24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Vacib toplantıya 1 gün qalmış: millinin baş məşqçi vəzifəsi ilə bağlı 4 ehtimal

KİN DAHA ŞANSLI OLSA DA, MÖVCUD DURUM ARİF ƏSƏDOVUN LEHİNƏDİ

Sabah AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. İclasın gündəliyindəki əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir.

Futbolxeber.az saytının məlumatına görə, artıq sentyabrın əvvəlində millimiz UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq. Məsul yarışa 2 ay qaldığından artıq sabahkı toplantıdan sonra millimizin yeni baş məşqçisinin adı açıqlana bilər.

BAŞ MƏŞQÇİ MƏSƏLƏSİ İLƏ BAĞLI 4 EHTİMAL MÖVCUDDUR

Qeyri-rəsmi məlumatlara görə, yığmamızı çalışdırmaq üçün 3 namizəd var: italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və Arif Əsədov.

Vacib toplantıya 24 saatdan bir qədər artıq vaxt qalmış kiçik araşdırma apardıq və məlum oldu ki, AFFA İcraiyyə Komitəsinin baş məşqçi məsələsində qəbul edəcəyi qərarla bağlı 4 ehtimal mövcuddur.

YIĞMA KİNƏ TAPŞIRILACAQ?

İlkin ehtimal odur ki, milli komandamız Roy Kin və De Byazidən birinə tapşırılacaq. Bu mübarizədə favorit irlandiyalıdır. Belə düşünməyimiz üçün bir neçə səbəb var. İlki İcraiyyə Komitəsinin toplantısının ehtimal olunandan daha tez baş tutmasıdır. Düzdür, AFFA rəsmi olaraq növbəti toplantının vaxtı ilə bağlı hər hansı açıqlama yaymamışdı. Lakin xatırlayırsınızsa, bir müddət əvvəl AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov CBC Sport kanalının canlı efirində təxminən belə bir fikir bildirmişdi ki, Millətlər Liqasının vaxtı dəyişdirilməsə, avqustun əvvəlində artıq yığmamızın yeni çalışdırıcısının adı məlum olacaq. Üstəlik, Kinlə bağlı Britaniya mətbuatında yer alan xəbərlərdə AFFA-nın ona düşünmək üçün 48 saat vaxt verdiyi iddiası yer almışdı. Mümkündür ki, Kin artıq yığmanı qəbul etmək üçün razılığını verib və İcraiyyə Komitəsi məhz bunun üçün toplaşır.

Üstəlik, De Byazi ilə müqayisədə Roy Kin dünya futbolunda daha tanınmış simadır. Bu məqam da irlandiyalının lehinədir. Daha əvvəl də yığmamızda Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki kimi dünya futbolunda iz qoymuş şəxslər çalışıb.

PENDEMİYA ƏCNƏBİ TƏYİNATININ ÇƏTİNƏ SALIR

Kin və De Byazi ilə yanaşı, millinin baş məşqçi vəzifəsinə Arif Əsədov da namizəddir. Əsədovun məşqçi fəaliyyətinə kölgə salmaq fikrindən uzağıq. Lakin deməliyik ki, məhz onun təyinatı reallaşarsa, bu, daha çox məcburi atılmış addım olacaq.

Mümkündür ki, sabah AFFA İcraiyyə Komitəsi koronavirus pandemiyasını, ölkəmizdəki mövcud durumu nəzərə alaraq, əcnəbi baş məşqçi təyinatından imtina etsin. Hazırkı vəziyyətdə bu ehtimal da real görünür. Çünki təsəvvür edin ki, əcnəbi mütəxəssislə müqavilə imzalanır, aybaay maaşını alır, amma Azərbaycana gələ bilmir. Lap xüsusi reyslə Bakıya gəlsə belə, ölkəmizdə karantin rejiminin nə qədər davam edəcəyi, Premyer Liqamızda növbəti mövsümün nə zaman start götürəcəyi məlum deyil. Yeni mövsümün startı yubandığı halda, gələn əcnəbi mütəxəssis heç bir futbolçumuzu tanımırsa, sentyabrda yığmaya necə, kimləri dəvət edəcək?

Bu baxımdan AFFA daha əvvəl düzgün addım atmışdı. Xatırlayırsınızsa, millimizə baş məşqçi təyinatı hələ fevralda, martın əvvəlində gözlənilirdi. Lakin həmin vaxt tələsməməklə assosiasiya düzgün qərar qəbul etdi. Əks halda, həmin vaxt hansısa əcnəbi mütəxəssislə müqavilə imzalansaydı, geridə qalan aylar ərzində o, heç bir iş görmədən əmək haqqı alacaqdı.

Bir sözlə, mövcud şəraitdə AFFA rəhbərliyi əcnəbi təyinatından imtina edə bilər. Bu halda komanda Nikola Yurçeviçin dövründən köməkçi kimi çalışan Arif Əsədova tapşırılacaq və Millətlər Liqasına yığmamızı məhz o hazırlayacaq.

ÜÇÜNCÜ EHTİMAL - SÜRPRİZ NAMİZƏD

Mümkündür ki, milli komandamız De Byazi, Roy Kin deyil, başqa əcnəbi mütəxəssisə tapşırılsın. Hələ martda millimizə namizədlər arasında son altılıq müəyyənləşdirilmişdi ki, həmin siyahıdan 3 nəfərin - De Byazi, Abdulla Avcı və Çezare Prandellinin adı mətbuatda səsləndi. Digər 3 məşqçinin kimliyi qeyri-müəyyən qaldı. Üstəlik, bir neçə gün əvvələ kimi kim Roy Kinin millimizin baş məşqçi postuna namizəd olduğunu bilirdi? Böyük ölçüdə heç kim. Odur ki, sabahkı toplantıdan sonra milli komandamızın De Byazi və ya Roy Kinə deyil, başqa bir əcnəbiyə də tapşırılması mümkündü.

TƏYİNAT TƏXİRƏ DƏ DÜŞƏ BİLƏR

Millinin baş məşqçi məsələsi ilə bağlı sonuncu ehtimalımız isə odur ki, sabahkı iclasda yekun qərar qəbul olunmayacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, martda İcraiyyə Komitəsi tələsməmək qərarına gəlmişdi və bu gediş sonradan özünü doğrultdu. Mümkündür ki, yenə də eyni addım atılsın və baş məşqçi təyinatı ilə bağlı daha bir müddət də gözlənilsin. Birincisi, sabah pandemiya səbəbindən ölkədə hansı qərarların qəbul ediləcəyi bilinmir. İkincisi, onsuz da indi nə klublarımız avtokuboklarda çıxış edir, nə də Premyer Liqa oyunları keçirilir. Avroliqada və Çempionlar Liqasında yeni mövsüm hələ avqustda başlayacaq. Odur ki, indiki halda daha bir müddət gözləmək mümkündür.

FUTBOLXEBER.AZ-IN PROQNOZU

4 ehtimal arasında bizə görə, daha realı 1-ci və 4-cüdür. Seçim edərək, sabah Roy Kinin milli komandamızın yeni baş məşqçi təyin ediləcəyini proqnozlaşdırırıq...

İBRAHİM

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30