29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cəsur ürək

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov Vətən Müharibəsi başlayandan zabit kimi Qarabağda ön cəbhədədir. O, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olub. Nəcəfov Qarabağa gedərkən ətrafına dönə-dönə tapşırıb ki, bundan heç kimin xəbəri olmasın, mətbuat bilməsin, sosial şəbəkələrdə yazılmasın. Bir sözlə, reklam olunmasını istəməyib”.

Bu sözləri srağagün Feysbukda “Xəzər TV”nin əməkdaşı Ceyhun Rzayev paylaşmışdı. Məlumatın doğruluğuna əmin olmaq üçün dərhal yazılanları skrin edib bir nəfərə göndərdim. Sözün açığı, az sonra özlüyümdə xəcalət çəkdim. Düşündüm ki, söhbət Fariz Nəcəfovdan gedirsə, deməli, düzdür, dəqiqləşdirməyə ehtiyac yoxdu. Ola bilər ki, Fariz bəyi digər təcrübəli həmkarlarım kimi uzun müddətdi tanımıram. Amma yaxından tanıdığım son 6-7 il də onun haqda müsbət fikrin formalaşması üçün kifayət edib.

Bu illər ərzində gördüyüm odur ki, Fariz Nəcəfov əksər klub rəhbərlərindən fərqli olaraq jurnalistlərə daim hörmətlə yanaşır. Bəziləri kimi qarşısındakını 3-5 manatla susdura biləcəyi subyekt kimi görmür. Bu düşüncə onun üçün yaddı. Hər zaman səmimidir, nə varsa, onu deyir. Bəzi klub prezidentləri kimi tanışlıq məqsədi ilə təyyarədə stüardessaya çaxır hədiyyə edib, sonra istəyinə çata bilməyəndə çaxırı geri almır. Reklamı, şounu sevmir. Elə müharibədə iştirakı xəbərinin yalnız 20 gündən sonra mətbuatda çıxması da buna sübutdur. Əslində, bu xəbər yalan olsaydı, Nəcəfov çoxdan mətbuat vasitəsi ilə yayılan informasiyanı təkzib edərdi.

Üstəlik, bildiyim qədəri ilə Fariz Nəcəfov 2016-cı ilin Aprel döyüşləri zamanı da ön cəbhədə, Lələtəpədə olmuşdu. Bəlkə də bütün bu faktları müharibə bitdikdən sonra Fariz bəyin özündən dəqiqləşdirmək mümkün oldu. Təbii ki, danışmaq istəsə. Çünki yuxarıda da qeyd olunduğu kimi, Fariz Nəcəfov reklama qaçmır. Nə edirsə, özü və Allahı, bir də ən yaxın ətrafı bilir. Amma onu yaxından tanımayanlar da keçmiş dünya və Avropa çempionunun vətənpərvərliyinə, insanlığına bələddilər. Bir sözlə, Fariz bəy geniş ürək sahibidir. Bir an belə düşünmədən cəbhəyə yollanması isə onun cəsurluğunun göstəricisidir. Düzdü, hazırda bir çox igidlərimiz savaşın ən qızğın nöqtələrində Vətənimizin işğaldan azad edilməsi üçün düşməni diz çökdürürlər. Lakin qəbul edək ki, 43 yaşında hər klub prezidenti bunu etmir. Hərbi komissarlıq önündə çox adam şəkil çəkdirə bilər. Amma iş əmələ çatanda əksəriyyət gözə dəymir. Həyat belədi, kimisi özünü gözə soxmaq üçün hərbi komissarlığın önündə şəkil çəkdirər, kimisi hərbi formanı geyinib reklam xatirinə cəbhəyə yollanıb şəkil çəkdirib qayıdar, kimisi də bütün işini-gücünü atıb ölümü gözə alaraq ön cəbhəyə yollanıb, düşmənlə üz-üzə gələr.

“Qəbələ”nin prezidentinin çoxlarına örnək olacaq bu hərəkəti haqda daha çox yazmaq istərdim. Düzdür, bir tərəfdən bilirəm ki, geri qayıdandan sonra bu yazını oxusa, bəyənməyəcək, “vətəni düşmən tapdağından azad etmək hər birimizin vəzifəsidi”, “mən qeyri-adi nəsə etməmişəm” kimi fikirlər səsləndirəcək. Digər tərəfdən də, 16 ildə ilk dəfədir hansısa klub prezidentinin məhz bu cür cəsurluğu barədə cızma-qara etdiyimdən bəlkə də lazımi sözləri tapmaqda, fikrimi istədiyim kimi ifadə etməkdə çətinlik çəkirəm. Bu, bəlkə də sözün qəhrəmanlığın qarşısında acizliyinin göstəricisidir...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31