20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Araz, “Sumqayıt”a keç, uduzmazsan...

“Mən pulu yox, karyeramı düşünürəm” - bu fikri tez-tez azərbaycanlı futbolçuların dilindən eşidirik. Lakin təəssüf ki, əksəriyyəti üçün bu, söz xətrinə deyilmiş quru cümlədən başqa bir şey deyil. Əməldə başqa şey görürük.

Milli komandamızın üzvü Araz Abdullayev hazırda klubsuzdu. 28 yaşlı futbolçu bir müddət əvvəl “Qarabağ”dan ayrıldı. Abdullayev Qurban Qurbanova lazım olmadı. Əks halda komandada qalardı. 28 yaş futbolçu üçün heç nədir. Özü də söhbət millinin üzvündən gedirsə.

Araz istedadlı futbolçudu. Əminik ki, ən azı daha 6-7 il də karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Potensialı buna imkan verir. Lakin indiki məqamda Abdullayev pulu düşünməməlidi. Sağlığına qismət, bu günə qədər pis-yaxşı qazanıb. Ən yaxşı vaxtlarında “Neftçi”də çıxış edib. Yunanıstanda legioner həyatı yaşayıb. Həmçinin, “Qəbələ” və “Qarabağ” kimi ölkənin ən imkanlı klublarında forma geyib. Bəs bundan sonra necə olacaq?

Arazın “Neftçi”yə və ya “Qəbələ”yə qayıdışı real görünmür. Bahalı heyətə malik “Sabah” yəqin ki, Araza maraq göstərmir. “Keşlə” də çətin ki Abdullayevin yeni iş yeri olsun. “Zirə”də Rəşad Sadıqov sıfırdan komanda yığır və böyük ehtimalla, Arazın xidmətinə ehtiyac duysaydı, bu transfer çoxdan reallaşardı. “Səbail”də vəziyyət yaxşı deyil. Geriyə qalır bircə “Sumqayıt”.

Fikrimizcə, indiki məqamda Araz Abdullayev üçün ən düzgün yer elə “Sumqayıt”dı. Düzdü, “gənclik şəhəri”nin təmsilçisində təcrübəli yarımmüdafiəçi əvvəlki iş yerlərindəki kimi çox qazanmayacaq. Amma burada Araz əvvəlki günlərini xatırlada bilər. Hesab edirik ki, həm Riad Rəfiyev, həm də Ayxan Abbasov Araz kimi təcrübəli futbolçunu komandada görmək istər. Üstəlik də, indiki məqamda. 10 gündən sonra Avroliqada debüt edəcək “Sumqayıt”ın məhz Araz kimi aparıcı futbolçuya çox ehtiyacı var. Dəqiq bilmirik, tərəflər arasında hər hansı danışıq olub, ya yox. Lakin indiki halda, hər iki tərəf bu keçiddən yalnız fayda götürər. Onsuz da büdcəsi aşağı olduğu üçün əksər hallarda “Sumqayıt”a ya gənclər, ya da əvvəlki formasından uzaq düşənlər qoşulur. Lakin 1-2 il ərzində özlərini yaxşı tərəfdən göstərməklə daha sərfəli şərtlərlə digər klublara keçirlər. Eyni yolu Araz da tuta bilər. “Sumqayıt”da sistem düzgün qurulduğu üçün dəyişən sadəcə ifaçılar olur. Eybi yox, qoy Araz da burada formaya düşüb, sonradan daha yaxşı şərtlərlə başqa kluba keçsin. Bundan qazanan həm də Azərbaycan futbolu, milli komandamız olacaq.

“Sumqayıt”a keçəcəyi halda, Abdullayevin potensialı ən qısa zamanda komandanı arxasınca aparmağa imkan verəcək. Təbii ki, bizim Araza, yaxud “Sumqayıt”a yol göstərmək səlahiyyətimiz yoxdu. Amma əminliklə deyirik ki, bu keçid hər iki üçün tərəf üçün faydalı olacaq. Araz daim oynamaq şansı qazanacaq. “Sumqayıt” isə təcrübəli bir futbolçuya sahib olacaq. Maddiyyat bu keçiddə rol oynamayacaq. Amma Araz indiki məqamda pulu yox, karyerasını düşünməlidi. Çünki bu dəfə də səhv seçim etsə, yaxud klubsuz qalsa, Vaqif Cavadovun aqibətini yaşayacaq. Bunu isə heç kim istəməz. Onsuz da ölkədə yaxşı futbolçu qıtlığı var. Daha bir milli üzvünü 28 yaşında itirmək istəmirik...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30