19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şakir Qəribov: "Neftçi" gəncliyimiz, bugünümüz, sabahımızdır"

Bu gün "Neftçi”nin veteran futbolçusu Şakir Qəribovun 65 yaşı tamam olur.

Futbolxeber.az saytının məlumatına görə, 1956-cı ildə dünyaya gəlmiş müdafiəçi 1978-1984, 1987-1988-ci illər ərzində "Neftçi”nin heyətində 219 oyun keçirib, 8 qol vurub. O, 2009-2010-cu illərdə “ağ-qaralar”ın məşqçisi olub. Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.

- Doğum gününüz mübarək, Şakir müəllim! Bu günü necə qeyd edəcəksiz?

- Çox sağ olun! Evdə, ailəmlə birlikdə qeyd edəcəm.

- İndiyədək ən yaddaqalan doğum gününüz, aldığınız ən yaddaqalan hədiyyə hansı olub?

- Ən yaxşı hədiyyə can sağlığı və ətrafında olan insanlardır. 60 illik yubileyim təntənəli oldu. "Neftçi” rəhbərliyini dəvət etmişdim. Bütün kollektiv, o cümlədən, Müşahidə Şurasının sədri, hörmətli yazıçımız Çingiz Abdullayev, şura üzvü Bəhram Bağırzadə, klub prezidenti də gəlmişdi. Sağ olsunlar, yaxından iştirak edib "Neftçi” formasını hədiyyə etdilər. Amma yenə deyirəm, ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir.

- "Neftçi”nin heyətində 219 oyun keçirmisiz. Onların arasında hansı daha unudulmazdır?

- Bakıda Moskva "Spartak”ını 4:3 hesabı ilə məğlub etmişdik. Rəqib qapıda SSRİ yığmasının ulduzu Rinat Dasayev dayanmışdı. 4 top buraxmasına baxmayaraq, çoxlu sayda qurtarışlarına görə oyundan sonra "Spartak”ın ən yaxşısı kimi ona mükafat verirdilər, amma gəlib götürmədi. Buna görə azarkeşlərimiz onu fitə basdılar. Bizdən isə "ən yaxşı oyunçu” mükafatını biri qələbə qolu olmaqla Dasayevə iki qol vuran Səmədağa Şıxlarova verdilər.

- Müdafiəçi olsanız da, rəqib qapılarından 8 top keçirməyə imkan tapmısız. Sizin üçün ən unudulmazı hansıdır?

- Tbilisi "Dinamo”su ilə oyunlarda 3 qola imza atmışam. Bunlardan ikisini Tbilisidə, birini isə Bakıda vurmuşam. Səfərdə 2:1 qalib gəlmişdik. Həmin matçdakı qolum həm yaxşı alındığı, həm də qələbə qolu olduğu üçün unudulmazdır. Rəqib heyətinin əksəriyyəti yığmanın üzvləri idi. Kipiani, Daraseliya, Çivadze, Sulakvelidze, Qabeliya, Qutsayev, Şengeliya, Çelebadze kimi futbolçuları vardı. Stadionları 80 min azarkeş tuturdu. Futbolçular meydana çıxanda bir tərəfdən musiqi, digər tərəfdən də bütün azarleşlərin "Dinamo” deyə qışqırmasından başımız gicəllənirdi. Buna görə də "Dinamo”nu səfərdə məğlub etmək çox çətin idi.

- Yəqin ki, "Neftçi”nin oyunlarını izləyirsiniz. Hətta "Neftçi TV”nin canlı yayımında "Oyun günü” verilişinin qonağı da olmusuz...

- Bəli, "Zirə” ilə matçda "Neftçi TV” məni dəvət etmişdi. Demək olar, "Neftçi”nin "Bakcell Arena”dakı bütün oyunlarına baxıram.

- Ümumiyyətlə, "Neftçi” sizin üçün nə deməkdir?

- "Neftçi” doğma evimiz, doğma komandamızdır. Həyatımızın ən yaxşı vaxtlarını "Neftçi”də keçirmişik. "Neftçi” gəncliyimiz, bugünümüz, sabahımızdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30