vəziyyətdə 21 yaşdan aşağı futbolçu cəlb etməyə həvəsli olmayacaq, amma həmin​ ​ "Qəbələ" və "Sumqayıt" əksinə, bu yaş dərəcəsinə cavab verən bir neçə oyunçuya şans verəcək.

- Bu limit artıq bir neçə ildir qüvvədədir və bizə müsbət nəticələr verib. Bu limit sayəsində milli komandamızın orta yaş həddi 25-26-dır. "Qarabağ"a diqqət yetirin. Ölkə çempionu avrokubok​ matçlarına Azərbaycan liqasında tələb olunan oyunçuların praktiki olaraq eyni limiti ilə​ daxil olur. Axı, Avropa yarışlarında​ xarici oyunçular üçün bir məhdudiyyət yoxdur və məşqçilər meydana 11 əcnəbini çıxara bilər. Deməli, bu balans klubun baş məşqçisinin ehtiyaclarını ödəyir. Tənzimləyici tərəfdən bir çərçivə yoxdursa, 10-15 il əvvəl bir komandada 10-11 əcnəbi görə bildiyimiz zamana geri qayıdacağıq. Bəli, çoxları bu vəziyyətdə yerli futbolçuların xaricdə oynamaq üçün ayrılacağını söyləyir. Statistikaya nəzər salaq: onda​ yalnız bir futbolçu ölkədən kənarda oynamaq üçün yollandl. Limit tətbiq olunduqdan sonra isə gedənlərin sayı artdı. Futbolçunun səviyyəsi müvafiq​ olsa, istəyi varsa, limitlə də, limitsiz də​ gedər. Limitimiz var idi,​ 3-4 oyunçu həm Şərqi Avropada, həm də cənubda - Portuqaliyada xaricdə oynayırdı. Çünki onların ölkədən kənarda çıxış etmək istəyi var idi.

​- Nəhayət, Tovuzda futbol akademiyası istifadəyə verildi. AFFA İcraiyyə Komitəsinin qərarlarına həsr olunmuş son video mətbuat konfransında Gəncədə də futbol akademiyası tikilməsinin gündəmdə olduğunu qeyd etdiniz. Bu məsələdə​ irəliləyiş varmı?

- Pandemiyaya baxmayaraq, Tovuzda stadionun qismən yenidən quraşdırılması, akademiya və bazanın istismara verilməsi ilə bağlı tikinti işlərini başa çatdıra bildiyimizdən çox məmnunuq. Açıq söyləyim ki, Gəncədə də buna bənzər bir akademiya tikmək istəyirik. Ancaq başlamaq üçün Tovuzdakı akademiyanı yoluna qoymalıyıq. Bizim üçün ən başlıcası, Tovuzdakı akademiyaya ən azı 5 il üçün sabit maliyyə təmin etməkdir. Təbii ki, akademiya əlavə vəsait tələb edir. Bəli, inşa etdik, bu hissəni başa çatdırdıq​ və uşaqları topladıq, ancaq iş bununla bitmədi. Yemək, avadanlıq, keyfiyyətli təlimçilər, akademiyanın ixtisaslı direktoru lazımdır. Bu, hazırda prioritetdir. Bu məsələdə kömək etməyə hazır olan sponsorları, xarici tərəfdaşları tapan kimi Gəncədə akademiyanın ideyasının həyata keçirilməsi üzərində işlərə başlayacağıq. Əks təqdirdə, tikinti və istismara verildikdən sonra bir il ərzində akademiya boş qalacaq, deməli, heç bir səmərəlilik​ olmayacaq. Tələsmək istəmirəm, amma çox güman ki, yaxın 5 ildə Tovuz Akademiyasında maliyyə mənbəyinin haradan gələcəyini yaxın vaxtda elan edəcəyik. Hazırkı vəziyyətdə​ AFFA Tovuz Akademiyasına lazım olan hər şeyi təmin edir, ancaq ən azı 5 il sabitliyə ehtiyac var. O zaman təlimçilər üçün fəaliyyətlərini planlaşdırmaq daha asan olacaq.

​- Ötən həftə çox səs-küylü keçdi. Super Liqanın yaranması ideyasının elan edilməsi bütün Avropanı lərzəyə gətirdi. Bu mövzuda şərhinizi eşitmək istərdik...

-​ Həftənin əvvəli həqiqətən gözlənilməz, hətta deyərdim ki, şok oldu. Təbii ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq bəyanat verərək, bu liqaya çox mənfi münasibət bildirdiyimizi göstərdik. Düzü, bu layihə barədə eşidəndə, şoka düşdüm. Axı, bununla məşğul olan klublar çox təcrübəlidirlər, orda ixtisaslı mütəxəssislər, bunun uğursuz bir layihə olacağını əvvəlcədən görməli olan​ vəkillər işləyirlər. Bir çox insan nümunə olaraq digər kommersiya əsaslı idman turnirlərini gətirir. Məsələ burasındadır ki, bu cür turnirlər bir ölkədə keçirilir. Məsələn, ABŞ-da, iştirakçıların televiziya hüquqları və iştirak üçün böyük qonorar aldığı​ qapalı liqa MLS mövcuddur. Ancaq oradakı bütün liqa bu bazada qurulub. İndiki halda isəyrıca 3 fərqli ölkə və bəzi klublar var idi. Ümumiyyətlə, ayrıca bir hüquqi şəxs olmaq fikri bütün Avropa futboluna zərər verir. UEFA-nın 3 əsas meyarı var: ədalətli oyun, həmrəylik və sosial məsuliyyət. İllər ərzində bu dəyərlərin hər üçünü, UEFA, biz​ də daxil olmaqla, Avropa futbol ailəsinin 55 üzvü ilə birlikdə bu təbliğ edir. Bu gün Çempionlar Liqasına və ya Avropa Liqasına vəsiqə qazana bilməyən klublar istənilən halda,​ uşaq-gənclər futbolunun inkişafı üçün UEFA-dan bəzi dividendlər alırlar. Bu liqa isə​ Avropa futbolunun bütün dəyərləri və xüsusiyyətləri məhv edir. Ölkələrində liderlikdən uzaq olan klubların iştirakının planlaşdırıldığı Super Liqa adını eşitmək gülməli idi. Ötən həftənin həyatı və təcrübəsi göstərdi ki, bu təşəbbüsün nəinki uzun və orta, hətta qısamüddətli perspektivi də yoxdur. Çox sevinirəm ki, bu ideyanın perspektivsiz olduğu​nu ilk olaraq ingilis klubları başa düşdü. Onlar vəziyyəti nəzərə aldılar və liqaya daxil olmağa imkan tapmadan ordan​ ayrıldılar. Düşünürəm ki, bu klubların vəkilləri, mütəxəssisləri, sahibləri, menecerləri bütün riskləri qiymətləndirdilər və düzgün qərar verdilər. Bir zərbə məsəlində deyildiyi kimi, ziyanın yarısından da qayıtmaq xeyirdi.​ İngilislərin ardınca​ İspaniyanın bir və İtaliyanın iki klubu bu addımı atdı. Yəqin ki, yaxın gələcəkdə qalan 2-3 klub da müvafiq qərar verəcək.

​- Yenidən daxili işlərə qayıdaq.​ Artıq bir neçə ildir ki, hər yaz​ həm qarşıdakı çempionatda komandaların sayı, həm də kiminsə Premyer Liqadan​ düşəcəyi​ və I​ Divizionun hər hansı bir klubunun Premyer Liqaya yüksəlib-yüksəlməyəcəyi barədə suallar qaldırılır. O qədər də uzaq olmayan üfüqdə nə müşahidə olunur?

- I Diviziondan yüksələn sonuncu klub,​ Lisenziyalaşdırma Qrupuna lazımi bütün hüquqi, infrastruktur, maliyyə, kadr sənədlərini və təminatları verən "Sabah"​ oldu. “Sabah” bu günə qədər Premyer Liqada oynamağa davam edir. Əlbəttə ki, I​ Divizion təmsilçilərinin Premyer Liqa standartlarına cavab verməsini istəyirik. Bu vəziyyətdə komanda sayı indiki kimi 8 yox, misal üçün 10 olardı. Ancaq təəssüf ki, kriteriyalara görə​ ikinci dərəcəli liqanın təmsilçiləri bizə kadr, infrastruktur, maliyyə, hüquqi sənədlər və zəmanət verə bilmirlər. Bu, olarsa, onda Lisenziyalaşdırma Qrupunun bu məsələni müvafiq​ formada həll edəcəyinə əminəm. Bu gün I​ Diviziondakı klubların çoxu Assosiasiya və AFFA yanında Futbolun İnkişaf Fondu tərəfindən maliyyələşdirilir. Bu, bu bölgələrdə futbolun mövcud olmasının davamını təmin etmək üçün edilir. Çox ümid edirik ki, hansısa​ mərhələdə dəstəyimizə qoşulacaq​ sponsorlar olacaq və gələcəkdə bu komandaları Premyer Liqada görəcəyik. Yenə deyirəm, bölgələrin futbolsuz qalmaması üçün bu klubları maliyyələşdirməyə davam edirik. Unutmayın ki, bu klublar da Premyer Liqa təmsilçiləri kimi peşəkar statusa malikdir və peşəkar liqada oynayır. Uzunmüddətli perspektiv​ üçün bir neçə il əvvəl Regional Liqanı yaratdıq. Bu, düzgün piramida üçün lazımdır. Son illər ərzində bu Liqanın sabitləşdiyinə​ və orda 30-a yaxın komandanın iştirak etdiyinə görə çox şadam. Və bu həm də yerli investorların heç olmasa həvəskarlar səviyyəsində regional komandaları dəstəkləmələri üçün bir stimuldu.

​- Üfüqdən bəhs etdiksə,​ qarşıdakı​ Avropa çempionatının final mərhələsinə toxunmaya bilmərik.​ Axı, Azərbaycan 4 qarşılaşmaya ev sahibliyi edəcək və bu, Vətənimizin bütün tarixində idman dünyasında ən möhtəşəm hadisəyə çevriləcək. Bunun öhdəsindən gələ biləcəyik?

- Ciddi matçlara ev sahibliyi etmək təcrübəmiz artıq var, son​ Avropa Liqasının finalı - London derbisi. Görüş çox möhtəşəm keçdi, oyunun keçirilməsinə dair fikir ən yüksək idi, ölkədə bayram ab-havası vardı. İnanmazsınız,​ təşkilati məsələlərə görə vurulan qollardan ikisini görmədim. İki gün sonra, bütün qonaqlarla işçi qrupu yola düşəndən ​​və Təşkilat Komitəsi işini başa vurduqdan sonra, bu möhtəşəm oyunun təkrarını izlədim və hətta bu zaman​ böyük zövq aldım. Əminəm ki, Avropa çempionatında gözəl oyunların şahidi olacağıq. Türkiyə millisinin ölkəmizə gəlişi​ və iki görüşünü paytaxtımızda keçirməsi sevindiricidi. 1/4 final​ matçı üçün bizə kimin gələcəyi hələ məlum deyil. Ümid edirəm ki, bunlar da Avropa futbolunun nəhəngləri olacaq.

​- Başqa bir aktual məsələnin də pərdəsini qaldırmaq istərdik. Bakıda keçiriləcək Avropa çempionatının oyunlarına təxminən 35 min azarkeşin girməsinə icazə veriləcək. Bu zaman ağlabatan bir sual yaranır: Olimpiya Stadionunda bu qədər insanın olması icazəlidirsə, niyə çempionat və Ölkə Kuboku oyunlarında azarkeşlər üçün stadionların qapıları açıla bilməz?

- Stadionun tutumu 68 min nəfərdir. UEFA-nın tribunalarda quraşdıracağı studiyaları və təhlükəsizlik zonalarını nəzərə alsaq, yerlərin sayı 62 minə enəcək, bunların yarısını 31 min tamaşaçı təşkil edəcək. Bu azarkeşin hər oturacaqdan bir əyləşəcəyi deməkdir. Bu, sosial məsafəni​ qoruyacağımız deməkdir. Stadionda maska ​​rejimi tətbiq olunacaq. Bakının stadiona 50 faiz girişə icazə verməsi böyük uğurdur. Vəziyyəti nəzərə alsaq, bəzi şəhərlər tamaşaçı sayında 30 faizdən​ yuxarı qalxa bilmirlər. Müvafiq qərarı verən, bu barədə ictimaiyyəti xəbərdar etdiyimiz hökumətimizə, Nazirlər Kabineti yanında Operativ Qərargahımıza minnətdarlığımı bildirmək istəyirəm. Kimsə düşünə bilər ki, niyə stadionu 100 faiz açmayaq? Riskləri minimuma endirməliyik. Hesab edirəm ki, düzgün balans tapıldı:​ azarkeşlərlə maska rejimi arasındakı məsafəni qoruyaraq riskləri minimuma endirmək.​ Unutmayaq ki, Avropa çempionatı​ 4 ildən bir keçirilən tarixi hadisədi.

​- Video köməkçi sistemi - VAR. Bir neçə gün əvvəl AFFA nümayəndələri bu mövzu ətrafında müzakirə apardıqları Türkiyəyə səfər etdilər. AFFA-nın yaxın 10 gündə FIFA təmsilçiləri ilə məsləhətləşmələr aparacağı da məlumdu. Hər şeyi rəflərə qoysaq, ümumi mənzərə necədi? Növbəti mövsümdə bəzi oyunlarda bu sistem təcrübə kimi istifadə ediləcək,​ 2022/23 mövsümündə bütün çempionat matçlarında VAR-ın xidmətindən yararlanacağıqmı?

- Bəli, protokolu başladıq. Təmsilçilərimiz İstanbulda işgüzar səfərdə idilər, sistemin infrastrukturunu araşdırdılar. 2021/22 mövsümündə VAR-ı işə salmağı planlaşdırmırdıq, buna​ vaxtımız da olmayacaq. Bu sistemin gələn mövsüm sınaqdan keçirilməsi və 2022/23 mövsümünə​ başlaması planlaşdırılır. Bu çox mürəkkəb bir sistemdir. Oyunun 100-105 dəqiqə davam edəcəyi bir çempionata​ çevrilmək istəmirik ki, hakim hər dəqiqə video köməkçisini çağırır və ya pult arxasında​ əyləşənlər oyunu dayandırır və hakimləri epizoda təkrar​ baxmağa çağırırlar. FİFA-nın dəqiq qaydaları var və klublarla, məşqçilərlə, futbolçularla, hakimlərlə onlarla seminar və təlim keçirəcəyik, burada VAR-ın yalnız üç halda istifadə olunduğunu bildirəcəyik:​ qırmızı vərəqə, oyundankənar vəziyyət və bir də​ təyin olunan və ya təyin olunmayan penalti.

​- Müsahibəmizi proqnoz yönündə​ bitirək. Almaniya millisinin azarkeşi olduğunuzu bilirik, amma qardaş Türkiyə yığması​ da turnirdə iştirak edəcək. Kimə azarkeşlik edəcəksiniz​ və qitə çempionatının favoriti kimi hesab edirsiniz?

- Sözsüz ki, Türkiyə millisinə azarkeşlik edəcəm. Sualın ikinci hissəsinə gəlincə, iddiaçılar çoxdur, burada proqnoz vermək çox çətindir. Ancaq yuxarıda dediyim kimi, Türkiyəyə azarkeşlik edəcəm!

Mənbə: sport24.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2021
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31